Məhkəmə qərarları › İş №2-2(119)-542/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-542/2023

20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-542/2023 20.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (VÖEN **********) 18 fevral 2021-ci ildə Cavabdeh (VÖEN **********) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7935 manatın və ödəniş gününün məzənnəsinə uyğun məbləğdə 94622 ABŞ dollarının İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi Şəmkir şəhərində yerləşən özünə məxsus “Şəmkir Electronics” mağazasında kompyuter avadanlıqlarının satışı ilə məşğul olmuş və Cavabdeh 2012-ci ildən tanımışdır. Cavabdeh ona demişdir ki, dayısı Azay Möhnətovun şirkəti üçün məişət avadanlıqları lazımdır və onlara lazım olan məişət avadanlıqlarını iddiaçının mağazasından almaq istəyir. Buna görə də o, 07 fevral 2018-ci ildə Bakı şəhərində Ulduz metrosunun yaxınlığında yerləşən “Çinar” zavodundan bir ədədi 335 manat olmaqla 140 ədəd soyuducu alıb, mədaxil qəbzləri ilə Elvinin göstərişi ilə Bakı şəhərinin Keşlə qəsəbəsində “köhnə ət kombinatı” adlanan ərazidəki saxlanc yerinə göndərtmişdir. 08 fevral 2018-ci il tarixdə isə Cavabdeh ondan bir ədədi 240 ABŞ dolları olmaqla 70 ədəd "İndesit" markalı 6 kiloqramlıq paltaryuyan maşınlarını mədaxil qəbzləri ilə Bakı şəhərinin Keşlə qəsəbəsində “köhnə ət kombinatı” adlanan ərazidəki saxlanc yerində qəbul etmişdir. 14 fevral 2018-ci il tarixdə isə Cavabdeh bir ədədinin qiyməti 228 ABŞ dolları olan "Zanussi ZVSG 710 İV" markalı 40 ədəd paltaryuyanı, bir ədədinin qiyməti 228 ABŞ dolları olan "Electrolux EMS 1064 NAU" markalı 30 ədəd paltaryuyanı, bir ədədinin qiyməti 255 ABŞ dolları olan "Zanussi 09 HP" markalı 50 ədəd kondisioneri və bir ədədinin qiyməti 285 ABŞ dolları olan "Zanussi 12 HP" markalı 40 ədəd kondisioneri mədaxil qəbzləri ilə Bakı şəhərinin Keşlə qəsəbəsində “köhnə ət kombinatı” adlanan ərazidəki saxlanc yerində qəbul etmişdir. Həmin malları gtötürdükdən sonra Elvin onunla əlaqə saxlayıb bildirmişdir ki, həmin mallara görə pulu 15 fevral 2018-ci il tarixdə verəcəkdir. Lakin, Cavabdeh verdiyi vədinə əməl edib, pulu vermədiyindən o, Elvinə zəng edib malların pulunu istədikdə, Elvin bildirmişdir ki, 140 ədəd televizor versə, ona olan bütün borcları ödəyəcəkdir. Bu söhbətdən sonra o, 06 mart 2018-ci il tarixdə Cavabdeh bir ədədinin qiyməti 178 ABŞ dolları olmaqla 140 ədəd "Vestel 132" markalı televizor göndərmiş və mədaxil qəbzi ilə Bakı şəhərinin Keşlə qəsəbəsində “köhnə ət kombinatı” adlanan ərazidəki saxlanc yerində Elvin özü həmin televizorları təhvil almış və həmin malların pulundan 06 mart 2018-ci il tarixdə 17000 manat və 16 mart 2018-ci il tarixdə isə 30000 manat pul ödəmişdir. Lakin, Elvin yuxarıda qeyd olunan məişət avadanlıqlarına görə pulu ödəməyərək, ona külli miqdarda maddi ziyan vurmuşdur. Cavabdeh ona hazırda 7935 manat və 94622 ABŞ dolları məbləğində borcu vardır və cavabdeh ondan götürülmüş malların dəyərini bu günə kimi ödəməmiş və nəticədə də külli midarda ziyan vurmuşdur. Həmin iddia ərizəsi üzrə qəbul edilmiş Şamaxı Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(074)-383/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Həmin mübahisəyə mahiyyəti üzrə baxmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(005)-3761/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi təmin edilərək, Cavabdeh 7935 manat məbləğində pulun, ödəniş gününün məzənnəsinə uyğun 94622 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(005)- 3761/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2023-cü il tarixli 2(103)- 1585/2023 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(005)-3761/2021 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair iş kommersiya mübahisəsi olaraq aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsində məhkəmə prosesi başlandıqdan sonra İddiaçı 26 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ABŞ dolları ilə tələb olunan pulun Azərbaycan manatı ilə hesablanaraq tələb olunması üçün, yəni tərəflər arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsinin şərtlərinə və həmin Müqavilədə nisyə alqı-satqının predmeti olan məişət avadanlıqlarının dəyərinin (qiymətinin) ABŞ dolları ilə deyil, Azərbaycan manatı ilə ifadə olunması ilə əlaqədar “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, Cavabdeh 7935 (yeddi min doqquz yüz otuz beş) manat və 143540 (yüz qırx üç min beş yüz qırx) manat olmaqla, cəmi 151475 (yüz əlli bir min dörd yüz yetmiş beş) manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə “7935 manat və 94622 ABŞ dolları ödəniş gününün məzənnəsinə uyğun məbləğdə pulun tutulması” barədə qətnamə qəbul edilməsini xalıiş etmişdir. İddiaçı hal-hazırda hesab edir ki, iddia tələbinini dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli “nisyə alqı-satqı” müqaviləsinin 1.2-ci bəndinə əsasən Cavabdeh tərəfindən götürülmüş mallar aşağıdakılardır: 1). “İndezit” markalı paltaryuyan - 70 ədəd x 408 manat = 28560 manat; 2). “Zanussi” markalı paltaryuyan - 70 ədəd x 388 manat = 27160 manat; 3). “Çinar” markalı soyuducu - 140 ədəd x 335 manat = 46900 manat; 4). “Elektrolux” markalı kondisioner - 9-luq 50 ədəd x 432 manat = 21600 manat; 5). “Zanussi” markalı kondisioner 12-lik 40 ədəd x 483 manat = 19320 manat. Bundan əlavə, Cavabdeh iddiaçıya 7935 manat borcu da var. Həmin borc dollarla götürdüyü malların manata nisbətdə olan fərqidir. İddia ərizəsində qeyd edilmişdir ki, Elvin tərəfindən iddiaçıya 06 mart 2018-ci il tarixində 17000 manat və 06 mart 2018-ci il tarixində 30000 manat pul verilmişdir. Buna münasibətdə bildirilir ki, qeyd edilən cəmi 47000 manat pul Cavabdeh hazırkı müqavilədən kənar verilmiş 140 ədəd “Vestel 132" markalı televizorların dəyəridir. Yəni, Elvinin 140 ədəd "Vestel 132” markalı televizorlara görə ödədiyi 47000 manat pulun 15 yanvar 2018-ci il tarixli Müqavilə üzrə onun öhdəliyinə heç bir aidiyyatı yoxdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53cü maddəsinin 01 oktyabr 2021-ci il tarixinədək qüvvədə olan mətninin tələblərinə görə, iddiaçı – “məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa” haqlı olmuşdur. Həmin maddənin mətnində dəyişiklik edilməsinin nəzərdə tutulduğu 09 iyul 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublıkası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinin tələblərinə görə bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş və bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Odur ki, hazırkı iş üzrə ilkin iddia ərizəsi ilə 18 fevral 2021-ci ildə məhkəməyə müraciət olunduğuna görə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə nəzərdə tutulan iddia tələbləri üzrə icraatın davam etdirilməsi yuxarıda qeyd olunan qanunvericilik normaları baxımından tam əsaslı və qanunidir. Belə olan halda isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin “hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması” tələbinə riayət edilərək, İddiaçı məhkəməyə təqdim etdiyi “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə qeyd olunmuş iddia tələbləri üzrə, yəni “Cavabdeh 7935 (yeddi min doqquz yüz otuz beş) manat və 143540 (yüz qırx üç min beş yüz qırx) manat olmaqla, cəmi 151475 (yüz əlli bir min dörd yüz yetmiş beş) manat pulun İddiaçı xeyrinə tutulması” barədə verilmiş iddia tələbi üzrə məhkəmə araşdırması davam etdirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə Cavabdeh tərəfindən 27 iyul 2023-cü ildə məhkəməyə “iddia tələbinə qarşı” yazılı Etiraz təqdim edilərək, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı tələbdə göstəridiyi qədər borcu yoxdur. Ona görə ki, Cavabdeh borcun böyük hissəsini qaytarmışdır və onun iddiaçıya cəmi 15000 (on beş min) manat borcu qalmışdır. Məhkəməyə təqdim edilən ödəniş qəbzləri ilə müəyyən olunur ki, Cavabdeh iddiaçıya müxtəlif vaxtlarda 17000 manat, 30000 manat, 48000 manat, 401,2 manat, 282 manat, 303 manat və 400 manat olmaqla, cəmi 96386,2 (doxsan altı min üç yüz səksən altı manat 20 qəpik) manat pul qaytarmışdır. Göstərilən məbləğlərdən də savayı Cavabdeh pul qaytarmış, lakin yaşadığı mənzildən köçdüyü üçün müəyyən qəbzləri bu günə kimi tapa bilməmişdir. Məhkəmə iclaslarında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahatlar verərək, iddianın təmin edilməsi və aralarında bağlanmış 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqısatqı” Müqaviləsi üzrə yaranmış 143540 manat məbləğində borcun və əlavə olaraq 7935 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və izahatlarında tələbini onunla əsaslandırdı ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi Şəmkir şəhərində yerləşən özünə məxsus “Şəmkir Electronics” mağazasında kompyuter avadanlıqlarının satışı ilə məşğul olmuş və bu sahibkarlıq fəaliyyəti zamanı məişət avadanlıqları satan firma və mağazalardan nisyə aidığı müxtəlif məişət avadanlıqlarını hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışı Cavabdeh nisyə vermişdir. Tanışı Cavabdeh isə həmin əşyaları satıb pulunu ona ödəməli idi. Bununla əlaqədar da onların arasında 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi bağlanmışdır. Həmin Müqavilə əsasında Cavabdeh “alıcı” olaraq ondan 70 ədəd “İndesit” markalı paltaryuyan, 70 ədəd “Zanussi” markalı paltaryuyan, 140 ədəd “Çinar” markalı soyuducu, 50 ədəd “Elektrolux” markalı kondisioner və 40 ədəd “Zanussi” markalı kondisioner olmaqla, cəmi 143540 manat məbləğində məişət avadanlıqlarını nisyə almış və Elvin həmin avadanlıqlara görə yaranmış ümumi borc məbləğini 2 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. O, həmin Müqavilə üzrə öhdəliyini yerinə yetirmək məqsədi ilə məişət avadanlıqlarının topdansatışı ilə məşğul olan “Electrolux” mağazalarından, "xxxx" QSC-dən və "xxxx" ASC-dən 15 yanvar 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan “İndesit”, “Zanussi”, “Electrolux” və “Çinar” markalı paltaryuyan maşınları, kondisionerləri və soyuducuları nisyə alıb, satılıb pulunun ödənilməsi üçün Cavabdeh təhvil vermişdir. Lakin, Elvin 15 fevral 2018-ci ildə həmin malların dəyərini tezliklə ödəyəcəyini vəd etsə də, öz vədinə əməl etməyərək müxtəlif bəhanələr gətirərək borcunu ödəməmiş və müqavilə öhdəliklərini yerinə yetirməmişdir. O, 2018-ci ilin mart ayında Elvindən borcunu tələb etikdə isə, sonuncu ondan televizorlar alıb ona verməyi və həmin televizorları satıb əldə olunan gəlir hesabına borcundan ödəniş edəcəyinə söz vermişdir. Buna görə də o, 06 mart 2018-ci ildə bir ədədi 178 ABŞ dolları olan 140 ədəd “Vestel 132” markalı televizoru nisyə götürüb Elvinin dediyi yerə göndərimişdir. Elvin isə həmin “Vestel 132” markalı televizorlara görə 06 mart 2018-ci il tarixdə 17000 manat və 16 mart 2018-ci il tarixdə isə 30000 manat pul ödəmişdir. Lakin, həmin ödənilən pul onların arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi əsasında almış olduğu mallara görə yaranmış 143540 manat məbləğində borcla heç bir əlaqəsi olmamışdır. Çünki, Elvinin 2018-ci ilin mart ayında ödəmiş olduğu cəmi 47000 manat məbləğində pul vəsaiti aralarında bağlanmış 15 yanvar 2018-ci il tarixli Müqavilə üzrə alınmış mallarla əlaqədar deyil, sonradan alınmış “Vestel 132” markalı televizorlara görə ödənilmişdir. Yəni, həmin 47000 manat məbləğində pul sonradan onun vasitəsi ilə başqa bir topdansatış firmasından, yəni “Optimal” mağazasından alınmış “Vestel 132” markalı televizorların dəyəri olmuşdur. Cavabdeh 15 yanvar 2018-ci il tarixli Müqavilə əsasında almış olduğu mallara görə yaranmış 143540 manat məbləğində borcunu ödəmədiyinə görə, onun da həmin avadanlıqları nisyə almış olduğu firmalara və mağazalara borcu yaranmış və Elvin borcunu ödəmədiyi üçün o, da həmin mağazaların borcunu ödəyə bilməmişdir. Buna görə də, həmin mağazalar tərəfindən də ona qarşı iddialar qaldırılmış və onun sahibkarlıq fəaliyyəti iflas olmuşdur. Bundan əlavə, müxtəlif işlərin görülməsi ilə əlaqədar təxminən 2012-ci ildən tanıdığı Cavabdeh ona əlavə olaraq 7935 manat məbləğində borcu da yaranmışdır ki, dəfələrlə tələb etməsinə baxmayaraq sonuncu həmin borcunu da ödəməkdən yayınmışdır. Buna görə də, o, Elvinin digər aldatdığı çoxsaylı insanlar kimi polisə şikayət etmişdir. Lakin, polisdə araşdırma aparılsa da, sonda bu mübahisənin mülki xarakterli olması əsası ilə müstəntiq tərəfindən cinayət işinə xitam verilmişdir. Məhkəmə iclaslarında İddiaçı nümayəndəsi Vəkil1 da iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara və iddiaçının izahatlarına uyğun izahatlar verərək, iddianın təmin edilməsi və satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi üzrə yaranmış 143540 manat məbləğində borcun və əlavə olaraq 7935 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə aparılan məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə baxış iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirib, “iddia tələbinə qarşı” yazılı Etirazda yazılanlara uyğun izahatlar verərək, izahatlarında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və bu fəaliyyəti ilə əlaqədar hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı müxtəlif məişət avadanlıqlarını nisyə alıb satdığını təsdiq edərək, həmin alqı-satqı üzrə onun İddiaçı təxminən cəmi 15000 manat məbləğində borcunun qaldığını və ondan iddiaçının xeyrinə cəmi 15000 manat məbləğinədək borcun tutulmasına etiraz etmədiyini bildirmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, o, aralarında bağlanmış 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi üzrə almış olduğu 143540 manat dəyərində mallara görə müxtəlif vaxtlarda İddiaçı 17000 manat, 30000 manat, 48000 manat, 401,2 manat, 282 manat, 303 manat və 400 manat olmaqla, cəmi 96386,2 manat məbləğində pul qaytarmışdır. Bunlardan əlavə o, həmin məbləğlərdən də savayı Natiqə müəyyən miqdarda pul qaytarsa da, yaşadığı mənzildən köçdüyü üçün müəyyən qəbzləri tapa bilməmişdir. Ona görə də, öz hesablamalarına görə onun Natiqə ödənilməmiş cəmi 15000 manat borcu qalmışdır və o, həmin borcun ödənməsindən boyun qaçırmır. Lakin, Natiq isə bununla razılaşmır və ondan 15 yanvar 2018-ci il tarixli Müqavilə üzrə 143540 manat məbləğində pul və əlavə olaraq 7935 manat məbləğində pul tələb edir. O, cavabdeh olaraq hesab edir ki, iddia tələbində qeyd olunan məbləğlərdə borcun ondan tələb edilməsi əsassızdır və ondan yalnız borclu qaldığı 15000 manat məbləğində borcun tutulması tələb oluna bilər. Məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi Nümayəndə da təmsil etdiyi cavabdehin mövqeyinə uyğun olaraq iddia tələbini qismən qəbul etdiyini bildirib, “iddia tələbinə qarşı” yazılı Etirazda yazılanlara və cavabdehin izahatlarına uyğun izahatlar verərək, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi üzrə ödənilməmiş təxminən cəmi 15000 manat məbləğində borcun Cavabdeh İddiaçı xeyrinə tutulmasına etiraz etmədiyini bildirmişdir. Qeyd etmək lazımdır ki, hazırkı kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsində aparılan məhkəmə araşdırması zamanı Cavabdeh və onun nümayəndəsi Nümayəndə məhkəmə baxış iclaslarında iştirak edib, izahatlarını verərək, sübutların tədqiqində iştirak etmiş olsalar da, onların razılığı ilə iş üzrə 20 dekabr 2023-cü il tarixinə saat 1530-a təyin edilmiş sonuncu məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh və onun nümayəndəsi Nümayəndə həmin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, həmin məhkəmə iclasında iştirak edən iddiaçı tərəfin mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı olmadan işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir (Cavabdeh nümayəndəsi Nümayəndə 20 dekabr 2023-cü ildə saat 1556-da (saat 1530-da başlanan məhkəmə baxış iclasının vaxtından 26 dəqiqə keçdikdən sonra) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, “məhkəmə iclasının təxirə salınmasını” xahiş etsə də, ərizədə hər hansı bir üzürlü səbəbin olmasını qeyd etməmiş və cavabdehin özünün və yaxud onun nümayəndəsinin məhkəmə iclasına gəlməməklərinin üzürlü səbəbdən olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir). Məhkəmə, proses iştirakçılarının izahatlarını, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Satıcı” - İddiaçı ilə “Alıcı” - Cavabdeh arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsinə əsasən Satıcı “əmlak” adlandırılacaq Müqavilənin 1.2-ci bəndində göstərilən əşyanı (avadanlığı) Alıcıya verməyi, Alıcı isə əşyanı qəbul edib bu Müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə Satıcıya müəyyənləşdirilmiş 143540 manat məbləğində pulu (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür (1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, əmlakın qiyməti və təsviri aşağıdakı kimidir: “İndesit” markalı paltaryuyan - 70 ədəd x 408 manat = 28560 manat; “Zanussi” markalı paltaryuyan - 70 ədəd x 388 manat = 27160 manat; “Çinar” markalı soyuducu - 140 ədəd x 335 manat = 46900 manat; “Elektrolux” markalı kondisioner - 9-luq 50 ədəd x 432 manat = 21600 manat; “Zanussi” markalı kondisioner - 12-lik 40 ədəd x 483 manat = 19320 manat; - cəmi 143540 manat. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, bu Müqavilə bağlanarkən Alıcı əmlakın ümumi məbləğini 2 ay ərzində ödəyib bitirməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Satıcı Alıcıdan təhvil verdiyi Əmlakın dəyərinin vaxtı-vaxtında ödənilməsini tələb etmək hüququna malikdir. Bu məqsədlə Satıcı ödənişlərin icra olunmasına müntəzəm olaraq nəzarət edir, ödəniş gecikdirildikdə bu barədə Alıcıya şifahi və ya yazılı xəbərdarlıq edir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, Alıcı əmlakın dəyərini vaxtı-vaxtında ödəməlidir, həmçinin Alıcı Əmlakın dəyərini vaxtından əvvəl də ödəyə bilər. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, bu Müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilir. Əks təqdirdə mübahisələrə Azərbaycan Redspublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmədə baxıla bilər. Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir. Həmin Müqavilənin 10.2-ci bəndinə əsasən, Satıcı və Alıcı bu Müqavilə üzrə götürdükləri bütün öhdəliklərini tam və vaxtında həyata keçirdikdən sonra bu müqaviləyə xitam verilə bilər. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müstəntiqinin 10 may 2019-cu il tarixli "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi" barədə qərarın mətnindən müəyyən olunur ki, İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış olduğu ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh əməlində dələduzluq cinayətinin tərkib əlamətləri istintaq materialları ilə sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmiş və mübahisənin mülki xarakter daşıması qeyd edilməklə, tərəflərə mülki icraat qaydasında aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(005)-3761/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində “tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin mövcud olması, həmin müqavilə üzrə götürülmüş malların bir qisminin dəyərinin ödənilməsi, hal-hazırda da malların dəyərinin hissə-hissə ödənilməsi və satış adı ilə İddiaçı götürdüyü malların bir qisminin satılaraq sonuncuya qısa zaman ərzində - 06 mart 2018-ci il tarixdə 17000 manat, 16 mart 2018-ci il tarixdə isə 30000 manat pul ödənildiyi” qeyd olunmuşdur. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı da müxtəlif müqavilə və müvafiq sənədlər əsasında 2018-ci ilin fevral ayının əvvəllərində "xxxx" ASC-dən, "xxxx" QSC-dən və "xxxx" MMC-dən müxtəlif saylarda “İndesit”, “Zanussi”, “Electrolux” və “Çinar” markalı paltaryuyanları, kondisionerləri və soyuducuları nisyə almış və aldığı malların pulunu ödəmədiyi üçün tərəflər arasında məhkəmə mübahisələri yaranmışdır (məsələn, iş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 10 iyun 2019-cu il tarixli e-2- 2(083)-264/2019 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı alqı-satqı müqaviləsi üzrə 46900 manat məbləğində borcun və Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 4690 manat zərərin əvəzinin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsinə əsasən satıcı İddiaçı tərəfindən ümumilikdə cəmi 143540 manat dəyərində olan 70 ədəd “İndesit” markalı paltaryuyan, 70 ədəd “Zanussi” markalı paltaryuyan, 140 ədəd “Çinar” markalı soyuducu, 50 ədəd “Elektrolux” markalı kondisioner və 40 ədəd “Zanussi” markalı kondisioner alıcı Cavabdeh nisyə satılmış və bu xüsusat məhkəmə araşdırması zamanı cavabdeh olaraq alıcı Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Yəni, hazırkı mübahisə üzrə 18 fevral 2021-ci ildən başlanmış məhkəmə prosesinin heç bir mərhələsində 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi və həmin Müqavilədə qeyd olunan məişət avadanlıqlarının nisyə alınması Cavabdeh tərəfindən mübahisələndirilməmiş və o, həmin xüsusatlara heç bir etiraz bildirməmişdir. Ona görə də, bu qeyd olunan hallar - işin mübahisəsiz halları kimi qiymətləndirilməlidir. Lakin, məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi üzrə nisyə alınmış 143540 manat dəyərində mallara görə ödənilməyən borcun miqdarı mübahisələndirilmiş və o, həm izahatlarında, həm də iddiaya qarşı vermiş olduğu yazılı “Etiraz”ında həmin Müqavilə əsasında baş tutmuş alqı-satqı üzrə cəmi 15000 manatadək ödənilməmiş borcunun qaldığını bildirərək, Sumqayıt Kommersiya Məhkəməsində 27 iyul 2023-cü ildə keçirilən məhkəmə baxış iclasında məhkəməyə əlyazma mətnlə “xx.xx.2018, X2 17000 AZN aldım, verən, Alan”, “xx.xx.2018, X2 30.000 AZN aldım, verən, Alan” və “X3 Natiqə verdim 48000 AZN, verən, Alan”(tarix yoxdur) yazılmış üç ədəd qeyr-standart kiçik kağız parçaları təqdim edərək, həmin kağızlardakı mətnin özü tərəfindən yazıldığını, “Alan” sözünün qarşısındakı imzaların isə İddiaçı məxsus olduğunu qeyd etmişdir. Bundan əlavə, həmin iclasda cavabdeh tərəfindən məhkəməyə 20 sentyabr 2018-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətində "Zolotoya Korona" hesabı ilə 401,2 (dörd yüz bir manat 20 qəpik) manat məbləğində pulun göndərilməsi barədə olan xəzinə mədaxil orderi, 11 mart 2019-cu ildə "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə 282 (iki yüz səksən iki) manat məbləğində pulun göndərilməsi barədə qəbz, 31 may 2018-ci ildə "xxxx" ASC-nin “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 303 (üç yüz üç) manat məbləğində pulun göndərilməsi barədə qəbz və 20 sentyabr 2018-ci ildə "Zolotoya Korona" sürətli pul köçürmə sistemi vasitəsilə 400 (dörd yüz) manat məbləğində pulun göndərilməsi barədə Qəbz təqdim olunmuşdur. Məhkəmə baxış iclasında İddiaçı isə Cavabdeh tərəfindən təqdim edilmiş həmin kağız parçalarından və orada olan yazılardan məlumatsız olduğunu, onların cavabdehin özü tərəfindən hazırlandığını və onları ilk dəfə gördüyünü bildirərək, məlum kağız parçalarında ona aid edilən imzaları mübahisələndirmiş və ona görə də, iddiaçı tərəfin vəsatəti əsasında qəbul edilmiş 27 iyul 2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 27 oktyabr 2023-cü il tarixli 4/1382 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 136-cı vərəqində olan 06 mart 2018-ci il tarixli qəbzdə, 137ci vərəqində olan 16 mart 2018-ci il tarixli qəbzdə və 138-ci vərəqində olan tarixsiz qəbzdə “Alan” sözünün qarşısındakı imzalar İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 136-cı vərəqində olan 06 mart 2018-ci il tarixli qəbzin, 137-ci vərəqində olan 16 mart 2018-ci il tarixli qəbzin və 138-ci vərəqində olan tarixsiz qəbzin əlyazma mətnləri və "Verən" sözünün qarşısındakı imzalar isə digər eyni şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı məhkəmə-xətşünaslıq ekspertizasının 27 oktyabr 2023-cü il tarixli 4/1382 nömrəli Ekspert rəyinin və pul məbləğlərinin verilməsi barədə tərtib edilmiş yuxarıda qeyd olunan məlum kağız parçalarının tədqiqi zamanı iddiaçı tərəf bildirmişdir ki, həmin kağız parçaları əvvəlcədən olmuş olsaydı, cavabdeh tərəf bu kağızları cinayət işinin 2019-cu ildə aparılan istintaqı zamanı müstəntiqə və yaxud, 18 fevral 2021-ci ildən mülki icraat qaydasında başlanmış mülki iş üzrə məhkəmələrə təqdim edə və ya apellyasiya şikayətində bu barədə qeyd edə bilərdi. Ola bilsin ki, Cavabdeh İddiaçı imzasını hansısa sənəddən əldə edib, yəni həmin imzanı hansısa müqavilədən kəsib götürüb, həmin “qəbzlər”i tərtib etmişdir. Elə həmin “qəbzlər”in yazılmış olduğu kağız parçaları və mətnlərin yazılışı da bunu təsdiq edir. Halbuki, İddiaçı tərəf olaraq həmin kağızlar olmadan da, məlum cinayət işinin istintaqı zamanı ifadəsində, eləcə də hazırkı iddia ərizəsində və məhkəmədə verdiyi bütün izahatlarında cavabdehin nisyə aldığı “Vestel 132” markalı televizorlara görə 06 mart 2018-ci il tarixdə 17000 manat və 16 mart 2018-ci il tarixdə isə 30000 manat pul ödədiyini və həmin ödənişlərin onların arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi əsasında almış olduğu mallara görə yaranmış 143540 manat məbləğində borcla heç bir əlaqəsi olmamışdır. Çünki, İddiaçı "xxxx" MMC-nin müdiri Əsgərov Əhəd ilə “Vestel” markalı televizorlara görə 06 mart 2018-ci il tarixli müqavilə imzalamış və Cavabdeh da “Vestel” markalı televizorlara görə 47000 məbləğində pulu alıb Əsgərov Əhədə vermişdir. Eyni zamanda, iddiaçı tərəf məhkəmə araşdırması zamanı cavabdeh tərəfin 27 iyul 2023-cü ildə təqdim etdiyi tarixsiz kağız parçasında qeyd olunmuş “48000 AZN” məbləğində pulu da heç bir vaxt almadığını, o cümlədən də Cavabdeh Bank vasitəsi ilə ona hər hansı bir pul ödənişləri etmədiyini və cavabdehin məhkəməyə təqdim etdiyi pul göndərilməsi barədə qəbzlərdə qeyd olunan pul məbləğlərinin ona verilmədiyini, İddiaçı heç vaxt "xxxx" ASC-də və "xxxx" ASC-də bank hesabı olmadığını və "xxxx" ASC-də isə 2019-cu ildən sonra bank hesabı açdırdığını bildirmişdir. Beləliklə də, yuxarıda qeyd olunanlarla və işin konkret hallarına əsasən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsinə əsasən satıcı İddiaçı tərəfindən “Electrolux” mağazalarından, "xxxx" QSC-dən və "xxxx" ASC-dən alınmış ümumilikdə cəmi 143540 manat dəyərində olan 70 ədəd “İndesit” markalı paltaryuyan, 70 ədəd “Zanussi” markalı paltaryuyan, 140 ədəd “Çinar” markalı soyuducu, 50 ədəd “Elektrolux” markalı kondisioner və 40 ədəd “Zanussi” markalı kondisioner 2018-ci ilin fevral ayının birinci yarısında və eyni zamanda, əlavə olaraq həmin Müqavilədə nəzərdə tutulmayan 140 ədəd “Vestel 132” markalı televizor isə "xxxx" mağazasından alınıb 06 mart 2018-ci ildə alıcı Cavabdeh nisyə satılmışdır. İşin bu xüsusatları məhkəmə araşdırması zamanı cavabdeh tərəf olaraq alıcı Cavabdeh tərəfindən mübahisələndirilməyərək, öz təsdiqini tapsa da, Cavabdeh məhkəmə iclaslarında 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi üzrə nisyə aldığı ümumilikdə 143540 manat dəyərində mallara görə ödənilməyən borcunun cəmi 15000 manat məbləğində olduğunu bildirərək, bununla bağlı Sumqayıt Kommersiya Məhkəməsində 27 iyul 2023-cü ildə keçirilən məhkəmə baxış iclasında məhkəməyə əlyazma mətnlə “xx.xx.2018, X2 17000 AZN aldım, verən, Alan”, “xx.xx.2018, X2 30.000 AZN aldım, verən, Alan” və “X3 Natiqə verdim 48000 AZN, verən, Alan”(tarix yoxdur) yazılmış üç ədəd qeyr-standart kiçik kağız parçaları və bunlardan əlavə, İddiaçı 20 sentyabr 2018-ci ildə "xxxx" ASC-də "Zolotoya Korona" hesabı ilə 401,2 manat məbləğində, 11 mart 2019-cu ildə "xxxx" ASC vasitəsilə 282 manat məbləğində, 31 may 2018-ci ildə "xxxx" ASC-nin “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 303 manat məbləğində və 20 sentyabr 2018-ci ildə "Zolotoya Korona" sürətli pul köçürmə sistemi vasitəsilə 400 manat məbləğində pulun göndərilməsi barədə Qəbzlər təqdim etmişdir. Lakin, məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş əlyazma mətnlə “xx.xx.2018, X2 17000 AZN aldım, verən, Alan”, “xx.xx.2018, X2 30.000 AZN aldım, verən, Alan” və “X3 Natiqə verdim 48000 AZN, verən, Alan”(tarix yoxdur) yazılmış üç ədəd kiçik kağız hissələrində qeyd olunan pul vəsaitlərinin və müxtəlif Bank hesablarından İddiaçı adı qeyd olunmaqla göndərilmiş pul məbləğlərinin alıcı Cavabdeh tərəfindən satıcı İddiaçı məhz 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi üzrə ödənilməsi təsdiq olunmamışdır. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, məlum kağız parçalarında “17000 manatın” və “30000 manatın” alınması barədə məlumatlar yuxarıda təsvir olunan işin hallarından da görünür ki, hələ cavabdeh tərəfindən bu “kağızda olan qeydlər” təqdim edilmədən əvvəl, yəni bu mübahisənin hüquqmühafizə orqanlarında 2019-cu ildən, məhkəmədə isə 18 fevral 2021-ci ildən başlandığı dövrdən iddiaçı tərəf “cavabdehin nisyə aldığı “Vestel 132” markalı televizorlara görə 06 mart 2018-ci il tarixdə 17000 manat və 16 mart 2018-ci il tarixdə isə 30000 manat pul ödədiyini və həmin ödənişlərin onların arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi əsasında almış olduğu 70 ədəd “İndesit” markalı paltaryuyan, 70 ədəd “Zanussi” markalı paltaryuyan, 140 ədəd “Çinar” markalı soyuducu, 50 ədəd “Elektrolux” markalı kondisioner və 40 ədəd “Zanussi” markalı kondisionerə görə yaranmış 143540 manat məbləğində borcla heç bir əlaqəsi olmaması” barədə məlumat vermişdir. Bundan əlavə, cavabdehin təqdim etdiyi məlum “qəbzlər”in tərtibat xüsusiyyətləri, həmin kağız parçalarının formaları, mətnləri və yuxarıda təsvir edilən işin digər halları da onların hazırkı mübahisə üzrə, yəni “15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi üzrə tələb olunan 143540 manat məbləğində borcun tələb olunması” mübahisəsi üzrə mötəbər sübut kimi qəbul edilməsini istisna edir və məlum ödənişlərin bu Müqavilə üzrə ödənilməsini təsdiq etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda təsvir olunanlardan görünür ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı (satıcı) İddiaçı (VÖEN **********) hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh (alıcı) Cavabdeh (VÖEN **********) 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi üzrə 143540 (yüz qırx üç min beş yüz qırx) manat dəyərində məişət əşyalarını satmış olsa da, alıcı Cavabdeh tərəfindən həmin əşyaların dəyəri satıcı İddiaçı ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında baş tutmuş yuxarıda qeyd olunan kommersiya xarakterli münasibətlər üzrə, yəni 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi üzrə 143540 (yüz qırx üç min beş yüz qırx) manat məbləğində borcun qaytarılmalı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Lakin, məhkəmə araşdırması zamanı iddia tələbi “7935 (yeddi min doqquz yüz otuz beş) manat pulun iddiaçıya ödənilməsinin” tələb olunmasının əsaslılığı müəyyən edilməmiş və bu hissədə iddia tələbi iddiaçı tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi üzrə 143540 (yüz qırx üç min beş yüz qırx) manat məbləğində borc İddiaçı (VÖEN **********) xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti də Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 15 yanvar 2018-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı” Müqaviləsi üzrə 143540 (yüz qırx üç min beş yüz qırx) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 143570 (yüz qırx üç min beş yüz yetmiş) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar