Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-558/2020 18.11.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı “10824 manat maddi və 3000 manat mənəvi ziyan olmaqla cəmi 13824 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “10824 manat maddi və 3000 manat mənəvi ziyan olmaqla cəmi 13824 manat pulun cavabdehdən tutularaq ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. İlk öncə məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində deyilir ki, kommersiya mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçı hazırkı iddia ərizəsini "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim etmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4 və 150.0.7-ci maddələrinə əsasən, iddiaçı kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın çatdırılmasına dair sənədi iş materiallarına əlavə etməli olduğu halda bunu etməmişdir. 152.1.4 və 152.1.6-cı maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra"Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ümumi qaydada yenidən cavabdehin yerləşdiyi yer üzrə üzrə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddiaçının cavabdehə qarşı yönələn maddi və mənəvi ziyanın ödənilməsinə dair tələbi istehlakçıların hüquqlarının müdaidiəsinə dair iddiaya və bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36, 39, 40-cı maddələrində nəzərdə tutulmuş aidiyyət qaydalarına aid olmadığından maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiaçının tələbinə cavabdehin ünvanın olduğu yer üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “10824 manat maddi və 3000 manat mənəvi ziyan olmaqla cəmi 13824 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-558/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-558/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver