Məhkəmə qərarları › İş №2-2(115)-717/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-717/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-717/2020 03.11.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı» MMC Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 4499 manat 96 qəpik, hesablanmış cərimə borcuna görə 1637 manat 12 qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 6167 manat 08 qəpik pulun alınaraq İddiaçı MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC, “MKT-Bərdə” filialı və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli ********* saylı müqaviləyə əsəsən cavabdeh 25 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 50 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 21838 manat 72 qəpik məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə isə cavabdeh 16481 manat 76 qəpik məbləğində 33628.84 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Cavabdeh təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 857 manat vəsaiti cəmiyyətə geri qaytarmışdır. Son nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 4499 manat 96 qəpik borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Bərdə” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xampambığın 1 tonunun qiyməti 500 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1637 manat 12 qəpik təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: 50.0 ton; Verilib: 33628.84 kq verilməmişdir: (50.Ot -33628.84 kq) x 500 manat - 8185.58 manat x 20% = 1637.12 manat. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Cavabdeh 4499 manat 96 qəpik əsas borcdan əlavə 1637 manat 12 qəpik cərimə ödəməlidir ki, ümumi ödəniləcək borcun məbləği 6137 manat 08 qəpik təşkil edir. Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(021)-3802/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 4499 manat 96 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 4599 manat 96 qəpik borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)- 2521/2020 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(021)-3802/2019 saylı qətnaməsi ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı MMC, “MKT-Bərdə” filialı və onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli ********* saylı müqaviləni imzalamış, lakin müqavilənin şərtləri ona aydın izah edilməmişdir. 25 ha torpaqda pambıq əkməyi razılaşmışlar. Alaq otları çox olduğu üçün məhsul yaxşı olmamış, eyni zamanda bitkiyə baxmaq üçün ona aqronom verilməmişdir. Onlardan ancaq dərman vasitələri üçün pul götürmüşdür. Alınan dərmanlar keyfiyyətli olmadığı üçün məhsuldarlıq yaxşı olmamışdır. O 35 tona yaxın təmiz pambıq, 40 tona yaxın isə qarışıq pambıq təhvil vermişdir. Ümumi olaraq 21000 manat məbləğində pul xərclənmişdir. 16481 manat 76 qəpik dəyərində malı vermişdir. 857 manat pul ödəniş etmişdir. Kür çayının qırağında 13 ha yerin suvarılması üçün şərait olmadığından, öz vəsaiti ilə 10000 manatdan artıq pul xərcləmişdir. Yetişdirdiyi pampığın hamısını təhvil vermişdir. Ziyana düşdüyünə görə, iddianı əsassız sayıb rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh 25,00 ha torpaq sahəsində hər hektarda 20 sentnerdən az olmamaqla pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilədə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “İddiaçı» MMC-yə təhvil verməyi, iddiaçı isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans olaraq 21838.72 manat məbləğində pul almış, lakin öhdəliklərini icra etməyərək, aldığı borcu tam qaytarmamışdır. Pretenziya məktubundan görünür ki, iddiaçı “İddiaçı» MMC cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4499 manat 96 qəpik əsas borc, 30 manat cərimə borcu, cəmi 4529 manat 96 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4499 manat 96 qəpik əsas borc, 30 manat cərimə borcu, cəmi 4529 manat 96 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar