Məhkəmə qərarları › İş №2-2(119)-531/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №2-2(119)-531/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-531/2021 10.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı 03 fevral 2020-ci il tarixli, 068 nömrəli hesab faktura üzrə hesablanmış, ƏDV ilə birlikdə 42807.64 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə İddiaçı arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli, 002/20 saylı müqaviləyə əsasən, Cavabdehnə Rusiya istehsalı olan, müxtəlif ölçülü laminasiyalı və yapışqanlı faner məmulatı həmin müqavilədə göstərilən şərtlərə uyğun olaraq iddiaçı tərəfindən satılmışdır. Müqavilənin tələbinə görə cavabdeh aldığı malın dəyərini 18% ƏDV ilə birlikdə ödəməyi öz öhdəsinə götürüb. Cavabdeh tərəfindən 03 fevral 2020-ci il tarixində 19027.66 manat məbləğində 1202 ədəd 15 mm-lik və 17250.66 manat məbləğində 1000 ədəd 17 mm-lik Dikt (yapışqanlı faner) məmulatı satın alınıb. Bu barədə 03 fevral 2020-ci il tarixli, 068 nömrəli hesab faktura tərtib edilmiş, ƏDV ilə birlikdə 42807.64 manat məbləğində pul vəsaitinin ödənilməsi üçün cavabdehə təqdim edilib. Eyni zamanda 03 fevral 2020-ci il tarixində EBAF seriyalı, 838305 nömrəli elektron qaimə tərtib olunaraq, qaime.etaxes.gov.az sisteminə yerləşdirilmişdir. Lakin, cavabdehə dəfələrlə şifahi qaydada bildirilməsinə baxmayaraq, bu günə kimi qeyd olunan 03 fevral 2020-ci il tarixli, 068 nömrəli hesab faktura üzrə ödəniş həyata keçirilməyib. Bununla da cavabdeh 09 yanvar 2020-ci il tarixli, 002/20 saylı müqavilənin 1.1-ci və 2.2-ci bəndində qeyd olunan şərtləri pozub. Bununla bağlı 03 aprel 2020-ci il tarixdə cavabdehə öhdəliyi icra etməsi və ödənişi etməsi barədə pretenziya göndərilsə də cavabdeh pretenziyaya cavab verməyib, aldığı malların pulunu ödəməyib. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC tərəfindən 8000 (səkkiz min) manat vəsaitinin ödənildiyini və qalan 34807.64 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-ə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı nümayəndəsi M.Mirzəyev iddia tələbini müdafiə edib, Cavabdeh” MMC tərəfindən 8000 (səkkiz min) manat vəsaitinin ödənildiyini və qalan 34807.64 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli qərardadı ilə iddiaçının qiyabi icraata razılıq haqqında ərizəsi nəzərə alınmaqla işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki-Prosessual Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Əsaslandırıcı hissə Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görsənir ki “satıcı” İddiaçı MMC ilə “alıcı” Cavabdeh MMC arasında 09.01.2020-ci il tarixli, 002/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “alıcı” müxtəlif ölçülü (3mm-21mm) Rusiya istehsalı olan laminasiyalı və yapışqanlı faner məmulatını (mal) almağı və sənədlərdə təsdiq edən məbləği ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndin əsasən “satıcı” satılan malı anbara təhvil verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən malın markası, ölçüləri, qiyməti və məbləği müqaviləyə əlavə olunan və hər iki tərəfin təsdiqlədiyi təsdiqlədiyi protokolda əks olunur. Həmin məcəllənin 4.3-cü maddəsinə əsasən bu müqavilə tərəflərin müqavilə üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirdikləri təqdirdə bitmiş sayılır. İş materiallarında olan 11.01.2020-ci il tarixli 01544 nömrəli qaimədən görsənir ki, ümumi dəyəri 16920 manat olan mal cavabdehə təhvil verilmişdir. Həmçinin, 03.02.2020ci il tarixli 838305 nömrəli elektron qaimə və 03.02.2020-ci il tarixli 068 nömrəli hesabfakturaya əsasən ümumi dəyəri 42807.64 manat (ƏDV daxil) olan mallar Cavabdehnə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müvafiq müqavilələr əsasında İddiaçı MMC tərəfindən cavabdeh “Cavabdeh MMC-yə borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. İddiaçının nümayəndəsinin izahatından, habelə iş üzrə iddianın təmini tədbiri barədə verilmiş ərizənin məzmunundan müəyyən olunur ki, cavabdeh hal-hazıradək həmin borcdan ümumilikdə 8000 (səkkiz) min manat ödəmişdir.Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 34807.64 (otuz dörd min səkkiz yüz yeddi manat 64 qəpik) manat pul vəsaiti İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 34807.64 manat (otuz dörd min səkkiz yüz yeddi manat 64 qəpik) pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu, olmaqla cəmi 34837.64 manat (otuz dörd min səkkiz yüz otuz yeddi manat 64 qəpik) pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar