Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-936/2021 27.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavadeh Cavabdeh qarşı borc tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavadeh Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 28567 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında əldə edilmiş razılığa əsasən 28567 manat borc yaranmışdır. Həmin borcu cavabdeh qaytarmamışdır. Razılığa görə cavabdeh ondan satış məqsədi ilə kənd təsərrüfatında istifadə olunan məhsulları almaqla pullarını hissə-hissə ödəməliydi. Lakin cavabdeh dediyi müddət ərzində həmin borcun bir hissəsini qaytarmamışdır. Həmin puldan bu günədək heç bir məbləğ qaytarılmamışdır. Dəfələrlə deməsinə baxmayaraq cavabdeh həmin pulu geri istədiyində qaytarmaqdan boyun qaçırmışdır. Həmin borcu ödəməyini desə də bu günə qədər borcunu ödəməmişdir. Həmin borcun cavabdehə verilməsini təsdiq edən yazılı qaimələr aralarında olan razılıq yazışmaları vardır. Şəmkir Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(076)-2073/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi üzrə İddiaçı əsl iddiaçı "xxxx" MMC ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı iddia tələbi üzrə iddiaçı qismində əvəz olunmasını və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 28567 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış 13.07.2020-ci il tarixli distribütor xidmətləri haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə cəmi 75763 manat 15 qəpik məbləğində mal verilmişdir. Cavabdeh 27445 manat məbləğində malın pulunu ödəmiş, 13.10.2020-ci il tarixdə 19661 manat 02 qəpik məbləğində mal cavabdehdən geri alınmış və sonuncunun 28567 manat borcu qalmışdır. Ona görə də, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, izahatında bildirdi ki, 13.07.2020-ci il tarixdə iddiaçı ilə aralarında distribütorluq müqaviləsi bağlanmış, iddiaçıdan 75763 manat 15 qəpik məbləğində satmaq üçün mal götürmüşdür. 27445 manat məbləğində malları sataraq iddiaçıya ödəmiş, 19661 manat məbləğində malları iddiaçıya təhvil vermişdir. 28567 manat məbləğində malları ayrı-ayrı şəxslərə satsa da, satdığı malların pulunu ala bilməmiş və həmin məbləğdə iddiaçıya borcu qalmışdır. Borcu etiraf edir, lakin maddi imkanı olmadığından hazırda borcundan ödəniş edə bilmir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavadehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş istehsalçı "xxxx" MMC ilə distribütor Cavabdeh arasında bağlanmış 13 iyul 2020-ci il tarixli 05 nömrəli distribütorluq müqaviləsindən görünür ki, istehsalçı ona məxsus olan məhsulları distribütorun yazılı sifarişi əsasında distribütora çatdırmağı, distribütor isə bunun qarşılığında məhsulların dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin Şəmkir rayonu üzrə mağaza satış meneceri olan X1 və 13 iyul 2020-ci il tarixli Distributor Xidmətləri haqqında bağlanmış müqaviləyə əsasən fiziki şəxs Cavabdeh şəxsində müqavilə tarixindən etibarən təhvil verilən "xxxx" MMC-yə aid məhsulların məbləği 75673 manat 15 qəpik, ödəniş məbləği 27445 manat olmuşdur. 13.10.2020-ci il tarixində distribütor Cavabdeh geri təhvil alınan məhsulların məbləği 19661 manat 22 qəpikdir. Qeyd olunan məbləği distribütor Cavabdeh "xxxx" MMC-nin Şəmkir rayonu üzrə mağazasına olan borcundan azalmasını və arada yaranan fərq 28567 manat 12 qəpik təşkil edir. İş materiallarında olan "xxxx" Şəmkir mağazasından topdan satış fakturasından görünür ki, Cavabdeh "xxxx" MMC-dən satmaq üçün 75673 manat 15 qəpik məbləğində mal götürmüş, 27445 manat ödəniş edilmiş, nəticədə 48021 manat borcu yaranmışdır. İş materiallarında olan 13.10.2020-ci il tarixli məxaric qaiməsindən görünür ki, Cavabdeh geri təhvil alınan məhsulların məbləği 19661 manat 22 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, cavadeh Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən satış üçün 75673 manat 15 qəpik məbləğində mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair "xxxx" MMC qarşısında öhdəlik götürmüş, daha sonra malların 19661 manat 02 qəpik hissəsini və 27445 manat dəyərini iddiaçıya qaytarmış, digər malların ödənişlərini tam həcmdə yerinə yetirməyərək, iddiaçıya 28567 manat 12 qəpik borcu qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 28567 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavadeh Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28567 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavadeh Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-936/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-936/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver