Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-827/2025 29.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi, Şəmkir rayon 1 saylı Notariat Kontoru və Bakı şəhəri 41 saylı Notariat ofisi) qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh1 (Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14 saylı Ərazi vergilər İdarəsini və Şəmkir rayon 1 saylı notariat kontoru) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarış ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş "X7 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2014-cü il tarixli **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X7 klubu" 100 faiz pay ilə ona məxsus olmuşdur. Onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən "X7 klubu”ndakı 100 faiz payı ******* manata satılmışdır. Lakin müqavilə bağlanarkən alğı-satqı müqaviləsində qeyd olunan ******* manat məbləğində pul Cavabdeh1 tərəfindən ona, yəni İddiaçı ödənilməmişdir Bununla da, müqavilənin mühüm şərti pozulmuşdur. Onun vəkili Dövlət Notariat Arxivinə xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə dair notariat işinin əldə edilməsi üçün sorğu göndərmiş, lakin indiyə kimi sorğuya cavab verilməmişdir. Göründüyü kimi tərəfindən əmlak alıcıya təhvil verilsə də alıcı Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əvəzində müəyyənləşdirilmiş ******* manat məbləğində pul məbləğini ödəməmişdir. Bununla da ona əvəzsiz olaraq mülkiyyətindən məhrum olmuşdur. Bundan əvvəl, Şəmkir Rayon Məhkəməsində mübahisəli əmlakla bağlı işə baxılsa da, hazırki mülki işdə həm iddianın əsası, həm də tərəflər dəyişmişdir. Belə ki, hazırki işdə artıq Cavabdeh1 alğı-satqı müqaviləsinin nəticəsində ona heç bir pul məbləği ödəmədiyini öz ərizəsində etiraf etmişdir. Hətta bununla əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə ərizə də vermişdir. Beləliklə, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəmkir Rayon Notariat Kontorunda təsdiqlənmiş "X7 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli müqavilə etibarsız hesab edilməli və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2014-cü il tarixli **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Şəmkir Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(076)-2022/2024 nömrəli qərardadı ilə İddiaçı Həbib oğlunun Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş "X7 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2014-cü il tarixli **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda təsdiqlənmiş “X7 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh2 verilmiş kommersiya hüquqi şəxslərin dövlət reystrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclaslarında izahatında qeyd etmişdir ki, “X7 Klubu” da qardaşı İddiaçı tərəfindən xx.xx.2001-ci il tarixdə yaradılaraq dövlət qeydiyyatına aldırılmışdır. Futbol klubu 100% payla qardaşına məxsus olmuşdur. Futbol klubunun fəaliyyəti üçün stadion tikilmiş, inzibati bina, hakimlərin məşqçilərin və oyunçuların soyunub-geyinmə otaqları və s. şərait yaradılmışdır. Futbol klubunu qeydiyyata aldırarkən audit tərəfindən həmin ərazi ******* manat qiymətləndirilmişdir. 2014-cü ildə Şəmkir rayonun keçmiş icra başçısı Alimpaşa Məmmədov onu dəvət edərək stadionu almaq istədiklərini bildirmişdir. Eyni zamanda bir sıra yüksək vəzifəli şəxslərin adalarını çəkmiş və bildirmişdir ki, obyekti satmasanız onsuz da əlinizdən alınacaq. "X7 klubu” qardaşı İddiaçı mülkiyyətində olmuşdur. Ona görə də qardaşının “X7 klubu”nda olan payının alğı-satqısını həyata keçirmək üçün notariusa getməli olduğunu bildirmişlər. Özü də vəzifəli şəxs olmuş, ona görə də qardaşına bildirmişdir ki, “X7 klubu”nda olan payının alğı-satqısı üçün notariusa getsin. Qardaşı da həyat yoldaşı ilə birlikdə Şəmkir rayon Notariat Kontoruna gedib və orada alğı-satqı müqaviləsini imzalamışdırlar. Lakin, notarial qaydada alğı-satqı müqaviləsi bağlanmasına baxmayaraq hər hansı bir ödəniş edilməmiş və notariusun depozit hesabına da pul qoyulmamışdır. Ona isə deyilmişdir ki, tezliklə müqavilədə göstərilən məbləğ ödəniləcəkdir. Sonradan heç bir ödəniş olunmamış və onları aldatmışlar. Qardaşı müqavilədə göstərilən pulu tələb etmiş, hətta bununla bağlı aidiyyəti orqanlara müraciət edilmiş və məsələ mətbuatda işıqlandırılmışdır. Bundan sonra qardaşına təzyiqlər başlamış və ölkəni ailəsi ilə birlikdə tərk etmək məcburiyyətində qalmışdır. Alğı-satqı müqaviləsində göstərilən pul məbləği cavabdeh tərəfindən ödənilməmişdir İddiaçının vəkili Nümayəndə1 əvvəlki məhkəmə iclasında izahatlarında bildirmişdir ki, "X7 klubu”nun 100% təsis payı üzrə iddiaçıya məxsus olmuşdur. xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı "X7 klubu”ndakı 100 faiz payı ******* manata cavabdehə satmışdır. Lakin cavabdeh tərəfindən müqavilədə göstərilən pul məbləği ödənilməmişdir. Bunu cavabdeh əvvəlki məhkəmə iclasında öz izahatında etiraf etmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə münasibətdə bildirmişdir ki, əvvəllər Bakı Kommersiya Məhkəməsinin icraatında hazırki iş üzrə iddiaçı və cavabdehlər arasında alğı-satqı müqavilələrinin və onların əsasında aparılmış hərəkətlərin ləğv olunması tələbinə dair iş olmuş və iddiaçının ərizəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Tərəflər eyni olsa belə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə iddia tələbi hazırki iş üzrə iddia tələbindən fərqlidir. Bir daha iddia tələblərini müdafiə edirlər və iddia ərizəsində qeyd olunan müqavilələrin etibarsız hesab edilməsini və çıxarışların ləğv olunmasını xahiş edirlər. Həmçinin cavabdeh etiraf edib ki, ******* (bir milyon iki yüz əlli min) manat məbləğində pul vəsaiti iddiaçıya verilməmişdir. Daha sonra Cavabdeh1 həmin payı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 satmışdır. Həmin müqavilə də formal olaraq bağlanıb. Çünki həmin müqavilə üzrə də Cavabdeh1 hər hansı pul məbləği verilməmişdir. Bununla da Cavabdeh2 vicdanlı alıcı ola bilməz. Cavabdeh1 məhkəmə hazırlıq iclasında izahatında bildirmişdir ki, 2013-cü ildən şəhər təsərüfatında işçi olmuşdur. Müdirləri ona bildirmişdir ki, müvəqqəti adına əmlak alınacaq sonra adından çıxarılaraq başqa şəxin adına rəsmiləşdirləcəkdir. O, da razılıq vermişdir. Alğı-satqıda tərəf kimi iştirak etmiş və müqaviləni imzalamışdır. Alğı-satqı zamanı sənədlər onun adına sənədləşdirilib, lakin əmlakın alınması ilə bağlı pul ödəməmiş və pulun ödənilib-ödənilməməsi ilə bağlı məlumatı da olmamışdır. Cavabdehlərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar məhhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: məhkəmə qərarları, payın alğı-satqı müqavilələri, çıxarışlar, nizamnamə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 93.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. 93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2001-ci il tarixdə 8/1-49 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Şəmkir bölgə şöbəsində dövlət qeudiyyatına alınmış “X7 Klubu”nun Nizamnaməsindən görünür ki, klubun yeganə təsisçisi İddiaçıdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********386000 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, “X7 Klubu”nun nizamnamə kapitalı ******* manatdan ibarətdir. Klubun yeganə təsisçisi İddiaçı olmaqla nizamnamə kapitalındakı payı 100 faizdən ibarətdir. Klubun qanuni təmsilçisi X2r. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş "X7 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli alğısatqı müqaviləsindən görünür ki, İddiaçı "X7 klubu”ndakı özünə məxsus olan 100 faiz payını Cavabdeh1 ******* manata satmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Şəmkir bölgə şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə 8/1-49 nömrə ilə dövlət qeydiyyatına alınmış “X7 Klubu”nun Nizamnaməsinə edilmiş dəyişikliklərdən görünür ki, Nizamnamənin 1.1, 1.4 və 3.1-ci bəndlərində dəyişiklik edilmiş və dəyişikliyə əsasən klubun təsisçisi və əmlak mülkiyyətçisinin Cavabdeh1 olmaqla nizamnamə kapitalının 100 faizə malik olmasından, nominal dəyəri 12500 manat olan 100 paydan ibarət olmasından ibarət olmuş və Azərbaycan Vergilər Nazirliyinin 14 saylı Ərazi vergilər İdarəsində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********280300 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, “X7 Klubu”nun nizamnamə kapitalı ******* manatdan ibarətdir. Klubun yeganə təsisçisi və qanuni təmsilçisi Cavabdeh1 olmaqla nizamnamə kapitalındakı payı 100 faizdən ibarətdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda təsdiqlənmiş “X7 Klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 cəmiyyətin nizamnamə kapitalının 100 faizini təşkil edən hər birinin nominal dəyəri 12500 manat olan 100 payı alıcı Cavabdeh2 ******* manata satmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********394600 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, “X7 Klubu”nun nizamnamə kapitalı ******* manatdan ibarətdir. Klubun yeganə təsisçisi və qanuni təmsilçisi Cavabdeh2 olmaqla nizamnamə kapitalındakı payı 100 faizdən ibarətdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(104)-4017/2018 nömrəli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(076)-2795/2018 saylı qətnaməsi ilə X3 iddiası təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 arasında bağlanmış və Şəmkir rayon Notariat Kontorunda təsdiqlənmiş “X7 Klubu”ndakı 100 faiz payın satılmasına dair 22 oktyabr 2014-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən cavabdeh İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli, **********20386000 kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın və Cavabdeh1 verilmiş xx.xx.2014-cü il tarixli, **********047600 saylı kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ******* manat məbləğində pulun alınıb Cavabdeh1 verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(076)-2795/2018 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(104)- 4017/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(076)-2795/2018 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddiaçı X3 cavabdehlər İddiaçı, Cavabdeh1, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi və üçüncü şəxs Şəmkir rayon Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab olunması və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-2021/2020 nömrəli qərardadından görünür ki, İddiaçı ərizə ilə müraciət edərək iddiadan imtina etdiyindən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoru, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru, 14 saylı Ərazi Vergilər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin və onun əsasında aparılmış hərəkətlərin ləğv edilməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçının iddia tələbi iki hissədən ibarətdir. Belə ki, iddiaçının iddia tələbinin birinci hissəsi onunla Cavabdeh1 arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş "X7 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********047600 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə olmuşdur. Məhkəmə ilk öncə iddia tələbinin birinci hissəsi ilə bağlı hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir. Belə ki, iddiaçı öz iddia ərizəsində “X7 Klubu”nda olan 100 faiz payını xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən ******* manata Cavabdeh1 satdığını bildirmişdir. Müqaviləyə əsasən o öz öhdəliyini yerinə yetirərək əmlakı alıcıya təhvil versə də, alıcı Cavabdeh1 müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək müəyyənləşdirilmiş ******* manat məbləğində pulu ona ödəməmişdir. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə onun üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinə istinad edərək aralarında bağlanılmış alğı-satqı müqaviləsinin etibarsızlığını tələb edir. Məhkəmə hesab edir ki, belə bir əsaslandırma hüquqi cəhətdən müqavilənin etibarsızlığına səbəb olan hal deyildir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021ci il tarixli qərarında qeyd olunmuşdur ki, Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Belə ki, tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə, tərəflərin iradəsi əsasında bağlanıb və müqavilənin etibarsız hesab edilməsini şərtləndirən hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331-336-cı maddələrinə əsasən, müqavilənin etibarsız hesab edilməsi üçün müqavilənin məcburi qaydada bağlanması, aldatma, zor tətbiqi, hüquqi şəxsin və ya vətəndaşın iradə azadlığının pozulması, yaxud qanunla qadağan edilmiş məqsədlər üçün bağlanması kimi hallar olmalıdır. İş materiallarından və tərəflərin izahatlarından belə nəticəyə gəlinir ki, iddiaçının irəli sürdüyü arqumentlər bu hallardan heç birinə əsaslanmır və müqavilənin etibarsızlığı üçün hüquqi əsas yaratmır. Tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqavilənin etibarsızlığı üçün heç bir hüquqi əsas olmadığından həmin müqavilə əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2014-cü il tarixli **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsinin də heç bir əsası yoxdur. Məhkəmə iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda təsdiqlənmiş “X7 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh2 verilmiş kommersiya hüquqi şəxslərin dövlət reystrindən çıxarışın ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi həmin hissədə kəsici müddət tətbiq edilməklə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarından da göründüyü kimi maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. İş materiallarından göründüyü kimi “X7 Klubu”nun nizamnamə kapitalındakı 100 faiz payın alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında müqavilə xx.xx.2019-cu il tarixdə bağlandığı halda, iddiaçı həmin müqavilənin etibarsızlığına dair iddia tələbi ilə məhkəməyə həmin müqavilənin bağlanmasından 5 ildən çox vaxt keçdikdən sonra xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İş materiallarında olan Bakı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-2021/2020 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoru, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru, 14 saylı Ərazi Vergilər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin və onun əsasında aparılmış hərəkətlərin ləğv edilməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış “X7 Klubu”nun nizamnamə kapitalındakı 100 faiz payın alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilədən məlumatı olmuş və hətta həmin müqavilənin ləğvi ilə bağlı məhkəməyə də müraciət olunmuşdur. Lakin sonradan iddiaçı iddia tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilmişdir. İddiaçı 2020-ci ildən həmin müqavilədən məlumatlı olsa da yalnız 5 ildən sonra həmin müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı 1 illik mübahisələndirmə müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia tələbi həmin hissədə də rədd edilməlidir. Nəticə etibarilə, iddianın təmin edilməməsi və müqavilənin qüvvədə saxlanması mülki dövriyyənin sabitliyi, müqavilə azadlığı və hüquqi münasibətlərin qorunması prinsiplərinə tam uyğun hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Qeyd edilən prinsip universal olaraq hazırkı iş üzrə araşdırma qaydasına tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi, Şəmkir rayon 1 saylı Notariat Kontoru və Bakı şəhəri 41 saylı Notariat ofisi) qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi, Şəmkir rayon 1 saylı Notariat Kontoru və Bakı şəhəri 41 saylı Notariat ofisi) qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №2-2(115)-827/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-827/2025
29.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver