Məhkəmə qərarları › İş №2-2(119)-1643/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-1643/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-1643/2024 04.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “X1" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçı “X1” ASC-nin xeyrinə 18646,04 (on səkkiz min altı yüz qırx altı manat, dörd qəpik) manat məbləğində bоrc, 2907,32 (iki min doqqquz yüz yeddi manat, otuz iki qəpik) manat məbləğində faiz bоrcu, 761,69 (yeddi yüz altmış bir manat, altmış doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 22315,05 (iyirmi iki min üç yüz on beş manat, beş qəpik) manat məbləğində borcun və 157,35 (yüz əlli yeddi manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 26 aprel 2023cü il tarixli əsas kredit müqaviləsi və 20 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar cavabdehlərlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(060)-4463/2024 nömrəli qərardadı ilə həmin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı 09 oktyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçının xeyrinə 18646,04 manat məbləğində əsas borc, 2907,32 manat məbləğində faiz borcu, 761,69 manat məbləğində cərimə olmaqla, cəmi 22315,05 manat borcun və 157,35 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 04 noyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsi olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında borc məbləğini qəbul etdiyini bildirərək qeyd etdi ki, məhkəmə prosesləri başlamamışdan öncə iddiaçı təşkilatın baş ofisinə getmiş, iddiaçı təşkilatın əməkdaşı ona aylıq 1100 manat məbləğində ödəniş həyata keçirməli olduğunu bildirmiş, o isə aylıq gəlir mənbəyinin yalnız İİ qrup əlil olduğuna və əmək qabiliyyətinin olmadığına görə, ona ayrılan təqaüddən ibarət olduğunu, bu əsaslara görə hansısa işə rəsmi şəkildə qəbul edilmədiyini demişdir. Həmçinin hər ay digər banka borcu olduğuna görə aldığı təqaüddən 170 manat məbləğində pul tutulmaqdadır. İşləmək istəsə də, İİ qrup əlil olduğuna görə müraciət etdiyi şirkətlərdən hansısa biri onu işə qəbul etməmiş, borc məbləğini ödəmək üçün maddi imkanı yoxdur və aylıq gəliri aldığı təqaüddən ibarədir. Cavabdeh məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, qardaşı Cavabdeh1 iddiaçı təşkilatla kredit müqaviləsi bağlayarkən o, həmin müqaviləyə zamin kimi qoşulmuşdur. Onun özü də digər banka kredit borcu üzrə 305 manat məbəğində ödəniş həyata keçirir və buna görə də hazırkı borcu ödəmək üçün maddi imkanı yoxdur. İş üzrə digər Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin və həmin cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı “X1” ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 aprel 2023-cü il tarixli 292micADJ/23-EM nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcverən (iddiaçı “X1” ASC) borcalana (Cavabdeh1) 300000 (üç yüz min) manat məbləğində, illik maksimum 32 (otuz iki) faiz, minimum 1 (bir) ay, maksimum 120 (yüz iyirmi) ay müddətinə, xx.xx.2033-cü il tarixinədək müddət ərzində, Azərbaycan manatı ilə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə və bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri ilə kreditlər sahibkarlıq fəaliyyəti ilə bağlı verilir və hər bir kreditin məbləği, müddəti, illik faizi, faktiki illik faiz dərəcəsi, aylıq ödənişin müddəti və aylıq ödənişin məbləği, kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, kreditin qaytarılma şərtləri və digər şərtlər bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri ilə müəyyən olunur. Bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri bu müqavilənin ayrılmaz tərkib hissəsidir, əlavə kredit müqavilələrində bu əsas kredit müqaviləsinin tarixi və nömrəsi qeyd olunur. Əlavə kredit müqavilələri üzrə kreditdən istifadəyə görə illik faiz dərəcəsi daha az müəyyən oluna bilər. Həmin müqavilənin 2.9.8-ci yarımbəndinə əsasən, müqavilə çərçivəsində verilən kreditlərdən hər hansı biri üzrə öhdəliklər vaxtında və tam şəkildə yerinə yetirilmədiyi təqdirdə müqavilə çərçivəsində verilən digər kreditlər üzrə gecikmələrin olub-olmamasından asılı olmayaraq bütün dövr üçün kreditin hesablanmış faiz və cərimələrlə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, borcalan kreditdən məqsədli təyinatına uyğıın istifadə etmədikdə və ya borcalan tərəfindən borcverəni aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən borcalan özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və ümumi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə digər hüquqi və fiziki şəxslərə olan borclar kreditorlar qarşısında icra edilməmiş mülkü-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı məlum olunduqda borcverən kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı borcalana qarşı kreditin ümumi məbləğinin 1 (biz) faizi miqdarında cərimə tətbiq edə bilər. İş materiallarında olan iddiaçı “X1” ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 aprel 2023-cü il tarixli 292micADJ/23 nömrəli və iddiaçı “X1” ASC ilə Cavabdeh3 arasında bağlanmış 20 iyul 2023-cü il tarixli 292micADJ/23/t nömrəli zaminlk müqavilələrinin 1.1-ci bəndinə əsasən, zamin kreditor qarşısında borclunun 26 aprel 2023-cü il tarixli 292micADJ/23-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilə(lər)i üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə tam və məsuliyyət daşımağı öhdəsinə götürür. Kreditorla borcalan arasında bağlanmış 26 aprel 2023-cü il tarixli 292micADJ/23-EM nömrəli əsas krediti və bank hesabı müqaviləsi çərçivəsində borceverən borcalana 300000 (üç yüz min) manat məbləğində, illik maksimum 32% (otuz, iki) faiz, minimum 1 (bir) ay, maksimum 120 (yüz iyirmi) ay müddətinə, xx.xx.2033-cü il tarixədək müddət ərzində, kredit məbləğinin maksimum 3 (üç) faizi həcmində komissiya və borcun (əsas və/ və ya faiz borcunun) gecikdirildiyi hər təqvim günü üçün hər gecikdirilən borc (əsas və/və ya faiz borc) məbləğinin illik 40 faizi həcmində cərimə tətbiq edilməsi şərtilə əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Həmin müqavilələrin 3.1-ci bəndinə əsasən, kreditorun tələbi ilə borclu tərəfdən kredit müqavilələri üzrə öz öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yermə yetirmədiyi halda həmin öhdəlikləri yerinə yetirmək zaminin hüquq və vəzifəsidir. Həmin müqavilələrin 3.2-ci bəndinə əsasən, kredit müqavilələrinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda borclu ilə yanaşı, zaminə qarşı öz tələblərini irəli sürmək kreditorun hüquq və vəzifəsidir. İş materiallarında olan SMS-məlumat sənədlərindən görünür ki, xx.xx.2024-cü il tarixində cavabdehə 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli maliyyə arayışına əsasən,Cavabdeh1 iddiaçıya 18646,04 manat məbləğində əsas bоrc, 2907,32 manat məbləğində faiz bоrcu, 761,69 manat məbləğində cərimə borcu olmaqla, cəmi 22315,05 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı “X1” ASC və Cavabdeh1 arasında bağlanmış 26 aprel 2023-cü il tarixli 292micADJ/23-EM nömrəli əsas kredit müqaviləsi və 20 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 18646,04 manat borc və 2907,32 manat faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən 761,69 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (kredit müqaviləsinin yuxarıda istinad edilmiş 4.2-ci bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Bundan əlavə, iddia tələbinin 157,35 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 06 iyun 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 157,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 157,35 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, yuxarıda qeyd edilən 26 aprel 2023-cü il tarixli 292micADJ/23-EM nömrəli kredit müqaviləsi üzrə 18646,04 manat məbləğində borc, 2907,32 manat məbləğində faiz borcu, 761,69 manat məbləğində cərimə, həmçinin 157,35 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 22472,4 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 18646,04 (on səkkiz min altı yüz qırx altı manat, dörd qəpik) manat məbləğində bоrc, 2907,32 (iki min doqqquz yüz yeddi manat, otuz iki qəpik) manat məbləğində faiz bоrcu, 761,69 (yeddi yüz altmış bir manat, altmış doqquz qəpik) manat məbləğində cərimə və 157,35 (yüz əlli yeddi manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 22472,4 (iyirmi iki min dörd yüz yetmiş iki manat, qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar