Məhkəmə qərarları › İş №2-2(121)-353/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-353/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-353/2020 17.06.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı Kreditor x2 nümayəndəsi x1, Cavabdeh Borclu iştirakları ilə, İddiaçı Kreditor ASC-nin cavabdeh Borclu qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor x5 məhkəməyə ərizə ilə müraciət edərək, Borclu 11.945 manat əsas borcun, 30.181,16 manat cərimə borcunun və 20 manat dövlət rüsumunun, cəmi 42.146,16 manat pul vəsaitinin tutularaq Kreditor x3 ödənilməsinə dair məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş Kreditor x3 məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə veilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq Kreditor x5 ilə Borclu arasında bağlanmış müqaviləyə əsasən kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Borclu üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə əsas borc və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən borclu lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da o, Kreditor ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tütülmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Borcluya öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 10.06.2019-cu il tarixli e-2-2(086)-340/2019 saylı əmri ilə, ərizə təmin edilmiş, borclu İsayev Borclu 11.945 manat əsas borc, 30.181,16 manat cərimə borcu və 20 manat dövlət rüsumu, cəmi 42.146,16 manat pul vəsaitinin tutularaq Kreditor x3 ödənilməsi əmr edilmişdir. Həmin məhkəmə əmrinə Borclu tərəfindən etiraz verilmiş və Şirvan Kommersiya Məhkəməsinin 24.01.2020-ci il tarixli e-2-2(086)-340/2019 saylı qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 10.06.2019-cu il tarixli e-2-2(086)-340/2019 saylı məhkəmə əmrinin ləğv edilməsi və materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdeh Borclu 26.510 manat əsas borcun, 38.312,25 manat cərimə borcunun, 30 manat dövlət rüsumunun, cəmi 64.852,25 manatın tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Kreditor x2 nümayəndəsi x4 izahat verərək bildirdi ki, cavabdehin hal-hazırda əsas borcu 26.510 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Borclu izahat verərək bildirdi ki, o, bu işlə bağlı Beyləqan rayon Prokurorluğuna ərizə vermişdir. Hal-hazırda araşdırma aparılır. Araşdırma aparılana qədər məhkəmə iclasının dayandırılmasını xahiş edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 14.03.2012-ci il tarixli, 319-L/12 saylı və 30.03.2012-ci il tarixli, 389-L/12 saylı lizinq müqavilələrindən görünür ki, dəyəri 28.500 manat olan 1 ədəd MTZ-89.2 markalı traktora, dəyəri 2.600 manat olan 1 ədəd AG-14-4 markalı kotana və ümumi dəyəri 4.525 manat olan 1 ədəd AGŞMSH-600 markalı asma qollu çiləyiciyə dair Kreditor ASC ilə Borclu arasında lizinq müqavilələri bağlanmışdır. İş materiallarında olan 14.03.2012-ci il tarixli, 435/ü saylı və 30.03.2012-ci il tarixli, 524/ü saylı əmrlərdən görünür ki, Borclu ilə bağlanılmış 14.03.2012-ci il tarixli, 319-L/12 saylı lizinq müqaviləsi üzrə 1 ədəd MTZ-89.2 markalı traktorun, 1 ədəd AG-14-4 markalı kotanın və 30.03.2012-ci il tarixli, 389-L/12 saylı lizinq müqaviləsi üzrə 1 ədəd AGŞMSH- 600 markalı asma qollu çiləyicinin Borclu lizinqə verilməsi verilməsi qərara alınmışdır. İş materiallarında olan Kreditor x2 maliyyə arayışında qeyd edilmişdir ki, Ağcabədi rayonu, Taxtakörpü qəsəbə sakini Borclu Kreditor x5 ilə bağlanmış 14.03.2012-ci il tarixli, 319-L/12 saylı müqaviləyə əsasən lizinqə götürdüyü müqavilə üzrə məbləği 31.100 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına 1.800 ödəniş etmiş, güzəşt komissiyasının qərarı ilə ona 1.040 manat güzəşt olunmuş, Borclu gecikdirilmiş borcu 25.150 manat və hesablanmış cərimə 2.724,15 manat təşkil edir. İş materiallarında olan Kreditor x2 digər maliyyə arayışında qeyd edilmişdir ki, Ağcabədi rayonu, Taxtakörpü qəsəbə sakini Borclu Kreditor x5 ilə bağlanmış 30.03.2012ci il tarixli, 389-L/12 saylı müqaviləyə əsasən lizinqə götürdüyü müqavilə üzrə məbləği 4.525 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına 900 ödəniş etmiş, güzəşt komissiyasının qərarı ilə ona 1.810 manat güzəşt olunmuş, Borclu gecikdirilmiş borcu 1.360 manat və hesablanmış cərimə 35.588,10 manat təşkil edir. İş materiallarında olan Kreditor x2 Borclu ünvanladığı 25.01.2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Kreditor x5 ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə 23.660 manat borc yaranmışdır. Bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Kreditor x3 ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Borclu xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, iddiaçı Kreditor x5 ilə cavabdeh Borclu arasında 14.03.2012-ci il tarixli, 319-L/12 saylı və 30.03.2012-ci il tarixli, 389-L/12 saylı lizinq müqavilələri bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Cavabdeh Borclu həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, müqaviləyə əsasən lizinqə götürdüyü ümumi dəyəri 35.625 manat olan kənd təsərrüfatı texnikaları üçün KreditorASC-nin hesabına 2.700 manat ödəniş etmiş, müqavilə üzrə 26.510 manat və ona lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən qrafik üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 38.312,25 manat cərimə hesablanmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu tam şəkildə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh əsas və cərimə borcunu qəbul etmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc, yəni 26.510 manat hissəsində iddia təmin edilməlidir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, iddiaçı 38.312,25 manat cərimənin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 100 manat dəbbə pulu tutulmalıdır. Cavabdeh Borclu 19.10.2012-ci il tarixdə həbs olunmasına, həbs olunanadək borcunun olmamasına, həbsdə olduğu müddətdə 2013-cü ilin may-iyun aylarında ödəniş olmadığından, “xxxxxxxx” ASC-nin Beyləqan rayon filialının müdiri işləmiş Əzimov Əli adlı şəxs tərəfindən hər üç texnikanın aparılmasına, 2014-cü ilin yanvar ayında həbsdən çıxdıqdan sonra bu barədə məlumat almasına və texnikalar qeyd olunan vaxtdan aparıldığından, onun hər-hansı öhdəliyinin olmamasına dair dəlillərini məhkəmə əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 14.03.2012-ci il tarixli, 319- L/12 saylı və 30.03.2012-ci il tarixli, 389-L/12 saylı lizinq müqavilələri bağlanılmış, həmin müqavilələr ləğv olunmamış, müqavilələr üzrə öhdəliklərə xitam verilməmiş, Borclu tərəfindən lizinq müqavilələri üzrə ödənişlər aparılmamışdır. Digər tərəfdən, müqavilələr qüvvədə olduğu müddətdə lizinqə verilmiş əmlakların “xxxxxxxx” ASC-yə qaytaılmasına dair iş materiallarında hər-hansı sənəd mövcud deyildir. Lizinq predmetlərindən biri olan MTZ-89.2 markalı, “Belarus” traktoru yalnız 19.05.2020-ci il tarixdə, yəni müqavilə üzrə müddət bitdikdən sonra “xxxxxxxx” ASC-nin Beyləqan-Xocavənd rayon bölməsinə təhvil verilmişdir. Digər lizinq predmetlərinin ümumiyyətlə “xxxxxxxx” ASC-yə təhvil verildiyi iş materialları ilə müəyyən olunmur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, lizinq obyektinin lizinq verənə təhvil verilməsi, lizinq alanı müqavilə üzrə ödənişlərin aparılması öhdəliyindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalanı isə iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Kreditor x5 ilə cavabdeh Borclu arasında bağlanmış 14.03.2012-ci il tarixli, 319-L/12 saylı və 30.03.2012-ci il tarixli, 389-L/12 saylı müqavilələr üzrə yaranmış 26.510 manat əsas borc, 100 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 15 manat olmaqla, cəmi 26.625 manat cavabdeh Borclu tutularaq iddiaçı Kreditor x3 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Borclu 26.510 manat əsas borc, 100 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 15 manat olmaqla, cəmi 26.625 (iyirmi altı min altı yüz iyirmi beş) manat tutularaq iddiaçı Kreditor x3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar