Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-1725/2022 30.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Tofiq oğlunun iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli akta əsasən iddiaçıya hesablanmış və silinməmiş 700,66 (yeddi yüz manat 66 qəpik) manat məbləğində borcun abonent kodundan silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(031)-793/2022 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair kommersiya işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli Akta əsasən ona məxsus Şabran rayonu Pirəmsən kəndində yerləşən mağazanın elektrik sərfiyyatı ilə əlaqədar əlavə sərfiyyat olaraq hesablanmış və silinməmiş 700,66 manat məbləğində borcun mağazanın abonent kodundan silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, hal-hazırda təqaüddə olan müharibə veteranıdır və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün onun Şabran rayonu Pirəmsən kəndində yerləşən mağazası vardır. Həmin mağaza onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilə əsasında sayğac quraşdırılaraq, elektriklə təchiz edilir. 13 oktyabr 2021-ci ildə "xxxx" ASC-nin əməkdaşları onun Pirəmsən kəndində yaşadığı evə gəlib, heç bir əsasları olmasa da, elektrik enerjisindən qeyri-qanuni istifadə edildiyini bildirərək, ona qərəzli olaraq borc yazmışlar. Buna görə də evdə onların arasında mübahisə olmuş və həmin əməkdaşlar onun yaşadığı evə Akt yazıb getmişlər. O, həmin gün "xxxx" ASC-nin əməkdaşları evindən getdikdən təxminən bir saat sonra mağazaya gəldikdə isə həmin əməkdaşların mağaza üçün də 13 oktyabr 2021-ci il tarixli Akt tərtib etdiklərini görmüşdür. Onlar həmin Aktı ona da imzalatmışlar. O, imzalayarkən Aktı oxumamışdır. Çünki, mağazada sayğac olan yerdə əlavə istifadə edilməyən bir xətt vardı və aktı tərtib edən əməkdaşlar ona həmin xəttin olması barədə akt tərtib etdiklərini demişlər. Buna görə də, o, həmin Aktı imzalamışdır. Lakin, Aktda qeyd olunan əlavə xətt mağazaya daxil olub avadanlıqlara qoşulmamışdır. Həmin əlavə xətt mağaza tikildiyi vaxtdan mövcud olmuş və tikinti aparıldığı 2003-cü ildə elektrik enerjisindən istifadə edilməsi üçün həmin əlavə xətti elektrik təchizatı ilə məşğul olan idarənin işçilərinin özləri çəkmişlər. Lakin, mağaza tikildikdən sonra sayğac quraşdırılarkən həmin xətt mağazaya daxil olan xətdən ayrılmış və həmin vaxtdan da istifadəsiz qalmışdır. Bir müddət sonra isə ona məlum olmuşdur ki, 13 oktyabr 2021-ci ildə mağazaya tərtib edilmiş 043215 nömrəli Akta əsasən mağazanın abonent koduna 790,66 manat məbləğində əlavə sərfiyyat məbləği hesablanmışdır. O, bu borcla razı olmayıb, cavabdeh təşkilata şikayət etdikdən sonra ona rəsmi məktubla 90 manatın silinməsi barədə məlumat vermişlər. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət edib, 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli Akta əsasən ona məxsus Şabran rayonu Pirəmsən kəndində yerləşən mağazanın elektrik sərfiyyatı ilə əlaqədar əlavə sərfiyyat olaraq hesablanmış və silinməmiş 700,66 manat məbləğində borcun mağazanın abonent kodundan silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı suallara cavab olaraq bildirdi ki, o, 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli Aktı imzalayarkən mağazanın bayırında ucu kəsilmiş naqilin olması faktını təsdiq etmişdir. Lakin, həmin naqildən mağazada istifadə edilmədiyi üçün həmin Akt əsasında borcun hesablanması tamamilə qanunsuz olmuşdur. Çünki, mağazaya sayğac quraşdırıldığı vaxtdan həmin xətt kəsilmiş və mağazada olan avadanlıqlardan ayrılmış vəziyyətdə olmuşdur. "xxxx" ASC-nin nəzarətçisi hər ay mağazanın sayğacını yoxlayıb, ona ödəmə barədə bildiriş təqdim etmiş və o, vaxtlı-vaxtında borcunu ödəmişdir. Əgər hər hansı bir əlavə xətdən istifadə etmə halı olsa idi, bunu nəzarətçi də görərdi və yaxud, nəzarətçinin özü tərəfindən də həmin xəttə görə tədbir görülə bilərdi. Lakin, belə bir hal olmamışdır. Çünki, nəzarətçinin özünə də məlum olmuşdur ki, həmin xətt istifadəsiz bir xətdir və ondan istifadə edilmir. Eyni zamanda, 13 oktyabr 2021-ci ildə yaşadığı evə tərtib edilmiş aktı da rayon Məhkəməsində mübahisələndirmiş və məhkəmə tərəfindən həmin akt qanunsuz hesab edilərək, həmin akt üzrə evinə yazılmış borc silinmişdir. Bundan əlavə o, 13 oktyabr 2021-ci ildə "xxxx" ASC-nin işçiləri tərəfindən mağazada aparılan yoxlama və videoçəkilişdə iştirak etməmiş və o, mağazaya gəldikdə artıq yoxlama bitmiş və məlum Akt tərtib edilmiş olmuşdur. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, 13 oktyabr 2021-ci ildə enerjitəchizatı müəsisəsi olaraq "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus Şabran rayonu Pirəmsən kəndində yerləşən mağazanın uçot dəstinə baxış keçirilən zaman elektrik hesabat sayğacından kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə edilməsi halı aşkar edilmişdir. Akt tərtib olunan zaman İddiaçı orada iştirak etmiş və Aktın doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Həmçinin kənar xətt video çəkilişlə qeydə alınmışdır. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinin pozulması haqqında 13 oktyabr 2021-ci il tarixli 043215 saylı akt tərtib edilmişdir. Tərtib edilmiş həmin Akta əsasən EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq abonenti qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 8 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq 790,56 manat məbləğində yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Həmçinin, iddiaçı qeyd olunan obyekt üzrə elektrik enerjisindən istifadə etməklə "xxxx" ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “X4” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Ona görə də, iddiaçının məlum akt üzrə hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Çünki, Mülki Məcəllənin 560-cı maddəsinin tələblərinə görə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir və hüquqdan sui-istifadə yolverilməzdir. Mülki Məcəllənin 425-ci maddəsi isə tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin hüquq normaları imperativ norma olduğundan, həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə istehlakçı tərəfindən mütləq əməl olunmalıdır. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə suallara cavab olaraq bildirdi ki, 043215 nömrəli Akt 13 oktyabr 2021-ci ildə yazılmışdır və həmin Aktı tərtib edənlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəzarət Departamentinin əməkdaşları olmuşlar. 13 oktyabr 2021-ci ildə "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus Şabran rayonu Pirəmsən kəndində yerləşən mağazanın sayğacına keçirilən və 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli Aktın tərtib edilməsi ilə nəticələnən yoxlama X2 Reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Şabran rayonu Pirəmsən kəndində yerləşən sahibkarlıq obyekti (mağaza) (abonent kodu: **********7) elektrik enerjisi ilə təchiz edilmiş və həmin obyektin elektrik təchizatı üzrə hesabat müvafiq qaydada quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılmışdır (enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə abonent İddiaçı arasında 20 iyul 2020-ci il tarixli “Elektrik enerjisinin alqı-satqısına dair” Müqavilə mövcuddur). İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli Aktdan ("xxxx" ASC-nin əməkdaşları olan Z.Balaqadaşov və F.Əzizov tərəfindən tərtib olunmuş) görünür ki, istehlakçı İddiaçı məxsus Şabran rayonu Pirəmsən kəndində yerləşən sahibkarlıq obyektinin (mağazanın) (abonent kodu: **********7) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına saat 1615-də baxış keçirilmiş və baxışla əlaqədar tərtib olunan həmin Aktda “abonent giriş xəttindən budaqlanma yolu ilə qoşularaq kənar xətdən istifadə edir. Kənar xəttin kabeli en kəsik sahəsi 2 x 4 mm2-lik aliminium kabel. Ölçü ampermaşa ilə aparıldı: İ=2,5 A, Pkən= 0,55 kvt.” qeydləri aparılmışdır (Aktda yoxlamanı aparan vəzfəli şəxslərin adı və ata adı qeyd olunmamış və məlum yoxlamanın X2 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). Qeyd etmək lazımdır ki, 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli Aktda qeyd olunan yoxlamanı əks etdirən videogörüntülər cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur və məhkəmə araşdırması zamanı həmin videogörüntülər nümayiş etdirilərək, tədqiq olunmuşdur. Lakin, videogörüntülərin tədqiqi zamanı müəyyən edilmişdir ki, həmin çəkilişlə məlum Aktı imzalamış istehlakçı İddiaçı həmin yoxlamada iştirakı etməsi (videogörüntüdə İddiaçı görünmür), Aktda qeyd olunan kənar xəttin mağazada hər hansı bir elektrik avadanlığına qoşulması və faktiki olaraq həmin kənar xətdən istifadə edilməsi müəyyən olunmur. İş materiallarında olan istehlakçı İddiaçı istifadəsində olan mağazaya (abonent kodu: **********7) aid Abunə haqqında Hesabatlara və "xxxx" ASC tərəfindən tərtib edilmiş digər sənədlərə əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus Şabran rayonu Pirəmsən kəndində yerləşən sahibkarlıq obyektinin (mağazanın) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına keçirilmiş baxış zamanı tərtib edilmiş 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli Aktda qeyd olunan qüsura görə, yəni “giriş xəttindən budaqlanma yolu ilə qoşularaq, kənar xətdən istifadə edilməsi” qüsuruna görə itirilmiş elektrik enerjisi ilə əlaqədar 180 gün üçün yenidən hesablama aparılmış və həmin hesabatla 790,56 (yeddi yüz doxsan manat 56 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanaraq (Wei=6,1 kvt x 8 saat x 180 gün=8784 kvts; 8784 kvts x 0,09=790,56 manat), ödənilməli borc kimi istehlakçı İddiaçı hesabına daxil edilmişdir. Yəni, 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Şabran rayonu Pirəmsən kəndində yerləşən mağazanın hesabına 13 oktyabr 2021-ci ildə iddia ərizəsində qeyd olunan “700,66 (yeddi yüz manat 66 qəpik) manat məbləğində” deyil, birdəfəlik 790,56 (yeddi yüz doxsan manat 56 qəpik) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialı tərəfindən istehlakçı İddiaçı ünvanlanmış 23 iyun 2022-ci il tarixli AERA-25-682/22 nömrəli məktubunda göstərilmişdir ki, 13 oktyabr 2021-ci ildə Enerjitəchizatı Müəssisəsinin nümayəndələri tərəfindən obyektdə quraşdırılmış birfazalı elektrik sayğacına baxış keçirilərkən sayğacdan kənar xətdən istifadə olunması ilə əlaqədar 043215 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş elektrik enerjisinə görə 8784 kVts miqdarında sərfiyyatın dəyəri 790,56 manat məbləğində hesablanaraq, 26 oktyabr 2021-ci ildə abonent hesabına daxil edilmişdir. 04 aprel 2022-ci ildə isə sayğac yenisi ilə əvəz edilmiş və Enerjitəchizatı Müəssisəsi tərəfindən İstehlakçının fiziki şəxs olması nəzərə alınaraq, yeni sayğacın quraşdırılmasına görə hesablanmış 90 manat borc 14 iyun 2022-ci ildə abonent hesabından silinmişdir. Qeyd olunanları nəzərə alaraq, itirilmiş elektrik enerjisi hesabatının “Xaçmaz Filialı”na təqdim edilməsi məqsədilə, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialı tərəfindən “Şimal” X3 və Satışı İdarəsinə müvafiq məktublar ünvanlanmışdır. "xxxx" ASC-nin “Şimal” X3 və Satışı İdarəsindən Filiala daxil olmuş cavab məktubunda 043215 nömrəli aktın və 790,56 manat məbləğində aparılmış hesabatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun aparıldığı qeyd olunsa da, məlum sənədin özü Xaçmaz Filialına təqdim edilməmişdir. Ona görə də elektrik enerjisinə görə yaranmış borc ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilir. İş materiallarında olan istehlakçı İddiaçı istifadəsində olan mağazaya (abonent kodu: **********7) aid Abunə haqqında Hesabatlarda olan göstəricilərə əsasən müəyyən olunur ki, 2015-ci ildən etibarən İstehlakçı tərəfindən mütəmadi olaraq hər ay üzrə təqdim edilən hesabatlar üzrə istifadə edilən elektrik enerjisi üzrə müvafiq ödənişləri edilmiş və mübahisəli dövrü əhatə edən bütün aylar üzrə də istehlak olunan elektrik enerjisinin hesabatları və həmin istahlak üzrə müvafiq ödənişlərin aparılması da mövcuddur. Yəni, Abunə haqqında Hesabatlarda olan məlumatlarla müəyyən olunur ki, 2015-2022-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən elektrik enerjisinin hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir (elektrik enerjisinin sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə elektrik enerjisinin sərfiyyatına görə ödənişlər aparılmışdır). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(031)-1028/2021 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(105)-872/2022 nömrəli qətnamələri ilə müəyyən olunur ki, 13 oktyabr 2021-ci il tarixli 237827 nömrəli Akt əsasında İddiaçı yaşadığı fərdi yaşayış evinə “şəbəkədən birbaşa kənar xətt qoşaraq istifadə etdiyi” qüsuruna görə hesablanmış 819,89 (səkkiz yüz on doqquz manat 89 qəpik) manat məbləğində əlavə sərfiyyat borcu silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, enerjitəchizati müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 13 oktyabr 2021ci il tarixli 043215 nömrəli Akt əsasında Şabran rayonu Pirəmsən kəndində yerləşən mağazaya (abonent kodu: **********7) əlavə sərfiyyat olaraq hesablanmış cəmi 790,56 (yeddi yüz doxsan manat 56 qəpik) manat məbləğində borcla istehlakçı İddiaçı (VÖEN **********) razılaşmayaraq həmin borcun 700,66 (yeddi yüz manat 66 qəpik) manat hissəsinin silinməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müvafiq qaydada müraciət olunmuş və eyni zamanda, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora müraciət edilərək, müvafiq mediasiya prosesi aparılmışdır. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X2 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X2 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X2 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X2 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Beləliklə də, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Şabran rayonu Pirəmsən kəndində yerləşən mağazaya (abonent kodu **********7) quraşdırılmış elektrik hesabat sayğacına 13 oktyabr 2021-ci ildə baxış keçirilən zaman “giriş xəttindən budaqlanma yolu ilə qoşularaq kənar xəttən istifadə edilməsi” qüsuru aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli Akta əsasən İstehlakçıya 790,56 (yeddi yüz doxsan manat 56 qəpik) manat məbləğində əlavə sərfiyyat qismində borc hesablanmışdır. Lakin, 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında məlum 790,56 manat məbləğində əlavə sərfiyyatın hesablanması ilə nəticələnmiş 13 oktyabr 2021-ci ildə istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində quraşdırılmış elektrik sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri X2 Reyestrində qeydə alınmadan aparılaraq, aktlaşdırılmışdır. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X2 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı əlavə sərfiyyat olaraq 790,56 (yeddi yüz doxsan manat 56 qəpik) manat məbləğində borcun hesablanması ilə nəticələnmiş yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə uyğun aparılması təsdiq olunmamış və həmin yoxlama əsasında tərtib edilmiş 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli Aktın Qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi müəyyən olunmamışdır. Lakin, iddiaçı məlum Akt əsasında əlavə sərfiyyat kimi hesablanmış 790,56 (yeddi yüz doxsan manat 56 qəpik) manat məbləğində borcun hamısını deyil, “700,66 (yeddi yüz manat 66 qəpik) manat hissəsinin silinməsi” barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının iddia tələbində göstərilən məbləğ üzrə, yəni “700,66 (yeddi yüz manat 66 qəpik) manat borcun silinməsi” üzrə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Şabran rayonu Pirəmsən kəndində yerləşən mağazaya (abonent kodu: **********7) əlavə sərfiyyat olaraq hesablanmış cəmi 790,56 manat məbləğində borcun 700,66 manat hissəsi silinməlidir. Həmçinin, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 13 oktyabr 2021-ci il tarixli 043215 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Şabran rayonu Pirəmsən kəndində yerləşən mağazaya (abonent kodu: **********7) əlavə sərfiyyat olaraq hesablanmış cəmi 790,56 (yeddi yüz doxsan manat 56 qəpik) manat məbləğində borcun 700,66 (yeddi yüz manat 66 qəpik) manat hissəsi silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-1725/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-1725/2022
30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver