Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1126/2022 08.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Sumqayıt Şəhər Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə dair 2(060)-4077/2022 nömrəli mülki işin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı 24 may 2022-ci ildə cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 33 nömrəli evin tinində yerləşən ticarət obyektində istifadə olunan elktrik enerjisinə görə quraşdırılmış sayğaca müdaxilə olunması ilə bağlı tərtib edilmiş 05 may 2017-ci il tarixli aktların ləğv edilməsi və əsassız hesablanmış 366,27 (üç yüz altmış altı manat 27 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi üzrə olan 2(060)-4077/2022 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin qərardad onunla əsaslandırılmışdır ki, “hazırki iş üzrə iddiaçının göstərdiyi ünvan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 33 nömrəli evin yaxınlığında yerləşən ticarət obyektidir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə görə yazılmış borcu mübahisələndirmişdir”. Məhkəmə, 2(060)-4077/2022 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə dair 2(060)-4077/2022 nömrəli mülki işə Sumqayıt Şəhər Məhkəməsində baxılarkən 14 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və bu səbəbdən mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməli olduğunu bildirmiş və həmin iclasda iddiaçının nümayəndəsi qismində çıxış edən Nümayəndə mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir (iş vərəqi: 28-29). Ona görə də, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən “2(060)-4077/2022 nömrəli mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi” barədə 14 iyun 2022-ci il tarixli qərardad qəbul edilmişdir (iş vərəqi: 30-31). Lakin, mülki iş materialları ilə İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması (VÖEN-i olması) müəyyən edilmir. Hətta, məlum məhkəmə qərardadında da iddiaçının hər hansı bir hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olması və bununla bağlı VÖEN-i olması (VÖEN-in nömrəsi və s.) barədə heç bir məlumat qeyd olunmamışdır. Eyni zamanda, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarla da İddiaçı qanuni əsaslarla fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması (VÖEN-i olması) müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsindən görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 16-cı maddəsinin tələblərinə görə vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq - vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(060)-4077/2022 nömrəli qərardadında mülki iş üzrə mübahisə predmeti “iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə görə yazılmış borcu mübahisələndirməsi” ilə əlaqələndirilərək, “işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi” qənaətinə gəlinmişdir. Halbuki, “sahibkarlıq fəaliyyəti” - qanunla nizamlanan, müvafiq qaydada rəsmi qeydə alınan fəaliyyət sahəsi olduğu üçün, hər hansı bir subyektin sahibkarlıq fəaliyəti ilə məşğul olması, ilk növbədə onun sahibkar kimi qanuni əsaslarla qeydə alınmasından və sahibkarlıq fəaliyyətinin bunun əsasında yaranmasından asılıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, “sahibkarlıq fəaliyyəti” qanunvericiliyin müəyyən etdiyi qaydada qeydə alınaraq həyata keçirilən fəaliyyətdir və həmin fəaliyyətdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılır. Lakin, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(060)-4077/2022 nömrəli qərardadı və mülki iş materialları ilə İddiaçı qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması və eyni zamanda, mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranması müəyyən olunmur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış hər hansı bir müqavilə isə müvafiq qaydada (qanuni əsaslarla) fərdi sahibkar kimi qeydə alınmamış şəxsin fəaliyyətinin - qanunla müəyyən edilmiş sahibkarlıq fəaliyyəti kimi qəbul edilməsi üçün əsas ola bilməz (qanunsuz sahibkarlıq fəaliyyəti, yəni səlahiyyətli orqan tərəfindən müvafiq qaydada qeydə alınmamış sahibkarlıq isə - inzibati xəta tərkibi yaradan və yaxud, cinayət məsuliyyətinə səbəb olan əməldir). Buna görə də, hazırkı mülki iş üzrə mübahisələndirilən borc məbləği ilə əlaqədar iddiaçının fəaliyyətinin - sahibkarlıq fəaliyyəti, həmin fəaliyyət əsasında yaranmış mübahisənin isə kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Təsvir olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı vardır. Məhkəmələr arasında məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğu hallarda isə kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilməli olduğuna görə, hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Sumqayıt Şəhər Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə dair 2(060)-4077/2022 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-1126/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1126/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver