Məhkəmə qərarları › İş №2-2(121)-2420/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-2420/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-2420/2025 04.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4650 manat pulun və 67 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-141/2025 saylı, 14 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4000 (dörd min) manat borc və 60 (altmış) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-888/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-141/2025 saylı, 14 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı göstərmişdir ki, o, Cəlilabad rayonu, Maşlıq kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayır. Maşlıq kəndində 60 sot torpaq sahəsini icarəyə götürüb kartof əkib-becərib hazır məhsulu satmaqla ailəsini dolandırır. Həmkəndlisi, eyni zamanda qonşusu olan Cəlilabad rayon Kazımabad kənd sakini Cavabdeh1 ilə əvvəllər də ticarət əlaqələri olmuşdur və o, cavabdehə məhsulu nisyə olaraq vermiş, o da qarşılığında müəyyən müddətdən sonra pulunu ödəmişdir. 16 aprel 2023-cü il tarixdən etibarən Fikrət və onun oğlu Cavabdeh2 10000-15000 manat dəyərində kartof məhsulunu hissəvi şəkildə satmış və cavabdehlər satılan məhsulun pulunu hissə-hissə ödəyirdilər. Həmin kartofun 8 ton pulunu yəni 4650 manat Fikrət və Cavabdeh2la bu günədək ödəmirlər. Cavabdehlər onu aldadaraq get-gələ salıb 4650 manatı verəcəyinə söz versə belə, bu günədək qaytarmır. Ona məlum olmuşdur ki, cavabdehlər ondan başqa digər şəxslərə də borcu var, hal-hazırda həmin işlər də məhkəmənin icraatındadır. O, yenə pulunu tələb etdikdə müxtəlif bəhanələr gətirdiyi üçün məcbur qalıb xx.xx.2023-cü il tarixdə AR DİN-nin elektron poçt ünvanına müraciət etmişdir. Cəlilabad RPŞ-də araşdırma aparılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona borclu olduğlarını etiraf edib tezliklə ödəyəcəyini söz versə də heç bir nəticə olmamışdır. Cəlilabad RPŞ- nin TB-nin təhqiqatçısı İlkin İsmayılovun xx.xx.2024-cü il tarixli, HK-1-34 saylı məktubu ilə mübahisə mülki xarakterli olduğu üçün həmin məsələ ilə bağlı məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Cavabdehlərdən borcunu ödəməsini tələb etməsinə baxmayaraq onlar bundan imtina etmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cəlilabad rayonu, Maşlıq kəndində kartof əkib-becərib hazır məhsulu satmaqla ailəsini dolandırır. Kartof məhsulunu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8 tona yaxın satmış və onlar satılan məhsulun pulunu hissə-hissə ödəmişlər. Lakin cavabdehlərin ona 4650 manat məbləğində borcu qalmışdır və bu günə kimi onlar pulu ona qaytarmamışdırlar. Cavabdehin təqdim etdiyi görüntülərdə 1800 manat pulu alan xanım onun anasıdır. Lakin görüntülər əvvəlki illərə aiddir. Cavabdeh tərəfin dedikləri həqiqətə uyğun deyil. Belə ki, cavabdehlər artıq bir neçə ildir ki ondan kartof alır. Cəlilabad rayon Məhkəməsində işə baxılarkən cavabdeh tərəfin təqdim etdiyi görüntülərin qeydə alındığı mobil telfonun məhkəməyə təqdim olunması tələb edilmiş, cavabdeh tərəf isə növbəti iclasda məhkəməyə təqdim edəcəyini bildirmiş, ancaq həmin telefonu məhkəməyə təqdim etməmişdir. Ona görə ki, mobil telefonu təqdim etsələr, video görüntülərin əvvəlki illərə aid olacağının ortaya çıxacağını bilirdilər. Hesab edir ki, cavabdehin təqdim etdiyi video görüntü hazırki iş üzrə ona olan borcun ödənilməsini təsdiq edən mötəbər sübut kimi qəbul olunmamalıdır. Ona görə ki, həmin görüntünün hansı tarixdə çəkildiyini müəyyən etmək mümkün deyil. Video görüntülər əvvəlki illərdə alınmış kartofların pulunun ödənilməsi ilə əlaqədardır. Bu işlə əlaqəsi yoxdur. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, o və atası olan digər cavabdeh birlikdə İddiaçı 4000 manat dəyərində kartof almışdır. O, həmçinin bildirdi ki, əvvəlki bir neçə ildə də iddiaçıdan satış məqsədilə kartoflar almışdır. Həmin kartoflara görə 4000 manat borcundan İddiaçı 2024cü ildə 1800 manat və 2000 manat olmaqla, cəmi 3800 manat pul ödəmişdir. Hazırda qalıq borc 200 manat təşkil edir. Məhkəməyə təqdim etdiyi görüntülərdə 1800 manat pulu alan xanım iddiaçının anasıdır. Həmin 1800 manat iddiaçıya olan 4000 manat borcun bir hissəsinin ödənilməsini təsdiq edir. Görüntünün çəkildiyi mobil telefonu satıldığı üçün məhkəməyə təqdim edə bilmir. Görüntülər 2024-cü ilin iyun-iyul aylarında qeydə alınmışdır, lakin görüntülərin həmin dövrə aid olduğunu təsdiqləyən əlində başqa sübut yoxdur. Hazırda onların cəmi iddiaçıya 200 manat borcu vardır. Qeyd olunanların nəzərə alınaraq ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, hazırki iş üzrə cavabdehlər İddiaçı 4000 manat dəyərində kartof almışdır. Həmin kartoflara görə iddiaçıya olan 4000 manat borcdan İddiaçı 2024-cü ildə 1800 manat və 2000 manat olmaqla, cəmi 3800 manat pul ödənilmişdir. O, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir. Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. Elekton Məhkəmə İnformasiya Sistemində vergi məlumatlarından görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınaraq, ona xx.xx.2024-cü il tarixdə VÖEN: ********** verilmişdir.

10. Elekton Məhkəmə İnformasiya Sistemində vergi məlumatlarından görünür ki, X1 vergi ödəyicisi kimi qeydiyyata alınaraq, ona xx.xx.2010-cu il tarixdə VÖEN: ********** verilmişdir.

11. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs qeydindən görünür ki, iddiaçı cavabdeh tərəfdən borcun ödənilməsini, əks halda məhkəməyə müraciət edəcəyini bildirir.

12. İş materiallarına əlavə edilmiş “flash kart”da əks olunan video görüntülərdən görünür ki, bir şəxs telefonun kamerası ilə çəkiliş edir, həmin şəxs üzü görünməyən bir qadına 1800 manat məbləğində pul verir. İddiaçı məhkəmə iclasında həmin qadının iddiaçının anası olduğunu etiraf etsə də, ona verilən həmin pulun daha əvvəllər aralarında olmuş alqı-satqı münasibətləri ilə bağlı ödənildiyini bildirmişdir. Cavabdeh həmin görüntülərin məhz 2024-cü ilin iyun-iyul aylarında qeydə alındığını iddia etsə də və bunu telefonda olan video çəkilişin tarixi ilə sübut edəcəyini bildirsə də və bu məqsədlə məhkəmə iclası təxirə salınsa da məhkəmənin növbəti iclasında həmin telefonun artıq onda olmadığını, telefonu satmasını bildirərək bu barədə sübut təqdim etməmişdir ki, bu da həmin görüntüdəki məbləğin məhz 4000 manat borcdan ödənilmiş olması ilə bağlı məhkəmədə əsaslı şübhə yaratmışdır. İddiaçı da bu hissədə bildirmişdir ki, həmin 1800 manat digər, daha əvvəl baş tutmuş alğı-satqı münasibətlərindən qalıq borc olmuşdur, hazırkı mübahisə ilə bağlı isə cavabdehlər hər hansı ödəniş etməmişdir. Video-görüntünün çəkiliş tarixini cavabdehdən tələb etmişdir.

13. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Həmin qərardan görünür ki, İddiaçı müraciəti əsasında cinayət işi başlanılmış, o, istehsal etdiyi 4650 manat dəyərində, 8 ton kartof məhsulunu Cavabdeh1 nisyə satması və pulunu ala bilmədiyindən şikayət etmişdir.

14. Cavabdeh1 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır, özü kənddə kartof əkinçiliyi və alqı-satqısı ilə məşğul olur, bu sahədə həmkəndlisi, hal-hazırda Bakı şəhərində yaşayan, Maşlıq kənd sakini İddiaçı tanımışlar, aralarında əvəllər kartof alqı-satqısı olmuş, onun pullarını qaytarmışdır. Sonuncu dəfə, 2023-cü ilin may-iyun aylarında İddiaçı 4000 manat dəyərində 100 ədəd meşok həcmində kartof məhsulunu almış, onun xahişi ilə həmin kartof məhsulunu Lənkəran şəhər sakinləri Pərvin, Ürfət, Tərlan və Rəşad adlı şəxslərə nisyə vermişdir. Sonra həmin şəxslərdən hissəvi şəkildə aldığı pullardan 1800 manat bir dəfəyə və 1000 manat da bir dəfəyə Orxanın özünə vermiş, hal-hazırda İddiaçı onun 1200 manat kartof borcu qalmışdır ki, həmin pulu və digər şəxslərə borcu olduğu pulları Lənkəran şəhər sakinləri Pərvin, Ürfət, Tərlan və Rəşad adlı şəxslər ona çatdırmadıqları üçün o da həmin borc sahiblərinə pulu qaytara bilməmiş, ona borclu qalmış şəxslər barədə Cəliabad rayonunda mülki iddia qaldırmışdır ki, hal-hazırda mülki iddia məhkəmə baxışına verilmişdir. Oğlu Cavabdeh2 göstərdiyi ərəfədə İddiaçı 100 ədəd kulyok vermişdir, kartof məhsulu həmin kulyoka qablaşdırılıb satışa çıxarılmış, yəni oğlu Adil bu işlərdə ona fəhlə kimi köməklik etmişdir

15. İş materiallarına əlavə edilmiş Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hazırki iş üzrə iddiaçıdan 4000 manat dəyərində kartof almışlar. Həmin kartoflara görə 4000 manat borclarından İddiaçı 1800 və 2000 manat olmaqla, cəmi 3800 manat pul ödəmişlər. Qalıq borcları 200 manat təşkil edir.

16. İş materiallarına əlavə edilmiş Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hazırki iş üzrə Cavabdeh1 İddiaçı 4000 manat borcundan 3800 manat pul ödəmiş, qalıq borcları 200 manat təşkil edir.

17. İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 67 manat dövlət rüsumu Cəlilabad Rayon Məhkəməsinə ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

-217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

22. Məhkəmə əvvəla vurğulayır ki, hazıki mübahisənin kommersiya mübahisəsi olmasına şübhə yoxdur. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-888/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı həmin məsələyə hüquqi qiymət verilərək, hazırki işin Şirvan Kommersiya Məhkəməsində baxılması qərara alınmışdır. Ona görə də, məhkəmə bu məsələyə dair əlavə münasibət bildirməyə lüzum görmür.

23. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, tərəflər arasında şifahi formada bağlanmış alqısatqı müqaviləsindən irəli gələn münasibətləri mövcuddur. Məhkəmə qeyd edir ki, ona görə də, hazırki mübahisə, AR Mülki Məcəlləsinin 29-cu fəslinin 1-ci paraqrafının alğısatqısı haqqında ümumi müddəalar tətbiq edilməklə həll edilməlidir və nəzərə alınmalıdır ki, həmin müddəalarda alqı-satqı müqaviləsi üçün məcburi forma şərti nəzərdə tutulmamışdır.

24. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı münasibətləri mövcud olduğundan satıcıya aid vəzifələrin yerinə yetirildiyini (malların verilməsini) sübut etmək vəzifəsi iddiaçının, alıcıya aid vəzifələrin yerinə yetirildiyini (alınmış malların dəyərini ödənilməsi) sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür.

25. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı cavabdehlərə satılan mallara görə cavabdehlərin borcunun 4650 manat məbləğində olduğunu, cavabdehlər isə qeyd olunan məbləğin 4000 manat olduğunu və həmin məbləğin 3800 manatını ödədiklərini, qalıq borcun isə 200 manat təşkil etdiyini bildirirlər və borcun 1800 manatının ödənilməsini təsdiq edən sübut kimi içərisində iddiaçının anasına 1800 manat pul verilməsinin əks olunduğu video görüntülər olan “flash kart”ı məhkəməyə təqdim etmişlər.

26. Məhkəmə qeyd edir ki, AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan ilk öncə iddiaçı tərəf iddia etdiyi malları verdiyini və qalıq borcun 4650 manat təşkil etdiyi sübut etməlidir.

27. Cavabdeh tərəfin məhkəməyə verdiyi izahatlarından, ərizələrindən və Cəlilabad Rayon Polis Şöbəsindəki ifadələrindən görünür ki, cavabdehlər iddiaçıdan alınan kartoflara görə 4000 (dörd min) manat məbləğində borcun olduğunu təsdiq edirlər. Qalan 650 manatla əlaqədar iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər dəlil təqdim edilə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddiasını 4000 manata aid hissədə sübut edə bilmişdir.

28. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, həmçinin hesab edir ki, iddiaçıya olan 4000 (dörd min) manat məbləğində borcun 3800 manatının ödənildiyini sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür.

29. İşin materiallarından göründüyü kimi cavabdehlər iddiaçıya olan 4000 manat borcun 200 manatını qəbul edir və qalan 3800 manatı ödədiklərini bildirirlər. 3800 manat ödənişlə bağlı dəlilləri yalnız yuxarıda qeyd olunan video görüntülərdir ki, iddiaçı həmin video görüntünün hazırki iş üzrə mötəbər sübut kimi nəzərə alınmasına etiraz edir və görüntülərin cavabdehlə aralarında əvvəlki illərdə baş tutmuş kartof alqı-satqısı ilə bağlı ödənişlərə aid olduğunu bildirir.

30. Məhkəmə cavabdehlər tərəfindən təqdim olunmuş video görüntülərin hazırki iş üzrə mötəbər sübut kimi nəzərə lınması məsələsi ilə bağlı qeyd edir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə video görüntülərin cavabdeh tərəfindən çəkildiyini və iddiaçıda bu görüntülərin orjinal versiyasının olmamasının nəzərə alaraq hesab edir ki, həmin görüntülərin məhz 2024-cü ilin iyun-iyul aylarında qeydə alındığını və iddiaçının hazırki tələbi ilə əlaqədar olduğunu sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür.

31. Məhkəmə iclasında sözügedən video görüntülərin tədqiqi zamanı iddiaçı tərəfin həmin görüntülərə etirazı nəzərə alınaraq, görüntülərin qeydə alındığı mobil telefonun məhkəməyə təqdim olunması cavab tərəfə təklif olunmuş, lakin cavabdeh həmin telefonun artıq satıldığını və onda olmadığını bildirmişdir. İddiaçı isə bunun həqiqətə uyğun olmadığını, belə ki, işə Cəlilabad rayon Məhkəməsində baxılarkən də cavabdehlərdən görüntülərin qeydə alındığı mobil telefonun məhkəməyə təqdim olunması tələb edilmiş, cavabdehlər növbəti iclasda təqdim edəcəklərini bildirsələr də, bunu etmədiklərini, ona görə ki, mobil telefonu təqdim etsələr, video görüntülərin əvvəlki illərə aid olacağının ortaya çıxacağını bilirdilər.

32. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmuş cavabdehə məxsus mobil telefonla qeydə alınmış video görüntülər cavabdehin iddiaçıya 1800 manat ödəniş etdiyini təsdiq edən mötəbər dəlil kimi nəzərə alına bilməz. Ona görə ki, araşdırılan hallarından tərəflər arasında bir neçə ildir ki, alqı-satqı münasibətlərinin olduğu müəyyən edilir. Tədqiq olunan görüntülər cavabdeh tərəfindən qeydə alınmışdır və həmin görüntülərin qeydə alındığı tarixi və həmin görüntülərdəki ödənişin məhz hazırki tələblə əlaqədar olduğunu sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh qeyd olunan xüsusatları təsdiq edə biləcək dəlilləri, o cümlədən video görüntünün qeydə alındığı mobil telefonu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfin 1800 manat ödəniş edilməsi barədə dəlilləri hazırki iş üzrə əsaslı deyil.

33. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iddiasını 4000 manata aid hissədə sübut edə bilmişdir.

34. İşin araşdırılan hallarından cavabdehlərin 4000 manat dəyərində malları iddiaçıdan birgə almaları təsdiq olunduğundan, məhkəmə hesab edir ki, həmin borcun qaytarılmasına görə də müştərək məsuliyyət daşımalıdırlar.

35. Beləliklə, məhkəmə işi hər tərəfli və obyektiv araşdıraraq belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4000 (dörd min) manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

36. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumuna görə 60 manat Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 7 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4000 (dörd min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 60 (altımış) manat pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 7 (yeddi) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar