Məhkəmə qərarları › İş №2-2(117)-1375/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-1375/2021

30.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-1375/2021 30.12.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 434,12 manat borcun hesabdan silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 434,12 manat borcun hesabdan silinməsi” tələbinə dair iddia ərizəsi ilə 15.10.2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli qərardadı ilə tərəflərin sahibkar statusuna malik olmaları və mübahisənin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması əsası ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə. qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. MPM-in: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə sənədlər əlavə edilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. İddiaçı qeyd edilən normaların tələblərinə riayət etmədən pretenziya məktublarını və iddia ərizəsinin surətlərini cavabdehlərə kağız daşıyıcıda göndərmişdir. Bundan əlavə, iddiaçı mediasiya prosesinin tətbiqi ilə bağlı cavabdehlərə bildiriş göndərməmiş və ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, məhkəməyə müraciət etməmişdən əvvəl mübahisə üzrə mediasiya sesiyasının keçirilməsi, həmçinin hansı mediatorun mübahisənin həllində iştirak etməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir. Yuxarıda şərh olunan hallar əsasən mediasiya prosesində iştirak barədə təklif, pretenziya və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlərə lazımi qaydada çatdırılmamış, MPM-in 150.2-ci maddəsinin tələblərinə riayət edilməmiş, mediasiya keçirilməmişdir. Qeyd edilən halların hər biri ayrılıqda hazırkı ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılması üçün əsaslardır və MPM-də bununla bağlı hallar sadalanmışdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 434,12 manat borcun hesabdan silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar