Məhkəmə qərarları › İş №2-2(121)-1760/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1760/2023

04.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-1760/2023 04.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi, borcun əsassız hesab edilməsi və abonent hesabından silinməsi tələbinə dair iddiası üzrə mülki iş materiallarını Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı – İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDQ 015425 nömrəli aktın ləğv edilməsi, 3806,22 (üç min səkkiz yüz altı manat, 22 qəpik) manat borcun əsassız hesab edilməsi, həmin borcun abonent hesabından silinməsini cavabdehə həvalə edilməsi və əsassız borcdan ödənilmiş 300 (üç yüz) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-798/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və borcun əsassız hesab edilərək abonent hesabından silinməsi tələbinə dair iddiası üzrə 2(032)- 798/2023 saylı mülki işin baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hazırki işin kommersiya mübahisəsi olması ilə bağlı Şirvan Şəhər Məhkəməsinin mövqeyi ilə razılaşmadığından hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi tərəfindən məsələyə münasibət bildirilməsi zəruridir. Belə ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-798/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, hazırki mübahisə xarakter etibarı ilə məhz kommersiya fəaliyyəti ilə məşğul olan obyektin bir istehlakçı kimi hüquqlarının müdafiəsi və kommersiya fəaliyyəti çərçivəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış elektrik enerjisinin alqı-satqısına dair müqavilədən irəli gələn münasibətlərdən doğan mübahisədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı vergi ödəyicisi olaraq vergi orqanlarında qeydiyyatdan keçmədiyindən həm subyektiv tərkib, həm də hüquq münasibətinin xarakteri baxımından hazırki mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxıla bilməz. Belə ki, iş materiallarından görünür ki, İddiaçı (FİN xxxxxxx) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi, borcun əsassız hesab edilməsi və abonent hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. İşdə olan sənədlərdən, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan və internet vergi idarəsinin rəsmi internet səhifəsindən görünür ki, hazırki iş üzrə İddiaçı vergi ödəyicisi olaraq vergi orqanlarında qeydiyyatdan keçməmiş və onun barəsində vergi məlumatları aşkar edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, subyektiv tərkib baxımından işin kommersiya mübahisəsi kimi baxılması mümkün deyildir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4-cü və 34-cü maddələrində müəyyənləşdirilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin Qərarın 11-ci bəndinə əsasən, Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, subyektiv tərkib baxımdan hazırki mübahisənin kommersiya mübahisəsi olmaması ona yuxarıda göstərilən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normalarında və Ali Məhkəmənin Plenumunun adı çəkilən Qərarında formalaşmış hüquqi mövqeyə əsasən kommersiya məhkəməsində baxılmasını istisna edir. Bundan başqa, yuxarıda qeyd edilən Plenum Qərarının 27-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini qanunvericiliyə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati, habelə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız iki halla məhdudlaşacaqdır. Həmin hüquqi mövqelərdən aydın olur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin ümumi məhkəmələrin səlahiyyətinə aid edilməsinin səbəbi belə mübahisələrin məhz fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır. Belə ki, iş materiallarında olan xx/xx-2159 nömrəli xx.xx.2015-ci il tarixli texniki şərtdə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən obyektə ticarət obyekti kimi elektrik enerjisi ilə təchiz olunması qeyd olunmuşdur. İş materiallarında olan “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli 006009 nömrəli, 05 oktyabr 2015-ci il tarixli müqaviləsindən görünür ki, İddiaçı müqavilə üzrə məişət abonenti olaraq tanınmış və məişət abonentinə aid şərtlər daxilində Mehmandarov küçəsində yerləşən qeyriyaşayış sahəsinə elektrik enerjisinin verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, NDQ 015425 nömrəli aktda istehlakçı İddiaçı fəaliyyət növü xidmət göstərilməklə kafe, moyka fəaliyyəti ilə məşğul olması qeyd edilmişdir. İş materiallarında olan İddiaçı aid abunə haqqında məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixli, NDQ015425 nömrəli akt əsasında 3.806,22 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********552300 saylı məktubunda qeyd edilmişdir ki, X2 (VÖEN:**********) xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi ödəyicisinə məxsus vergi orqanında qeydiyyatda olan Şirvan şəhəri, Mehmandarov küçəsində yerləşən, adı “Avtoyuma”, əsas fəaliyyət növü “Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” olmaqla fəaliyyəti dayandırılmış vəziyyətdə olan 1(bir) təsərrüfat obyekti vardır. Vergo ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tariədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarında olan sənədlərdən X1 vergi orqanında qeydiyyatdan keçdiyi müəyyən olunsa da həmin şəxs hazırki mübahisə üzrə tərəf deyildir. İş üzrə İddiaçı olmaqla yanaşı, eyni zamanda Şirvan şəhəri, Mehmandarov küçəsində yerləşən 28 nömrəli qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsinə dair bağlanmış 006009 nömrəli, 05 oktyabr 2015-ci il tarixli müqavilənin tərəfi olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə "xxxx" ASC arasında olan hazırki mübahisəni kommersiya və ya qanuni sahibkarlıq fəaliyyəti nəticəsində yaranmış mübahisə olaraq qiymətləndirmək doğru deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Odur ki, məhkəmə, hazırki mübahisə üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37.2, 261, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi, borcun əsassız hesab edilməsi və abonent hesabından silinməsi tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar