Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-647/2021 22.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “24.12.2012-ci il tarixli akt əsasında hesablanmış 535,08 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 24.12.2012-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları və istehlakçının nümayəndəsinin iştirakı ilə Şəki rayonu Baş Şabalıd kəndində yerləşən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə (çayxana) baxış keçirilmiş, baxış zamanı abonentin şəbəkəyə elektrik sayğacından kənar qoşularaq elektrik enerjisindən istifadə etdiyi müəyyən edilərək 005583 nömrəli akt tərtib edilmişdir. Akt əsasında iddiaçıya 182 gün üçün 0,06 manatla 8918 kvt.s itirilmiş enerji və onun dəyəri olaraq 535,08 manat itirilmiş enerjinin dəyəri hesablanmışdır. Qeyd edilən akt əsasında hesablanmış 535,08 manat borc bu vaxta kimi iddiaçının abonent hesabında qeyd edilmiş və həmin akt üzrə hər hansı bir ödəniş olmamışdır. Aktla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək 535,08 manat məbləğində pulun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, işlətdiyi elektrik enerjisinin dəyərini vaxtında poçtla ödəmişdir. Sayğac üzrə həmişə ödəniş aparmışdır. Lakin cavabdehin nümayəndələri tərəfindən onun məlumatı olmadan barəsində 24.12.2012-ci il tarixdə akt tərtib edilmişdir. Aktın tərtib edilməsində heç bir əsas yoxdur, bu səbəbdən akt əsasında hesablanmış borcun silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi (çayxana) "xxxx" ASC-nin enerji satışı bazasında iddiaçının adına olmaqla **********00216 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 24.12.2012-ci il tarixdə "xxxx" ASC-nin X1 Şəbəkəsinin nümayəndələri tərəfindən Şəki rayonu Baş Şabalıd kəndində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı abonentin şəbəkəyə elektrik sayğacından kənar qoşularaq elektrik enerjisindən istifadə etdiyi müəyyən edilmişdir. Aşkar olunmuş pozuntu ilə əlaqədar "Elektrik Enerjisindən istifadə Qaydalan"nın 8.17-ci bəndinə uyğun olaraq iddiaçı 24.12.2012-ci il tarixli, 005583 saylı akt tərtib olunmuşdur. İtirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə 0,06 manatla 8918 kvt.s, dəyəri 535,08 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalanmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. İddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı teleqramla məhkəməyə müraciət edrək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh üzrlü səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, abunə haqqında məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 24.12.2012-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları və istehlakçının nümayəndəsinin iştirakı ilə Şəki rayonu Baş Şabalıd kəndində yerləşən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə (çayxana) baxış keçirilmiş, baxış zamanı abonentin şəbəkəyə elektrik sayğacından kənar qoşularaq elektrik enerjisindən istifadə etdiyi müəyyən edilərək 005583 nömrəli akt tərtib edilmişdir. Akt əsasında iddiaçıya 182 gün üçün 0,06 manatla 8918 kvt.s itirilmiş enerji və onun dəyəri olaraq 535,08 manat itirilmiş enerjinin dəyəri hesablanmışdır. “EEİQ”-nin 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Hazırkı mübahisə predmeti olan 535,08 manat borc Azərişıq ASC tərəfindən 24.12.2012-ci il tarixli akt əsasında hesablandığından, 5 il ərzində, habelə hazırkı vaxtadək ödənilmədiyindən məhkəmə hesab edir ki, Azərişıq ASC həmin borcun iddiaçıdan tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 5 il müddəti ötürmüşdür və bu səbəbdən həmin borc iddiaçının hesabından silinməlidir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə predmeti olan 535,08 manat borcun silinməsi borcun tələbetmə müddətinin keçməsi ilə bağlı xitam verilmiş öhdəlik üzrə olduğundan tərtib edilmiş 24.12.2012-ci il tarixli aktın hüquqi əsası məhkəmə tərəfindən araşdırılmamış və akta hüquqi qiymət verilməmişdir. Cavabdeh tərəfin hazırkı tələblə iddiaçının məhkəməyə müraciət edərkən iddia müddətini ötürməsi ilə bağlı arqumenti ilə bağlı qeyd edilməlidir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddiaçı məhkəməyə müraciət edərək müvafiq aktın əsassızlığını mübahisələndirmişdir. Lakin iddia tələbinin mahiyyətində iddiaçının abonent hesabına yazılmış borcun silinməsi tələb edilir. Qeyd edilən akt əsasında iddiaçının hesabına yazılmış borc üzrə öhdəliyin müddət keçməsinə görə xitamı qanunvericilikdə nəzərdə tutulduğundan ilkin olaraq iddia müddətinə deyil, kəsici müddətə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin "iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Məhkəmə bu mənada ilkin olaraq qanunvericiliyin tələbində göstərilən müddəti tətbiq etməlidir. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi isə hazırkı halda qəbul edilə bilməz, çünki tələb borcun ödənilməsi deyil, borcun silinməsi ilə bağlı irəli sürülmüşdür. Belə ki, cavabdeh iddia müddtinin tətbiqi barədə ərizə verirsə və məhkəmə tərəfindən ilkin olaraq öhdəliyin mahiyyətinə münasibətdə tətbiq edilməlidir. Hazırkı vəziyyətdə öhdəliyin mahiyyəti budur ki, hazırkı iddia ilə bağlı öhdəliyə qanunvericiliyin tələbinə görə artıq xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən və istehslakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edildiklərindən 30 manat dövlət rüsumu cavabdeh "Azərişıq” ASCdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Şəki rayonu Baş Şabalıd kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin (çayxana) hesabına 24.12.2012-ci il tarixli akt əsasında hesablanmış 535,08 manat borc silinsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 30 (otuz) manat Dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2-2(117)-647/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-647/2021
22.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver