Məhkəmə qərarları › İş №2-2(3-10)-14/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-10)-14/2026

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(3-10)-14/2026 04.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC Cavabdeh qarşı “müqaviləyə əsasən borcun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsinin geri qaytarılması) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 05 yanvar 2026-cı il tarixli, e-2-2(117)-1889/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli ATS FEED 020/24 saylı distribütorluq müqaviləsinə əsasən cəmi 80295,11 manat pul tələbi və 331 manat ödənilmiş dövlət rüsumunun qaytarılmasına dair iddia ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh iddiaçıya qarşı 28514 manat maddi zərərin və 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 05 yanvar 2026-cı il tarixli, e-2-2(117)-1889/2025 nömrəli qərardadı (hakim: M.Hüseynov) ilə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin İddiaçı MMC-yə qarşı 28514 manat maddi zərərin və 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh tərəfindən şikayət verilmişdir. Şəki Kommersiya Məhkəməsinin 08 yanvar 2026-cı il tarixli, e-2-2(117)-1889/2025 nömrəli qərardadı (hakim: M.Hüseynov) ilə, Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan qərardad maddi və prosessual hüquq normalarının kobud pozuntusu ilə qəbul edilmişdir. Qarşılıqlı iddia ərizəsinin “forma və məzmun” əsası ilə qaytarılmasının qanunsuzluğu məhkəmə MPM-nin 149–150-ci maddələrinə istinad etsə də, bu normaların mahiyyətini yanlış tətbiq etmişdir. MPM iddia ərizəsinin qəbul mərhələsində yalnız: iddianın predmeti; tələb; faktiki əsasların göstərilməsini zəruri sayır. Sübutların tam və əhatəli təqdim edilməsi iddiaya mahiyyəti üzrə baxılarkən həyata keçirilir. Hakimin maddi və mənəvi zərərə dair “sübutların əlavə edilməməsi” arqumenti qəbul mərhələsində irəli sürülə bilməz. Bu yanaşma iddianın mahiyyətinə vaxtından əvvəl qiymət verilməsi deməkdir ki, bu da prosessual səlahiyyət həddinin aşılmasıdır. Xüsusilə qeyd edilməlidir ki, mənəvi zərər təbiəti etibarilə sübutetmə baxımından məhkəmə araşdırması mərhələsində qiymətləndirilən hüquqi kateqoriyadır. Onun iddia mərhələsində “yetərli əsaslandırılmaması” iddianın geri qaytarılması üçün qanuni əsas ola bilməz. Bu yanaşma məhkəməyə çıxış hüququnun mahiyyətini pozur. Müqavilənin 10.1-ci bəndinə istinadla pretenziya tələbinin irəli sürülməsinin əsassızlığı məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndinə istinad edərək, guya məhkəməyəqədər nizamasalma qaydasına riayət edilməli olduğunu bildirmişdir. “Mübahisələr qarşılıqlı razılıqla həll edilir” ifadəsi mövcuddur. Bu müddəa: məcburi xarakter daşımır; konkret pretenziya mexanizmi müəyyən etmir; müddət, forma və nəticə göstərmir. Ali məhkəmə təcrübəsinə və ümumi hüquqi yanaşmaya görə, yalnız açıq, imperativ və konkret pretenziya şərti məhkəməyə müraciət hüququnu məhdudlaşdıra bilər. Mövcud halda belə bir məhdudiyyət yoxdur. Beləliklə, məhkəmə müqavilə şərtini geniş şərh etməklə, qanunda nəzərdə tutulmayan prosessual maneə yaratmışdır. Elektron məhkəmə sistemi ilə bağlı formal yanaşmanın yol verilməzliyi Qarşılıqlı iddia mövcud məhkəmə işi çərçivəsində verilmişdir və tərəflər artıq prosesin iştirakçılarıdır. Elektron qaydada sənədlərin çatdırılması ilə bağlı tələblər prosesdən xəbərdar etmə məqsədi daşıyır və formalizm üçün əsas ola bilməz. Bu cür yanaşma prosessual formalizmin ədalət mühakiməsinə çıxış hüququnu faktiki olaraq aradan qaldırmasına gətirib çıxarır. Dövlət rüsumu ilə bağlı mövqenin qanunsuzluğu Məhkəmə “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinin tətbiq edilməməsini yalnız onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı ilə əsaslandırmışdır. Halbuki: Qanun şəxsin sahibkar olub-olmamasını deyil, iddianın mahiyyətini əsas götürür; Qarşılıqlı iddia üzrə tələb olunan zərər şəxsi hüquqların pozulmasından irəli gəlir; Qanunda “sahibkar olduğu halda azadolma tətbiq edilmir” kimi məhdudiyyət mövcud deyil. Məhkəmə faktiki olaraq qanunda olmayan istisna yaratmış və normanı daraldıcı şərh etmişdir ki, bu da yol verilməzdir. Vİ. Müvəqqəti təminat tədbiri barədə ərizə ilə bağlı yanaşmanın səhvliyi MPM-nin 159.1-ci maddəsi müvəqqəti təminat tədbirinə ayrıca icraatda baxılmasını nəzərdə tutsa da, bu hal: eyni iş üzrə verilmiş təminat ərizəsinin avtomatik rədd edilməsi üçün əsas deyil; məhkəmənin həmin ərizəni ayıraraq ayrıca icraatda baxmaq öhdəliyini aradan qaldırmır. Hakimin bu ərizəyə ümumiyyətlə baxmaqdan imtina etməsi prosessual hüquqların məhdudlaşdırılmasıdır və prosessual iqtisadiyyat prinsipinə ziddir. AİHM standartları baxımından ümumi qiymətləndirmə yuxarıda göstərilən hallar onu deməyə əsas verir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı bütövlükdə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) və 13-cü maddəsi (səmərəli hüquqi müdafiə vasitəsi hüququ) baxımından ciddi problemlər yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin davamlı presedentlərinə əsasən (Bellet v. France, Zubac v. Croatia), həddindən artıq prosessual formalizm məhkəməyə çıxış hüququnun öz mahiyyətini aradan qaldıra bilməz. Hazırkı halda məhkəmə: qəbul mərhələsində iddianın mahiyyətinə vaxtından əvvəl qiymət vermiş; iddia hüququnun həyata keçirilməsini texniki və formal tələblərlə iflic etmiş; şikayətçi statusunda məni real və səmərəli məhkəmə müdafiəsindən məhrum etmişdir. Bu qərardad hüquqi müəyyənlik, mütənasiblik və prosessual ədalət prinsiplərinə zidd olmaqla yanaşı, gələcəkdə Azərbaycan Respublikasının beynəlxalq məsuliyyətinə səbəb ola biləcək xarakter daşıyır. Nəticə və tələb hissəsi yuxarıda göstərilənlərə əsasən, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e2-2(117)- 1889/2025 saylı qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə, formalist və əsassız yanaşma əsasında məhkəməyə çıxış hüququnu məhdudlaşdırmaqla qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli, e-2-2(117)-1889/2025 nömrəli qərardadı (hakim: M.Hüseynov) ilə, şikayət qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(117)-1889/2025 nömrəli qərardadı “iddia ərizəsinin cavabdehə çatıdırılmaması, ödənilməli olan dövlət rüsumunun ödənilməməsi ilə bağlı iddia ərizəsinin qayatarılması” hissəsində ləğv edilmiş, şikayət “qarşılıqlı iddia ərizəsinin forma və məzmununa riayət edilməməsi, müqavilə ilə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatın ərizəyə əlavə edilməli olması, müvəqqəti təminat tədbiri barədə ərizənin ayrıca icraat çərçivəsində müraciət edilməli olması əsası ilə qaytarılması” hissəsində təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası baxılan iş üzrə qəbul ediləcək qərardadın məhkəməyə müraciət etmə hüququ ilə bağlılığını nəzərə alıb ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bu hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-ci maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 156.1-ci maddəsinə görə, hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinə görə, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Mülki Prosessual Məcəllənin 150.1-ci maddəsinə görə isə, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Hazırki işdən isə müəyyən edilir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman prosessual qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə daha sonra qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsində isə qeyd edilmişdir ki, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. İşdən görünür ki, cavabdeh tərəfindən məhkəməyə əlavə olaraq müvəqqəti təminat tədbiri barədə ərizə təqdim etmişdir. Kollegiya birdaha bildirir ki, müvəqqəti təminat tədbiri barədə ərizəyə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, tərəf həmin ərizə ilə ayrıca icraat qaydasında məhkəməyə müraciət etməli idi. Yuxarıda sadalananlar konteksində kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Məhkəmə kollegiyası şikayətin digər dəlillərinə münasibətdə qeyd edir ki, şikayətə ilkin olaraq baxan birinci instansiya məhkəməsi irəli sürülmüş dəlillərə hüqiqi qiymət vermişdir. Kollegiyada öz növbəsində birinci instansiya məhkəməsinin şikayətin dəlillərinə münasibətdə həmin qiymətləndirməsi ilə razılaşır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti hazırda mübahisələndirilən hissədə təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bir məqamıda qeyd edirki, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı). Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrааldı: Cavabdeh şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 05 yanvar 2026-cı il tarixli, e-2-2(117)-1889/2025 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar