Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1958/2021 22.12.2021 Sumqayıt Kommersiya Məhkəməsi Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu – Abşeron Rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı "borcun tutulması və icarəyə götürülmüş avadanlıqların geri qaytarılması" tələbi barədə iddia ərizəsinə dair 2(012)-4693/2021 nömrəli mülki işin materiallarına baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı "borcun tutulması və icarəyə götürülmüş avadanlıqların geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 26.500 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi və icarəyə götürülmüş avadanlıqların geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "borcun tutulması və icarəyə götürülmüş avadanlıqların geri qaytarılması" tələbi barədə iddia ərizəsinə dair 2(012)-4693/2021 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. 2(012)-4693/2021 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı "borcun tutulması və icarəyə götürülmüş avadanlıqların geri qaytarılması" tələbi barədə iddia ərizəsinə kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı "borcun tutulması və icarəyə götürülmüş avadanlıqların geri qaytarılması" tələbi barədə iddia ərizəsinə dair 2(012)-4693/2021 nömrəli mülki işə Abşeron Rayon Məhkəməsində baxılarkən İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alındığı (VÖEN:**********) məlum olmuşdur. Buna görə də, işə kommersiya məhkəməsində baxılmalı olduğu üçün Abşeron Rayon Məhkəməsi tərəfindən işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin, mülki iş materialları ilə Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması müəyyən edilmir. Eyni zamanda, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlarla da Cavabdeh qanuni əsaslarla fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsindən görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 16-cı maddəsinin tələblərinə görə vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq - vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadında hakim belə qənaətə gəlmişdir ki, hazırkı mülki işdə subyektiv tərkibinə görə iddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçdiyindən, tərəflər arasında olan münasibətlər qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olduğundan, iddia tələbi predmetinə görə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı icarə müqaviləsindən irəli gələn mübahisə olduğundan iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Lakin hazırkı mülki iş üzrə iddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınsa da, cavabdehin sahibkarlıq fəaliyyəti müvafiq qaydada qeydə alınmamışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr, 2020-ci il tarixli, 10 nömrəli Qərarının 27-ci bəndinə qeyd olunmuşdur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, sahibkarlıq fəaliyyəti qanunvericiliyin müəyyən etdiyi qaydada qeydə alınaraq həyata keçirilən fəaliyyətdir və həmin fəaliyyətdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılır. Lakin, 2(012)-4693/2021 nömrəli mülki iş materialları ilə Cavabdeh qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Yəni, Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı və mülki iş materialları ilə Cavabdeh qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq olunmur. Halbuki, mübahisə üzrə tərəflərin subyektiv tərkibi işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyarlardan biridir. Buna görə də, hazırkı mülki iş yaranmış mübahisənin kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Təsvir olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh fərdi sahibkar statusuna malik olması müəyyən edilmədiyindən, hazırkı işə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Bununla da, yuxarıda qeyd edilən hallar İddiaçı Cavabdeh qarşı "borcun tututlması və icarəyə götürülmüş avadanlıqların geri qaytarılması" tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə də, məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara görə hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Abşeron Rayon Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı "borcun tutulması və icarəyə götürülmüş avadanlıqların geri qaytarılması" tələbi barədə iddia ərizəsinə dair 2(012)- 4693/2021 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №2-2(119)-1958/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1958/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver