Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-368/2020 25.11.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı, cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakıilə, İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğvi və qanunsuz hesablanmış 2300 manat sərfiyyat borcunun silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “qanunsuz hesablanmış 2300 manat sərfiyyat borcunun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında barışıq sazişini məhkəməyə təqdim edərək sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı və cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
1. İddiaçı xx.xx.2020-ci il tarixli 006977 nömrəli aktəsasında hesablanmış 1971 manat borcun 771 manat hissəsini ödəməyi öhdəsinə götürür;
2. Azərişıq ASC xx.xx.2020-ci il tarixli 006977 nömrəli akt əsasında hesablanmış 1971 manat borcun 1200 manat məbləğində olan hissəsini silməyi öhdəsinə götürür. İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğvi və qanunsuz hesablanmış 2300 manat sərfiyyat borcunun silinməsi” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Sədrlik edən : Rüfət Məcidov