Məhkəmə qərarları › İş №2-2(123)-34/2021

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-34/2021

27.04.2021 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-34/2021 27.04.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi xx xxxxx 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 44533,92 manat məbləğində vergi borclarının ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanlarının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix - xx xxxx 1994-cü il, doğulduğu yer – Naxçıvan MR, Babək rayonu, Əliabad kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunla müəyyən edilmiş tələblərə riayət edilmədiyindən aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olan halda ərizə, şikayət və digər sənədlər məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. Hazırkı ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, həmin ərizə və sənədlər elektron kabinet vasitəsilə göndərilməmişdir. Bundan başqa ərizə və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən o da müəyyən olundu ki, ərizəçi tərəfindən ərizənin surətinin, həmçinin mübahisənin məhkəməyə qədər həllinə dair pretenziya məktubunun (xəbərdarlıq və bildirişlərin) maraqlı şəxsin rəsmi qaydada almasını təsdiq edən hər hansı mümkün və mötəbər sübut (poçt göndərişinin verilməsinə dair xəbərnamə) ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ərizəçi tərəfindən məhkəmənin dəftərxanasına daxil olmuş ərizənin formasına dair Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilmədiyini nəzərə alaraq, məhkəmə həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətinə Məcəllənin 152.1.1-ci maddəsinin analoji qaydada tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1 və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanun normasının imperativ mənasına görə kommersiya mübahisələri üzrə ərizəçi ərizənin maraqlı şəxs tərəfindən alınmasına dair sübutları ərizəsinə əlavə etməlidir. Bu tələblər isə həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən sənədlərin surətini deyil, məlum poçt göndərişlərini digər tərəfin almasını təsdiq edən sənədlərin ərizəyə əlavə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun gəlsin. İşdə iştirak edən şəxslərin rəsmi qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur. (K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gyuleva Bolqarıstana qarşı” iş üzrə x xxxx 2016-cı il tarixli Qərarında vurğulamışdır ki, tərəflərin məhkəmə baxışında iştirak etmək hüququ Konvensiyanın 6-cı maddəsinin məqsədləri və təyinatından irəli gəlir. 6cı maddənin 1-ci paraqrafı sənədlərin rəsmi qaydada verilməsinin xüsusi formasını nəzərdə tutmur. Buna baxmayaraq, işin çəkişmə prinsipi əsasında həyata keçirilməsini müəyyən edən fundamental prinsipin də daxil olduğu ədalətli məhkəmənin ümumi konsepsiyası tələb edir ki, mülki prosesin bütün tərəfləri məhkəmə qərarına təsir etmək üçün əks tərəfin irəli sürdüyü dəlillərlə, təqdim etdiyi sübutlarla tanış olmaq və onlara şərh vermək imkanına malik olmalıdır. İlk növbədə, məhkəmə baxışı kimə qarşı yönəlmişsə, o şəxs məlumatlandırılmalıdır. Məhkəmə bildirişləri də daxil olmaqla, məhkəmə sənədlərinin şəxsən çatdırılmaması ərizəçini, məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən Qərarlarındakı hüquqi mövqe əsas götürülməklə məhkəmə belə qənaətə gəlir ki, hazırkı ərizə və ona əlavə olunmuş sənədlər qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən geri qaytarılmalıdır. Məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 152.4-cü maddəsinə əsasən qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 150-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar