Məhkəmə qərarları › İş №2-2(117)-307/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-307/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-307/2021 30.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tərəflər arasında bağlanmış 17.04.2007-ci il tarixli icarə müqaviləsi əsasında 200 ha torpaq sahəsi üzərində yaranmış icarə hüququna xitam verilməsi və cavabdehin bələdiyyə mülkiyyətində olan, icarəyə verilmiş 200 ha torpaq sahəsindən çıxarılması, həmin torpağın bələdiyyənin sahibliyinə qaytarılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 17.04.2007-ci il tarixli 269 nömrəli icarə müqaviləsinə əsasən Şəki rayonu Turan qəsəbəsində yerləşən bələdiyyə mülkiyyətində olan 200 ha torpaq sahəsi bələdiyə tərəfindən Cavabdeh icarəsinə verilmiş və sonuncunun icarə hüquqları 06.09.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Şəki rayonu Turan bələdiyyəsinin 20.10.2020-ci il tarixli 09 nömrəli protokol qərarı ilə Cavabdeh ilə bağlanmış müqaviləyə xitam verilməsi və torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınmışdır. İddiaçı icarə haqqı borcunun ödənilməməsi və torpağın təyinatına uyğun istifadə edilməməsini, habelə 20.10.2020-ci il tarixli 09 nömrəli protokol qərarını əsas gətirərək hazırki iddia tələbi məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bələdiyyə tərəfindən icarəyə verilmiş 200 ha torpaq sahəsi üzrə cavabdeh icarə haqqını borcunu ödəmir. Bundan başqa icarəyə verilmiş torpaq sahəsinin təyinatı örüş olmasına baxmayaraq, cavabdeh həmin torpaq sahəsində əkin işləri aparmışdır. Yəni torpaq sahəsi təyinatına uyğun istifadə edilmir. Bu səbəbdən bələdiyyənin 20.10.2020-ci il tarixli 09 nömrəli qərarı ilə icarə müqaviləsinə xitam verilmişdir. Göstərilənlərə əsasən 17.04.2007-ci il tarixli icarə müqaviləsi əsasında 200 ha torpaq sahəsi üzərində yaranmış icarə hüququna xitam verilməsi və cavabdehin bələdiyyə mülkiyyətində olan, icarəyə verilmiş 200 ha torpaq sahəsindən çıxarılması, həmin torpağın bələdiyyənin sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, Turan bələdiyyəsinin mülkiyyətində olan 200 ha torpaq sahəsini 55 il müddətinə təsərrüfat təyinatlı-əkin sahəsi kimi icarəyə götürmüş, torpağın icarə haqqını hər il vaxtı-vaxtında ödəmişdir. Bələdiyyə çıxarışda torpaq sahəsinin təyinatının texniki səhv olaraq kənd təsərrüfatı təyinatlı kimi göstərildiyini əsas gətirərək torpağın təyinatının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01.10.2018-ci il tarixli 2-1(84)-1395/2018 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, qərardaddan verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qərardad qanuni qüvvəsini almışdır. O, həmin torpaq sahəsində taxıl əkdiyi üçün dövlətdən subsidiya alması üçün müraciət etmiş, lakin bələdiyyə həmin pulun ödənilməsini istəmir, bu səbəbdən onu əsassız olaraq narahat edirlər. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, bələdiyyə ona qarşı qərəzli mövqe nümayiş etdirir. Torpaq islahata gedəndən o yeri əkir. Nazirlər kabinetinin qərarına əsasən dövlət ona subsidiyada ayırır, torpaq icarə haqqlarınıda hər ay ödəyir, ödəniş qəbzlərini də iş materiallarına əlavə etmişdir. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, Bələdiyyə qərarlarından çıxarışlar, məktublar, Ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 17.04.2007-ci il tarixli 269 nömrəli icarə müqaviləsinə əsasən Şəki rayonu Turan qəsəbəsində yerləşən bələdiyyə mülkiyyətində olan 200 ha torpaq sahəsi bələdiyə tərəfindən Cavabdeh icarəsinə verilmiş və sonuncunun icarə hüquqları 06.09.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Şəki rayonu Turan bələdiyyəsinin 20.10.2020-ci il tarixli 09 nömrəli protokol qərarı ilə Cavabdeh ilə bağlanmış müqaviləyə xitam vermilməsi və torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Cavabdeh ilə bağlanmış müqaviləyə xitam verilməsi və torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə Şəki rayonu Turan bələdiyyəsinin 20.10.2020-ci il tarixli 09 nömrəli protokol qərarına münasibətdə məhkəmə onu qeyd edir ki, bələdiyyənin qərarı qanuna uyğun olmamaqla yanaşı, tərəflər arasında bağlanmış müqaviləni ləğv etməmiş və özlüyündə əhəmiyyətsiz qərardır. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi müqavilə bağlandığı formada və tərəflərin razılığı ilə mümkündür. Tərəflər arsında bağlanmış müqavilənin “Digər Şərtlər” bölməsinin birinci yarımbəndinə tərəflər ”bu müqaviləyə dəyişikliklərin və əlavələrin hər iki tərəfin razılığı ilə və yazılı şəkildə edilməli olması ilə bağlı razılığa gəlmişlər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə müqavilənin ləğvi barədə razılaşma mövcud deyil, müqavilənin dəyişdirilməsi ilə bağlı razılaşma isə mülki qanunvericlikdən fərqli qayda nəzərdə tutmamışdır. Bu isə onu deməyə əsas verir ki, hazırki mübahisə üzrə iddiaçının müqaviləni bələdiyyə qərarı ilə ləğv etməsi qanunsuz olmuş və bələdiyyə qərarının heç bir hüquqi qüvvəsi yoxdur. Eyni zamanda tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəmə qərarı məhkəməyə təqdim olunmamışdır. İddiaçının məhkəməyə ünvanlanan müraciəti isə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi deyil, müqavilə əsasında qeydə alınmış icarə hüququna xitam verilməsindən ibarətdir ki, tərəflər arasında müqavilə ləğv olunmadan müqavilə əsasında qeydə alınmış icarə hüquqlarına xitam verilə və cavabdeh həmin torpaq sahəsindən çıxarıla bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassz olduğundan rədd edilməlidir. Sonda məhkəmə onuda qeyd edir ki, iddia tələbinin hüquqi əsası mövcud olmadığından iddiaçının və cavabdehin iddia tələbi ilə bağlı mülahizələrinə qiymət verilməmişdir. Belə ki, tərəflər arasında müqavilə qüvvədə olduğundan cavabdehin icarə haqqını ödəməməsi və ya torpaqdan təyinatı üzrə istifadə etməməsi ilə bağlı dəlilləri icarə hüququna xitam verilməsi üçün əsas deyildir. Bu səbəbdən də iddiaçının iddia dəlillərinin və cavabdehin etiraz dəlillərinin araşdırılması məhkəmə tərəfindən həyata keçirilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi qüvvədə olduğundan cavabdehin icarə hüququna xitam verilə və o, həmin torpaq sahəsindən çıxarıla bilməz. Bu səbədən də iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “tərəflər arasında bağlanmış 17.04.2007-ci il tarixli icarə müqaviləsi əsasında 200 ha torpaq sahəsi üzərində yaranmış icarə hüququna xitam verilməsi və cavabdehin bələdiyyə mülkiyyətində olan, icarəyə verilmiş 200 ha torpaq sahəsindən çıxarılması, həmin torpağın bələdiyyənin sahibliyinə qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti”verilə bilər. Sədrlik edən: ” ”Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar