Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-386/2024 13.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə, cavabdeh X2 və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şəki rayonu, Baş Göynük kəndində inşa etdiyi və uzun müddət istifadəsində olan qeyri-yaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44385 manatın alınaraq ona verilməsi, tələb etdiyi pul ona tam səkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinin qadağan edilməsi, dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə iddiası üzrə işə məhkəmənin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri Hissə: İddiaçı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək “Şəki rayonu, Baş Göynük kəndində inşa etdiyi və uzun müddət istifadəsində olan qeyri-yaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44385 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi, tələb etdiyi pul ona tam səkildə ödənilənədək qeyd edilən qeyriyaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinin qadağan edilməsi, dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075)-100/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10750 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra hər iki tərəf yəni həm İddiaçı, həm də Cavabdeh1 tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsin xx.xx.2023-cü il tarixli 2(107)-1777/2023 nömrəli qərardadı ilə hər iki apelyasiya şikayəti qismən təmin edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075)- 100/2023 nömrəli qətnaməsi ləğv edilmiş və işə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qət edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsin xx.xx.2023-cü il tarixli 2(107)-1777/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. X11 Məhkəməsinə göndərilmiş və işə 2-2(117)-386/2024 nömrəsi verilərək icraata götürülmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərlə razılığa gəlib qeyriyaşayış binası inşa edərək, birlikdə orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişlər. Buna görə də, Şəki rayonu, Baş Göynük kənd sakini olmuş X3 mülkiyyətində olan torpaq sahəsini satın alaraq həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etmişlər. Qeyri-yaşayış sahəsi ət dükanı, kəsim otağı, mətbəx, çayxana, mağaza və anbardan (tövlə) ibarətdir. Qeyd edilən tikililərin inşası üçün 44385 manat xərc çəkmiş və həmin tikililərdən uzun müddət özü istifadə etmişdir. Lakin, hazırda cavabdehlər kifayət qədər xərc çəkdiyi və uzun müddətdir ki, istifadəsində olan həmin sahədən onun istifadə etməsinə imkan vermirlər. Nəticədə ona kifayət qədər ziyan dəymiş və cavabdehlər onun hesabına əsassız olaraq varlanmışlar. Buna görə də hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini məhkəmədə xahiş etmişdir. Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, torpağı oğlu Mehman Surənin banka olan təxminən 700 manat borcunu ödəməklə almış və ev kimi tikdirmişdir. Lakin sonrada qeyri-yaşayış sahəsi kimi istifadə etmişlər. Əli və qardaşı Vahid obyektin tikintisində usta kimi işləmişlər. Şəriklilik olmamışdır. X4 şərikli ət kəsib satmışlar. Obyektin tikintisinə Mehman təxminən 9000-9800 manat pul xərcləmişdir. İddiaçı hər-hansı bir məbləğdə pul xərcləməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş edir. İddiaçı verdiyi izahatlarında bildirmişdir ki, cavabdehlərlə razılığa gəlib qeyri-yaşayış binası inşa edərək birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişlər, Şəki rayonu, Baş Göynük kəndində yerləşən torpaq sahəsini alaraq qeyri-yaşayış binası inşa etmişlər, həmin obyekt ət dükanı, kəsim otağı, mətbəx, çayxana, mağaza və anbardan ibarət olmuşdur, tikilinin inşası üçün 44385 manat xərc çəkmişdir və həmin tikilidən uzun müddət özü istifadə etmişdir, cavabdehlər hazırda obyektdən istifadə etməyinə imkan vermirlər, nəticədə ona kifayət qədər ziyan dəymiş, həmin obyektin inşası üçün çəkdiyi 44385 manat pulun cavabdehlərdən tutularaq ödənilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatlarında bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçıya heç bir borcu yoxdur, təqdim edilmiş dəftərdə borclar və xərclər öz əksini tapmışdır, iddiaçı mübahisə ilə bağlı hər hansı sübut təqdim edə bilmir, tərəflər obyekti şərik tiksələr də, həmin obyekt Cavabdeh2 məxsusdur, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri vaxtı barədə digər Cavabdeh2 lazımı qaydada xəbər dar edilsə də məhkəmə iclasarında iştirak etməmişdir. Məhkəmə qeyd edilən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında bildirmişdir ki, qardaşı olan iddiaçı ilə cavabdeh 2009-cu ildə şərikli iş görmək qərarına gəlmişlər, şərikli torpaq alaraq obyekt tikmiş və həmin obyekti birlikdə işlətməyə başlamışlar, ət kəsimindən gələn gəlirin yarısını qardaşı, digər yarısını isə Cavabdeh1 götürürdü, tərəflər arasında olan haqq-hesab məsələsi barədə məlumatı yoxdur, ət kəsimindən heç kimin borcu qalmayıb, nə qədər ət kəsilibsə satılıb və borcu ödənilib. O, Cavabdeh2la ət kəsimini birlikdə işlətmiş, o yalnız heyvan kəsib satmaqla məşğul olurdu. Onun heç kimə borcu qalmamışdır. 0772281 nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilədən müəyyən edilir ki, X5 və hacıəliyeva Bahar Elşad qızı 220 kv.m torpaq sahəsini 1000 manat müqabilində Cavabdeh2 satmışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Baş Göynük kəndində 0.022 hektar torpaq sahəsində yerləşən 158 kvadratmetr fərdi yaşayış evi 11 yanvar 2021-ci il tarixdə Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. Fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən **********58-10301 reyestr nömrəli fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli 10/8563 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: - Şəki rayonu, Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin mülki iş materiallarında olan **********58-10301 reyestr nömərli texniki pasportda qeyd olunan fərdi yaşayış evi ilə eynilik təşkil etdiyi müəyyən olunur. Lakin, mübahisə predmeti olan tikili mülki iş materiallarında olan **********58-10301 reyestr nömərli texniki pasportda fərdi yaşayış evi kimi qeyd olunsa da həmin tikilinin faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən olunur. - Şəki rayonu, Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 21500 manat məbləğində müəyyən olunur. - Şəki rayonu, Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin altında yerləşən torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 1400 manat məbləğində müyyən olunur. Eyni zamanda iş materialları kimi maddi sübut qismində məhkəməyə bir ədəd dəftər təqdim olunmuşdur. Həmin dəftərin 8 yanvar hesabatı yazılmış vərəqindən görünür ki, hər iki tərəf nisyə ət almış və onları sataraq ətin pulunu qaytarmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: məhkəmə aktları, çıxarış, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ilkin olaraq iddiaçının iki cavabdehə qarşı iddia irəli sürməsi və tələb məbləğinin hər iki cavabdehə yönəldiyini bildirmiş və ayrılıqda hər bir cavabdehdən nə qədər tələb etməsini qeyd etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlər yaxın qohumdurlar və onlar ət kəsimi ilə birlikdə (ata və oğul olaraq) məşğul olmuşlar, həmçinin iddiaçı da heyvan kəsimi üçün həmin şəxslərin hər birinə müraciət etmişdir. Ona görə də məhkəmə iddia tələbini hər iki cavabdehə yönələ bilmə imkanının mümkün olmasını nəzərə alıb iddiaya mahiyyəti üzrə baxmışdır. Məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterini müəyyən etmək məqsədi ilə təqdim olunmuş sübutlara və irəli sürülmüş bütün dəlillərə hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər arasında şərikli biznes fəaliyyəti və nəticədə əldə edilmiş gəlirin bölüşdürülməsi ilə bağlı hər hansı bir yazılı və ya şifahi formada müqavilə bağlanmamışdır. Belə ki, iddiaçı ifadəsində mübahisə predmeti olan mağazanı şərikli vəsaitləri hesabına aldığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Bundan əlavə mağazanın tikintisində iştirak etdiyini, materiallar alıb həmin mağazaya sərf olunduğunu bildirsə də, nə qədər vəsaiti ahnsı iqstiqamətə xərclədiyini, əldə ediləcək gəliri hansı qaydada bölüşdürəcəkləri və qoyduğu mayanın məbləği ilə bağlı hər hansı bir tutarlı fakt irəli sürə bilməmişdir. Buna görə də məhkəmə tərəflər arasında yazılı və ya şifahi formada hər hansı müqavilə bağlnamasını müəyyənləşdirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələb etmə hüququ əsasssız varlanmadan və ya delikt öhdəliklərindən əmələ gələn tələb olaraq baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə-MM):
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə yuxarıda qeyd edilən normaları nəzərdən keçirməklə tərəflərə izah edir ki, iddiaçı şərikli biznes, maya qoyuluşu, gəlirin bölüşdürülməsi faktları tərəflər arasında şifahi formada olsa da bağlanmış müqaviləyə əsaslanmalı, bu gün tələbində qeyd etdiklərini razılaşdırılmalı idi. Məhkəmə belə bir halı müəyyən etməmişdir. Bu hallar mübahisə predmeti olan cavabdehlərdən biri olan Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsinin tikintisi və oradan gələn gəlirin şərikli qaydada bölüşdürlməsinə də aiddir. Qanunvericiliyin tələbinə görə əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan əlavə qanunvericiliyin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi şərikli payın qoyulması və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və nəticədə gəlirin bölüşdürülməsi əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarının yaradılması zamanı mümkündür. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Qanunvericilikdə qeyd edilən hüquqi sənədlərin tərtib edilməsi və ya hüquqi şəxslərin yaradılması ilə bağlı hər hansı bir fakt müəyyən edilməmişdir. Bundan əlavə tərəflər arasında ziyan vurmadan yaranan öhdəliklərin mövcudluğu da istisna edilir. Belə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmamışdır. Ona görə də məhkəmə iddiaçının tələbinin əsassız varlanma nəticəsində qarşı tərəfdən tələbin qanuni əsası olaraq qəbul edir. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçının əmlak və ya pul vəsaitinin cavabdehə keçməsi və nəticədə cavabdehin varlanması halı müəyyən edilmir. Belə ki, iddiaçı ilkin olaraq birgə biznes fəaliyyəti üçün qoyduğu maya, mağazanın tikintisinə çəkdiyi xərci, heyvan kəsimi nəticəsində əldə etdiyi gəlirin hansı qaydada bölüşdürülməsi qaydasını sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının qardaşı təsdiq etmişdir ki, heyvan kəsimi nəticəsində hər hansı şəxsə borcları qalmamış, qardaşı tərəfindən və Cavabdeh1 tərəfindən kəsmək üçün verilən heyvanların kəsilməsi nəticəsində ət məhsulları nisyə satılsa da, yekunda həmin borclar tam qaytarılmışdır. Bundan əlavə iddiaçı 2009-cu ildən birgə ət kəsimi fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, hazırkı vaxta kimi kəsilmiş heyvanların ətindən əldə edilən gəlirin bölüşdürmə qaydasını, hazırkı mübahisənin 2020-ci ildə hansı səbəbdən yaranmasını izah edə bilməmişdir. Məhkəmə tərəfindən obyektin tikintisinə çəkilmiş xərclərlə bağlı sənədlərin təqdim edilməsi tələb edilsə də, iddiaçı şifahi olaraq 44385 manat xərc çəkdiyini, lakin bunu təsdiq edəcək hər hansı bir yazılı sənədin mövcud olmadığını bildirmişdir. Eyni zamanda, təqdim olunmuş ekspert rəyindən görünür ki, mübahisə predmeti olan tikili texniki pasport sənədində fərdi yaşayış evi kimi qeyd olunsa da, faktiki olaraq həmin tikili qeyri-yaşayış sahəsi kimi istifadə olunur, tikilinin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq təqribi dəyəri 21500 manat müəyyən olunmuşdur. Məhkəmə həmin obyektin tikintisi üçün çəkilmiş xərcin 21500 manat olmasını qəbul etsə də, çəkilmiş xərcin hansı hissəsinin iddiaçı tərəfindən ödənildiyini təsdiq edən heç bir sənəd təqdim olunmamışdır. Cavabdeh tərəfindən qeyd edilən tikintiyə çəkilən xərclərlə bağlı akt və sənədlər təqdim edilmişdir. Eyni zamanda, iş materialları kimi maddi sübut qismində məhkəməyə bir ədəd dəftər təqdim olunmuşdur. Həmin dəftərin 8 yanvar hesabatı yazılmış vərəqindən görünür ki, hər iki tərəf nisyə heyvan alaraq onların kəsimi nəticəsində əti sataraq ətin pulunu qaytarmışdır. Məhkəmə tərəflərin izahatlarından müəyəyn etmişdir ki, ət kəsimi mağazasını işlədən əsasən Zifiyev Mehman və iddiaçının qardaşı X8 olmuş, kənd ərazisində yaşayan şəxslər heyvanlarını satmaq məqsədi ilə həmin şəxslərə kəsimə vermiş, onlar həmin heyvanı kəsib, ətini sataraq əldə edilən vəsaiti heyvanın sahibinə vermiş, heyvan kəsimini aparan şəxslərə isə müəyyən muzd məbləği verilmişdir. Məhkəmə təqdim edilmiş nisyə dəftərinə münasibətdə bildirir ki, malın nisyə alqısatqısı və ətin kəsilməsindən sonra əldə edilmiş vəsait hesabına malın borcunun ödənilməsi, tərəflərin şərikli fəaliyyət göstərməsini təsdiq edəcək sübut deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia əsasız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidr. Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şəki rayonu, Baş Göynük kəndində inşa etdiyi və uzun müddət istifadəsində olan qeyri-yaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44385 manatın alınaraq ona verilməsi, tələb etdiyi pul ona tam səkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinin qadağan edilməsi, dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov