Məhkəmə qərarları › İş №2-2(115)-64/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-64/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-64/2022 07.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" QSC-yə vurduğu zərərin yəni 20400 manat məbləğində pulun və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 08 fevral 2018-ci il tarixli 03 saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı QSC-dən ümumi dəyəri 28559 manat 78 qəpik olan məişət avadanlıqları götürmüşdür. Razılığa əsasən avadanlıqların dəyəri 1 ay ərzində nağd və ya köçürmə yolu ilə İddiaçı QSC-nin hesabına ödənməli idi. Bu müddət ərzində cavabdeh qeyd edilən məbləğin yalnız bir hissəsini yəni, 8159 manat ödəmişdir. Qalan məbləği yəni, 20400 manat borcu isə ödəməkdən imtina etmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh bu günədək müxtəlif bəhanələrlə müqavilə üzrə ödəməli olduğu borcu ödəməmiş və hal-hazırda cavabdehin İddiaçı QSC-yə 20400 manat borcu var. Şəmkir Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(076)-809/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 20400 manat məbləğində pul və 31 manat ödənilmiş dövlət rüsumu allınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş və işə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(104)-2568/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək iş üzrə Şəmkir Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(076)-809/2021 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qismən müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, işin məhkəmə baxışı zamanı cavabdeh borcun etiraf edilməsi barədə ərizə verərək, borcundan 300 manat ödəniş etmişdir. Ödənilmiş məbləğin nəzərə alınaraq, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin direktoru X2 ilə alıcı Cavabdeh arasında bağlanmış 08.02.2018-ci il tarixli 03 nömrəli alqısatqı müqaviləsindən görünür ki, alıcının tapşırığı əsasında satıcı müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda bildirilən malmaterialların verilməsini, xidmət və işlərin yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür. 08 fevral 2018-ci il tarixli qiymətlərin razılaşdırılması barədə 01 nömrəli protokoldan görünür ki, tərəflər 03 nömrəli 08 fevral 2018-ci il tarixli müqavilədə nəzərdə tutulmuş malmaterialların miqdarını və qiymətini yekun olaraq 28559 manat 78 qəpik razılaşdırmışlar. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müşahidə şurasının sədri Akif Orucova etdiyi 31.08.2021-ci il tarixli müraciət ərizəsindən görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan 20400 manat məbləğində borcu etiraf etmiş və borcun 1000-1500 manat olmaqla hər ay ödəcəyini öhdəsinə götürəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 28559 manat 78 qəpik məbləğində məişət avadanlıqları almış, verilmiş məişət avadanlıqlarının dəyərinin qaytarılmasını təmin etməsinə dair satıcı qarşısında öhdəlik götürmüş, lakin öhdəliklərini tam şəkildə icra etməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20100 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi izahatında Cavabdeh 20400 manat borcundan 300 manat ödəniş etdiyini bildirdiyindən iddiaçının iddiası 20100 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20100 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar