Məhkəmə qərarları › İş №2-2(119)-541/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-541/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-541/2021 13.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Ələskərov Məcnun Məmmədşərif oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı 07.07.2020-ci il tarixli NDQ№007572 saylı aktın etibarsız hesab edilməsi, fiziki şəxs İddiaçı qeyri qanuni tələb olunan, 2094.46 manat məbləğində istifadə olunmayan enerji borcunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şabran rayonunun Gəndab kəndində yerləşən, iddiaçının şəxsi mülkiyyətində olan yeməkxana binasına elektrik xətti yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqisindəki transformatordan çəkilmişdir və elektrik enerjisindən istifadə üçün yanacaqdoldurma məntəqəsinin sahibi X3 ilə razılaşma vardır. 10.07.2020-ci il tarixində Şabran EŞ-nin əməkdaşları iddiaçıya 2094.46 AZN məbləğində borc bildirişi təqdim edərək, dərhal borcun ödənilməsini tələb etmiş, əks halda elektrik enerjisinin verilməsini xətdən ayırmaqla dayandıracaqları ilə hədələmişlər. İddiaçı tərəfindən fəaliyyətin davam etməsi üçün məcburiyyət qarşısında qalaraq, həmin gün 922 AZN ödəmişdir. 07.07.2020-ci il tarixində “Azərişiq" ASC-nin əməkdaşları A.Məmmədov və E.Yusifov, Şabran rayonu Gəndab kəndində yerləşən yeməkxana obyektində quraşdırılmış, istismar müddətini başa vurmuş ********** saylı sayğacda yük axınının qeyd olunmadığını müəyyən etmişlər. Sayğaca kənar müdaxilə olunmadığı və plombların da yerində olması birlikdə müşahidə olunmuşdur. Əməkdaşlar tərəfindən, NDQ №007572 saylı akt tərtib edilərək, nasaz sayğacın yenisi ilə əvəz edilməli olunduğu bildirilmişdir. Qeyri qanuni hesablanmış 2094.46 manat borc məbləğinin silinməsi üçün “Azərişiq" ASCnin "Şimal" RET və Sİ-nin Şabran EŞ-nə iddiaçı tərəfindən müraciət olmuşdur. İddiaçıya bildirilmişdir ki, iddaçı tərəfindən NDQ №007572 saylı aktı imzaladığı və artıq 922 manat ödənildiyi üçün borcu qəbul etmiş sayılır və qalan hissəsinin də tezliklə ödəməlidir. Halbuki, akt imzalanarkən iddiaçının hər hansı təqsirkar hərəkətinin olduğunu bildirməmiş, bu fakt sayğac yoxlanılarkən öz təsdiqini tapacağını bildirmişlər. İddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq bəndlərinə istinad edilməklə göstərilir ki, “Azərişiq" ASC-nin "Şimal" RETSİ Şabran EŞ-i tərəfindən özbaşınalıq nümayiş etdirilir. Hazırda qeyri-qanuni hesablanmış borcun qalan hissəsinin də ödənilməsi tələb edilir, əks halda yenə qanunsuz olaraq tezliklə elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən qanunsuz hesablanmış borc məbləği, bilavasitə Şabran EŞ-nin rəhbərliyinin təqsirkar və səhlənkar hərəkətləri nəticəsi olaraq hesablanmışdır. Belə ki, “Azərişiq" ASC-nin "Şimal" RETSİ Şabran EŞ-nin yarıtmaz fəaliyyətinə görə, istismar müddətini başa vurmuş sayğac dəyişdirilməmiş və nəticədə yük axımının qeyd edilməsi dayanmışdır. “Obyektdə quraşdırılan sayğac dövlət mülkiyyətidir və onun işlək vəziyyətdə olmasına “Azərişiq" ASC-nin "Şimal" RETSİ Şabran EŞ-i məsuliyyət daşıyır. Hal-hazırda Şabran EŞ-nin məsul şəxsləri özlərinin təqsirkar əməlləri və səhlənkar hərəkətlərini iddiaçının hesabına kompensasiya etmək istəyirlər. Daha sonra üçünçü şəxs X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 07.07.2020-ci il tarixli NDQ №007572 saylı aktın etibarsız hesab edilməsi, abonent kodu **********8 olan istehlak üçün qanunsuz hesablanmış və 16.07.2020-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqəsində qeyd olunan 1845.27 manat məbləğində istifadə olunmayan enerji borcunun ləğv edilməsi, üçüncü şəxs Ələskərov Məcnun Məmmədşərif oğlunun vəkil xidmətləri üçün ödədiyi 150 (yüz əlli) manat pul vasaitinin və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində “Elektrik enerjisindən istifadə Qaydaları”nın 6.1-ci bəndinə istinad edilməklə göstərilir ki, fiziki şəxs V.X5 X10 filialına müraciət edərək, "xxxx" ASC-nin "Şimal" RETSİ-nin əməkdaşının qeyri qanuni hərəkətləri, sahibkarlıq subyektində müvafiq icazəsi olmadan özbaşına apardığı yoxlama nəticəsində qanunsuz hesablanmış borcun silinməsinə yardım göstərilməsini xahiş etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin tələblərinə zidd olan akt tərtib olunarkən guya sayğaca hər hansı şəraitdə müdaxilə olunduğu görüntüsü də yaratmaq üçün qeydlər aparılmışdır. Mübahisəli sayğac X2 məxsus təsərrüfat subyektində quraşdırılmış və Şabran rayonunun Gəndov kendində yerləşən yanacaqdoldurma məntəqəsinin istifadəsindədir. Yanacaqdoldurma məntəqəsinin uzun illərdir ki, fəaliyyəti yoxdur. X6 Agentliyi Xaçmaz filialının cavab məktubunda göstərilir ki, "Toplamış materiallara əsasən məlum olmuşdur ki, 07.07.2020-ci il tarixində "xxxx" ASC-nin Nəzarət Departamentinin əməkdaşları tərəfindən elektrik sayğacının “A” fazasından axan yükü qeyd etmədiyi dövlət möhürlərində müdaxilə izlərinin olduğu və sayğacın üst qapağı örtüyünün gövdəyə birşlə.mə hissəsinə vurulmuş holoqramın kəsildiyi qeyd olnmaqla NDQ 007572 nömrəli akt tərtib edilmişdir. Həmin tarixdə obyetin elektrik sayğacı yenisi ilə əvəz edilmiş çıxarılan sayğac yoxlanması üçün laboratoriyaya göndərilmişdir. 13.07.2020-ci il tarixində elektrik sayğacı abonentin iştirakı təmin olunmadan laboratoriya şəraitində yoxlanılmış və nəticəsi 188843 nömrəli protokolla rəsmiləşdirilmişdir. Tərtib edilmiş protokolda sayğacın dövlət möhrünün normaı olması, sayğacın gövdəsinin üzərinə vurulmuş holoqramın kəsildiyi “A” və “B” fazası üzrə daxili qüsur nəticəsində xəta ilə az sərfiyyat hesablandığı qeyd olunmuşdur.” Məktubdan göründüyü kimi istehlakçının hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. Aktda qüsur kimi qeyd olunan əlamətlərin "xxxx" ASC-nin Nəzarət Departamentinin əməkdaşlarının qanunsuz hərəkətlərini sığortalamaq məqsədilə edilmişdir. İddia ərizəsinə məhkəmə isntansiyalarında baxılmasının yubadılması nəticəsində "xxxx" ASC-nin “Şimal” RETSİ-nin əməkdaşının və Şabran EŞ-nin qanunsuz hərəkətləri qarşısında İddiaçı istifadə olunmayan elektrik enerjisinə görə ödənişlər etməyə, obyektə enerjinin verilməsinin dayandırılması təhdidi ilə məcbur edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iddia ərizələrinin məzmununa uyğun izahat verərək onların təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Əhmədov iddia tələbini qəbul etməmiş və etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 07.07.2020-ci il tarixdə “Vüsal” YDM-ın uçot dəstinə baxış keçirilən zaman sayğacım “A” fazasından keçən yükü qeyd etməməsi, dövlət möhürlərində müdaxilə izlərinin olması halı aşkar edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq “Elektrik enerjisindən istifadə qaydalar”nın 8.17-ci bəndinin tələblərinin pozulması haqqında 07.07.2020-ci il tarixli, 007572 nömrəli akt tərtib edilmişdir. Aktın tərtibi zamanı həmçinin xəttən axan yük ampermaşa ilə ölçülmüşdür. Bu zaman faktiki olaraq xətdən 13,5 kv yük axmasına baxmayaraq sayğacın qeydə aldığı yük 6,7 kv olmuşdur. Bütün bu faktlar aktda öz əksinin tapmış, İddiaçı isə aktı imzalayaraq qeyd olunan faktların doğruluğunu təsdiqləmişdir. Etirazda qeyd olunanlara əsasən iddiaçının “EEİQ”-nin tələblərini açıq-aşkar pozduğu, onun öz vəzifələrini yerinə yetirməyərək hüquqlarından istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi nəzərə alınaraq, Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə istinad edilməklə iddiaçının iddia tələbinin hüquqdan sui-istifadə hesab edilməli olduğu göstərilmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası təmin edilməməli, üçüncü şəxs M.Ələskərovun iddiası isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. İş materiallarından görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yeməkxana binasının da elektrik enerjisini aldığı Şabran rayonu, Gəndov kəndi ərazisində ərazisində yerləşən yanacqdoldurma məntəqəsi elektrik enerjisi ilə təchiz edilmiş və həmin ünvana **********8 nömrəli abonent kodu verilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinin izahatına və “Abunə haqqında” məlumatın göstəricilərə əsasən müəyyən edilmişdir ki, “Vüsal” YDM 16.10.2004-cü il tarixdən **********8 nömrəli abunə kodu ilə qeydiyyata alınaraq, təchizatçı "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə təchiz olunur və 07.07.2020-ci il tarixli NDQ007572 nömrəli Akta əsasən hesablanmış cəmi 1845,27 manat məbləğində borc 16.07.2020-ci ildə abonent (istehlakçı) olaraq Ələskərov Məcnun Məmmədşərif oğluna məxsus “Vüsal” YDM-in abunə hesabına daxil edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı olan İddiaçı birbaşa olaraq cavabdeh "xxxx" ASC ilə müqavilə münasibətlərində olmadığından, eyni zamanda 07.07.2020-ci il tarixli NDQ007572 nömrəli aktı abonentin nümayəndəsi kimi imzaladığından, **********8 nömrəli abonent kodunun isə hazırkı iş üzrə müstəqil tələb irəli sürən üçünçü şəxs Ələskərov Məcnun Məmmədşərif oğluna məxsus “Vüsal” YDM-ə aid olduğundan İddiaçı 07.07.2020-ci il tarixli NDQ007572 nömrəli aktın etibarsız hesab edilməsi və 2094.46 manat məbləğində borcun ləğv edilməsinə dair tələb irəli sürməyə qanundan irəli gələn subyektiv hüququ yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilə bilməz. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Ələskərov Məcnun Məmmədşərif oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiasına gəldikdə isə, məhkəmə qeyd edir ki, üçüncü şəxsin mübahiələndirdiyi, məhkəməyə təqdim olunmuş 07.07.2020-ci il tarixdə tərtib olunmuş 005752 nömrəli aktda göstərilir ki, Şabran rayonu, Gəndov kəndi ərazisində istehlakçı “Vüsal” YDM-də Elektrik enerjisindən istifadə Qaydalarına riayət olunmasına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sayğac “A” fazasından keçən yükü qeyd etmir. Sayğacın dövlət möhürlərində (qurğuşun və stəkan) müdaxilə izləri vardır. Belə ki, dövlət möhürünün stəkanının sim keçən hissəsində (dəliklərdə) genişlənmə və cızıq izləri vardır. Dövlət möhür (qurğuşun) təzə vurulub, şəbəkəyə aid deyildir. Sayğacın üst qapaq örtüyünün gövdəyə birləşən hissəsinə ( sol tərəf) vurulmuş hollaqram kəsikdir. Ölçmə zamanı xətdən axan yüklər: İA=30,8A, İB=11,4A, İC=19,6A, Pjan=13,5 kvt, PSay=6,7 kvt qoyulmuş güc transformatora görə (Ppay) S=40 kva təşkil edir. Tələb: Sayğac elektron tipli sayğacla əvəz edilsin. Çıxarılan sayğac pdietlen torbaya qoyularaq, möhürlənsin və laboratoriya şəraitində dövlət möhürünə, hollaqramına, sayğacın daxilinə, alt qapar möhrünə rəy verilsin. Həmin akt "xxxx" ASC-nin 2 nümayəndəsi və abonentin nümayəndəsi kimi İddiaçı tərəfindən imzalanmışdır. “Abunə haqqında” məlumatdan olan göstəricilərə əsasən müəyyən olunur ki, 07.07.2020-ci il tarixli NDQ007572 nömrəli akta əsasən hesablanmış cəmi 1845,27 manat məbləğində borc 16.07.2020-ci ildə abonent (istehlakçı) olaraq “Vüsal” yanacaq doldurma məntəqəsinə aid abunə hesabına daxil edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs M.Ələsgərov qeyd edilən aktı yuxarıda göstərilən dəlillər gətirməklə mübahisələndirir və həmin akt əsasında hesablanmış borcun silinməsini xahiş edir. Cavabdehin nümayəndəsi yazılı etirazında aktın düzgün tərtib edildiyini göstərməklə həmin dəlilləri qəbul etmir və iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə hesab edir ki, M.Ələskərovun iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə əsasən istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının işləmə saatlarına görə Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Qeyd edilən normanın tələblərindən göründüyü kimi, qaydalar yalnız “istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda” enerjitəchizat müəssisəsi tərəfindən yenidən hesablaşma aparılmasın nəzərdə tutur. Bundan əlavə, qeyd edilən Qaydaların 7.6-cı bəndinin tələblərinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Hazırkı işdə, sayğaca labaroatoriya şəraitində istehlakçının iştirakı olmadan baxış keçririlmişdir, 07.07.2020-ci il tarixli NDQ007572 nömrəli aktda müəyyən edilmiş nöqsanların (sayğacın yükü qeyd etməməsi, sayğacın dövlət möhürlərində (qurğuşun və stəkan) müdaxilə izlərinin olması) məhz istehlakçı tərəfindən yol verilməsi isə hər-hansı mötəbər sübutla öz təsdiqini tapmır. Eyni zamanda, iş mariallarından olan 01.122020-ci il tarixli müraciətin araşdırılması haqqında məktubdan da görünür ki, 13.07.2020-ci il tarixində elektrik sayğacı laboratoriya şəraitində yoxlanmış və nəticəsi 188843 nömrəli protokolla rəsmiləşdirilmişdir. Tərtib edilmiş protokolda sayğacın dövlət möhürünün normal olması, sayğacın gövdəsinin üzərinə vurulmuş holaqramın kəsildiyi, “A” və “B” fazası üzrə daxili qüsur nəticəsində xəta ilə az sərfiyyat hesablandığı qeyd olunmuşdur. Elektrik sayğacında yaranmış daxili qüsur səbəbindən 17.07.2019-cu il tarixindən 16.07.2020-ci il tarixədək olan (354 gün) dövr üçün itirilmiş elektrik enerjisi 20503 kVt/s, dəyəri 1845 manat olmaqla hesabat aparılaraq 16.07.2020-ci il tarixində abonent hesabına əlavə edilmişdir. Eyni zamanda məktubda bildirilmişdir ki, sayğac quraşdırılmasına görə hesablanmış 138 manat məbləğ 04.11.2020ci il tarixində abonent hesabında silinmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh onun əməkdaşları tərəfindən tərtib edilmiş 07.07.2020-ci il tarixli NDQ007572 nömrəli aktın əsaslılığını sübuta yetirə bilməmişdir. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə üçüncü şəxsin irəli sürdüyü, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasına dair dəlilə münasibət bildirməklə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən obyektə baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etmədən baxış keçirilməklə qeyd edilən qanunla yanaşı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun, Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin və “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndinin də tələblərini də pozmuşdur. Belə ki, qeyd edilən normativ aktlar bütün növ yoxlamaların, o cümlədən də elektrik enerjisinin təchizatı sahəsində təbii inhisarçı olan "xxxx" ASC tərəfindən keçirilən baxışın 15.02.2011-ci il tarixli Fərmanla təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasının təmin edilməli olduğunu göstərir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, üçünçü şəxs M.Ələskərovun "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 07.07.2020-ci il tarixli NDQ №007572 saylı akt əsasında hesablanmış 1845.27 manat məbləğində borcun ləğv edilməsi hissəsində əsaslı olduğundan iddia həmin hissədə təmin olunmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, yuxarıda göstərilən səbəblərdən 07.07.2020-ci il tarixli NDQ007572 nömrəli akt üzrə hesablanmış borc məbləği silinməli olduğundan üçüncü şəxs M.Ələskərovun iddia tələbi həmin aktın etibarsız hesab edilməsinə dair hissədə təmin edilməməlidir. Bundan əlavə, M.Ələskərovun vəkil xidmətləri üçün ödənilmiş 150 (yüz əlli) manat pul vasaitinin cavabdehdən tutulması tələbinə dair hissədə də iddia tələbinin əsaslılığı müəyyən edilmədiyindən həmin hissədə də təmin olunmamalıdır. Belə ki, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə 14.06.2021-ci il tarixli, BPM********** saylı mədaxil qəbzi təqdim etsə də, həmin qəbzin əslini məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, qeyd edilən qəbzdə X9 tərəfindən Vəkil hesabına M.Ələskərova xidmət haqqı üçün 150 manat köçürüldüyü göstərilsə də, həmin xidmətin nədən ibarət olmasını və həqiqətən də Vəkil məhz hazırkı iş üzrə M.Ələskərova vəkil xidmətləri göstərilməsi üçün köçürülməsini müəyyən etmək mümkün olmamış, üçüncü şəxs, habelə onun nümayəndəsi Vəkil bunu təsdiq edən hər-hansı digər mötəbər sübutu da (müqavilə və s.) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, İddiaçı iddiası təmin edilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində iddiaçıya aid edilməlidir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs M.Ələskərovun iddia tələbi isə qismən təmin edildiyindən onun tərəfindən iddia ərizəsinın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Ələskərov Məcnun Məmmədşərif oğlunun iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 07.07.2020-ci il tarixli, NDQ 007572 nömrəli akt əsasında Ələskərov Məcnun Məmmədşərif oğluna (abonent kodu: **********8) hesablanmış 1845,27 (min səkkiz yüz qırx beş manat otuz iki qəpik) manat məbləğində borc silinsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Ələskərov Məcnun Məmmədşərif oğlunun iddiası qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Ələskərov Məcnun Məmmədşərif oğlu tərəfindən iddia ərizəsinın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Ələskərov Məcnun Məmmədşərif oğluna ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (ay) müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar