Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-2143/2024 31.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – 2020-ci ilin sentyabr ayından 2023-cü ilin may ayınadək bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etdiyi üçün 554.240 manat məbləğində dəymiş ziyanın və 861,56 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə (hazırki adı İddiaçı ASC) cavabdeh arasında bağlanan xx.xx.2013-cü il tarixli lizinq müqaviləsinə əsasən lizinq obyekti müvəqqəti sahiblik və istifadə üçün sonuncuya lizinqə verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1773502,21 manat əsas, 1207943,56 manat faiz, 500 manat cərimə olmaqla, cəmi 2981945,77 manat borcun, 30 manat dövlət rüsumunun tutulması və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının boşaldılaraq banka təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, faiz borcu hissəsində 1111783,82 manat, ümumi borc 2885786,03 manat müəyyən edilmiş, həmçinin ekspertiza dəyərinin qiyməti tərəflər 336 manatın cavabdehdən, geri qalan məbləğin iddiaçıdan tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, məhkəmə qərarı əsasında qeyri-yaşayış sahəsinin boşaldılaraq, banka təhvil verilməsi qət edilmişdir. Lakin buna baxmayaraq 2020-ci ilin sentyabr ayından 2023-cü ilin may ayınadək cavabdeh bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə verməyə davam etmişdir. Həmin dövr üçün bir aylıq icarə haqqı 17.320 manat olmasını nəzərə alaraq banka 554.240 manat məbləğində ziyan vurulmuşdur. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən tərtib edilmiş 001-25/11/NR/22 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən, 1732.20 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 2020-ci ilin sentyabr ayından 2023-cü ilin may ayınadək orta aylıq icarə haqqı 17.320 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tələb olunan borc məbləğini ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən, 2020-ci ilin sentyabr ayından 2023-cü ilin may ayınadək cavabdehin bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə verdiyi və istifadə üçün 554240 manat məbləğində dəymiş ziyanın Cavabdeh tutulması barədə qətnamə çıxarılmalıdır. Cəbrayıl Rayon Məhkəməsin xx.xx.2024-cü il tarixli 2(072)-30/2024 saylı qərardadına əsasən, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının namyəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, lizinqverən "xxxx" İKB ASC ilə lizinqalan Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə 01 saylı daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, lizinqverən lizinqalan tərəfindən seçilmiş və bu müqaviləyə “əlavə 2”də qeyd olunmuş, ətraflı təsviri verilmiş X2 məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinqalanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Əmlak lizinqalana lizinqverən tərəfindən 84 ay müddətinə, lizinqə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1732.2 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası "xxxx" İKB ASC-nin mülkiyyətindədir. İş materiallarından görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-12/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə 1.773.502.21 manat əsas 1.207.943,56 manat məbləğində faiz borcu, 500 manat penya borcu, cəmi 2.981.945.77 manat və 30 manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 200 manat məbləğində vəsaitin Cavabdeh dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-935/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsinin, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(010)-12/2020 saylı qətnaməsi 1.207.943,56 manat faiz borcunun, cəmi 2.981.945,77 manatın tutulması hissələrində dəyişdirilməsi, faiz borcu 1.111.783,82 manat, cəmi məbləğin 2.885,786,03 manat müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri ilə bağlı hissədə qətnamənin dəyişdirilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 350 manatın 336 manatı Cavabdeh, 14 manatı İddiaçı ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÕEN **********, Müxbir hesab AZ41NAB013601**********3944 hesaba keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4223/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-935/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2023cü il tarixli məktubunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 935/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh yeri məlum olmadığından axtarış aparılması haqqında qərar qəbul olunaraq, icra olunması üçün Cəbrayıl rayon Polis şöbəsinə göndərilmişdir. Hal-hazıradək borclu saxlanılmadığından və tələbin könüllü icrası haqqında bildirişin verilməsi mümkün olmadığından icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. İşə əlavə edilmiş Bakı şəhər Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-935/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata qəbul edilmişdir. İş üzrə borclu Cavabdeh yeri məlum olmadığından xx.xx.2023-cü il tarixdə borclunun axtarış aparılması haqqında qərar qəbul olunaraq, icra olunması üçün polis orqanına göndərilmiş, xx.xx.2023-cü il tarixdə barəsində axtarış işi açılmışdır. Halhazıradək borclunun saxlanılaraq icra şöbəsinə təhvil verilməsi mümkün olmadığından icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə icarə haqqı borcunun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 001-08/05-MY/23 saylı “əmlakın icarə dəyərinin qiymətləndirilməsi” barədə rəyindən görünür ki, bazar araşdırması metodundan istifadə etməklə aparılmış qiymətləndirmə əsasında, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 4 ünvanında ümumi sahəsi 1732.2 kv.m olan əmlaklar araşdırılmışdır. Qeyd olunan dövr üçün orta qiymət 1 kv.m üçün 10 manat müəyyən edilmişdir. Göstərilən qeyri-yaşyış obyekti üzrə ümumi sahəsi 1732,2 kv.m olan şadlıq sarayının hər kvadratmetri üçün 10 manatdan nəzərdə tutulmaqla aylıq 17.320 manat hesablanmışdır. Beləliklə qeyd olunan 2020-ci il in sentyabr ayından 2023-cü ilin may ayınadək 32 ay üzrə hesablanmışdır və ümumilikdə 554.240 manat məbləğində təşkil edir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 22/QYB/24 saylı “əmlakın icarə dəyərinin retrospektiv qiymətləndirilmə” rəyindən (hesabatından) görünür ki, xx.xx.2024-cü il tarixinə ünvan 4 ünvanında ümumi sahəsi 1732.2 kv.m olan qeyri-yaşayış binasının 2020-ci il in sentyabr ayından 2023-cü ilin may ayınadək ümumi icarə dəyəri 370.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9667 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binasının (həmin qeyri-yaşayış binasının 866 kv.m, zirzəmi sahəsi istisna olmaqla) aylıq icarə haqqının orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. 2022-ci il üzrə 8500 manat, 2023-cü il üzrə 9000 manat. 2020-2021-ci il üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı ölkə daxilində tədqiq olunan toy, yas mərasimləri və digər kütləvi toplantıları qadağan etdiyindən, həmin illər üzrə aylıq icarə haqqı müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, araşdırma nəticəsində X2 (FİN: 2PJ4FDC) məxsus ünvan 6 ünvanda yerləşən “X10” adlı təsərrüfat obyektində icarə müqaviləsi əsasında fərdi sahibkar X3 (obyekt kodu: **********-19002), obyektin zirzəmisində yerləşən “İdman zalı” adlı təsərrüfat obyektində isə fərdi sahibkar X5 (obyekt kodu: **********-19002) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Beləliklə işin həqiqi halları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" İKB ASC ilə (hazırki adı İddiaçı ASC) cavabdeh arasında bağlanan xx.xx.2013-cü il tarixli lizinq müqaviləsinə əsasən lizinq obyekti olan qeyri-yaşayış sahəsi müvəqqəti sahiblik və istifadə üçün 84 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Qeyd edilən müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Qanuni qüvvədə olan məhkəmə akt(lar)ına əsasən əsasında qeyri-yaşayış sahəsinin boşaldılaraq, banka təhvil verilməsi qət edilmişdir. Lakin buna baxmayaraq 2020-ci ilin sentyabr ayından 2023-cü ilin may ayınadək cavabdeh bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə verməyə davam etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd edilən Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göstərilən Məcəllənin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki,qeyd edilən lizinq müqaviləsinin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olduğundan, bundan sonra tərəflər arasında hər hansı bir müqavilə bağlanmadığından, iddiaçı göstərilən vəsaiti cavabdehdən tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, lizinq müqaviləsinin müddətinin bitməsinə və qanuni qüvvədə olan məhkəmə akt(lar)ına əsasən əsasən qeyri-yaşayış sahəsinin boşaldılaraq, banka təhvil verilməli olmasına baxmayaraq hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan 2020-ci ilin sentyabr ayından 2023-cü ilin may ayınadək cavabdeh bankın mülkiyyətində olan qeyriyaşayış sahəsini icarəyə verdiyindən, bununla da cavabdeh əsassız varlandığından, iddiaçı qeyd edilən tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, qeyd edilən qeyri-yaşayış binasının aylıq icarə haqqının orta bazar qiyməti 2022-ci il üzrə təxminən 8500 manat, 2023-cü il üzrə 9000 manat olması müəyyən edilmişdir. Lakin, 2020-2021-ci il üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı ölkə daxilində tədqiq olunan toy, yas mərasimləri və digər kütləvi toplantıları qadağan etdiyindən, həmin illər üzrə aylıq icarə haqqı müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İş materiallarında olan qiymətləndirmə rəylərində göstərilən icarə haqqı məbləğləri həddindən artıq şişirdilmiş şəkildə göstərildiyindən, məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, 2022-ci il üzrə 12 ay (2022-ci ilin yanvar ayından 2023-cü ilin dekabr ayına qədər) ərzində 8500 manat olmaqla 102.000 manat, 2023-cü il üzrə 5 ay (2023-ci ilin yanvar ayından 2023-cü ilin may ayına qədər) ərzində 9000 manat olmaqla 45.000 manat, cəmi 147.000 manat (yəni, 102.000 + 45.000 = 147.000 manat) pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 2020-2021-ci il üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı ölkə daxilində tədqiq olunan toy, yas mərasimləri və digər kütləvi toplantıları qadağan etdiyindən, həmin illər üzrə aylıq icarə haqqı müəyyən etmək mümkün olmadığından, bununla da iddia tələbinin qalan hissəsi hər hansı bir mötəbər sübutla sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 861,56 manat dövlət rüsumunun 437 manatı (yəni, 147.000 manata münasibətdə) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 147.000 manat məbləğində pul vəsaiti və 437 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-2143/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-2143/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver