Məhkəmə qərarları › İş №2-2(117)-63/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-63/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-63/2025 10.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh MMC-dən 970,01 manat xidmət haqqı borcu, 1261,50 manat cərimə borcu olmaqla cəmi 2231.51 manat məbləğində pul vəsaitinin, 300 manat hüquqi yardıma görə ödəniş, 43 manat dövlət rüsumu xərcinin Cavabdeh MMC-dən İddiaçı MMCnin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında Cəmiyyətə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair 07 iyun 2023-cu il tarixli, CC**********7 saylı Xidmət Müqaviləsi bağlanmışdır. Müqavilənin 9.4.2-cı bəndinə əsasən Şirkət tərəfindən yerinə yetirilən sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi hər təqvim ayının sonunda Şirkətin təqdim etdiyi müvafiq sənədə əsasən, yəni invoys təqdim edildikdən sonra 30 (otuz) gün ərzində bank köcürməsi yolu ilə həyata kecirilməli, əks təqdirdə hər kecən gün üçün invoys məbləğinin 0,3%həcmində cərimə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin Müqvilənin qeyd olunan bəndlərinin tələbləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki: xx.xx.2023-cu il tarixli TC 058\07\23 saylı hesab-faktura ilə 2023-cü ilin iyul ayında göstərilmiş xidmət üçün Cavabdehə verilmiş invoys üzrə 970.01 manat məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi Şirkətə ödənilməmişdir. Nıəticədə Şirkətə ziyan vurulmuşdur. Müqavilənin 9.4.2-ci bəndinə görə Cavabdeh Şirkətin xidmət haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır. Həmçinin xidmət haqqı məbləğləri vaxtında ödəilmədiyinə görə hər keçən gün üçün müqavilə şərtinə uyğun olaraq ödənilməmiş məbləğin 0,3%məbləğində cərimə hesablanır. Yəni: - Təqdim edilmiş -xx.xx.2023-cu il tarixli TC 058\07\23 saylı hesab-faktura üzrə xx.xx.2023-cü ildən xx.xx.2024-cu il tarixədək olan dövr üçün 970.01 x 0,3% =2.9 manat x 435 günə (1 il 2 ay, 10 gün ) = 1261.50 manat məbləğində xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizi ödənilməlidir. Nəticədə Şirkətə 2231.51manat məbləğində xeyli miqdarda ziyan vurulmuşdur. Bundan 970.01 manat xidmət haqqı borcu və 1261.51 manat isə xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizidir. Qanunvericiliyin tələbinə görə tərəflər arasında yaranmış mübahisələrin pretenziyanın təqdim edilməsi yolu ilə həll olunması nəzərdə tutulmuşdur. Bununla bağlı qeyd olunan borcun ödənilməsi üçün xx.xx.2024-cü il tarixli Pretenziya məktubu cavabdehin ünvanına göndərilmiş, lakin cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir.

İİ. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aiddir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

V. Məhkəmənin mövqeyi:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında Cavabdeh MMC-yə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair 07 iyun 2023-cu il tarixli, CC**********7 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 9.4.2-ci bəndinə əsasən İddiaçı MMC tərəfindən yerinə yetirilən sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi hər təqvim ayının sonunda Şirkətin təqdim etdiyi müvafiq sənədə əsasən, yəni invoys təqdim edildikdən sonra 30 (otuz) gün ərzində bank köçürməsi yolu ilə həyata kecirilməli, əks təqdirdə hər kecən gün üçün invoys məbləğinin 0,3% həcmində cərimə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə ilk öncə müqavilənin etibarlı olubolmamasına münasibətdə qeyd edir ki, müqavilə bağlandığı müddətdə qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilməklə imzalanmış, hər iki tərəfin imza və möhürləri ilə təsdiqlənmiş və etibarsız olmamışdır.

7. Məhkəmə əvvəlcə qeyd edir ki, tərəflər arasında bağlanmış 07 iyun 2023-cu il tarixli, CC**********7 saylı xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə məxsus poçt və avia ekspress daşımaları üzrə xidmətlərin göstərilməsi, bağlamaların çatdırılması və nəql edilməsi xidməti göstərməyi öhdəsinə götürmüşdür. Bu da bir növ daşıma müqaviləsindən irəli gələn münasibətlərlə oxşarlıq təşkil edir. Tərəflər arasında müqavilə bağlanmasına baxmayaraq, həmin müqavilə iddiaçının üzərinə götürdüyü daşıma öhdəliyini yerinə yetirməsini, yəni həyata keçirməsini sübut etmir. İddiaçını üzərinə hazırki mərhələdə tərəfindən daşıma xidmətinin həyata keçirilməsini sübut etmək vəzifəsi düşür ki, bununla bağlı da iş materiallarında kifayət qədər sübut mövcuddur.

8. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən daşınma xidmətinin göstərilməsinə görə 970 manat xidmət haqqı barədə məlumat təqdim edilmişdir. Həmin məlumata əsasən İddiaçı MMC tərəfindən müxtəlif növdə toxum məmulatlarını, Cavabdeh MMC-nin sifarişi ilə Azərbaycan Respublikası Heydər Əliyev adına X1 “Taıwan, Kaohsıung” əyalətinə göndərilməsi təmin edilmişdir. Bununlada İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmişdir.

9. İddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirilməsinə baxmayaraq cavabdeh xidmət haqqı olan 970,01 manat məbləğində pulu iddiaçıya ödəməmiş və əksini təqsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müqavilə üzrə yaranmış 970,01 manat borcla bağlı elektron qaimə ünvanlanmışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə isə cavabdehə iddiaçı tərəfindən hazırki borcla bağlı xəbərdarlıq göndərilmiş, lakin cavabdeh şirkət borcu ödəməmişdir.

10. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya xidmət haqqı üzrə yaranmış borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmə iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləğinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 50 manat məbləğində dəbbə pulunun tələb edilməsi ağlabatan və ədalətlidir.

13. Qeyd olunan normaların tələblərini və yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və tərəflər arasında bağlanmış 07 iyun 2023-cu il tarixli, CC**********7 saylı Xidmət Müqaviləsinə əsasən 970,01 manat əsas borc və 50 manat cərimə borcu Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

14. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 30,02 manat məbləğində pul və 300 manat hüquqi yardıma görə ödənilmiş xərc də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Belə ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 43 manat məbləğində pul ödənilmişdir.

16. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən hüquqi yardıma görə 300 manat məbləğində pul ödənilmişdir.

17. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

18. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 970,01 manat əsas borc, 50 manat cərimə borcu olmaqla ümumilikdə 1020.01 manat məbləğində borc, 300 manat hüquqi yardıma görə ödənilmiş xərc və 30,2 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar