Məhkəmə qərarları › İş №2-2(121)-236/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-236/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-236/2020 17.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 1.250 manat əsas borc, 1.000 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi 2.280 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 14.970 manat əsas borcun, 12.534 manat cərimə borcunun, 30 manat dövlət rüsumunun, cəmi 27.534 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, xx xxxxxxx 2010-cu il tarixli, 509-L/10 saylı və xx xxx 2011-ci il tarixli, 692-L/11 saylı müqavilələrin ləğv edilərək lizinq obyekti olan 1 ədəd Belarus-892 markalı traktorun, 1 ədəd AG-14-4 markalı kotanın və 1 ədəd AGSD -24 markalı taxılsəpənin saz vəziyyətdə geri alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə veilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2010-cu il tarixli, 509-L/10 saylı və xx xxx 2011-ci il tarixli, 692-L/11 saylı müqavilələrə əsasən 3 ədəd kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Borclu üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, həmin texnikalara görə Cəmiyyətin hesabına 13.540 manat ödəniş edilmişdir. Müqavilə üzrə 1.250 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 1.000 manat borcu qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki? bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən borclu lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da o, İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tütülmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Borcluya öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixində keçirilən iclasında iddiaçının nümayəndəsi M.Camalov məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, 3.267 manat əsas borcun, 200 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 3.497 manat pulun Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın həcminin azaldılması barədə iddiaçının nümayəndəsinin ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilən iclasında iddiaçının nümayəndəsi M.Bayramov məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, 1.250 manat əsas borcun, 1.000 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 2.280 manat pulun Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın həcminin azaldılması barədə iddiaçının nümayəndəsinin ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmədə iddia qaldırıldıqdan sonrakı dövrdə cavabdeh qeyd olunan borc məbləğindən müəyyən qədər ödəniş etmiş və hazırda 1.250 manat əsas borcu qalmışdır. Ona görə də cavabdehdən 1.250 manat əsas borcun, 1.000 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 509-L saylı müqavilədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən, dəyəri 5.550 manat olan 1 ədəd AGSD-24 markalı taxıl səpən Cavabdeh lizinqə verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 692-L/11 saylı müqavilədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən, dəyəri 27.300 manat olan 1 ədəd MTZ-89.2 markalı traktor və dəyəri 2.310 manat olan 1 ədəd KR-14 markalı kotan Cavabdeh lizinqə verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2018-ci il tarixli ASC/P-112 nömrəli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə xx.xx.2018-ci tarixədək 17.280 manat borc yaranmışdır. Bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışında qeyd edilmişdir ki, Cəlilabad rayon sakini Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 509-L/10 saylı və xx.xx.2011-ci il tarixli, 692-L/11 saylı müqavilələrə əsasən lizinqə götürdüyü ümumi dəyəri 35.160 manat olan kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına 4.080 manat ilkin ödəniş etmiş, qalan 31.080 manat məbləğinə ödəniş qrafiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə xx.xx.2018-ci il tarixədək 28.510 manat ödəməli olduğu halda 13.540 manat ödəniş edilmişdir. Cəlilabad rayon sakini Cavabdeh xx.xx.2018-ci il tarixə borcu 14.970 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 12.534 manat təşkil edir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2190 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı və müqavilələr üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən, xx xxxxxxx 2010-cu il tarilxli, 509-L saylı və xx xxx 2011-ci il tarixli, 692-L/11 saylı lizinq müqavilələri üzrə Cavabdeh xx xxxx 2018-ci il tarixə İddiaçı ASC-yə olan borcu 27.504 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc 14.970 manat, cərimə borcu 12.534 manat məbləğində müəyyən edilir. Bundan başqa qeyd edilir ki, iş materiallarında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli ərizə öz əksini tapmışdır ki, həmin ərizədə borclunun borcu 3.467 manat (3.267 manat əsas borc, 200 manat faiz borcu) məbləğində göstərilmişdir. Lakin həmin borcun müəyyən olunması ilə bağlı iş materiallarında ödəniş sənədləri, maliyyə arayışı və s. öz əksini tapmamışdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixli, 509-L/10 saylı və xx.xx.2011-ci il tarixli, 692-L/11 saylı lizinq müqavilələri bağlanılmış və tərəflərin müqavilələr üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Bayramov məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh qeyd olunan borc məbləğindən ödənilməmiş 1.250 manat borcunun qaldığını bildirmiş, 1.250 manat əsas borcun, 1.000 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 2.280 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc, yəni 1.250 manat hissəsində iddia təmin edilməlidir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə hesablanmaqla 1.000 manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 50 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 10 manatı isə iddiaçıya aid edilməlidir. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 60 (altmış) manatı Cavabdeh, 40 (qırx) manatı isə İddiaçı ASC-dən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 509-L/10 saylı və xx.xx.2011-ci il tarixli, 692-L/11 saylı müqavilələr üzrə yaranmış 1.250 manat əsas borc, 50 manat cərimə borcu (dəbbə pulu) və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 1.320 manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iddia tələbi qismən təmin edildiyindən məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manatın 60 (altmış) manatı Cavabdeh, 40 (qırx) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.250 (bir min iki yüz əlli) manat əsas borc, 50 (əlli) manat cərimə borcu (dəbbə pulu) və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 1.320 (bir min üç yüz iyirmi) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar