Məhkəmə qərarları › İş №2-2(121)-1320/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1320/2024

13.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-1320/2024 13.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh1 ASC-nə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC tərəfindən sudan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli 601915 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 6192 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ASCnin 4 saylı Regional Sukanal İdarəsinin rəisi F.Mirzəyev tərəfindən onun barəsində sudan istifadə qaydalarının pozulması haqqında 601915 saylı akt tərtib edilmişdir. Qeyd olunan akt asında dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə 360 gün ərzində 6192 kub metr su sərfiyyatına görə 6192 manat cərimə hesablanmışdır. Qeyd olunan akt qanunsuz və əssızdır. Aktda qeyd olunmuşdur ki, o, Sabirabad şəhəri, H. Əliyev prospekti 48 ünvanında yerləşən qeyri yaşayış binası üçün 32 mm-lik boru ilə su şəbəkəsinə qanunsuz qoşulmuşdur. Onlar vaxtı-vaxtında istifadə etdikləri suyun pulunu ödəmişlər. Buna baxmayaraq onlara əsassız olaraq 6192 manat cərimə yazılmışdır. Odur ki, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmənin 04 iyul 2024-cü il tarixində keçirilən iclasında protokol-qərardadla iş üzrə Cavabdeh1 ASC onun hüquqi varisi Cavabdeh2 publik hüquqi şəxslə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sudan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, 601915 saylı aktdan görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti 48 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərən su sayğacına baxış zamanı 32 mm-lik boru ilə su şəbəkəsinə qanunsuz qoşulma müəyyən edilmişdir. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, xx.xx.2023-cü il tarixli, 601915 nömrəli akta əsasən Sabirabad şəhəri, H.Əliyev prospekti 48 ünvanında ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərən su sayğacında yaranmış qüsurlarla bağlı itirilmiş suyun həcmi 6192 m3 müəyyən edilmiş və su itkisinə görə 6192 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi və İddiaçınun su resurslarını talayaraq 6192 manat məbləğində maddi ziyan vurması xüsusatı üzrə əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmasından imtina edilməsi qərara alınmışdır. Beləliklə iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, qeyd olunan aktda abonent tərəfindən hər-hansı qanunsuz hərəkətə yol verilməsi, kənar xəttin qoşulması, sayğaca müdaxilə edilməsi, enerji itkisinə yol verilən və digər neqativ halların aşkar edilməsinə dair hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda isə abonentin təqsiri olmadan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 601915 saylı akta əsasən iddiaçıya 6192 manat borcun hesablanmasını məhkəmə əsassız hesab edir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən, hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməməsinin qarşısının alınmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.1-ci bəndinə əsasən, balansında olan su qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayrılmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsinin (bundan sonra – STKM) vəzifəsidir. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, STKM-nin STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. Həmin Qaydaların 8.6-cı bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayrılmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. "X1 Xidməti"-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri, H. Əliyev prospektində 48 ünvanında yerləşən qeyri-yaşayış binaslna xidmət göstərən su sayğacına baxış zamanı 32 mm-lik boru ilə su şəbəkəsinə qanunsuz qoşulma müəyyən edilməsi, həmin qanunsuz müdaxilənin ləğv edilməsi barədə 601915 nömrəli akt tərtib edilmişdir. Sonradan 6192 manat məbləğində borc abonent hesabına əlavə olunmuş və bununla da 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.1-ci bəndinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə şərh olunanlarla yanaşı müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisə su təchizatı müəssisəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent arasında sudan istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş 601915 saylı aktdan göründüyü kimi cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilmiş və yoxlamanın (baxışın) nəticələri xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmişdir. Daha sonra isə həmin aktın məlumatları əsas götürülməklə iddiaçıya 6192 manat məbləğində borc hesablanmışdır. İddiaçının obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış sudan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 20.1-20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə bir daha qeyd edir ki, cavabdehin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma su sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər, lakin bu hal iş materiallarında öz təsdiqini tapmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh2 publik hüquqi şəxs tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli, 601915 saylı akt əsasında hesablanmış 6192 manat məbləğində borc İddiaçı hesabından (abonent kodu 680128) silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli 601915 nömrəli akta əsasən hesablanmış 6192 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar