Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-80/2020 11.06.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, X1, onun nümayəndəsi və vəkili X5 iştirakı ilə X1 Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hesabından onun rəfinə 3360 manat toxum pulunun, 450 manat əkin və becərmə xərcinin, 100 000 manat məbləğində əldən çıxmış faydanın, 170 manat analiz xərcinin, 30 manat dövlət rüsumun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəmkir rayonu, Əliyaqublu kəndində öz fərdi təsərrüfatında kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur, cavabdehə məxsus olan mağazadan iyirmi dörd bağlamada pomidor toxumu almış, buna görə 3360 manat nəğd şəkildə pul ödəmiş, lakin almış olduğu toxumlar cücərməmişdir. Bununla bağlı dərhal toxum aldığı şəxsə məlumat vermişdir. Cavabdehlə birlikdə toxumlara baxmışlar. Sonra isə yenə də cavabdehlə birlikdə toxum əkilmiş qabları Gəncə şəhərinə Aqrar Universitetinin labaratoriyasına gətirmişlər. Analizin cavabından cavabdehin də məlumatı olsa da toxumların keyfiyyətsiz olduğunu qəbul etməmişdir.Bundan sonra keyfiyyətsiz toxum satan şəxsə vermiş olduğu pulun qaytarılmasını, eyni zamanda ona vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmiş, lakin o, bundan imtina edilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçınının nümayəndəsi və vəkili X7 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini əsassız olduğundan qəbul etmir. Ona görə ki, iddiaçıya satdığı toxumları rəsmi qaydada toxum satışı ilə məşğul olan şirkətdən alaraq satışını həyata keçirmişdir, həmin toxumların müvafiq sertifikatı vardır. İddiaçı ilə birlikdə çoxlu sayda şəxslərə toxum satmış, lakin həmin toxumlarla bağlı heç bir şikayət olunmamışdır. Ola bilsin ki, iddiaçı toxumlara yaxşı qulluq etməmişdir. Ona görə də belə olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Dövlət Aqrar Universitetinin bitki klinikasının rəyindən görünür ki, toxumun əkildiyi torpağın mühitinin tam normal olması,toxum və şitil xəstəlik və zərərvericilərə, o cümlədən, Nematoda qarşı yoxlanmış olduğu və heç bir patogenin aşkar edilmədiyi, toxumların cücərmə qabiliyyətinin 10% olması, bunun isə əkinə yararsız olmasını, alınan cücərtilərin erkək xətlərə parçalanması onun F1 nəsil olmadığına nümunə olduğu, toxum paketində isə Durinta hibridin F1 göstərilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflərin arasında şifahi formada toxumların alınması ilə bağlı əqd bağlanmış və alıcı qismində hazırki iş üzrə iddiaçı, satıcı qismində isə cavabdeh çıxış etmişdir. İddiaçının cavabdehdən 3360 manat məbləğində pomidor toxumu alması işin mübahisəsiz halıdır. Məhkəmə belə qənaətə gəlir ki, ixtisas bilikləri şübhə doğurmayan Azərbaycan Dövlət Aqrar Universitetinin bitki klinikasının mütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən toxumların keyfiyyətsiz olması təsdiqini tapdığından iddiaçının irəli sürdüyü hal sübut olunmaqla iddia tələbi qismən əsaslı sayılır. Məhkəmə cavabdehin dəlillərinə münasibət olaraq qeyd edir ki, iddiaçı aldığı pomidor toxumlarının dəyəri olaraq 3360 manat məbləğində xeyli vəsait ödəmişdir. Həmçinin onun məqsədi bu məbləğdən də daha çox gəlir əldə etmək olmuşdur. Bu səbəbdən əldə etdiyi məhsulun saxlanımasına və yetişdirilməsinə laqeyd yanaşa bilməzdi. Bundan əlavə, onun kənd təsərrüfatı məhsullarının əkilməsi-becərilməsi sahəsində təcrübəsi vardır. Odur ki, toxumların iddiaçının təqsiri nəticəsində cücərməməsinin əsaslandırılmış səbəbləri yoxdur. Qeyd olunanlara əsasən toxumların cücərilməməsinin iddiaçının ehtiyatsızlığı nəticəsində baş verməsinin mümkünsüzlüyünün məntiqi əsası yaranır. Məhkəmə toxumların cücərmə qabiliyyətinin 10% olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməklə 3054 manat cavabdehdən tutulmalıdır. İddia tələbi qalan hissələr üzrə sübutlarla təsdiqini tapmadığından təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cımaddələrinirəhbərtutaraqməhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 3054 (üç min əlli dörd) manat qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq X2unun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-80/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-80/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver