Məhkəmə qərarları › İş №2-2(119)-520/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-520/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-520/2020 13.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı “BEKA X2 Dış Ticaret Limited” Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı “BEKA X2 Dış Ticaret Limited” Şirkətinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “BEKA X2 Dış Ticaret Limited” Şirkəti Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(085)-563/2019 №-li qiyabi qətnaməsi ilə iddia təmin edilərək, 499.233.86 ABŞ dolları məbləğində borcun ödənildiyi gün üçün manat məzənnəsi ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “BEKA X2 Dış Ticaret Limited” Şirkətinə ödənilməsi qət edilmişdir. Sonra iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qiyabi qətnamənin ləğvinə dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 10 08.2020-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(085)-563/2019 №-li qiyabi qətnaməsi ləğv edilmiş işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı “BEKA X2 Dış Ticaret Limited” Şirkətinin iddiası onunla əsaslandırılmışdır ki, qarşılıqlı razılaşma əsasında iddiaçı cavabdehə (köhnə adı “xxxx” MMC) 2011-2012-ci illərdə plastik qapı-pəncərə istehsalı üçün nəzərdə tutulmuş aksesuarlar göndərmişdir. Qeyd edilən mallar yük gömrük bəyannamələri əsasında və məbləğdə cavabdehə göndərilmiş və onun tərəfindən mədaxil edilmişdir. Göndərilən malların dəyərinin yüksək olması və cavabdehlə aralarında olan etimadı və iddiaçının xarici ölkələr üçün güzəştli marketinq siyasətini nəzərə alaraq, iddiaçı cavabdehin xahişi ilə ödəmənin mal alındığı zaman deyil, 6 ildən sonra həyata keçirilməsinə dair razılığa gəlmişdir. Lakin ödəniş müddəti çatdıqda cavabdeh iddiaçıya bildirmişdir ki, onların şirkətində yenidən təşkilatlanma gedir, bu səbəbdən də ödənişi bir qədər gecikdirəcəklər. Lakin hazırkı günədək ödəniş həyata keçməmiş və cavabdeh tərəfindən alınmış malların dəyəri iddiaçıya ödənilməmişdir. Aralarında yazılı müqavilə olmasa da, alıcı və satıcı kimi iddiaçı və cavabdeh mülki hüquq münasibətlərinə daxil olmuş, cavabdeh iddiaçının ona göndəriyi malları almış, mədaxil etmişdir. Belə ki, gömrük bəyannamələrindən də göründüyü kimi, mallar cavabdeh tərəfindən mədaxil edilmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 499.233.86 ABŞ Dolları təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddiaçı “BEKA X2 Dış Ticaret Limited” Şirkəti cavabdeh 499.233.86 (dörd yüz doxsan doqquz min iki yüz otuz üç dollar 86 sent) ABŞ dolları məbləğində pulun Cavabdeh MMC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, bildirdi ki, təmsil və hüquqlarını müdafiə etdiyi şirkət tanınmış türk şirkətidir. Azərbaycan, Rusiya, Bolqarıstan və digər ölkələrlə ticarət fəaliyyəti var. Qapı-pəncərə sisteminin istehsalı üçün nəzərdə tutulan aksesuarların olkələrə göndərilməsi ilə məşğul olublar. Aralarında müqavilə münasibətləri olub. Sonrdan şirkətin mallarının həcmi böyüdüyünə görə mallar bir necə hissəyə, yəni hissə-hissə gəlib. Mallar gömrük bəyannamələri əsasında və məbləğdə “Vüsal-F” şirkətinə göndərilmiş və onun tərəfindən mədaxil edilmişdir. Göndərilən malların dəyərinin yüksək olması və cavabdehlə aralarında etimadı nəzərə alaraq iddiaçı cavabdehin xahişi ilə malların dəyərinin ödəmələrini bir müddət sonra alacağını bildirmişdir. Cavabdeh tərəf bildirib ki, ödənişlər ediləcək. Onlar qeyd ediblər ki, biz də malları başqalarına satırıq. İddiaçı tərəf inanıb və onlara vaxt verib. Sonradan cavabdeh tərəf itib. Onlar bu şirkəti “Vüsal-F” kimi axtarıb. Məlum olub ki, respublikada tanınan şirkət olub, iki şirkət birləşib, adı dəyişilib. Sonra bu məsələlər Cavabdeh MMC-yə icra mərhələsində aydın olub. Gömrük Komitəsinə verilən sorğuya gəlmiş cavabdan müəyyən olundu ki, onlara mal gəlib. Sadəcə, burda məbləğ məsələsində fikir ayrılığı yaranıb. Belə ki, iddiaçının ilkin sənədlər üzrə təqdim etdiyi məbləğ 499.000 ABŞ dolları civarındadır. Lakin gömrüyün sənədlərində bu, 11.500 ABŞ dollar göstərilib. 3 maşın maldan demək olar ki, 1 maşının yarısını qeyd ediblər. Bunlar qapı-pəncərə sistemləridir, qramaja vuranda çox məbləğ etməlidir. Ola bilsin ki, gömrüyün hesablamalarına görə başqa cür alınıb. Yəni, buradan görünür ki, mal alınıb, lakin qiymətlər üst-üstə düşmür. Nümayəndə qeyd edib ki, iddiaçı şirkətin Türkiyədə ofisi yanıb, müəyyən sənədlər məhv olub. Qarşı tərəfin kifayət qədər ödəmək imkanı var. Belə ki, sənədlərdən də görünür ki, 1 milyon 300 min nizamnamə kapitalı olan şirkətdir. Ödəmək imkanı da var. Tərəflər arasında inam olub. İddianı müdafiə edir. İddiaçının nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi ilə bağlı bildirib ki, mal alan mütəmadi olaraq az da olsa məbləğdən ödəniş edib. Amma qeyd edib ki, vəziyyətimiz pisdir, bizdə təşkilatlanma gedir, bu gün sabah ödəyərik. Belə-belə vədlər veriblər. Sonuncu dəfə heç 1 il olmaz ki, ödəniş ediblər. Amma, buna dair əllərində heç bir rəsmi sənəd yoxdur. Onlar nağd ödəniş ediblər, köçürmə yolu ilə yox. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçı tərəf sübut edə bilmir ki, bizimlə kim müqavilə bağlayıb, nə vaxt bağlayıb, biz hansı sifarişi vermişik və biz onu qəbul etmişikmi, etməmişikmi? “xxxx” MMC-nin, “xxxx” MMC-nin “Zaur M”-in və sairənin adına çox mal gələ bilər. “xxxx” MMC sonradan qoşulub “xxxx” MMC-yə. Qoşulma nəticəsində “xxxx” MMC ləğv olunub və onun hüquqi vəzifələri “xxxx” MMC-yə keçib. Sorğuda 11.500 ABŞ dolları məbləğində malın “xxxx” MMC-yə gəldiyi qeyd olunur. Ola bilər ki, “xxxx” MMC “X3 Ticarət LTD” Şirkətindən nəsə ala bilərdi. Gömrük işlərində var ki, məsələn, bu malları filan proje göndərir, lakin həmin malların kimin tərəfindən qəbul edilməsi məlum deyil. Ümumiyyətlə, belə bir şirkətdən biz heç bir mal almamışıq. Əgər hansısa malın alındığı göstərilirsə, o, müəyyən olunmalıdır ki, hansı projedir, “xxxx” MMC bunu qəbul edirmi, etmirmi? Əgər varsa, sübutlarını təqdim etsinlər. Əlavə olaraq biz iddia müddətinin tətbiq olunmasını xahiş edirik. Söhbət 2011-ci ildən gedir və bu günə kimi 9 il vaxt keçib. Nəzərə alsaq ki, müqavilə münasibətlərindən irəli gələn tələblər üçün qanunvericiliklə 3 illik müddət tətbiq edilib, onda artıq bu müddət 3 dəfə keçib. Buna görə də iddia müddəti ötürüldüyünə görə iddia tələbinin təmin olunmamasını xahiş edirəm. Məhkəmə tərəfləri dinləyib, cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə alıb, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. İş materiallarında olan X1 İdarəsinin reyestrindən çıxarışdan görünür ki, “BEKA X2 Dış Ticaret Limited” Şirkətinin əvvəlki adı “X3 Ticarət LTD” Şirkəti olmuşdur. İş materiallarında olan 2011 - 2012-ci illər ərzində tərtib olunmuş 25 ədəd gömrük bəyannamələrinin surətlərindən görünür ki, “X3 Ticarət LTD” Şirkəti tərəfindən “xxxx” MMC-yə 499233.86 ABŞ Dolları dəyərində mal göndərilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin Nizamnaməsindən görünür ki, “xxxx” MMCnin ona qoşulması nəticəsində yenidən təşkil olunmuş “xxxx” MMC-nin adı dəyişilərək “xxxx” MMC adlandırılıb. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Dövlıt Gömrük Komitəsindən daxil olmuş rəsmi məlumata əsasən “xxxx” MMC “X3 Ticarət LTD” Şirkətindən 2011-ci ildə 11.504,10 ABŞ dolları məbləğində mal idxal etmişdir. Dövlıt Gömrük Komitəsinin məlumat bazasında “xxxx” MMC-nin “X3 Ticarət LTD” Şirkətindən 2012-ci ildə hər hansı mal idxalı haqqında məlumat yoxdur. İş materiallarında olan iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 təqdim etdiyi ərizədən görünür ki, iddiaçı 2011 - 2012-ci illərə aid borcu tələb etdiyi üçün o, iddia müddətinin tətbiqini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı “BEKA X2 Dış Ticaret Limited” Şirkəti (əvvəlki adı “X3 Ticarət LTD” Şirkəti olmuşdur) cavabdeh “xxxx” MMC-yə (əvvəlki adı “xxxx” MMC olmuşdur) qarşı iddia qaldıraraq, bildirmişdir ki, 2011-2012-ci illərdə cavabdehə 499.233.86 ABŞ dolları dəyərində plastik qapı-pəncərə istehsalı üçün nəzərdə tutulmuş aksesuarlar göndərmiş, iddiaçı cavabdehin xahişi ilə ödəmənin mal alındığı zaman deyil, 6 ildən sonra həyata keçirilməsinə dair razılığa gəlmişdir. Lakin hazırkı günədək ödəniş həyata keçməmiş və cavabdeh tərəfindən alınmış malların dəyəri iddiaçıya ödənilməmişdir. Aralarında yazılı müqavilə olmasa da, alıcı və satıcı kimi iddiaçı və cavabdeh mülki hüquq münasibətlərinə daxil olmuş, cavabdeh iddiaçının ona göndəriyi malları almış, mədaxil etmişdir. İddiaçı cavabdehlə aralarında hər hansı yazılı və ya şifahi müqavilənin bağlanmasına dair sübut təqdim etməmişdir. Məhkəmədə Cavabdeh MMCnin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, bildirmişdir ki, onlar ümumiyyətlə, belə bir şirkətdən heç bir mal almamışlar. İddiaçı tərəf sübut edə bilmir ki, onlarla kim müqavilə bağlayıb, nə vaxt bağlayıb, onlar hansı sifarişi vermişlər və onu qəbul etmişlərmi? Gömrük Komitəsinin məhkəmə sorğusuna verdiyi cavabda 11.500 ABŞ dolları məbləğində malın “xxxx” MMC-yə gəldiyi qeyd olunur. Ola bilər ki, “xxxx” MMC “X3 Ticarət LTD” Şirkətindən nəsə alıb. Əgər hansısa malın alındığı göstərilirsə, o, müəyyən olunmalıdır ki, hansı projedir, “xxxx” MMC bunu qəbul edibmi? İddiaçı bununla dair sübut təqdim etmir. Vəkil2 əlavə olaraq iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildiriib ki, mal alan mütəmadi olaraq az da olsa məbləğdən ödəniş edib, qalan ödənişlər üçün vaxt istəyib. Sonuncu dəfə heç 1 il olmaz ki, ödəniş edib. Amma, buna dair əllərində heç bir rəsmi sənəd yoxdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 2011-2012-ci illərdə mallar göndərdiyini və əvəzində hissə-hissə ödənişlər olduğunu, hətta sonuncu ödənişdən 1 ildən də az keçdiyini bildirsə də, məhkəməyə buna dair sübut təqdim etməmişdir. Cavabdeh isə iddianı ümumiyyətlə qəbul etməmişdir. Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2019-cu ildə təqdim edilmişdir. Göründüyü kimi, iddia olunan öhdəliyin pozulmasından 8 ildən artıq vaxt keçmişdir. Müqavilə öhdəlikləri üzrə isə iddia müddəti 3 il təşkil edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri üzrə 3 illik iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə, eyni zamanda, iddiaçı istinad etdiyi hallara dair kifayət qədər mötəbər sübutlar təqdim etmədiyinə görə iddia təmin edilməməlidiur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “BEKA X2 Dış Ticaret Limited” Şirkətinin Cavabdehnə qarşı 499.233.86 ABŞ dolları məbləğində borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar