Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-471/2020 06.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, xx xxx 2019-cu il tarixli GS-279/19 saylı Alqı-satqı Müqaviləsi və xx xxx 2019-cu il tarixli 109223 saylı Satınalma Sifarişinə əsasən satılan malların dəyəri olan 4757,76 (dörd min yeddi yüz əlli yeddi manat 76 qəpik) manat məbləğində borcun, işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin cavabdeh “xxxxxxxxxxxxxx” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-1599/2020 nömrəli qərardadı ilə ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “xxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxx 2019-cu il tarixli GS-279/19 saylı Alqı-satqı Müqaviləsi üzrə xx xxx 2019-cu il tarixli 109223 saylı Satınalma Sifarişinə əsasən sonuncu tərəfindən 120 cüt ayaqqabı sifariş edilmişdir. X2 qeyd olunmuş 120 cüt ayaqqabı xx xxx 2019-cu il tarixli GS 9580 nömrəli Təhvil-Qəbul Aktına əsasən İddiaçı MMC tərəfindən cavabdeh "xxxxxxxxxxxxxx" MMC-yə təhvil verilmişdir. Bununla da, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 4757,76 (dörd min yeddi yüz əlli yeddi manat 76 qəpik) (ƏDV daxil) manat olan 120 cüt ayaqqabı satılmışdır. Çatdırılmış mallara dair hesab-faktura və elektron qaimənin tam şəkildə və vaxtında cavabdehə təqdim olunmasına baxmayaraq, xx xxx 2019-cu il tarixli GS-279/19 saylı Alqı-satqı Müqaviləsinin 6.2-ci bəndi ilə razılaşdırılmış ödəniş müddəti ötürülmüşdür. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən Alıcı tərəfindən ödəniş Satıcının təqdim etdiyi hesab faktura tarixindən 15 (on beş) təqvim günü ərzində həyata keçirilməli idi. lakin, iddiaçı tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlərin olunmasına baxmayaraq, həmin ödəniş hal-hazıradək hələ də həyata keçirilməmişdir. Cavabdeh öncədən iddiaçı tərəfindən təqdim olunan təklifə əsasən xx xxx 2019-cu il tarixli 109223 saylı Satınalma Sifarişi ilə razılaşdırılmış və xx xxx 2019-cu il tarixli GS № 9580 saylı Təhvil-Qəbul Aktına əsasən qəbul olunmuş malın satış qiymətində uzun müddət keçməsinə baxmayaraq, əsassız olaraq endirim edilməsini və yeni qiymətlə satış həyata keçirilməsini tələb edir. Qeyd etmək lazımdır ki, cavabdehlə imzalanmış xx xxx 2019-cu il tarixli GS-279/19 saylı Alqı-satqı Müqaviləsinin 6.3-cü bəndinə əsasən hər bir sifariş formasında qeyd olunmuş malın qiyməti və ödənilməsi sabitdir və yalnız tərəflərin qarşılıqlı razılığına əsasən sifariş forması vasitəsilə dəyişdirilə bilər. Şifahi dəyişikliklərin hüquqi əsası yoxdur. Göründüyü kimi, İddiaçı MMC cavabdehdən fərqli olaraq müqavilə və satınalma sifarişinə müvafiq öz öhdəliyini tam və vaxtında icra etmişdir. Lakin, cavabdeh tərəflər arasında imzalanmış müqavilə və qanunvericiliyin tələblərini pozaraq öz öhdəliklərini icra etməmişdir. Pulun ödənilməsi üçün uzun müddətli yazılı və şifahi müraciətlər nəzərə alınmadığı üçün iddiaçı tərəfindən xx xxx 2020-cu il tarixində 994/OS/AS saylı Pretenziya məktubu müvafiq sənədlər ilə birgə cavabdehə göndərilmişdir. Həmin məktubda cavabdehə borc məbləğini ödəməsi üçün 10 günlük müddət müəyyən edilsə də, ödəniş hələ də həyata keçirilməmişdir. Beləliklə də, xx xxx 2019-cu il tarixli GS-279/19 saylı Alqı-satqı Müqaviləsinin 6.2-ci bəndinə əsasən cavabdeh mallar çatdırıldıqdan sonra 15 gün ərzində malların dəyərini ödəmək öhdəliyi daşıdığı halda, müəyyən olunmuş həmin müddəti ötürmüşdür. Yəni, verilmiş təklif ilə razılaşma əsasında malı təhvil alıb istifadə etdikdən sonra, cavabdehin birtərəfli qaydada şifahi şəkildə tələb etdiyi əlavə endirim əsassız və qəbul edilməzdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 4757,76 manat məbləğində əsas borcun və məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “xxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı “xxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxx 2019-cu il tarixli GS-279/19 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən satıcı İddiaçı tərəfindən alıcı “xxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 120 cüt ayaqqabı satılmış olsa da, həmin alqı-satqı üzrə satılmış 120 cüt ayaqqabıların ƏDV ilə birlikdə cəmi 4757,76 (dörd min yeddi yüz əlli yeddi manat 76 qəpik) manat məbləğində dəyəri Alıcı (cavabdeh) tərəfindən Satıcıya (iddiaçıya) ödənilməmişdir (bununla bağlı xx xxx 2019-cu il tarixli 109223 saylı Satınalma Sifarişi, Təhvil-Qəbul Aktı, qaimə-faktura, hesab-faktura və digər sənədlər iddia ərizəsinə əlavə edilmişdir). xx xxx 2019-cu il tarixli GS-279/19 nömrəli Alqı-satqı Müqaviləsinin tələblərinə görə satılan malın qiyməti bu Müqaviləyə ediləcək sifariş formaları ilə müəyyənləşdirilir (Müqavilənin 6.1-ci bəndi); Alıcı tələfindən ödəniş Satıcının təqdim etdiyi hesab-faktura tarixindən 15 (on beş) təqvim günü ərzində həyata keçirilir (Müqavilənin 6.2-ci bəndi); Hər bir sifariş formasında qeyd olunmuş malm qiyməti və ödənilməsi şərtləri sabitdir və yalnız tərəflərin qarşılıqlı razılığına əsasən sifariş forması vasitəsilə dəyişdirilə bilər. Şifahi dəyişikliklərin hüquqi əsası yoxdur (Müqavilənin 6.3-cü bəndi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, xx xxx 2019-cu il tarixli GS-279/19 nömrəli Alqı-satqı müqaviləsi üzrə xx xxx 2019-cu il tarixli 109223 saylı Satınalma Sifarişi əsasında alınmış 120 cüt ayaqqabı məhsullarına görə cəmi 4757,76 (dörd min yeddi yüz əlli yeddi manat 76 qəpik) manat məbləğində pul vəsaiti alıcı “xxxxxxxxxxxxxx” MMC tərəfindən satıcı İddiaçı MMC-yə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 4757,76 (dörd min yeddi yüz əlli yeddi manat 76 qəpik) manat məbləğində borcun cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “xxxxxxxxxxxxxx” MMC xx xxx 2019-cu il tarixli GS-279/19 nömrəli Alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 4757,76 (dörd min yeddi yüz əlli yeddi manat 76 qəpik) manat məbləğində borcun tutulması barədə İddiaçı MMC-nin iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı xeyrinə cavabdeh “xxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 4757,76 manat məbləğində borc tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 4757,76 (dörd min yeddi yüz əlli yeddi manat 76 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4787,76 (dörd min yeddi yüz səksən yeddi manat 76 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-471/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-471/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver