Məhkəmə qərarları › İş №2-2(119)-91/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-91/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-91/2020 10.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı “İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Saniyev Fuad Nadir oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 273 (iki yüz yetmiş üç) manat əsas borc, 171,99 (bir yüz yetmiş bir manat 99 qəpik) manat cərimə və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 464,99 (dörd yüz altmış manat 99 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş “İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması" Qaydalarına müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli 590-L/12 nömrəli müqaviləyə əsasən sonuncu tərəfindən ümumi dəyəri 3000 (üç min) manat olan kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Lakin, cavabdeh həmin Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi müvafiq qaydada yerinə yetirməmiş və həmin müqavilə əsasında tərtib edilmiş Ödəniş qrafiki üzrə cavabdeh tərəfindən cəmi 2727 (iki min yeddi yüz iyirmi yeddi) manat ödəniş edilmişdir. Ödəniş qrafiki üzrə ödənişlər lazımi qaydada aparılmadığı üçün Lizinq müqaviləsi üzrə cavabdehin 273 (iki yüz yetmiş üç) manat əsas borcu və həmin Müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə olaraq 171,99 (yüz yetmiş bir manat 99 qəpik) manat borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 273 manat əsas borc, 171,99 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 464,99 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, “Lizinq verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli 590-L-12 nömrəli “İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” müqaviləyə əsasən “Lizinq alan” Cavabdeh bir ədəd kənd təsərrüfatı texnikası (“AGTT-1000” markalı ventilyatorlu çiləyici) lizinqə verilmişdir. “Lizinq alan” Cavabdeh (cavabdeh) həmin Müqaviləyə əsasən tərtib edilmiş Ödəniş qrafiki üzrə ödəməli olduğu 3000 (üç min) manat ödənişdən cəmi 2727 (iki min yeddi yüz iyirmi yeddi) manat ödəniş etmiş, 273 (iki yüz yetmiş üç) manat məbləğində lizinq ödənişini isə etməmişdir. 273 (iki yüz yetmiş üç) manat məbləğində ödənilməmiş lizinq ödənişinə görə iddiaçı tərəfindən məlum Müqavilənin 4.2-ci bəndinə əsasən 171,99 (yüz yetmiş bir manat 99 qəpik) manat məbləğində cərimə hesablanmışdır. Tərəflər arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli 590-L-12 nömrəli “İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” müqavilənin “Lizinq ödənişləri” adlanan 4-cü hissəsinə əsasən “Lizinq alan Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə № 1) uyğun olaraq ödənişləri həyata keçirir” (4.1-ci bənd) və “Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir” (4.2-ci bənd). İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş Maliyyə Arayışında göstərilir ki, xx xxxxx 2012-ci il tarixli 590-L-12 nömrəli müqavilə üzrə ödənilməli olan 3000 (üç min) manat müqavilə məbləğindən qrafik üzrə cəmi 2727 (iki min yeddi yüz iyirmi yeddi) manat məbləğində ödəniş edilmiş və Lizinq alanın Müqavilə üzrə 273 (iki yüz yetmiş üç) manat gecikdirilmiş borc və həmin borca hesablanmış 171,99 (yüz yetmiş bir manat 99 qəpik) manat cərimə olmaqla, cəmi 444,99 (dörd yüz qırx dörd manat 99 qəpik) manat məbləğində maliyyə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi ilə əlaqədar bağlanmış xx xxxxx 2012-ci il tarixli 590-L-12 nömrəli müqavilə üzrə Cavabdeh 273 (iki yüz yetmiş üç) manat məbləğində əsas borcu yaranmış və iddiaçı tərəfindən həmin borca görə müqavilə şərtlərinə uyğun olaraq 171,99 (yüz yetmiş bir manat 99 qəpik) manat məbləğində cərimə hesablanmışdır. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxxx 2012-ci il tarixli 590-L- 12 nömrəli Müqavilə üzrə 273 (iki yüz yetmiş üç) manat məbləğində əsas borcun və 171,99 (yüz yetmiş bir manat 99 qəpik) manat məbləğində cərimənin Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və 273 manat əsas borc və 171,99 manat cərimə olmaqla, cəmi 444,99 manat məbləğində pul vəsaiti Cavabdeh (VÖEN **********) iddiaçı “İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 20 (iyirmi) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 273 (iki yüz yetmiş üç) manat əsas borc, 171,99 (yüz yetmiş bir manat 99 qəpik) manat cərimə və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 464,99 (dörd yüz altmış dörd manat 99 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar