Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-146/2025 27.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “2536 manat əsas borc, 304.20 manat faiz borcu, 603.33 manat dəbbə borcu, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 55 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3498.53 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “2536 manat əsas borc, 304.20 manat faiz borcu, 603.33 manat dəbbə borcu, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 55 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3498.53 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2024 tarixli AFLZ00-000197 saylı lizinq müqaviləsi bağlanmışdır. Həmin lizinq müqaviləsinin ümumi məbləği 2536 manat təşkil etmişdir. Lizinq obyekti 2006-cı il istehsallı, tünd boz metallik rəngli, “Renault” markalı “Megane” model avtomobil olmuşdur. Lakin Cavabdeh tərəfindən lizinq müqaviləsinin şərtlərinə əməl edilməyərək heç bir ödəniş edilməmişdir. Nəticədə Cavabdeh "xxxx" QSC-yə 2536 manat əsas borc, 304.20 manat faiz borcu, 603.33 manat dəbbə borcu olmaqla ümumilikdə 3443.53 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli AFLZ00-000197 nömrəli daxili lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, lizinq verən lizinq obyektini lizinq alanın yekun sifarişi əsasında (2 saylı Əlavə) alqı-satqı müqaviləsi ilə X1 (satıcı) əldə edir. 1.5-ci bəndinə əsasən, bu lizinq müqaviləsinin ümumi məbləği 2536 manat təşkil edir. Bu məbləğ çatdırılma, rəsmiləşdirmə və digər gözlənilməyən hallarla bağlı ortaya çıxan xərclər nisbətində dəyişdirilə bilər. 1.7-ci bəndinə əsasən, lizinq obyekti lizinq alana 15 ay müddətinə lizinqə verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandığı gündən yaranır və lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Bu müqavilənin 1.5-ci bəndində göstərilən əlavə xərclər olduqda ödənişlər cədvəlindəki məlumatlar bu xərclər həcmində dəyişdiriləcəkdir. 3.1-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq obyektindən müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. 3.5-ci bəndinə əsasən, lizinqin müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə, lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. 4.2-ci bəndinin tələbinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilmə qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə № 3) müəyyən edilir. 5.1-ci bəndinə əsasən,bu müqavilə üzrə nəzərdə tutulmuş pul öhdəliklərinin yerinə yetirilməsi üzrə lizinq alanın lizinq verənlə hesablaşmaları, lizinq ödənişlərinin cədvəlində müəyyən edilmiş ilkin ödəniş və cari ödəmələr formasında həyata keçirilir. 5.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən istifadə edib-etməməsindən asılı olmayaraq, lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə lizinq ödənişlərini həyata keçirməlidir. 5.6-cı bəndinə əsasən, bu müqavilə üzrə hesablaşmalar nağdsız və ya nağd qaydada manatla Mərkəzi Bankın ödəmə günündə müəyyən etdiyi məzənnə ilə həyata keçirilir. 12.10-cu bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinin qalıq əsas məbləğində gündəlik 0.1%-i həcmində əlavə məbləğ hesablanır. 14.1.4-cü bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə bu müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edilə bilər. 19.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir. İş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi X6 markalı, ili 2006, rəngi tünd boz metallik, mühərriki K9K672D04149, ban nömrəsi VF1BMSF**********, 20AE442 nömrəli avtomobil "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli AFLZ00-000197 nömrəli müqaviləyə 3 saylı Əlavə olan Lizinq ödənişləri cədvəlindən göründüyü kimi lizinq alan Cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 228.09 manat, sonuncu ay isə 227.44 manat məbləğində əsas və faiz borcu üzrə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Həmin Əlavədə qeyd edilmişdir ki, Qeyri-iş günlərinə düşən ödənişlər əvvəlki iş günü ödənilməlidir. Əks halda gecikdirilmiş hər gün üçün lizinq qalıq məbləğinin 0.2%-i həcmində dəbbə pulu yəni cərimə hesablanacaq. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə 2 saylı Əlavə olan təhvil-təslim aktından göründüyü kimi X6 markalı, ili 2006, rəngi tünd boz metallik, mühərriki K9K672D04149, ban nömrəsi VF1BMSF**********, 99RP243 nömrəli avtomobil saz vəziyyətdə "xxxx" QSC-nin direktoru X3 və X2 tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş etibarnamədən göründüyü kimi "xxxx" QSC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək X6 markalı, 2006-cı il buraxılışlı, tünd boz metallik rəngli, mühərriki K9K672D04149, ban nömrəsi VF1BMSF********** olan, 20AE442 nömrəli avtomobilin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi səlahiyyəti verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi xx.xx.2024-cü il tarixli AFLZ00-000197 nömrəli müqavilə üzrə Cavabdeh tərəfindən heç bir ödəniş icra edilməmişdir. Cavabdeh 2536 manat əsas, 304.20 manat faiz, 603.33 manat dəbbə pulu borcu olmaqla ümumilikdə 3443.53 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2024-cü il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: daxili lizinq müqaviləsi, lizinq ödənişləri cədvəli, təhviltəslim aktı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2024cü il tarixli AFLZ00-000197 nömrəli daxili lizinq müqaviləsi imzalanmışdır. Müqavilənin 1.5ci bəndinə əsasən, bu lizinq müqaviləsinin ümumi məbləği 2536 manat təşkil edir. Eyni zamanda iş materiallarına əlavə edilmiş şəhadətnamədən göründüyü kimi müqavilənin predmetini təşkil edən X6 markalı, 2006-cı il buraxılışlı, tünd boz metallik rəngli, mühərriki K9K672D04149 olan, ban nömrəsi VF1BMSF********** olan, 20AE442 nömrəli avtomobil "xxxx" QSC-yə məxsusdur və təhvil-təslim aktına əsasən həmin nəqliyyat vasitəsi daxili lizinq müqaviləsinə əsasən, Cavabdeh təhvil verilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş təhvil-təslim aktından görünür ki, qeyd edilən avtomobilin digər əlamətləri nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və etibarnamə ilə üst-üstə düşsə də avtomobilin dövlət qeydiyyat nişanı-nömrəsi fərqli qeyd edilmişdir. Məhkəmə bu hissədə hesab edir ki, digər sənəldərlə nəqliyyat vasitəsinin cavabdehə lizinqə verilməsi təsdiq edildiyindən təhvil-təslim aktında həmin hissə texniki səhv olaraq yanlış qeyd edilməsi nəticəsində olmuşdur. İddiaçı öhdəliklərini yerinə yetirərək nəqliyyat vasitəsini cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəf öz öhdəliklərini yerin yetirməmiş və onun ödənilməmiş borcu qalmışdır. Məhkəmə iddia tələbinin “cavabdehdən 2536 manat əsas borc, 304.20 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 14.1.4-cü bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə bu müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edilə bilər. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə də bu borc öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin “603.33 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 12.10-cu bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinin qalıq əsas məbləğində gündəlik 0.1%-i həcmində əlavə məbləğ hesablanır. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 126.8 manat (yəni, əsas borcun 5%-i) həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Cavabdeh tərəfin iddia tələbi ilə bağlı hər hansı bir etirazı və iddia ilə bağlı münasibəti məhkəməyə daxil olmamış və ona qarşı olan tələbin əsasını mübahisələndirməmişdir. Bu səbəbdən tələb edilən lizinq məbləği tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə uyğunsuzluq təşkil etmədiyindən əlavə araşdırma aparılmamışdır. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə cavabdeh iddia tələbinə dair etirazları məhkəməyə bildirməmiş və ya onların əsasında dayanan sübutlar barədə məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən 2536 manat əsas, 304.20 manat faiz, 126.8 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf 55 manat məbləğində dövlət rüsumu ödəsə və cavabdehdən tələb etsə də, iddia tələbinə uyğun olaraq ödənilməli dövlət rüsumunun məbləği 54.44 manat təşkil edir. İddia qismən təmin edildiyindən 46.91 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 7.53 manat məbləğində dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2536 manat əsas borc, 304.20 manat faiz borcu, 126.8 manat cərimə borcu və ödənimiş 46.91 manat məbləğində dövət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2-2(117)-146/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-146/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver