Məhkəmə qərarları › İş №2-2(119)-256/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-256/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-256/2020 02.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra “Alıcı”) ilə iddiaçı “X4” MMC (Bundan sonra “Satıcı”- indiki adı İddiaçı MMC) arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı üzərinə götürdüyü öhdəlikləri tamamilə icra etsə də, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan aldığı malların dəyərini ödəməmiş və nəticədə, 1675 (min altı yüz yetmiş beş manat) məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır.xx xxxx 2015-ci il tarixdə, tərəflər arasında ikitərəfli qaydada imzalanmış öhdəlik aktına əsasən Cavabdeh müəssisəyə 2891(iki min səkkiz yüz doxsan bir) manat məbləğində borcunun mövcud olduğu müəyyən edilmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixədək borcundan 1500 manat və xx.xx.2015-ci il tarixə qədər isə qalıq borcu tam ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Növbəti dəfə xx xxxx 2017-ci il tarixdə yoxlama əsasında tərtib edilmiş və ikitərəfli imzalanmış “Hesablaşmaların qarşılıqlı üzləşdirilməsi aktı”na əsasən cavabdehin 3975 (üç min doqquz yüz yetmiş beş) manat məbləğində icra olunmamış borc öhdəliyinin mövcud olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən müəyyən ödənişlər edilsə də, müəssisəyə hal-hazırda 1675 (min altı yüz yetmiş beş) manat məbləğində qalıq borcu qalmışdır. Məsələni həll etmək məqsədilə dəfələrlə iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi xəbərdarlıqlar edilsə də, Cavabdeh göstərilən xəbərdarlıqları cavabsız qoyaraq, yaranan borcu ödəməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh 1675,00 (bir min altı yüz yetmiş beş) manat məbləğində əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 191,86 (yüz doxsan bir manat səksən altı qəpik) manat məbləğində cərimə və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh iddianı qəbul etmişdir. O, obyektin (qeyri-yaşayış sahəsinin) söküldüyünü, hal-hazırda mövcud olmadığını qeyd edərək, yeni obyekt icarəyə götürərək fəaliyyətini davam etdirəcəyini və yaxın aylarda ödəniş edəcəyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin xx xxxxxxx 2018-ci il tarixli nizamnaməsindən görünür ki, sözügedən cəmiyyət xx.xx.2004-cü il tarixdə 0204-A4-823 nömrəli şəhadətnamə ilə “xxxx” MMC kimi dövlət qeydiyyatına alınmış, təsisçinin xx.xx.2015-ci il tarixli qərarına əsasən “X4” MMC, xx.xx.2018-ci il tarixli qərara əsasən isə İddiaçı MMC adlandırılmışdır. İddia ərizəsinə əlavə edilmiş öhdəlik aktından görünür ki, Cavabdeh ilə “xxxx” MMCyə (indiki adı ilə İddiaçı MMC) olan 2891 manat borcunu etiraf etmiş, xx.xx.2015-ci il tarixədək 1500 manat, xx.xx.2015-ci il tarixədək isə borcunun qalan hissəsini ödəyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh iddiaçıya olan borcunun bir hissəsini ödəmiş, 1675 manat məbləğini isə ödəməmişdir. Buna görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 1675 manat məbləğində əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 191,86 manat məbləğində cərimə tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1675,00 (bir min altı yüz yetmiş beş) manat məbləğində əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 191,86 (yüz doxsan bir manat səksən altı qəpik) manat məbləğində cərimə tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar