Məhkəmə qərarları › İş №2-2(117)-745/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-745/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-745/2024 07.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh lizinqə ödənilmiş 13500 manat pulun və kənd təsərrüfatı texnikasının detallarına çəkilmiş xərc olan 4460 manat pulun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxılaraq aşağıdakı qətnamə qəbul edildi. Təsviri hissə: İddiaçının iddiasına görə Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmış və ona lizinqə kənd təsərrüfatı texnikası verilmişdir. Lakin cavabdeh lizinq borcunu ödəyə bilmədiyi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və müvafiq qətnamə ilə Cavabdeh 12000 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi və lizinqdə olan kənd təsərrüfatı texnikasının geri qaytarılması qərara alınmışdır. Həmin vaxt Cavabdeh ona bildirmişdir ki, həmin qətnamə icra edilsə həm texnika əlindən çıxacaq, həm də ödədiyi pul batacaq, əgər iddiaçı lizinq xərcini ödəsə cavabdeh həmin texnikanı iddiaçının adına sənədləşdirəcək. Buna görə də o, həmin borcun 30 %-ni, yəni 4000 manatını ödəmiş, bundan sonra Cavabdeh ilə "xxxx" ASC arasında 12 oktyabr 2017-ci il tarixli 1972-GL/17 nömrəli yeni müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən əsasən Cavabdeh həmin kənd təsərrüfatı texnikası üçün 11315 manat ödəməli idi. Həmin müqavilə bağlanarkən 1500 manatı Cavabdeh ödəmişdir. Lakin bundan sonra müqavilə üzrə qalıq 9500 manat onun tərəfindən ödənilmişdir. Aralarında olan razılaşmaya əsasən 2017-ci ildə həmin texnika onun istifadəsində olmuş və müqavilə üzrə ödənişlər tam yekunlaşandan sonra Cavabdeh həmin kənd təsərrüfatı texnikasını onun adına sənədləşdirməli idi. Buna görə də o, 12 oktyabr 2017-ci il tarixli 1972-GL/17 nömrəli müqavilə üzrə 9500 manat pul ödəmişdir. Həmin texnika onun istifadəsində olan dövrdə də tərəfindən həmin texnikaya cəmi 4460 manat pul xərclənmişdir. Beləliklə iddiaçı tərəfindən 4000 manat güzəştli müqavilə bağlananadək, 9500 manat güzəştli müqavilə üzrə borc ödənilmiş, 4460 manat isə texnikanın detallarına xərclənmişdir. İşin sənədi olan ödəniş qəbzlərindən görünür ki, 5200 manat cavabdeh tərəfindən ödənişlər edilmişdir. Eyni zamandan təqdim edilmiş xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə olan qəbzlərdən göründüyü kimi 1100+1500=2600 manat cavabdeh tərəfindən ödəniş edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ümumilikdə 2600 + 5200 = 7800 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qaimə-fakturalardan da göründüyü kimi iddiaçı trəfindən ümumilikdə 7561 manat dəyərində texnikaya xərc çəkilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə üzrə ödənişlər ödənilib yekunlaşandan sonra cavabdeh texnikanı onun adına sənədləşdirmək əvəzinə əlindən almışdır. O da həmin tenikaya görə lizinqə ödədiyi pulları və çəkilmiş xərcləri tələb etsə də, cavabdeh bunu ödəməkdən yayınır. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlə uzun illər iş yoldaşı olmuşlar. Cavabdeh lizinqə kombayn götürmüşdür. Texnika onun adına idi. Sonra o, texnikanı ondan almışdır. Texnika nasaz vəziyyətdə idi. Oğlu remont eləmişdi. İşlətməyə başlamışdılar. Aylıq ödənişləri artıq onlar edəsi olmuşdular. Aralarında olan razılaşmaya görə texnikanın ödənişləri qurtarandan sonra onu adına keçirəsi idilər. Lakin cavabdeh dediyi sözə əməl etməmişdir. Texnikanın onun adına olduğunu deyib onun əlindən almışdılar. 2017-2023-cü illərdə cavabdehin hər hansı iddiaya etirazı olmamışdır. Texnikanı o, öz əmlakı kimi işlətmişdir. Təkərlərini belə onlar dəyişmişlər. İcarəyə vermiş olsaydı, onlar onun təkərlərini dəyişməz və bu qədər xərc qoymazdılar. Şahid qismində dindirilmiş Şahid1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, iddiaçı qonşu kənddəndir. Torpağı əkib-becərərkən onun texnikasından istifadə etmişlər. Cavabdeh də qardaşı, atası, əmisi ilə dost, anası tərəfdən qohumudur. Cavabdeh 2012-ci ildə bu kombaynı lizinqə götürmüşdür. 2014-cü ildə də Holland kombaynını almışdır. 2017-ci ilə qədər hər iki kombaynı işlətmişdir. Sonra 1-ci aldığı Niva kombaynını işlədə bilmədiyi üçün onu gətirib sürücünün həyətinə qoymuşdur. 2017-ci ildə iddiaçının oğlu Mahmud ona bildirmişdir ki, cavabdehin kombaynını götürmək istəyirlər. 4000 manat borcu vardır. Kombayn məhkəmədədir. 2000 manat Şahid1, 2000 manat da o tapıb həmin kombaynın pulu ödənilmişdir. Ondan sonra kombaynın 12000- 13000 manat borcu qalmışdır ki, iddiaçı tərəf də onun aydan-aya pulunu ödəyirdi. Aralarındakı razılaşma o olmuşdur ki, 4000 manatı və aydan-aya olan borcu ödəsinlər, kombayn isə iddiaçıya qalsın. Lakin cavabdeh öz vədinə əməl etməmişdir. 2023-cü ildə Xaldan ərazisində işləyərkən gəlib kombaynı aparmışdır. Bildirmişdir ki, 2000 manat borcu vardır, ödənməyib, ona görə də aparmışdır. Dedilər ki, borcu ödəsinlər kombaynı aparmasınlar. Razılaşmadılar, kombaynı apardılar. 2017-2023-cü illər arasında onunla Oğuz rayonuna gedib aylıq ödənişləri bir neçə dəfə onun yanında ödəmişdir. Şahid qismində dindirilmiş Şahid2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, iddiaçı və cavabdeh kənd qonşularıdır. Heç biri ilə qohumluq əlaqələri yoxdur. Kombaynı iddiaçının oğlu Mahmud işlətmiş, o da onun yanında köməkçi işləmişdir. İddiaçı ilə cavabdeh arasında olan razılaşmaya görə onlar kombaynı təmir edib, işlədib, pulunu ödəyib qurtarandan sonra kombayn iddaçının adına sənədləşməli idi. İddiaçı və oğlu kombaynı 2017-ci ildən 2023-cü ilə qədər götürdülər, gecə-gündüz onlarda oldu. Pulunu da ödəmişdilər. Cavabdeh kombaynı iddiaçıya satmışdır. 2023-cü ildə gəlib bəhanə edib işləməyə qoymamış və kombaynı onlardan almışdır. Cavabdeh kombaynı satmış, icarəyə verməmişdi. İcarəyə versəydi, sezon bitəndən sonra kombayn cavabdehin həyətinə qoyulardı iddiaçının yox. Cavabdeh Şəki rayon məhkəməsinin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, aralarında olan razılaşmaya görə ona qarşı heç bir iddia olmamalıdır. Sonra icradan pulun ödənilməsi ilə bağlı ona məktub göndərilmişdir. Texnikanın pulunu ödəmədiyindən texnikanı iddiaçının əlindən almışdır. İddiaçı texnikadan istifdə edibsə, onun pulunu ödəməli idi. İddiaçı texnikadan isifadə edib və burdan da qazanc əldə etmişdir. İddiaçı tərəfindən 9000 manat pul ödənilmişdir ki, çekdə də bunlar göstərilmişdir. Kombayna 2014-cü ilə qədər 4500 manat pul ödəmiş və ondan sonra 4200 və digər məbləğlərdə pul ödəmişdir. İddiaçıya texnikanı istifadəyə vermiş və bunun da qarşılığında pulunu almışdır. İddiaçı ilə aralarındakı razılaşmaya görə iddiaçıya texnikanı istifadəyə verib, əvəzində pulu cavabdehə ödəməli idi. Sonuncu dəfə özü 2300 manat məbləği özü ödəmişdir. İddiaçı isə ona düşən ödənilməli pulu ödəməmişdir. Texnika şəxsən özünündür, pulunu ödəmiş və texpasportunu almışdır. İkinci dəfə bağlanmış müqavilə ilə 11315 manat texnikaya görə pul ödənməli idi. 2000 manatını özü ödəmişdir. İddiaçı texnikaya xərc çəksə də, bundan qazanc götürmüşdür. Traktorun qiyməti təxminən 13000-14000 manat olmuşdur. İş ilkin olaraq Şəki Rayon Məhkəməsinin icraatında olmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-96/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdehdən 9300 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-603/2024 nömrəli qətnaməsi ilə iş məhkəmə aidiyyəti üzrə hazırki məhkəməyə göndərilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : Ödəniş qəbzləri, Qaimə-fakturalar və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Əvvəlcə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin yaranması, bitməsi, şərtləri və öhdəliyin sair mühüm halları barədə məlumat əldə etmək mümkün deyildir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndlər). Hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı tərəflər arasında yazılı müqavilə mövcud olmasa belə iş üzrə məhkəmə iclasında verilmiş şahid ifadələrindən göründüyü kimi tərəflər arasında həqiqətən şifahi qaydada alğı-satqı müqaviləsindən yaranan münasibətlər olmuşdur. Bu halı şahid ifadələri ilə təsdiqini tapır. İddiaçının iddiası və cavabdehin Şəki rayon məhkəməsinin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatı, eləcə də şahid ifadələri bir-birilə uzlaşmışdır. İddiaçının iddiasına görə cavabdehlə aralarında olan razılaşmaya əsasən 2017-ci ildə həmin texnika onun istifadəsində olmuş və müqavilə üzrə ödənişlər tam yekunlaşandan sonra Cavabdeh həmin kənd təsərrüfatı texnikasını onun adına sənədləşdirməli idi. Buna görə də o, 12 oktyabr 2017-ci il tarixli 1972-GL/17 nömrəli müqavilə üzrə 9500 manat pul ödəmişdir. Həmin texnika onun istifadəsində olan dövrdə də tərəfindən həmin texnikaya cəmi 4460 manat pul xərclənmişdir. Beləliklə iddiaçı tərəfindən 4000 manat güzəştli müqavilə bağlananadək, 9500 manat güzəştli müqavilə üzrə borc ödənilmiş, 4460 manat isə texnikanın detallarına xərclənmişdir. Cavabdeh isə Şəki rayon məhkəməsinin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında iddiaçının texnikdan istifadə müddəti ərzində ondan qazanac əldə etməsinə baxmayaraq texnikanın pulunu tam ödəməmişdir ki, bu səbəbdən texnikanı ondan geri almışdır. Məhkəmə iddia tələbinin 13500 manat lizinqə ödənilmiş pulun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilərək cavabdehdən 9000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş çeklərdə cavabdeh tərəfindən ümumilikdə 7800 manat pulun ödənildiyinə dair qəbzlər məhkəməyə təqdim edilmiş, iş materiallarının 25-ci vərəqində olan çek isə oxunaqlı vəziyyətdə deyildir. Lakin cavabdehin Şəki rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verilmiş izahatından müəyyən olunduğu kimi cavabdehin yerinə lizinq təşkilatına iddiaçı tərəfidən ümumilikdə 9000 manat pul ödənilmişdir ki, bu işin mübahisələndirilməyən halıdır. Bundan başqa işdə olan şahid ifadələrindən müəyyən olunduğu kimi cavabdehlə iddiaçı arasındakı razılaşma üzrə iddiaçı cavabdehə texnikanın pulunu ödəməli, texnika iddiaçıda qalmalı idi. Cavabdehin lizinq təşkilatına 12000-13000 manat borcu qalmışdır ki, iddiaçı həmin borcu hissə-hissə ödəməli idi. İddiaçı borcunu ödəmədiyindən cavabdeh texnikanı iddiaçıdan almışdır. İddiaçı texnikanın pulunun bir hissəsini ödəsə də, cavabdeh texnikanı götürmüşdür ki, belə olan halda texnikanın ödənilmiş dəyərini iddiaçıya qaytarmalı idi. Eyni zamanda cavabdehlə Aqrolizinq ASC arasında bağlanmış müqavilədə texnikanın qiyməti 11315 manat olmuşdur ki, həmin texnikanın linzqə verilməsi ilə əlaqədar cavabdehin öhdəlikləri üzrə sonradan iddiaçı ilə cavabdeh arasında lizinq predmetinin razılaşdırılmış qiymətinin iddiaçı tərəfindən ödənilməsi ilə bağlı razılaşma olmuş, iddiaçının iddiasına görə onun tərəfindən 4000 ödəmiş və daha sonra yeni müqavilə üzrə lizinqin xərcindən 9500 manat ödədiyini iddia etsə də, cavabdeh Şəki rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında verdiyi izahatında iddiaçının kombayna 2014-cü ilə qədər 4500 manat və ondan sonra 4200 manat digər məbləğdə olmaqla ümulikdə 9000 manat pul ödədiyini bildirmişdir. İddiaçı tərəfindən iddia olunan ədər pulun ödənildiyinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi cavabdeh borcun 9000 manat hissəsini qəbul etmişdir və iddiaçı tərəfindən onun əvəzinə 9000 manat pulun ödənildiyini etiraf etmişdir. Baxmayaraq ki, iş olan ödəniş sənədlərindən 7800 manat pul ödənildiyi görünsə də, cavabdeh iddiaçı 9000 manat pul ödənildiyini qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, 9000 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Tələbin 4460 manatın tenikanın detallarına çəkilmiş xərcin tutullmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatında göründüyü kimi cavabdeh texnikanı iddiaçıya verəndə texnika nasaz vəziyyətdə olmuş, oğlu təmir etmişdir. İddiaçının izahatından da müəyyən olunduğu kimi texnikanın nasaz vəziyyətdə iddiaçıya verilməsini iddiaçı bilmiş və texnikanın normal işləməsi üçün onun təmir xərclərini qarşılamışlar ki, bunun üçün cavabdeh məsuliyyət daşımamalıdır. Çünki iddiaçı texnikanın təmirə ehtiyacı olduğunu bildiyi halda onu qəbul etmiş və texnikanın detallarına xərc çəkmişdir ki, 2017-2023-cü illərdə 6 il müddət üçün texnikadan istifadə etmişdir. İddiaçı 6 il müddət üçün texnikdan istifadə etmişdir ki, həmin istifadə müddətində texnikanın istifadəsindən qazanc əldə etmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər cavabdehin iddia etdiyi kimi, isitfadə və ya icarə olmamış, sonuncular kənd təsərrüfatı texnikasının satışı ilə bağlı razılığa gəlmişlər. Cavabdeh şifahi razılaşmaya əməl etməmiş və iddiaçıdan texnikanı geri almışdır. Belə olan halda cavabdeh əsassız varlanmış olur ki, buda qanunla yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.... Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 9000 manat lizinqə ödənilmiş pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, tələb qalan hissələrdə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 143.88 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən həmin dövlət rüsumunun 71,78 manatı iddiaçıdan, 72,10 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olduğundan və bunu (şəhid ailəsi olması ilə bağlı) təsdiq edən sənədləri məhkəməyə təqdim etdiyindən 71,78 manat dövlət rüsumu iddiaçıdan tutulmamalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9000 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 72,10 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar