Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-2142/2022 15.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı X1 nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, iddiaçı X2 tərəfindən cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu“ Açıq Səhmdar Cəmiyyətinin “Abşeron Sukanal” İdarəsinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X2 12 yanvar 2022-ci ildə cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu“ Açıq Səhmdar Cəmiyyətinin “Abşeron Sukanal” İdarəsinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, istehlakçı kimi pozulmuş hüquqları bərpa edilərək Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin “Abşeron Sukanal” İdarəsinin 08 dekabr 2021-ci il tarixli 600913 saylı aktının etibarsız sayılması, onun adına əsassız hesablanmış 2196 manat borc məbləğinin silinməsi və qanunsuz aktın tərtib ediməsi ilə bağlı iddiaçıya vurulmuş mənəvi zərər dəyərinin məhkəmə tərəfindən müəyyən edilərək xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(012)- 1187/2022 nömrəli qətnaməsi ilə həmin iddia tələbi qismən təmin olunmuşdur. Lakin, Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(012)-1187/2022 nömrəli qətnaməsindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(105)- 1989/2022 nömrəli qərardadına əsasən həmin qətnamə ləğv edilmiş və apellyasiya instansiyası tərəfindən kommersiya mübahisəsi kimi qiymətləndirilən iddiaçı X1 cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu“ Açıq Səhmdar Cəmiyyətinin “Abşeron Sukanal” İdarəsinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İş üzrə 15 dekabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına iddiaçı X1 nümayəndəsi Nümayəndə gəlmiş olsa da, iş üzrə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin və “Azərsu“ Açıq Səhmdar Cəmiyyətinin “Abşeron Sukanal” İdarəsinin nümayəndələri isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, cavabdehlərin nümayəndələrinin iştirakları olmadan iş üzrə məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı X2 tərəfindən cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu“ Açıq Səhmdar Cəmiyyətinin “Abşeron Sukanal” İdarəsinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı X2 hazırkı iş üzrə vermiş olduğu iddia tələbləri ilə 12 yanvar 2022-ci ildə məhkəməyə müraciət etməmişdən əvvəl mövcud mübahisəni cavabdeh qismində işə cəlb etmiş olduğu tərəflərlə (cavabdehlərlə) məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməmiş və eyni zamanda, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl hal-hazırda Qanunvericiliyin tələb etdiyi qaydada tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədlər, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməklə ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə, kommersiya mübahisələri üzrə işə baxılarkən cavabdehlərin mövcud mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi hüquqları və imkanları gözlənilməli və iddia ərizəsi verilənədək iddiaçı tərəfin qanunla müəyyən edilmiş qaydada müraciəti əsasında cavabdeh tərəf (hər bir cavabdeh) mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələblərinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3) və yaxud, bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün lazımi hərəkətlərin olunmaması və eləcə də, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən - həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə iddiaçı X1 cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu“ Açıq Səhmdar Cəmiyyətinin “Abşeron Sukanal” İdarəsinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 259.0.1-ci və 259.0.13-cü maddələrinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə, iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, kommersiya mübahisələri üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən cavabdeh olacaq hüquqi şəxs düzgün müəyyən edilməli və Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələri ilə müəyyən edilmiş tələblər, o cümlədən də həmin Məcəllənin 149.2.4-1, 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələbləri yerinə yetirilməli və bununla bağlı müvafiq sənədlər məhkəməyə təqdim olunmalıdır. Çünki, məhz əsl cavabdehin özü ilə mediasiya və digər qaydalara riayət edilmədən verilən iddia ərizələri üzrə mübahisənin mahiyyəti üzrə həll edilməsi mümkün olmur və bu kimi qaydalara riayət edilməməklə verilmiş iddia ərizəsi icraata götürülmüş olduğu halda isə sonradan baxılmamış saxlanıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı X2 tərəfindən cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu“ Açıq Səhmdar Cəmiyyətinin “Abşeron Sukanal” İdarəsinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-2142/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-2142/2022
15.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver