Məhkəmə qərarları › İş №2-2(3-10)-4/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-10)-4/2026

28.01.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(3-10)-4/2026 28.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, e-2-2(117)-1702/2025 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs “fiziki şəxs Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1,17 manat, dövlət büdcəsinə 2036,25 manat məbləğində olmaqla, ümumilikdə 2037,42 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində (doğum tarixi - xx.xx.1970-ci il, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi MYİ ******, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1,17 manat, dövlət büdcəsinə 2036,25 manat məbləğində (o cümlədən, vergilər üzrə 1831,04 manat, faizlər üzrə 205,21 manat) olmaqla, ümumilikdə 2037,42 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********524000, xx.xx.2025-ci il tarixli **********219100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs Ağdaş şəhərində yaşayır. Şəki Kommersiya Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, e-2-2(117)-1702/2025 nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, ərizə təmin edilməmişdir. Həmin qətnamədən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti vermişdir. Daha sonra isə, apellyator olan ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəfə rəsmi məlumat verilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Hazırki işdən isə görünür ki, apellyator ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini və onun imtinasının qəbul edilərək şikayətin geri qaytarılmasını xahiş etmişdir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli, apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Belə olan halda məhkəmə kollegiyası Mülki Prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apellyatorun şikayətindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, şikayətdən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, apelyatorun şikayətdən imtina barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinin tələbinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 369, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Şəki Kommersiya Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, e-2-2(117)-1702/2025 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar