Məhkəmə qərarları › İş №2-2(119)-441/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-441/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-441/2021 19.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən 18 fevral 2019-cu il tarixli 01/2019/BQ-AZ saylı müqavilə üzrə 107671,20 manat əsas və 369312,22 manat penya, 22 aprel 2019-cu il tarixli 02/2019/BQ-AZ saylı müqavilə üzrə 29618,50 manat əsas və 101595,5 manat penya və 21 yanvar 2020-ci il tarixli 03/2020 saylı müqavilə üzrə 12899,60 manat əsas və 35215,91 manat penya olmaqla, ümumilikdə 150189,30 (yüz əlli min yüz səksən doqquz manat 30 qəpik) manat məbləğində əsas borcun və 506123,63 manat məbləğində cərimə borcunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında 18 fevral 2019-cu il tarixli 01/2019/BQ-AZ, 22 aprel 2019-cu il tarixli 02/2019/BQ-AZ saylı və 21 yanvar 2020-ci il tarixli 03/2020 saylı “kalsiləşdirilmiş sodanın alqı-satqısına dair” Müqavilələr imzalanmış və həmin müqavilələr üzrə ümumilikdə 813,75 ton həcmində kalsiləşdirilmiş soda təhvil verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən müqavilələr üzrə iddiaçı tərəfindən kalsiləşdirilmiş soda təhvil verilməsinə baxmayaraq, bu günədək həmin malların ƏDV dəyəri tam ödənilsə də, əsas borc məbləğindan qismən ödəniş edilmişdir. Cavabdeh müəssisəyə çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, öhdəliyin tam şəkildə icra edilməməsi və ya nə zaman icra edilməsinə dair hər hansı bir məlumat verilməmişdir. Hazırki günə hər üç müqavilə üzrə cavabdeh tərəfindən ödənilməyən ümumi qalıq borc məbləği 150189,30 manat təşkil edir. Öhdəliyin əmələ gəlməsinə səbəb olan 18 fevral 2019-cu il tarixli 01/2019/BQ-AZ saylı, 22 aprel 2019-cu il tarixli 02/2019/BQ-AZ saylı və 21 yanvar 2020-ci il tarixli 03/2020 saylı “kalsiləşdirilmiş sodanın alqı-satqısına dair” Müqavilələrin 3-cü bəndinə əsasən mal təhvil verildikdən 5 gün müddətində malların dəyəri “Alıcı” tərəfindən ödənilməlidir. Tərəflər arasında bağlanılmış həmin Müqavilələrin 7.1-ci bəndinə görə müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə görə öhdəliyi pozmuş tərəf digər tərəfə yerinə yetirilməyən öhdəliyin gecikdirilmiş hər günü üçün 1% həcmində cərimə ödəyir. Tərəflər arasında bağlanmış 18 fevral 2019-cu il tarixli müqavilə üzrə 568 ton (500 ton rəsmi, 68 ton şifahi razılaşma üzrə) kalsiləşdirilmiş soda təhvil verilmiş və dəyərinin ödənilməsi üçün 9 ədəd elektron qaimə göndərilmişdir. Lakin, həmin alqı-satqı üzrə 107671,20 manat əsas borc bu günədək ödənilmədən saxlanılmışdır. Qeyd edilən müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması tarixi sonuncu elektron-qaimədən (18 dekabr 2019-cu il tarixdə verilmiş EAAW 598812 saylı) 5 gün sonra, yəni 24 dekabr 2019-cu il tarixidir. Odur ki, həmin tarixdən etibarən sözü gedən müqavilə üzrə cavabdeh tərəfindən 369312,22 manat (107671,20 x 1% x 343 gün) penya ödənilməlidir. Tərəflər arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilə üzrə 148 ton kalsiləşdirilmiş soda təhvil verilmiş və dəyərinin ödənilməsi üçün 4 ədəd elektron qaimə göndərilmişdir. Lakin, həmin alqı-satqı üzrə 29618,50 manat əsas borc bu günədək ödənilmədən saxlanılmışdır. Qeyd edilən müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması tarixi sonuncu elektron-qaimədən (18.12.2019-cu il tarixdə verilmiş EAAW 598663 saylı) 5 gün sonra, yəni 24 dekabr 2019cu il tarixidir. Odur ki, həmin tarixdən etibarən sözü gedən müqavilə üzrə cavabdeh tərəfindən 101591,5 manat (29618,50 x 1% x 343 gün) penya ödənilməlidir. Tərəflər arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli müqavilə üzrə 97,25 ton kalsiləşdirilmiş soda təhvil verilmiş və dəyərinin ödənilməsi üçün 4 ədəd elektron qaimə göndərilmişdir. Lakin, həmin alqı-satqı üzrə 12899,60 manat əsas borc bu günədək ödənilmədən saxlanılmışdır. Qeyd edilən müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması tarixi sonuncu elektron-qaimədən (26.02.2020-ci il tarixdə verilmiş EBAG 878477 saylı) 5 gün sonra, yəni 03 mart 2020-ci il tarixidir. Odur ki, həmin tarixdən etibarən sözü gedən müqavilə üzrə cavabdeh tərəfindən 35215,91 manat (12899,60 x 1% x 273 gün) penya ödənilməlidir. Cavabdehlə İddiaçı arasında imzalanmış Üzləşmə Aktında 2019-cu il müqavilələri üzrə tərəflərin öhdəlikləri qarşılıqlı şəkildə müəyyən edilmiş və həmin Üzləşmə Aktı «xxxx» MMC-nin direktoru Kamran Rzayev tərəfindən imzalanmışdır. Cavabdeh tərəfindən dəfələrlə borcun ödəniləcəyi vəd edilmiş olsa da, bu günədək öhdəliyin icrası üçün hər hansı bir müsbət addım atılmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh “xxxx” MMC tərəfindən 18 fevral 2019-cu il tarixli 01/2019/BQ-AZ saylı müqavilə üzrə 107671,20 manat əsas və 369312,22 manat penya, 22 aprel 2019-cu il tarixli 02/2019/BQ-AZ saylı müqavilə üzrə 29618,50 manat əsas və 101595,5 manat penya və 21 yanvar 2020-ci il tarixli 03/2020 saylı müqavilə üzrə 12899,60 manat əsas və 35215,91 manat penya olmaqla, ümumilikdə 150189,30 manat məbləğində əsas borcun və 506123,63 manat məbləğində cərimə borcunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 18 fevral 2019-cu il tarixli 01/2019/BQ-AZ nömrəli Alqı-Satqı Müqaviləsinə və həmin Müqavilə üzrə bağlanmış 11 mart 2019-cu il tarixli 001 saylı Razılaşma Protokoluna əsasən satıcı İddiaçı tərəfindən alıcı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmış “kalsiləşdirilmiş soda” məhsuluna görə hesablanmış ƏDV məbləği və malın dəyərinin bir hissəsi ödənilmiş olsa da, 107671,20 manat məbləğində əsas borc ödənilməmişdir. Eləcə də, satıcı İddiaçı MMC ilə alıcı “xxxx” MMC arasında bağlanmış 22 aprel 2019-cu il tarixli 02/2019/BQ-AZ nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən satıcı İddiaçı tərəfindən alıcı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmış “kalsiləşdirilmiş soda” məhsuluna görə hesablanmış ƏDV məbləği və malın dəyərinin bir hissəsi ödənilmiş olsa da, 29618,50 manat məbləğində əsas borc ödənilməmişdir. Həmçinin, satıcı İddiaçı MMC ilə alıcı “xxxx” MMC arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli 03/2020 nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən satıcı İddiaçı tərəfindən alıcı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmış “kalsiləşdirilmiş soda” məhsuluna görə hesablanmış ƏDV məbləği və malın dəyərinin bir hissəsi ödənilmiş olsa da, 12899,60 manat məbləğində əsas borc ödənilməmişdir (təsvir olunan hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr, elektron qaimələr, Üzləşmə Aktı və digər maliyyə-mühasibat sənədləri ilə təsdiq olunur). Satıcı İddiaçı MMC ilə alıcı “xxxx” MMC arasında bağlanmış 18 fevral 2019-cu il tarixli 01/2019/BQ-AZ nömrəli və 22 aprel 2019-cu il tarixli 02/2019/BQ-AZ nömrəli Alqı- Satqı Müqavilələrinin 3-cü bəndlərinin tələblərinə görə müqavilə üzrə mal təhvil verildikdən 5 gün ərzində, 21 yanvar 2020-ci il tarixli 03/2020 nömrəli Müqavilənin 3-cü bəndinin tələblərinə görə isə müqavilə üzrə mal təhvil verildikdən 15 gün ərzində ödənişlər “Satıcı”nın hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin Müqavilələrin 7.1-ci bəndlərinə əsasən, müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi üçün təqsirkar tərəf digər tərəfə müqavilə üzrə yerinə yetirilməyən öhdəliyin hər günü üçün 1,0% həcmində cərimə (penya) ödəyir. İş materiallarında olan “İddiaçı" MMC tərəfindən tərtib edilmiş 18 may 2021-ci il tarixli Maliyyə Arayışının məzmunu ilə müəyyən olunur ki, alıcı “xxxx” MMC-nin 18 fevral 2019cu il tarixli 01/2019/BQ-AZ nömrəli Müqavilə üzrə əsas borcu 107671,20 manat təşkil edir və həmin borca 369312,22 manat məbləğində penya hesablanmışdır (107671,20 manat x 1% x 343 gün); Alıcı “xxxx” MMC-nin 22 aprel 2019-cu il tarixli 02/2019/BQ-AZ nömrəli Müqavilə üzrə əsas borcu 29618,50 manat təşkil edir və həmin borca 101591,50 manat məbləğində penya hesablanmışdır (29618,50 manat x 1% x 343 gün); Alıcı “xxxx” MMCnin 21 yanvar 2020-ci İİ tarixli 03/2020 nömrəli Müqavilə üzrə əsas borcu 12899,60 manat təşkil edir və həmin borca 35215,91 manat məbləğində penya hesablanmışdır (12899,60 manat x 1% x 273 gün). İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 21 oktyabr 2020-ci il tarixli 01-02-2020-0594 nömrəli məktubun məzmunu ilə müəyyən olunur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi deyil və İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış alqı-satqı müqavilələri üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyəti heç bir cavabdehlik daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 18 fevral 2019-cu il tarixli 01/2019/BQ-AZ nömrəli, 22 aprel 2019-cu il tarixli 02/2019/BQ-AZ nömrəli və 21 yanvar 2020-ci il tarixli 03/2020 nömrəli Alqı-Satqı Müqavilələri üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi səbəbindən sonuncunun hər üç müqavilə üzrə ümumilikdə cəmi 150189,30 manat (107671,20 + 29618,50 + 12899,60) məbləğində əsas borcu yaranmış və iddiaçı müqavilə şərtləri nəzərə alınmaqla hər üç müqavilə üzrə ödənilməmiş əsas borca görə ümumilkdə 506123,63 manat (369312,22 + 101595,5 + 35215,91) məbləğində penya (cərimə) hesablamışdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, alıcı “xxxx” MMC satıcı İddiaçı MMC ilə bağlanmış alqı-satqı müqavilələri üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, cavabdeh “xxxx” MMC-dən 18 fevral 2019-cu il tarixli 01/2019/BQ-AZ nömrəli müqavilə üzrə 107671,20 (yüz yeddi min altı yüz yetmiş bir manat 20 qəpik) manat məbləğində əsas borc, 22 aprel 2019-cu il tarixli 02/2019/BQ-AZ nömrəli müqavilə üzrə 29618,50 (iyirmi doqquz min altı yüz on səkkiz manat 50 qəpik) manat məbləğində əsas borc və 21 yanvar 2020-ci il tarixli 03/2020 nömrəli müqavilə üzrə 12899,60 (on iki min səkkiz yüz doxsan doqquz manat 60 qəpik) manat məbləğində əsas borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən hesablanmış penya (cərimə) məbləğlərinin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla penya məbləğləri azaldılaraq, cavabdeh “xxxx” MMC-dən 18 fevral 2019-cu il tarixli 01/2019/BQ-AZ nömrəli müqavilə üzrə 8000 (səkkiz min) manat məbləğində penya, 22 aprel 2019-cu il tarixli 02/2019/BQ-AZ nömrəli müqavilə üzrə 2000 (iki min) manat məbləğində penya və 21 yanvar 2020-ci il tarixli 03/2020 nömrəli müqavilə üzrə 1000 (bir min) manat məbləğində penya tutulmalıdır. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış penya məbləğləri azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Alqı-Satqı Müqavilələrinin tələblərinə görə “mal təhvil verildikdən 5 gün (15 gün) ərzində müqavilələr üzrə ödənişlərin “Satıcı”nın hesabına köçürmə yolu ilə həyata keçirilməsi” (Müqavilələrin 3-cü bəndi), yəni alınmış malların dəyərlərinin ödənilmə müddəti və qaydası dəqiq müəyyən edilməsinə baxmayaraq, iddiaçının həmin müddət bitdikdən sonra müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görməyərək, uzun müddət sonra məhkəməyə müraciət etməsi və bu zaman 18 fevral 2019-cu il tarixli 01/2019/BQ-AZ nömrəli müqavilə üzrə 343 gün üçün, 22 aprel 2019-cu il tarixli 02/2019/BQ-AZ nömrəli müqavilə üzrə 343 gün üçün və 21 yanvar 2020-ci il tarixli 03/2020 nömrəli müqavilə üzrə 273 gün üçün penya məbləğlərinin hesablanması da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı MMC-nin xeyrinə cavabdeh “xxxx” MMC-dən 18 fevral 2019-cu il tarixli 01/2019/BQ-AZ nömrəli müqavilə üzrə 107671,20 manat məbləğində əsas borc və 8000 manat məbləğində penya, 22 aprel 2019-cu il tarixli 02/2019/BQ-AZ nömrəli müqavilə üzrə 29618,50 manat məbləğində əsas borc və 2000 manat məbləğində penya, 21 yanvar 2020-ci il tarixli 03/2020 nömrəli müqavilə üzrə 12899,60 manat məbləğində əsas borc və 1000 manat məbləğində penya tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 18 fevral 2019-cu il tarixli 01/2019/BQ-AZ nömrəli müqavilə üzrə 107671,20 (yüz yeddi min altı yüz yetmiş bir manat 20 qəpik) manat məbləğində əsas borc və 8000 (səkkiz min) manat məbləğində penya, 22 aprel 2019-cu il tarixli 02/2019/BQ-AZ nömrəli müqavilə üzrə 29618,50 (iyirmi doqquz min altı yüz on səkkiz manat 50 qəpik) manat məbləğində əsas borc və 2000 (iki min) manat məbləğində penya, 21 yanvar 2020-ci il tarixli 03/2020 nömrəli müqavilə üzrə 12899,60 (on iki min səkkiz yüz doxsan doqquz manat 60 qəpik) manat məbləğində əsas borc və 1000 (bir min) manat məbləğində penya, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 161219,30 (yüz altmış bir min iki yüz on doqquz manat 30 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar