Məhkəmə qərarları › İş №2-2(119)-540/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-540/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-540/2021 19.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 23 oktyabr 2020-ci ildə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən dükana görə 31 avqust 2020ci il tarixdə "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdiyi 31 avqust 2020-ci il tarixli Akt R № 033922 saylı Aktın ləğv edilməsi və həmin Akt üzrə hesablanmış 348,39 manat pul vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(067)-317/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair kommersiya işi məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən dükana mövcud olan elektrik xəttinin verilişi üçün quraşdırılmış sayğacda nasazlıq yarandığına görə 31 avqust 2020-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yerində baxış keçirmiş və bu barədə 31 avqust 2020-ci il tarixli Akt R № 033922 saylı Akt tərtib etmişlər. Həmin Akt tərtib edilərkən sayğac dəyişdirlmiş və yeni sayğacla əvəzlənmişdir. Əvvəlki sayğacın göstəricisi olan 141 manat 39 qəpik sərfiyyata görə pul məbləği habelə yeni quraşdırlmış sayğacın göstərici olan 104 manat 67 qəpik pul məbləği abonent tərəfindən ödənilmişdir. Bununla belə 23 sentyabr 2020-ci il tarixə əlavə olaraq 348 manat 39 qəpik məbləğində pul vəsaiti hesablanmışdır ki, güya enerjidən istifadə qaydaları pozulmuşdur. Halbuki sayğac dəyişdirilərkən tərtib olunmuş 31 avqust 2020ci il tarixli Akt R № 033922 saylı Aktda enerjidən istifadə qaydalarının pozulması barədə heç bir qeyd yoxdur. Tərtib edilmiş həmin aktda göstərilir ki, “EEİQ-nın tələblərinə uyğun olaraq, yoxlama aparan zaman məlum oldu ki, abonentə quraşdırılmış elektrik sayğacının sığacları əriyərək yararsız vəziyyətə düşmüşdür. Ölçülər ampermaşa ilə aparıldı: İ1 - 4.2 A, İ2-2,3 A, İ3-3,8A, Pfak=2,257 kvt, Psay.= 2.25 kvt. Elektrik sayğacı yeni elektron tipli sayğacla əvəz olunsun”. Göründüyü kimi, Aktda qaydaların pozulması barədə heç bir qeyd yoxdur. Habelə aktdan aydın olunur ki, sayğacın göstəriciləri tam normal vəziyyətdə olmuşdur. Bu səbəbdən də güya enerjidən istifadə qaydalarının pozulmasına görə 348 manat 39 qəpik vəsaitinin hesablanması tamamilə əsassız hesab olunmalıdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, 31 avqust 2020ci il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ticarət obyektinə quraşdırılmış elektrik hesabat sayğacının sıxaclarının əriyərək yararsız hala düşdüyü aşkar edilmiş və bununla əlaqədar olaraq iddiaçının nümyəndəsi X.Mirzəyevin iştirakı ilə R 033922 nömrəli akt tərtib olunmuşdur. Aşkar olunmuş faktlarla əlaqədar EEİQ-nın 8.16-cı bəndinin tələblərinə uyğun olaraq tərtib edilmiş akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə yeni sayğacla gündəlik sərlıyyata uyğun olaraq 53 gün üçün 348,39 manat məbləğində yenidən hesablaşma aparılmışdır. Daha obyektiv yoxlama aparılması məqsədi ilə "xxxx" ASC-nin ixtisaslaşmış laboratoriyasında sayğaca baxış keçirilmişdir. Bununla əlaqədar olaraq 12 sentyabr 2020-ci il tarixli 194582 nömrəli protokol tərtib edilmişdir. EEİQ-nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə əsasən “İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yönəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir”. İddia ərizəsindən isə görünür ki, iddia ərizəsi yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsində qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Buna baxmayaraq iddiaçı elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsindən əsassız imtina edərək, həmçinin onun məhkəməyə müraciət etməsi məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqdan sui-istifadə hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Lakin, məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı isə notarial qaydada təsdiq olunmuş (Reyestrdə 8İ-8156 № ilə qeyd edilib) ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iddia tələbinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən sahibkarlıq obyekti (mağaza) (abonent kodu: **********1) elektrik enerjisi ilə təchiz edilmiş və həmin obyektin elektrik təchizatı üzrə hesabat müvafiq qaydada quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılmışdır. İş materiallarında olan 31 avqust 2020-ci il tarixli “R № 033922” nömrəli Aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən mağazanın (abonent kodu: **********1) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına 31 avqust 2020-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları (Quliyev R, Əhmədov H, Novruzəliyev R.) tərəfindən baxış keçirilmiş və baxış zamanı “abonentə quraşdırılmış elektrik sayğacının sığacları əriyərək yararsız vəziyyətə düşmüşdür” qüsurunun aşkar edildiyi göstərilmişdir. Eyni zamanda, həmin Aktda “Ölçülər ampermaşa ilə aparıldı. İ1-4.2 A, İ2-2,3 A, İ3-3,8A, Pfak=2,257 kvt, Psay.= 2.25 kvt. Elektrik sayğacı yeni elektron tipli sayğacla əvəz olunsun” qeydi aparılmışdır. İş materiallarında olan istehlakçı İddiaçı məxsus mağazaya (abonent kodu: **********1) aid Abunə haqqında Hesabatlara və "xxxx" ASC tərəfindən tərtib edilmiş digər sənədlərə əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin (mağazanın) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına keçirilmiş baxış zamanı tərtib edilmiş 31 avqust 2020-ci il tarixli “R № 033922” nömrəli Aktda qeyd olunan qüsura görə, yəni “elektrik sayğacının sığacları əriyərək yararsız vəziyyətə düşmüşdür” qüsuruna görə itirilmiş elektrik enerjisi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndinin tələblərinə uyğun olaraq yenidən hesablama aparılmış və həmin hesabatla 348,39 (üç yüz qırx səkkiz manat 39 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanaraq, ödənilməli borc kimi istehlakçı İddiaçı hesabına daxil edilmişdir. İş materiallarında olan, 23 dekabr 2020-ci ildə çap edilmiş istehlakçı İddiaçı məxsus mağazaya aid Abunə haqqında Hesabatla (abonent kodu **********1) müəyyən olunur ki, 31 avqust 2020-ci il tarixli “R № 033922” nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən mağazanın hesabına 23 sentyabr 2020-ci ildə bir dəfəyə 348,39 (üç yüz qırx səkkiz manat 39 qəpik) manat məbləğində borc hesablanmışdır. Beləliklə də, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən mağazaya (abonent kodu **********1) quraşdırılmış elektrik hesabat sayğacına 31 avqust 2020-ci ildə baxış keçirilən zaman “elektrik sayğacının sığacları əriyərək yararsız vəziyyətə düşmüşdür” qüsuru aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş 31 avqust 2020-ci il tarixli “R № 033922” nömrəli Akta əsasən istehlakçıya 348,39 manat məbləğində əlavə sərfiyyat qismində borc hesablanmışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı 31 avqust 2020-ci il tarixli “R № 033922” nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında məlum 348,39 manat məbləğində əlavə sərfiyyatın hesablanması ilə nəticələnmiş 31 avqust 2020-ci ildə istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində quraşdırılmış elektrik sayğacına keçirilən baxışın, yəni yoxlama tədbirinin Yoxlamaların vahid məlumat Reyestrində qeydə alınmaqla aparılması və aktlaşdırılması müəyyən edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir və dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 31 avqust 2020-ci il tarixli “R № 033922” nömrəli Aktda qeyd olunan qüsura görə 348,39 manat məbləğində əlavə sərfiyyatın hesablanmasının əsaslılığı mötəbər subutlar əsasında təsdiq olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halı sübut etmək vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə düşür. Odur ki, qeyd olunanlara əsasən müəyyən olunur ki, iddia tələbi “cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31 avqust 2020-ci il tarixli R № 033922 nömrəli Akt əsasında əlavə sərfiyyat olaraq hesablanmış 348,39 (üç yüz qırx səkkiz manat 39 qəpik) manat məbləğində borc silinməsi” hissəsində əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Lakin, iddia tələbi “Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən dükana görə 31 avqust 2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdiyi 31 avqust 2020-ci il tarixli Akt R № 033922 saylı Aktın ləğv edilməsi” hissəsində əsaslı olmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və 31 avqust 2020-ci il tarixli R 033922 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********1) əlavə sərfiyyat olaraq hesablanmış 348,39 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı (VÖEN **********) məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********1) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31 avqust 2020-ci il tarixli “R № 033922” nömrəli Akt əsasında əlavə sərfiyyat olaraq hesablanmış 348,39 (üç yüz qırx səkkiz manat 39 qəpik) manat məbləğində borc silinsin. Məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar