Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-142/2025 22.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “cavabdehdən xx.xx.2015-cı il tarixli 126-L/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 4319.05 manat gecikdirilmiş borcun, 752.87 manat hesablanmış cərimə borcunun, xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 711 manat gecikdirilmiş borcun, 970.52 manat hesablanmış cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “cavabdehdən xx.xx.2015-cı il tarixli 126-L/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 4319.05 manat gecikdirilmiş borcun, 752.87 manat hesablanmış cərimə borcunun, xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 711 manat gecikdirilmiş borcun, 970.52 manat hesablanmış cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 37 500 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən Spesifikasiyada (Əlavə № 1) göstərilən 3 750 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, qiyməti 37 500 manat olan, Traktor Belarus-1221 markalı texnika üzrə ilkin ödəniş məbləği 3750 manat müəyyənləşdirilərək 10 il ödəmə müddətinə əsasən lizinq verən "xxxx" ASC tərəfindən lizinq alana verilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 1048/ü nömrəli Əmrdə qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli sifarişinə və xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli Lizinq müqaviləsinə əsasən, ******* zavod nömrəli, 139444 mühərrik nömrəli, 37 500 manat dəyərində olan Traktor Belarus-1221 markalı texnika ona lizinqə verilsin və texnikanın ümumi dəyərindən 3 750 manat ödənildiyi nəzərə alınsın. xx.xx.2014-cü il tarixli "xxxx" ASC-yə məxsus texnikaların təhvil qəbulu barədə aktdan görünür ki, bir ədədinin qiyməti 6550 manat olan, 133683 şassi nömrəli Taxılsəpən TS-24 markalı texnika nizamlanmış və komplekt halda "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir. xx.xx.2015-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikaların təhvil qəbulu barədə aktdan görünür ki, bir ədədinin qiyməti 2900 manat olan, 151103 şassi nömrəli Kotan 5 gövdəli AGMP-14-5 markalı texnika nizamlanmış və komplekt halda "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir. xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 2 502 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-ə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 281/ü nömrəli Əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli Lizinq müqaviləsinə əsasən, 151103 şassi nömrəli, 1 160 manat məbləğində güzəşt tətbiq edilən və qalıq məbləği 922 manat təşkil edən Kotan 5 gövdəli asma AG-MP 14-5 markalı və 133683 şassi nömrəli, 2 620 manat məbləğində güzəşt tətbiq edilən və qalıq məbləği 1 580 manat təşkil edən Taxılsəpən gübrəsəpənlə qoşulan TS-24 markalı texnikalar güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin. Həmin müqavilələrin: 4.1-ci bəndinə əsasən, Lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edir. 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli və xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) lizinq obyektini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli müqavilə üzrə 4 319,05 manat gecikdirilmiş borcu və hesablanmış 752,87 manat cərimə borcu, eləcə də xx.xx.2017-ci il tarixli 123- GL/17 nömrəli müqavilə üzrə 711 manat gecikdirilmiş borcu və hesablanmış 970,52 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı "xxxx" ASC ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli müqavilə üzrə Cavabdeh tərəfindən 17 341.95 manat ödəniş edilmiş, 15 000 manat məbləğində güzəşt məbləği tətbiq edilmiş, bundan sonra 5 158.05 manat qalıq borcu qalmış, arayışın tərtib edildiyi tarixə isə 4319.05 manat gecikdirilmiş borcu mövcud olmuş və 752.87 manat məbləğində cərimə borcu hesablanmışdır. xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilə üzrə Cavabdeh tərəfindən 1791 manat ödəniş edilmiş, 711 manat ödənilməmiş borcu qalmış və 970.52 manat məbləğində cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada cavabdehə ünvanı üzrə göndərilmiş, sonuncu xx.xx.2025-ci il tarixdə bildirişi qəbul etmişdir. Bundan sonra Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, müqavilə bağlandıqdan sonra ödənişləri qrafikə uyğun, bəzən isə qrafiklərdə göstərilən məbləğlərdən bir qədər az məbləğdə uzun müddət ödəmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarından ona aydın olduğu kimi onun tərəfindən ödənilmiş ödənişin böyük hissəsi gecikməyə görə cərimə faizinə hesablanmışdır. Bu səbəbdən onun əsas qalıq borcu artıq yazılmış və onlara hesablanmış cərimə borcları qəsdən şişirdilmişdir. Həmin iddia tələbini qəbul etmədiyini və işin araşdırılmasında zərurət yarandığna görə hazırkı işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək həmin əsaslara görə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsi Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli e-2- 2(117)-1789/2024 nömrəli məktubla cavabdehin ərizə və vəsatətinə münasibətdə bildirmişdir ki, ilkin olaraq əsas borcla bağlı edilən ödəniş sənədlərinin təqdim edilməsi, ödənilməyən borcun məbləğinin nə qədər olmasının bildirilməsi zəruridir. Lakin cavabdeh məhkəmə tərəfindən ona ünvanlanmış məktuba heç bir münasibət bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilələr, aktlar, maliyyə arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2015ci il tarixli 126-L/15 nömrəli və xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr imzalanmışdır. Müqavilələrin şərtlərinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli müqavilə üzrə 4319.05 manat gecikdirilmiş borcu, xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilə üzrə 711 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iddia tələbinin “xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli müqavilə üzrə 4319.05 manat əsas borcun və xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilə üzrə 711 manat əsas borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli müqavilə üzrə Traktor Belarus-1221 markalı texnikanın bir ədədinin qiyməti 37 500 manat olmuş və cavabdeh qeyd olunan məbləğdən 3 750 manat ilkin ödəniş etməklə ümumilikdə maliyyə arayışına əsasən 17 341.95 manat məbləğində ödəniş etmiş, 15 000 manat məbləğində güzəşt məbləği tətbiq edilmiş və cavabdehin həmin müqaqvilə üzrə 5 158.05 manat qalıq borcu qalmışdır. Həmin qalıq pulu isə ödəniş qrafikinə əsasən xx.xx.2025-ci il tarixinədək ödəyib bitirməyi öhdəsinə götürmüşdür. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024cü il tarixinə 4319.05 manat məbləğində gecikdirilmiş borcu qalmış və iddiaçı həmin gecikdirilmiş məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilə üzrə Taxılsəpən gübrəsəpənlə qoşulan TS-24 markalı texnika üçün 1 160 manat güzəşt tətbiq edilmiş və 922 manat məbləğində ödənilməmiş borc qalmış, Kotan 5 gövdəli asma AG-MP 14-5 markalı texnika üçün isə 2 620 manat güzəşt tətbiq edilmiş, 1580 manat məbləğində ödənilməmiş borc qalmışdır. Nəticədə cavabdeh bundan sonra iddiaçıya müqavilə üzrə ümumilikdə 2 502 manat məbləğində ödəniş etməli olduğu halda, maliyyə arayışından da göründüyü kimi 1 791 manat məbləğində ödəniş etmiş və cavabdehin xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilə üzrə 711 manat (2 502-1 791= 711) ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi cavabdehin xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli müqavilə üzrə 4319.05 manat gecikdirilmiş və xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilə üzrə isə 711 manat ödənilməmiş əsas borcu vardır. İddia tələbinin “xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli müqavilə üzrə 752.87 manat və xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilə üzrə 970.52 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin (əsas borcun 5%-i həcmində) xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli müqavilə üzrə 215.95 manat və xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilə üzrə 35.55 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, cavabdeh Cavabdeh xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli müqavilə üzrə 4319.05 manat əsas borc, 215.95 manat cərimə borcu və xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilə üzrə 711 manat əsas borc, 35.55 manat cərimə borcu tutulmalıdır. Bundan başqa məhkəmə Cavabdeh ərizəsinə və vəsatətinə münasibətdə qeyd edir ki, cavabdeh onun tərəfindən edilən ödənişlərin qeyd edilən məblədən daha artıq olduğunu, həmin ödənişlərin əsas borcdan deyil, cərimədən çıxıldığını, işin iddia icraatına keçirilməsini, məhkəmə-mühasibatlıq ekspertiza təyin edilməsini xahiş etsə də, lizinq müqavilələri üzrə nə qədər ödəniş etdiyini, bununla bağlı ödəniş qəbzlərini və bunu təsdiqləyən hər hansısa bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən ona ünvanlanmış məktuba münasibət bildirməmişdir. Bu səbəbdən tələb edilən lizinq məbləği tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə uyğunsuzluq təşkil etmədiyindən əlavə araşdırma aparılmamışdır. Cavabdeh tərəfindən ödəniş qəbzləri təqdim edilmədiyindən iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul edilmiş, eyni zamanda cavabdeh əsasən cərimə borcu ilə bağlı narazılığını bildirdiyindən və məhkəmə tərəfindən cərimə məbləğinin ağlabatan həddə müəyyən edilməsinin məhkəmənin səlahiyyəti olduğundan əlavə olaraq məhəmə ekspertizasının təyin edilməsinə zərurət bilinməmişdir. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının təqdim edilməsini, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsini, işə sadələşdirilmiş icraat qaydasında baxılması və vəkilin nəzərdə tutulan işdə fəallığı nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 250 manat pulun tutulması qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edildiyi məbləğə uyğun ödənilməli olan 68.46 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-cı il tarixli 126-L/15 nömrəli lizinq müqaviləsinə əsasən 4319.05 manat əsas borc, 215.95 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən 711 manat əsas borc, 35.55 manat cərimə borcu və 250 manat hüquqi yardımla bağlı ödənilmiş pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Ödənilməmiş 68.46 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2-2(117)-142/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-142/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver