Məhkəmə qərarları › İş №2-2(117)-1035/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-1035/2022

18.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-1035/2022 18.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 Təchizatı və Satışı İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmış aktın etibarsız hesab edilməsi və hesablanmış enerji sərfiyyatı borcunun silinməsi” tələbinə dair iş materiallarını nəzərdən keçirib, müəyyən etdi: İddiaçı «İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 Təchizatı və Satışı İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmış aktın etibarsız hesab edilməsi və hesablanmış enerji sərfiyyatı borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət dərək cavabdeh "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 mart 2022-ci il tarixli, NDM 028108 №li AKT etibarsız hesab edilməsi və əsassız hesablanmış 11452 (11427+16+9) (on bir min dörd yüz əlli iki) manat borcun Qəbələ rayonu, Nohurqışlaq kəndində adına olan **********00717 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü il tarixində Qəbələ rayonu, Nohurqışlaq kənd sakini Şahvələd adlı şəxsdən ona məxsus həmin kənddə yerləşən 2,14 ha torpaq sahəsini alqı-satqı edərək almışdır. Həmin tarixdən də başlayaraq torpaq sahəsində fərdi yaşayış evi və bir neçə digər tikililər inşa etdirmişdir. Fərdi yaşayış evinə müvafiq qaydada texniki şərt və lazımi sənədləşmə aparılmaqla, sayğac quraşdırılmış və elektrik xətti çəkilmişdir. Özü Sumqayıt şəhərində yaşamasına baxmayaraq mövsümü olaraq hərdən ailəsi ilə birlikdə Qəbələ rayonu, Nohurqışlaq kəndində yaşayır. Lakin kənddəki evdə daimi yaşamadığından oraya qohumu Rahim adlı şəxs nəzarət edir. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin bir qrup əməkdaşları fərdi yaşayış evində quraşdırlmış elektrik sayğacna baxış keçirərək, sayğacın işləmədiyini bildirərək NDM №028108 akt tərtib etmişlər və akta etiraz olaraq qohumu onu imzalamaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixində isə Qəbələ EŞ-nin əməkdaşları gələrək №1731300 protokol tərtib edərək sayğacı yenisi ilə əvəz etməkdən ötrü çıxarıb aparmışlar. Bir neçə gündən sonra tərtib edilmiş NDM № 028108 akta görə 87900 Kvt, 11427 manat (EİQ pozulması 0,13), 200 Kvt, 16 manat (AKT-ın yeni tarifi 0,08), 100 Kvt, 9 manat (EİQ pozulması 0,09) ümumilikdə 11452 manat elektrik enerjisindən istifadəyə görə borc (cərimə) yazılmışdır. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə iddiaçı arasında fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinə dair müqavilə olmasına baxmayaraq, iddiaçı həmin sayğacla Qəbələ rayonu Nohurqışlaq kəndində yeləşən “River Palace” adlı iaşə obyektinin (istirahət mərkəzinin) elektrik enerjisi ilə təmin edilməsi üçün istifadə etmişdir. İddiaçı tərəfindən isə iddiaçının mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçının Qəbələ rayonu Nohurqışlaq kəndində fərdi yaşayış evini elektrik enerjisi ilə təmin etmək üçün quraşdırılmış sayğac, faktiki olaraq iaşə obyektini (istirahət mərkəzini) elektrik enerjisi ilə təmin etməkdədir Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Qəbələ Rayon Məhkəməsi mülki işi baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. İşin aidiyyəti üzrə göndərilməsi barədə Qəbələ Rayon Məhkəməsinin qərardadı ilə razılaşmayan məhkəmə qeyd edir ki, hazırki tələbə işdə iştirak edən şəxslərin subyektiv tərkibinə görə ümumi məhkəmədə baxılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********762800 nömrəli məktubunda İddiaçı vergi orqanında fiziki şəxs kimi uçota alınmadığı, o 2 saylı Ərazi Vergilər İdarəsində (Sumqayıt şəhəri) qeydə alınmış 4 hüquqi şəxsin rəhbəridir. Buna baxmayaraq qeyd edilən hüquqi şəxslərin Qəbələ rayonu, Nohurqışlaq kəndində adına olan **********00717 saylı abonent kodu olan fərdi yaşayış evinə hər hansı bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsi İddiaçı məxsusdur. Bundan əlavə "xxxx" ASC tərəfindən təqdim edilən abonent haqqına məlumatda da mübahisələndirilən aktın yazıldığı sahə fərdi yaşayış evi ilə bağlıdır. Qeyd edilən fərdi yaşayış evinin fotolarında əsaslanaraq həmin yaşayış evlərinin girişində “River Palace” adlı iaşə obyekti ilə bağlı məlumatların qeyd edilməsi hazırkı işin məhkəmə aidiyyəti üzrə göndərilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının: 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 24-cü bəndində göstərilmişdir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. 27-ci bəndinə əsasən fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Göründüyü kimi, iddia tələbinin predmeti iddiaçıya fiziki şəxs olaraq fərdi yaşayış evi kimi qeydiyyata alınmış evlərə elektrik enerjisinin təchizatı ilə bağlı yazılmış akt və hesablanmış cərimə məbləği hazırkı iş üzrə İddiaçı münasibətdə tətbiq olunduğundan, həmin şəxsin şəxsən özünün fərdi sahibkarlıq statusu olmadığından (VÖEN) və iddianı şəxsən öz adından irəli sürdüyündən, hazırkı mübahisənin onun rəhbəri olduğu hüquqi şəxslərlə əlaqəsi olmadığından, həmçinin qanun qeydiyyatdan keçmiş sahibkarlıq fəaliyyətini dəstəklədiyindən tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti üzrə münasibətlərdən irəli gəlmədiyindən, həmçinin qanunsuz sahibkarlıq fəaliyyəti olsa belə yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenum qərarının 27-ci bəndinə əsasən hazırki mübahisəyə işdə iştirak edən şəxslərin subyektiv tərkibinə görə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Qəbələ Rayon Məhkəməsi isə bu halı araşdırmadan hazırki mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi qənaətinə gələrək işi məhkəmə aidiyyəti üzrə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə tərəflər arasında yaranmış sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmadığından hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 Təchizatı və Satışı İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmış aktın etibarsız hesab edilməsi və hesablanmış enerji sərfiyyatı borcunun silinməsi” tələbinə dair iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar