Məhkəmə qərarları › İş №2-2(119)-2000/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-2000/2021

30.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-2000/2021 30.12.2021 Sumqayıt Kommersiya Məhkəməsi Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu iddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkətinin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkəti cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 1-ci maddəsinin qeyd hissəsinə əsasən isə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Lakin, iddia ərizənin məzmunundan göründüyü kimi, ərizədə qeyd edilən mübahisə kommersiya mübahisəsi deyil. Belə ki, iddia ərizəsində ad və soyad oxşarlığı səbəbi ilə həmin şirkətdə 07.01.2020-ci ildən 30.06.2020-ci il tarixədək xidmət müqaviləsi əsasında fəaliyyət göstərmiş cavabdehin bank hesabına 17.09.2021-ci il tarixdə səhvən ödənilmiş 5.589,90 manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilir. Hazırkı mübahisənin predmetini təşkil edən tələb cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığı üçün işə kommersiya məhkəməsində baxılmalı deyil. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr, 2020-ci il tarixli, 10 nömrəli Qərarının 11-ci bəndinə görə MPMin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Mülki-Prosessual Məcəllənin 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan əlavə, qeyd etmək lazımdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Hazırkı iddia ərizəsinə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə edilməmişdir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə müvafiq olaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkətinin iddia ərizəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcı üzərində poçt vasitəsi ilə göndərilmişdir. Mülki-Prosessual Məcəllənin 152.1.10-cu maddəsinə əsasən, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Hazırkı iddia ərizəsinə iddia ərizəsinin surətinin, ona əlavə edilmiş sənədlərin alınmasını və mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə uyğun olaraq, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydaları pozulmaqla verildiyinə görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, qeyd edilən mübahisə ilə bağlı cavabdehin rəsmi qeydə alındığı yer üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151-152, 263, 264, 267 və 268-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkətinin cavabdeh X1 pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar