Məhkəmə qərarları › İş №2-2(3-1)-35/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(3-1)-35/2026

01.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2-2(3-1)-35/2026 01.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ Açar sözlər: lizinq obyektinə vurulmuş zərərin ödənilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər - X2 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Işin halları

1. "xxxx” MMC (lizinq verən) və Cavabdeh (lizinq alan) arasında bağlanmış AZL- **** nömrəli ##.##.2024-cü il tarixli daxili lizinq müqaviləsinin müvafiq bəndlərində tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; 1.1. Bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan * saylı Əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. 1.3. Bu lizinq müqaviləsinin əsas məbləğini 25.850 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 4.500 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 4.500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 19% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. 2.3. Lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana lizinqə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. 4.4. Lizinq alanın vəzifələri: 4.4.1. Müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etmək; 4.4.2. Lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək; 4.4.3. Lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək; ... 5.1. Təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. 7.2. Gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 1% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. 10.5. Lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. 13.4. Bu müqavilənin ayrılmaz tərkib hissəsinə Əlavə № * (lizinq obyektinn təsviri), Əlavə № * (lizinq alanın yekun sifarişi) və Əlavə № * (lizinq ödənişlərinin cədvəli) daxildir. 14.1. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir.

2. Daxili lizinq müqaviləsinə ##.##.2024-cü il tarixli, * №-li Əlavə;

1. Bu * №-li Əlavənin predmetini tərəflər arasında bağlanmış ##.##.2024 il tarixli, AZL- **** saylı daxili lizinq müqaviləsi üzrə əldə olunan əmlakın adı, komplektliyi və dəyəri təşkil edir.

2. Əmlakın adı “Chevrolet Cobalt LTZ” markalı minik maşını, rəngi ağ, ban nömrəsi XWBJA69V9RA154425, qiyməti 25.850 AZN-dir.

3. ##.##.2025-ci il tarixli, **** nömrəli arayışdan görünür ki, Cavabdeh daxili lizinq müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas borcu 230,34 manat, mükafat borcu 218,95 manat və cərimə borcu 359,16 manat olmaqla gecikdirilmiş ümumi borcu 808,45 manat təşkil edir.

4. ##.##.2025-ci il tarixli “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu” barədə aktdan görünür ki, ##.##.2025-ci il tarixdə İddiaçı şirkətinə məxsus olan “Chevrolet Cobalt LTZ” markalı ** YH *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılaraq öz hərəkəti ilə duracağa gətirilmişdir.

5. ##.##.2025-ci il tarixli aktdan görünür ki, “Chevrolet Cobalt LTZ” markalı ** YH *** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrin və texniki xidmətin ümumi məbləği 18% ƏDV daxil olmaqla 1.162,20 manatdır.

6. Iddiaçının tələbinə görə lizinq alan müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.

Iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı "xxxx” MMC (bundan sonra iddiaçı) ##.##.2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) ## ######## 2024-cü il tarixli AZL-**** saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə ## ### 2025-ci il tarixə ödənilməmiş 230,34 manat gecikdirilmiş əsas, 218,95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 359,16 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan "Chevrolet Cobalt LTZ” markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 1.162,20 manat, ümumilikdə 1970,65 manat borc və ödənilmiş 39,71 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Babək Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş məhkəmənin icraatına qəbul edilmiş, ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilmiş və Naxçıvan MR Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*- **)-**/**** nömrəli qərardadı ilə iş icraata götürülmüşdür.

9. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ## ######## 2024-cü il tarixli AZL-**** saylı daxili lizinq müqaviləsinə əsasən “Chevrolet Cobalt LTZ” markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №*) əsasən lizinq alan illik 19% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553,83 manat, ümumilikdə isə 37.729 manat pul vəsaitini iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 37.729 manatın 25.850 manatı əsas məbləğ təşkil edir.

10. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş, iddiaçının mülkiyyətində olan, “Chevrolet Cobalt LTZ” markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobil ## ### 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1162,20 manat zərər vurulduğu müəyyən edilmişdir.

11. Eyni zamanda cavabdehin müqavilə üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə ## ### 2025-ci il tarixə ümumilikdə 808,45 manat gecikmə borcu vardır. Göstərilənlərə müvafiq olaraq müqavilənin şərtlərinə cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.

12. Iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 21.2, 462.1, 747.1, 748-1.8, 748-1.9, 748-1.12, 748-7.1 və 748-7.11-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 119.1-ci maddələrinə və daxili lizinq müqaviləsinin müvafiq bəndlərinə istinad etmişdir.

13. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ##.##.2024-cü il tarixli, AZL-**** nömrəli daxili lizinq müqaviləsinə əsasən cavabdehdən 230,34 manat gecikdirilmiş əsas, 218,95 manat gecikdirilmiş mükafat borcu və həmin günə hesablanmış 359,16 manat dəbbə pulu olmaqla, cəmi 808,45 manatın, 30,00 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi, 9,71 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın 1162, 20 manat tələbi hissəsində təmin olunmaması qət edilmişdir (hakim Qabil Məmmədov).

14. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixli, AZL-**** nömrəli daxili lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə görə lizinq verən lizinq alanın sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan * saylı Əlavədə göstərilən lizinq obyektinin muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər.

15. Müqavilədə nəzərdə tutulmuş “Chevrolet Cobalt LTZ” markalı, ağ rəngli, ban nömrəsi XWBJA69V9RA154425, qiyməti 25.850 AZN olan minik maşınının - lizinq obyektinin cavabdehə verilməsi ##.##.2024-cü il tarixli müqaviləyə * saylı Əlavə üzrə təhvil-təslim aktı ilə öz təsdiqini tapmışdır.

16. Məhkəmə hesab etmişdir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında daxili lizinq müqaviləsinin bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuşdur.

17. Cavabdeh daxili lizinq müqaviləsinin tələbini pozaraq ödənişləri gecikdirmiş, müqaviləyə əsasən cavabdehin əsas borcu 230,34 manat, mükafat borcu 218,95 manat, cərimə borcu 359,16 manat, cəmi 808,45 manat qalmışdır.

18. Məhkəmə borclu tərəfindən lazımınca icra edilməmiş öhdəlik üzrə yaranmış cəriməyə münasibətdə bildirir ki, daxili lizinq müqaviləsinin 7.2-ci bəndi ilə cərimənin hesablanması nəzərdə tutulsa da, iddiaçı əsas borc və faiz borcundan əlavə 359,16 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır.

19. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı daxili lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyini görərək hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən müqavilə üzrə yaranmış əsas borc və faizlərin, o cümlədən, cərimənin ödənilməsi hissədə cavabdehə qarşı tələb hüququnun olduğunu bildirir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının 39-cu bəndinə əsasən, “məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 697.4-cü maddəsini tətbiq etməklə düzgün olmayan nəticəyə gəlməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin MM-in 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqinə imkan verdiyindən, hazırkı mübahisə Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur”.

21. Məhkəmə iş materiallarında olan ##.##.2025-ci il tarixli “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu” barədə aktı nəzərdən keçirərək qeyd etmişdir ki, iddiaçıya məxsus olan “Chevrolet Cobalt LTZ” markalı ** YH *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2025-ci il tarixdə təhvil-təslimi aparılaraq öz hərəkəti ilə duracağa gətirilərək geri alınmışdır. Iddiaçı tərəfindən isə ##.##.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir.

22. Iddiaçının lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1.162,20 manat tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, nəzərdə tutulmuş 6 ay kəsici müddət keçdiyinə görə iddiaçının haqqının (hüququnun) mövcudiyyəti də aradan qalxdığından artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da mövcud olmamaqdadır.

23. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 230,34 manat gecikdirilmiş əsas, 218,95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 359,16 manat dəbbə pulu olmaqla, cəmi 808,45 manat borc və 30,00 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, 9,71 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddia tələbi 1.162,20 manat hissədə təmin edilməməlidir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III hissəsinə, Mülki Məcəllənin 6.2, 14.2-14.2.1, 385.1, 386.1, 425.1, 427.3, 442, 445.2 və 445.2.1, 445.7, 460.1, 462.1, 465.2, 697.4, 747.1, 747-3.1, 747-3.2, 748-1.1, 748-1.12 və 748-1.12.4 və 751-ci, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 81,88, 107, 119.1, 218.1, 220.4 və 222.2-ci, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100-cü maddələrinə istinadla əsaslandırmışdır.

25. Iddiaçı apellyasiya şikayəti verərək e-*-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

26. Daxili lizinq müqaviləsinin 4.4.1, 4.4.2, 5.1 və 10.5-ci, Mülki Məcəllənin 748-7.1 və 748-1.8-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli qərarı üzrə - qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir.

27. Belə ki, lizinq obyekti olan avtomobil şirkətin duracağına yerləşdirilərkən ## ### 2025-ci il tarixli “avtomobilin saxlanca qəbulu barədə” akt tərtib edilmiş və avtomobildə zahirən görünən qüsurlar barədə müvafiq qeydlər aparılmışdır. Daha sonra servis mərkəzi avtomobilə baxış keçirərək 1.162,20 manat zərər dəydiyini müəyyən etmişdir. Lizinq obyekti olan avtomobilə dəymiş zərər və istifadəsi zamanı yaranmış borc məbləğləri barədə cavabdehə şifahi və yazılı məlumat verilmiş, həmçinin cavabdeh dəfələrlə şirkətdə olmuş və avtomobilə yerində baxış keçirmişdir. Bununla yanaşı, cavabdeh dəfələrlə gecikdirilmiş lizinq ödənişlərini ödəyəcəyini və avtomobili götürəcəyini bildirmişdir.

28. Iş məhkəmə icraatına hazırlanmazdan qabaq cavabdehə yenə əlavə imkanlar yaradılmış, dəvət olunaraq razılaşmanın əldə olunması üçün təkliflər edilmişdir. Lakin o, təkliflərin heç birindən yararlanmamışdır.

29. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı qərarının 39-cu bəndini əsas gətirərək Mülki Məcəllənin 751-ci maddəsində lizinq münasibətlərinə əmlak kirayə müqaviləsinin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiq edilməsi ilə bağlı gəldiyi nəticəyə əsaslanmışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı qərarında konkret olaraq qeyd edilmişdir ki, mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında iddia tələblərinə müddət tətbiq edilə bilməz.

30. Mülki Məcəllənin 748-1.8-ci, 748- 7.1-ci maddələrinin və daxili lizinq müqaviləsinin 4.4.1, 4.4.2, 5.1, 5.2, 5.3 və 10.5-ci bəndlərinin tələbləri nəzərə alınmalıdır. Həmin maddələrin tələləblərinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla lizinq verənə ondan aldığı vəziyyətdə qaytarmaqla yanaşı, gecikdirilmiş lizinq ödənişlərini də lizinq verənə ödəməlidir.

31. Lizinq münasibətlərini tənzimləyən normalarda, əmlak kirayə münasibətlərindən fərqli olaraq, lizinq verənin lizinqə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddialarına hər hansı müddətin tətbiq edilməsi, habelə lizinq verənin xərclərinin əvəzinin ödənilməsi və ya hər hansı lizinq obyektinin götürülməsinə icazə verilməsi barədə iddialarının altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşməsi nəzərdə tutulmamışdır.

32. Digər tərəfdən, Mülki Məcəllənin 748-2.1-ci maddəsində göstərilir ki, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyəti hesab edilir. Belə olan halda mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında iddia tələblərinə müddət tətbiq edilə bilməz.

33. Bundan başqa, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 6-cı bəndində göstərilir ki, lizinq obyektinin sığortalanması könüllülük prinsipi əsasında həyata keçirilir. Belə ki, lizinq alan öz vəsaiti hesabına lizinq obyekti ona verildikdən sonra könüllü şəkildə həmin obyekti zədələnmə, korlanma, məhv edilmə, talama və oğurlama risklərindən sığortalaya bilər. Göründüyü kimi, Naxçıvan MR Kommersiya Məhkəməsi yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini və Ali Məhkəmənin tam əsaslandırılmış qərarını nəzərə almadan lizinq obyektinin təmir-bərpa edilməsi üçün tələb edilən məbləği təmin etməməklə yanlış nəticəyə gəlmişdir.

34. Iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanı yox, lizinq alan lizinq obyekti olan avtomobili saz və işlək vəziyyətdə saxlamalı olduğu halda, buna əməl etmdiyi üçün lizinq obyektinin təmir-bərpa xərclərinin tutulmasını cavabdehdən tələb etmişdir.

35. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üzrə - məhkəmə qətnamədə Mülki Məcəllənin 751-ci və 697.4-cü maddələrinə isdinad etsə də, Mülki Məcəllənin digər tələblərini və daxili lizinq müqaviləsinin bəndlərini nəzərə almamışdır.

36. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə - birinci instansiya məhkəməsi Mülki Məcəllənin tələblərinə uyğun olaraq tərəflər arasında tərtib olunmuş müqavilənin bəndlərini nəzərə almadığı üçün sonda yanlış nəticəyə gəlmişdir. Mülki Məcəllənin 748-7.1 və 748-1.8-ci maddələrinin və daxili lizinq müqaviləsinin 4.4.1, 4.4.2, 5.1 və 10.5-ci bəndlərinin mətnləri göstərilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

38. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron kabinet vasitəsi ilə göndərilmiş ##.##.2026-cı il tarixli müraciətində işə iştirakları olmadan baxılıb, apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmiş, cavabdeh isə iştirak etməməsinin səbəbi barədə kollegiyaya heç bir məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir.

39. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

Apellyasiya baxışının hədləri

40. Kollegiya Mülki Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsinə yönəldiyindən onun əsaslılığını mübahisələndirilən “avtomobilin təmir-bərpası üçün tələb edilən 1.162,20 manat” hissədə, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Tətbiq edilən hüquq

41. Mülki Məcəllə; Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri ... 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. ... Maddə 751. Lizinqə tətbiq edilən digər qaydalar Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.

42. Mülki Prosessual Məcəllə; Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. ... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il ## #### tarixli Qərarı “... kısici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. ... Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır, qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz”.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

45. Iddiaçı cavabdehə qarşı 808,45 manat borc (gecikdirilmiş əsas borc, mükafat və dəbbə pulu) və lizinq obyektinə vurulmuş 1.162,20 manat zərərin (təmir-bərpa xərclərinin) tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir.

46. Birinci instansiya məhkəməsi borca dair 808,45 manat məbləğində tələbi təmin etmiş, lakin lizinq obyektinə vurulmuş zərərə dair 1.162,20 manat məbləğində tələbi Mülki Məcəllənin 751-ci və 697.4-cü maddələrinə istinad edərək, 6 aylıq kəsici müddətin keçməsi əsası ilə təmin etməmişdir.

47. Apellyasiya şikayəti iddiaçı tərəfindən qətnamənin təmin olunmamış 1.162,20 manat zərər və ona mütənasib dövlət rüsumu hissəsində dəyişdirilməsi tələbi ilə verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya baxışının hədləri məhz bu mübahisələndirilən hissə ilə məhdudlaşır.

48. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

49. Mülki Məcəllənin 751-ci maddəsinə əsasən, lizinq münasibətlərinə lizinq haqqında müddəalara zidd olmayan qaydada əmlak kirayəsi müqaviləsinin normaları tətbiq edilir. Lizinq qanunvericiliyində əmlakın korlanması və ya pisləşməsi nəticəsində dəymiş zərərin tələb edilməsi üçün xüsusi iddia müddəti nəzərdə tutulmadığı üçün Mülki Məcəllənin 697.4-cü maddəsinin tətbiqi tam hüquqauyğundur (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı bax §20).

50. Mülki Məcəllənin 697.4-cü maddəsinə görə, kirayəyə verənin (lizinq verənin) əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddətin axımı əşyanın geri alındığı andan başlayır.

51. Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il ## #### tarixli Qərarına əsasən, bu 6 aylıq müddət kəsici (“preklyuziv” - xəbərdaredici, qabağını alan) müddətdir. Kəsici müddət subyektiv hüququn özünü xitam edir, məhkəmə tərəfindən öz təşəbbüsü ilə tətbiq olunur, dayandırılmır və kəsilmir (bax §43).

52. Iş materiallarından görünür ki, lizinq obyekti olan avtomobil iddiaçı tərəfindən ## ### 2025-ci il tarixli aktla təhvil alınaraq geri götürülmüşdür. Zərərin əvəzinin ödənilməsi tələbi üzrə 6 aylıq kəsici müddət məhz bu tarixdən axmağa başlamış və ## ###### 2025-ci il tarixdə başa çatmışdır. Iddiaçı isə məhkəməyə yalnız ## ###### 2025ci il tarixdə - kəsici müddətin bitməsindən sonra müraciət etmişdir.

53. Iddiaçının şikayətində göstərdiyi mülkiyyət hüququna və vindikasiya/neqator iddialara dair dəlilləri əsassızdır. Çünki tərəflər arasında müqavilə - öhdəlik münasibəti mövcud olmuşdur və izinq obyekti olan avtomobilin pisləşməsindən irəli gələn zərər tələbi mülkiyyətin müdafiəsi kimi deyil, müqavilə pozuntusundan doğan zərər kimi məhz Mülki Məcəllənin 697.4cü maddəsindəki kəsici müddətə tabedir.

54. Göstərilənlərə əsasən, kəsici müddətin keçməsi ilə iddiaçının zərərin əvəzini tələb etmək hüququ xitam olunmuşdur. Birinci instansiya məhkəməsi iddianın 1.162,20 manat hissəsində rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

55. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində maddi və prosessual hüquq normalarına riayət etmiş və həmin hissədə iddiaçının cavabdehə qarşı tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

56. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki; - iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı; - e-*-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, - iddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

57. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğundan Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Nəticəvi hissə

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384.0-384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçının apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(*-**)-**/**** nömrəli, 2026-cı il # #### tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar