Məhkəmə qərarları › İş №2-2(117)-135/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-135/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-135/2025 24.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixə xx.xx.2015-ci il tarixli 106-GL/15 nömrəli müqavilə üzrə 2569,00 manat gecikdirilmiş borcu və hesablanmış 3964,25 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixə xx.xx.2015-ci il tarixli 106-GL/15 nömrəli müqavilə üzrə 2569,00 manat gecikdirilmiş borcu və hesablanmış 3964,25 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2015-ci il tarixli 106-GL/15 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 5850 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən, Lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edir. 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. xx.xx.2015-ci il tarixli 106-GL/15 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən bir ədədinin qiyməti 28 500 manat olan, Traktor Belarus-892 markalı texnika üzrə 11 250 manat ödəniş edilmiş, həmin texnika güzəştdən sonrakı 5850 manat qalıq məbləği ilə 7 il ödəmə müddətinə əsasən lizinq alana verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 106-GL/15 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Nəticədə cavabdehin hazırkı dövrə 2569 manat əsas borcu və həmin borca münasibətdə hesablanmış 3964.25 manat cərimə borcu mövcuddur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikaların təhvil qəbulu barədə aktdan görünür ki, 1 ədədinin dəyəri 28500 manat olan Traktor-892 markalı texnika (1 ədəd) saz, nizamlanmış və komplekt halda "xxxx" ASC-nin Gəncə Rayonlararası Təchizat Bazasının müdiri R.Y.Əmiraslanov tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı "xxxx" ASC ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 106-GL/15 nömrəli müqavilə üzrə Cavabdeh tərəfindən 3281 manat ödəniş edilmiş, 2569 manat ödənilməmiş borcu qalmış və 3964.25 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Məhkəmə bildirişi və sənədləri Cavabdeh göndərilsə də, “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmış, daha sonra xx.xx.2025-ci il tarixində rəsmi qaydada cavabdehə və ya ailə üzvlərinə çatdırılması üçün Ağdaş rayon İcra Hakimiyyətinə elektron poçt vasitəsilə göndərilmişdir. MPM-in: 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Göründüyü kimi məhkəmə bildirişi rəsmi qaydada cavabdehə çatdırılsa da, qeyd edilən cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi:

Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2015ci il tarixli 106-GL/15 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikasını verməyi, cavabdeh isə həmin texnikanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, 2569 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iddia tələbinin “2569 manat əsas borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, Traktor Belarus-892 markalı texnikanın bir ədədinin qiyməti 28 500 manat olmuş və iddiaçı 40% güzəşt tətbiq edərək həmin texnikanı cavabdehə 17 100 manata satmışdır. Cavabdeh qeyd olunan məbləğdən 11250 manat ilkin ödəniş etmiş və 5850 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi cavabdehin 5850 manat məbləğində borcu qalmışdır. Həmin qalıq pulu isə ödəniş qrafikinə əsasən xx.xx.2022-ci il tarixinədək ödəyib bitirməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən daha sonra müqavilə məbləğindən ümumilikdə 3281 manat ödəniş edilmişdir. Buradan aydın olunur ki, cavabdehin hazırkı tarixə 2569 manat (5850 – 3281 = 2569) ödənilməmiş əsas borcu vardır. İddia tələbinin “3964.25 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin 128.45 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, müqavilə üzrə cavabdeh Cavabdeh 2569 manat əsas borc və 128.45 manat cərimə borcu tutulmalıdır. Cavabdeh tərəf iddia tələbi ilə bağlı hər hansı bir etirazını və iddia ilə bağlı münasibətini məhkəməyə bildirməmiş və ona qarşı olan tələbin əsasını mübahisələndirməmişdir. Bu səbəbdən tələb edilən lizinq məbləği tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə uyğunsuzluq təşkil etmədiyindən əlavə araşdırma aparılmamışdır. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə cavabdeh iddia tələbinə dair etirazını məhkəməyə bildirməmiş və ya onun əsasında dayanan sübutlar barədə məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının təqdim edilməsini, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsini, işə sadələşdirilmiş icraat qaydasında baxılması və vəkilin nəzərdə tutulan işdə fəallığı, işə sadələşdirilmiş qaydada baxılması hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 250 manat pulun tutulması əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edildiyi məbləğə uyğun ödənilməli olan 35.23 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 106-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən 2569 manat əsas borc, 128.45 manat cərimə borcu və 250 manat hüquqi yardımla bağlı ödənilmiş pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Ödənilməmiş 35.23 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar