Məhkəmə qərarları › İş №2-2(119)-1134/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1134/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1134/2023 14.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 27 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilən 120 manat məbləğində pulun məcburi qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli e-2(077)-84/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 10000 (on min) manat məbləğində pul vəsaiti və 120 (yüz iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2023-cü il tarixli 2(105)-1262/2023 nömrəli qərardadı ilə həmin qətnamə ləğv edilərək, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış və bundan sonra həmin iddia ərizəsinə dair kommersiya işi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsində 14 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına Cavabdeh nümayəndəsi Vəkil2 gəlmiş olsa da, iş üzrə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin, məhkəmə iclasına gəlmiş cavabdehin nümayəndəsi Vəkil2 İddiaçı iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil2 şifahi vəsatətlə məhkəməyə müraciət edərək, kommersiya mübahisəsi olan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl İddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmədiyinə görə, Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinin baxılmamış saxlanılması barədə qərardad qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı “pul tələbi” barədə hazırkı iddia ərizəsi ilə Cavabdeh qarşı 27 yanvar 2023-cü ildə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədi, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil edilməklə, ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Halbuki, 01 iyul 2021-ci ildən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı madəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3), bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul” tələbinə dair iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə, iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin və eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar