Məhkəmə qərarları › İş №2-2(115)-696/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-696/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-696/2021 22.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət edərək 16 759,93 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" ASC (İddiaçı ASC) ilə borclu Cavabdeh arasında bağlanmış 30 may 2017-ci il tarixli 168-LD/17 nömrəli lizinq müqaviləsinə əsasən ümumi dəyəri 55 759,86 manat olan 22 baş damazlıq heyvanlar lozinqə verilmişdir, lizinq obyektinin dəyərindən 27 759,93 manat məbləğində ödəniş aparılmış, qalan məbləği isə qrafiq üzrə ödəməyi lizinq götürən öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürddüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X4 oğlu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş; Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə olan məlumatlardan görünür ki,Cavabdeh ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nişanı ilə 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən uçota alınmışdır. 09.08.2019-cu il tarixli, 02/00024925 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombaynı Cavabdeh istifadəsinə verilmişdir. 09.08.2019-cu il tarixli, 02/00024924 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd LQN-500 markalı qarğıdalı xederi Cavabdeh istifadəsinə verilmişdir. 09.08.2019-cu il tarixli, F00024924 və F00024925 nömrəli texnikalar lizinqə götürənə verilərkən tərtib edilən aktların sürətindən görünür ki, texnikalar saz vəziyyyətdə olmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-ci bəndinə (müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100% olaraq ödənilməlidir) uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən istifadəçi texnikanın təyinatı üzrə səmərəli istifadəsini,saz vəziyyətdə saxlanmasını,vaxtında texniki xidmətlərin aparılmasını, təmirini,GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməsini təmin edir. İş üzrə sənədlərdən göründüyü kimi Cavabdeh texnikanın təhvil verilən anda saz olması barədə akta imza etməklə onu saz vəziyyətdə qəbul etdiyini bildirmişdir. Bundan başqa imzalanmış müqaviləyə əsasən texnikanın saz vəziyyətdə saxlanmasını,vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, həmçinin imza etmiş olduğu iltizama əsasən istismar zamanı yaranmış nasazlığı müqavilə müddəti ərzində öz hesabına aradan qaldırmağı, müqavilə müddəti bitməmişdən əvvəl təhvil verməməyindən, texnikanın istismar zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətrilməsinə çəkilən xərcdən asılı olmayaraq, razılaşmada nəzərdə tutulan məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Belə olan vəziyyətdə texnikada yaranmış nasazlıq səbəbindən borcun ödəmək öhdəliyindən azad olmur. Bununla da cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. 12 aprel 2021-ci il tarixli, 23/P-458 saylı pretenziya məktubundan görünür ki, borcluya yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi kimi təqdim olunan 9/2887 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı ilə iş üzrə materiallarda ödənişləri özündə əks etdirən kassa mədaxil qəbzləri və “ödənişlərə dair çıxarış vərəqəsi” məlumatlarına əsasən Cavabdeh ekspertiza qarşısında qoyulmuş suallar üzrə 04.05.2020-ci il tarixə "xxxx" ASC-yə 16 259,93 manat borcu təşkil edir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, tərəflər arasında yaranan müqavilə münasibətlərinin nəticəsi kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh iddiaçıya 16259,93 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, borclunun üzərinə müqavilə ilə müəyyən edilmiş borcu ödəmək vəzifəsi qoyulduğundan və o, borcun ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi qismən təmin edilməli, 16259,93 manat borc borcludan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 16259,93 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspetiza Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kolegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar