Məhkəmə qərarları › İş №2-2(121)-415/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-415/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-415/2020 20.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2017-ci il tarixli, NQD JNB 003459 saylı aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2017-ci il tarixli, NQD JNB 003459 saylı aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əlavə edilən 10-1.3-cü maddəyə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Qanunla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əlavə edilən 135.8-ci maddəyə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Göründüyü kimi, qanunvericilik iqtisadi mübahisələr üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olduğu halda iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. İddiaçı isə iddia ərizəsini məhkəməyə kağız daşıyıcıda təqdim etmişdir. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən ərizədə, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəyə əlavə edilən sənədlərin siyahısının iddia ərizəsində göstərilməsinə dair qanunvericiliyin imperativ norması, həmin sənədlərin formal olaraq adlarının iddia ərizəsində qeyd olunması kimi deyil, həmçinin real olaraq, həmin sənədlərin iddia ərizəsinə əlavə edilməli olması kimi başa düşülməlidir. Lakin iddia ərizəsində bir sıra sənədlərin ərizəyə əlavə edildiyi qeyd olunsa da, həmin sənədlər məhkəməyə təqdim edilməmiş, bununla bağlı müvafiq akt tərtib edilmişdir. Belə olan halda isə, məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü və 149.2.5-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı tərəfindən iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun məhkəməyə təqdim edilmədiyindən, həmçinin iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü və 149.2.5-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü və 135.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2017-ci il tarixli, NQD JNB 003459 saylı aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar