Məhkəmə qərarları › İş №2-2(115)-660/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-660/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-660/2021 17.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 23 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilən Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olan halda iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. İddiaçı isə iddia ərizəsini məhkəməyə poçt vasitəsilə kağız daşıyıcıda təqdim etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Sadalanan xüsusatlara əsasən hesab edirəm ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığından, bununla da iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməli olduğundan, mövcud iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı cavabdehlər tərəfindən iddia ərizəsinin alınması barədə sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar