Məhkəmə qərarları › İş №2-2(3-6)-1/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-1/2026

17.02.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-1/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırırlması tələbinə dair kommersiya mübahisəsi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılıması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2106/2025 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" ASC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.

2. "xxxx" ASC-nin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 319 568,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 570 700,5 manat, işsizlikdən Sığorta Fonduna olan borcu 8327,07 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 32960,09 manat təşkil edir.

3. "xxxx" ASC-nin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 316 764,55 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 565 962,7 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 8327,07 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 32960,09 manat təşkil edir.

4. Vergi orqanı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərin və xəbərdarlığın surətindən görünür ki, "xxxx" ASC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

5. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 "xxxx" ASC-nin direktoru vəzifəsindən xx.xx.2024cü il tarixdə azad edilmiş, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən Maraqlı şəxs "xxxx" ASC-nin baş direktoru vəzifəsinə işə qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) dövlət büdcəsinə olan 262 004,75 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 549 430,7 manat, İşsizlikdən Sığorta Fonduna olan 7473,34 manat, İcbari Tibbi Sığorta Fonduna olan 29630,74 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" ASC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 29630,74 manat, İşsizlikdən Sığorta Fonduna 7473,34 manat, Dövlət Sosial Müdafiə Fonduna 549430,7 manat, dövlət büdcəsinə 262004,75 manat məbləğində (o cümlədən vergilər üzrə 175713,28 manat, faizlər üzrə 86051,47 manat, maliyyə sanksiyası üzrə 240 manat) olmaqla ümumilikdə 848539,53 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********034500, xx.xx.2024-cü il tarixli **********841100, xx.xx.2024-cü il tarixli **********302400, xx.xx.2024-cü il tarixli **********030300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, e-2-2(113)- 2106/2025 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, maraqlı şəxsin xx.xx.2024cü il tarixdən hüquqi şəxsin icra orqanının rəhbəri təyin edildiyi, həmin tarixdən sonra borcun ödənilməsi istiqamətində addımlar atdığını, dövlət büdcəsinə və müvafiq fondlara olan borcun əksər hissəsinin əvvəlki dövrdə (xx.xx.2024-cü il tarixdən əvvəl) yarandığı, vergi orqanı tərəfindən borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir, legitim məqsəd güdmür.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ, 71-ci maddəsinin İİ və 73-cü maddəsinin İ hissələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı protokolun 2-ci maddəsinin 2 və 3-cü hissələrinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.6-cı maddəsinə, VM-in 1.4, 16.1.1, 23.1.15-3, 77.3, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyasi məhkəməsindəki birinci icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, məhkəmə ərizəni təmin etməməklə iş ürzə Maraqlı şəxs vergi öhdəliyini yerinə yetirməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə ərizəni təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənən nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Lakin məhkəmə işə baxarkən mütənasiblik prinsipinə birtərəfli yanaşmışdır. Maraqlı şəxs vergilərin ödənilməsində maraqlı olduğunu iddia etməsinə baxmayaraq müvafiq ödənişləri vaxtında həyata keçirməmişdir. Vergi ödəyicisini mülkiyyətində olan əmlakın satılaraq vergi borcunun ödənilməsinə yönəltməsi vergi orqanının həmin əmlakı siyahıya alaraq satılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməsindən həm müddət, həm də vəsaitə qənaət baxımından daha əlverişlidi. Vergi ödəyicisi olan "xxxx" ASC-nin icra orqanın rəhbəri, iş ürzə Maraqlı şəxs rəhbər olduğu dövrdə tələb olunan borcun onun dövründə yaranmadığı əsaslanan hissəsinə gəldikdə isə bildiririk ki, məhkəmə mülki qanunvericiliyinin tələbləri pozmuşdur. Belə ki, mülki qanunvericiliyə əsasən hüquqi şəxsin yeni təyin olunmuş rəhbəri, həmin hüquqi şəxsin bütün öhdəlikləri üzrə cavabdehlik daşıyır.

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin olunması üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin Firmanın hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, Firmanın əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmamışdır. İş üzrə tam, ədalətli və obyektiv nəticəyə gəlinməsi üçün VM-də nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməməsi, onların tətbiqinin nəticə verib-verməməsi araşdırılmalı və yalnız bundan sonra ölkədən getmək hüququnun məhdudlaşdırılmasının təminat üsulu kimi tətbiq zəruriliyi ilə əlaqələndirilməli idi.

15. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

16. Məhkəmə kollegiyası mövqeyini VM-in 16.1.1, 23.1.15-3, 24.0.2-1, 65.1, 65.2, 65.2.1-65.2.4, 65.2.2, 77.3, 78.1-ci, Miqrasiya Məcəlləsinin 9.3, 9.3.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyasi məhkəməsindəki icraat

a) Kassasiya şikayətinin dəlilləri

17. Ərizəçi kassasiya şikayəti verərək həmin qətnamənin ləğv və ərizənin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsi, VM-in 16.1.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsin vergi öhdəliyini yerinə yetirməklə bağlı qanunla müəyyənləşdirilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Belə ki, bank hesablarına müvafiq sərəncamlar qoyulduqda vergi öhdəliyinin vergi ödəyicisinin bank hesabında vəsait olduğu təqdirdə həmin vəsait birbaşa tutulmuş olur və dövlət büdcəsinə köçürülür. Bu da o deməkdir ki, vergi orqanı qeyd edilən üsulla vergi ödəyicisinin dövlət büdcəsinə olan öhdəliyini daha tez təmin etmiş olur. Vergi orqanı vergi ödəyicisinin müvafiq bank hesablarına sərəncamlar qoysa da görünür ki, həmin hesablarda vəsait olmamış və bununla əlaqədar vergi orqanı VM-də nəzərdə tutulmuş qaydada vergi öhdəliyinin təmin üsullarından biri kimi vergi ödəyicisinin ölkədən çıxışına müvəqqəti məhdudlaşdırma ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, VM-də vergi ödəyicisinin dövlət büdcəsinə olan borc öhdəliyinin yerinə yetirilməsi üsulları kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək və ya vergi ödəyicisinin əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəməyə müraciət etmək ardıcıllığı nəzərdə tutulmamışdır. Yəni vergi orqanı vergi öhdəliyini təmin etmək uçün qeyd olunan təmin üsullarından biri və ya hər ikisi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Qanunverici vergi orqanının bu hüququnun realizə olunmasını vergi ödəyicisinin vergi öhdəliyini VM ilə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi ilə məhdudlaşdırmışdır. Yəni vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə yerinə yetirilməməsi kifayət edir ki, vergi orqanı bu hüququndan istifadə edərək məhkəməyə müraciət etsin. Həmçinin vergi ödəyicisinə “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıq məktubu göndərilmiş, lakin vergi ödəyicisi borcun ödənilməsini təmin etməmişdir. Eləcə də vergi ödəyicisinə müvafiq bildirişlər göndərildikdən sonra borc ödənilmədiyindən ona 15 gündən sonra SMS göndərilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi yenə də vergi ödəyicisi tərəfindən təmin edilmədiyi üçün bildiriş göndərildikdən 60 gün sonra ona ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS göndərilmişdir. Lakin yuxarıda görülən tədbirlərin heç biri nəticə verməmiş, vergi ödəyicisi tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə işə baxarkən mütənasiblik prinsipinə birtərəfli yanaşmış, qətnamə tamamilə birtərəfli və yalnız maraqlı şəxsin hüquqlarının müdafiəsinə yönəlmiş qanunvericilik normalarına əsaslanmış, maraqlı şəxsin üzərinə vəzifə qoyan maddi hüquq normalarına isə ötəri toxunulmuşdur. Vergiləri tam həcmdə və vaxtında ödəmək hər bir kəsin konstitusion borcu, onun ödənilməsini tələb etmək isə vergi orqanının hüququdur. Maraqlı şəxs vergilərin ödənilməsində maraqlı olduğunu iddia etməsinə baxmayaraq müvafiq ödənişləri vaxtında həyata keçirməmişdir. Vergi ödəyicisinin mülkiyyətində olan əmlakın satılaraq vergi borcunun ödənilməsinə yönəltməsi vergi orqanının həmin əmlakı siyahıya alaraq satılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməsindən həm müddət, həm də vəsaitə qənaət baxımından daha əlverişlidir. Vergi ödəyicisinin əmlakının olması barədə vəsatət verməsi də vergi borclarının ödənilməsinə yönəlmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət olunmasının ən təsirli vasitə olmasını təsdiq edir. Əmlakın siyahıya alınması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanının hüququdur. Vergi orqanı vergi borcunun ödənilməsinə daha effektiv təsir edən vasitəni seçməkdə sərbəstdir və qanunvericilik vergi orqanının bu hüququnu heç bir halla məhdudlaşdırmır. Vergi ödəyicisinin borcunun mövcudluğu əsas verir ki, vergi orqanı bu hüququnu realizə etsin. Belə olan halda da məhkəmənin vergi ödəyicisinin əmlakının satılması ilə vergi ödəyicisinin borcunun ödənilməsinin təmin edilməsi barədə mövqeyi də əsassız sayılmalıdır. Həmçinin, məhkəmə mülki qanunvericiliyin tələblərini də pozmuşdur. Belə ki, mülki qanunvericiliyə əsasən hüquqi şəxsin yeni təyin olunmuş icra oqranının rəhbəri, həmin hüquqi şəxsin bütün öhdəlikləri üzrə cavabdehlik daşıyır. Eyni zamanda, MPM-in tələbləri baxımından hazırkı iş xüsusi icraat qaydasında baxılan işlərə aiddir və bu işlərdə 10 gün ərzində qətnamə qəbul edilir. Qanunamüvafiq olaraq məhkəməyə təqdim edilmiş ərizədə konkret aiddiyyəti sənədlər (borc bildirişi, pretenziya, maliyyə cədvəli və s) əlavə olunmuş və vergi ödəyicisinin real olan borc öhdəliyi əks edilmişdir. Lakin məhkəmə düzgün olmayaraq işə inzibati məhkəmə icraatı qaydasında yanaşaraq düzgün qərar qəbul etməmişdir.

19. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il il tarixli Qərarına əsasən Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 29 may tarixli 2-2(103)-524/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

20. Məhkəmə qeyd etmişdir ki, MPM-in 355-5-ci maddəsinin dispoziyia şərtlərindən müəyyən edilir ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məqsədini hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi təşkil edir.

21. Eyni zamanda, VM-dən müəyyən edilir ki, həmin məbləğlərin ödənilməsinin təmin edilməsinin bir neçə üsulu mövcuddur. Belə ki, vergi orqanları tərəfindən VM-in 65 və 89-cu maddələrinin tələblərinə uyğun olaraq vergi ödəyicisinə məxsus bank hesablarının üzərinə sərəncamlar qoyulması və əmlaklarının siyahıya alınaraq satılması da nəzərdə tutulmuşdur.

22. Nəzərə alınmalıdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin bu hal ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi də qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

23. “X4 (X6) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il 26 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

24. Bununla bağlı, Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı (Battista v. İtaly), № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № 28975/05 2013-cü il 11 iyul tarixli qərarı).

25. Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

26. Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı iş üzrə qərarında isə göstərilmişdir ki, belə bir yüksək məbləğdə ödənilməmiş verginin qaytarılmasında ictimai maraq ərizəçinin hüquqlarına müvafiq məhdudiyyətlər yarada bilər. Dövlətlər öz fiskal siyasətlərini tərtib və təşkil etmək, vergilərin ödənilməsini təmin etmək məqsədilə tədbirlər görmək üçün müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər (Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, § 119).

27. Beləliklə, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır. Lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.

28. Belə ki, mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir.

29. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə qərar verməlidir.

30. Beləliklə, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olub-olmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalı və aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin etməlidir: - borcun məbləği və ödənilməməsinin müddəti; ödənilməmənin səbəbləri; - ödəyicinin borcla bağlı mövqeyi, bildirdiyi diqqətəlayiq maraqları, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən həyata keçirilmiş tədbirlər; - vergi orqanının tətbiq edə biləcəyi digər üsul və vasitələrin mövcudluğu, habelə onların real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü; - maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə fiziki və ya hüquqi şəxsin sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələr.

31. Hazırki işdə isə aşağı instansiya məhkəmələri tərəfindən belə qiymətləndirmə aparılmamış və yalnız ərizəçi tərəfindən VM-də nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməməsi və onların tətbiqinin nəticə verib-verməməsi barədə sübutların təqdim edilməməsinə istinad edilmişdir.

32. Halbuki, qeyd olunan meyarlar üzrə hüquqi dəyərləndirmə aparılmadan hazırkı növ işlər üzrə mütənasiblik prinsipinin qiymətləndirilməsi mümkün deyildir.

33. Bundan əlavə, məhkəmələr tərəfindən qeyd edilmişdir ki, maraqlı şəxs tərəfindən təqdim edilən avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə ərizəçi tərəfindən "xxxx" ASC-yə ünvanlanan xəbərdarlıqda aparılmış araşdırma zamanı X7 orqanlarının qeydiyyat məlumatlarına əsasən, hüquqi şəxsin mülkiyyətində “KAVZ 3271” avtobus markalı 50AC173 dövlət nömrə nişanlı, “QAZ 3102” minik markalı 50AA114 dövlət nömrə nişanlı, “MMZ 4502” yük markalı 50AC759 dövlət nömrə nişanlı, “MAZ 5334” yük-yanacaq markalı 50AC269 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilərinin müəyyən edildiyi, həmin əmlakların siyahıya alınma üçün təklif edildiyi görünür.

34. Bununla yanaşı, məhkəmələr tərəfindən həmin məktubda qeyd edilən məlumalatların hazırkı işdə hansı əhəmiyyət daşıması ilə bağlı hüquqi dəyərləndirmə aparılmamışdır. Halbuki, həmin məktubun mövcud olması ərizəçinin VM-də nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi kimi də dəyərləndirilə bilər. Eyni zamanda, həmin məktubda qeyd edilən əmlakların satılması ilə cəmi 848.539,53 manatdan ibarət borcun ödənilməsinin, yəni həmin tədbirin real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü üzrə də hüquqi dəyərləndirmə aparılmamışdır.

35. Bundan başqa, aşağı instansiya məhkəmələri tərəfindən qeyd edilmişdir ki, xx.xx.2003-cü il tarixli texniki pasportdan "xxxx" ASC-yə məxsus tikinti altı sahəsi 11835,3 kv.m, ümumi sahəsi 13016,9 kv.m olan müəssisənin olduğu görünür.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MM-in 139-cu maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmalıdır.

37. MPM-in 81-ci maddəsində isə təsbit edilmişdir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

38. Bu baxımdan, kollegiya qeyd etmişdir ki, texniki pasport əsasında daşınmaz əmlakın mülkiyyətçisi müəyyən edilə bilməz. Aşağı instansiya məhkəmələri isə MPM-in 81-ci maddəsinin tələblərini nəzərə almayaraq qeyd olunan texniki pasportdakı daşınmaz əmlakın vergi ödəyicisinə məxsus olması və ərizəçi tərəfindən digər tədbirlərin həyata keçirilməsinin mümkün olması barədə nəticəyə gəlmişlər.

39. Bundan başqa, məhkəmə kollegiyası vurğulamışdır ki, mövcud borcun əsas hissəsinin maraqlı şəxsin ASC-nin icra orqanının rəhbəri təyin edilməsindən əvvəlki dövrə aid olması onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının hüquqi qiymətləndirilməsinə təsir etmir. Çünki VM-in 23.1.15-3-cü maddəsi məsuliyyəti borcun yaranma vaxtı ilə deyil, borcun mövcudluğu və ödənilməməsi faktı ilə əlaqələndirir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən hazırki qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki ikinci icraat

Məhkəmə icraatı; iştirakçılarının izahatları

41. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

42. 19.01.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu verilərək işin hallarının obyektiv araşdırılması üçün "xxxx" ASC-nin mülkiyyətində olan “KAVZ 3271” avtobus markalı 50AC173 dövlət nömrə nişanlı, “QAZ 3102” minik markalı 50AA114 dövlət nömrə nişanlı, “MMZ 4502” yük markalı 50AC759 dövlət nömrə nişanlı, “MAZ 5334” yükyanacaq markalı 50AC269 dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin siyahıya alınması, vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması üçün həmin əmlakların satılması barədə, eyni zamanda vergi borcu üzrə ödənişlərin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş digər tədbirlərin görülübgörülməməsi, bununla yanaşı "xxxx" ASC-nin (VÖEN: **********) hazırda dövlət büdcəsinə olan vergi borcu barədə məlumat və sənədlərin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.

43. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 28 yanvar 2026-cı il tarixli, 3-21-2-9/2- 8695/2026 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən borc məbləği onun əmlakının siyahıya alınma tarixi olan xx.xx.2026-cı il üçün vergilər üzrə 371738,28 manat, sosial sığorta haqları üzrə 673042,73 manat, icbari tibbi sığorta üzrə 48358,83 təşkil edir. Eyni zamanda vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsindən çıxarış, əmlakın siyahıya alınması barədə çıxarılmış qərar, həmin qərar əsasında tərtib olunmuş protokol məhkəməyə təqdim edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

44. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun:

45. Maddə 3.6 “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun:

46. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

47. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

Azərbaycan Respublikası Vergi Məcəlləsi

48. Maddə 1.4. Həmin Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

49. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

50. Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

51. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər.

52. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

53. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

54. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

55. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

60. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının hədləri

61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

63. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

65. Belə ki, ərizəçinin (İdarə) "xxxx" ASC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahişinə adı çəkilən şəxsin dövlət büdcəsinə olan 262 004,75 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 549 430,7 manat, İşsizlikdən Sığorta Fonduna olan 7473,34 manat, İcbari Tibbi Sığorta Fonduna olan 29630,74 manat məbləğində borcunu ödəmədiyi iddiası əsas təşkil etmiş, məhkəmə isə VM-də nəzərdə tutulan digər tədbirlərin tətbiq edilibedilməməsi və onların tətbiqinin nəticə verib-verməməsi barədə sübutların təqdim edilməməsini, hüquqi şəxsin mülkiyyətində avtonəqliyyat vasitəsilərinin müəyyən edildiyi, həmin əmlakların siyahıya alınma üçün təklif edildiyini və mövcud borcun əsas hissəsinin maraqlı şəxsin ASC-nin icra orqanının rəhbəri təyin edilməsindən əvvəlki dövrə aid olmasını əsas gətirməklə ərizəni təmin etməmişdir.

66. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

67. Belə ki, Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

68. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin sorğuya cavab məktubundan müəyyən edilir ki, xx.xx.2026-cı il tarixli, e-2-2(3-6)-1/2026 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən borc məbləği onun əmlakının siyahıya alınma tarixi olan xx.xx.2026-cı il üçün vergilər üzrə 371738,28 manat, sosial sığorta haqları üzrə 673042,73 manat, icbari tibbi sığorta üzrə 48358,83 təşkil edir.

69. Eyni zamanda ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, ASC-nin dövlət büdcəsinə ödənilməmiş cəmi 371738,28 manat vergi borcu vardır.

70. İş materialları ilə müəyyən edilir ki, maraqlı şəxs tərəfindən təqdim edilən avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə ərizəçi tərəfindən "xxxx" ASC-yə ünvanlanan xəbərdarlıqda aparılmış araşdırma zamanı X7 orqanlarının qeydiyyat məlumatlarına əsasən, hüquqi şəxsin mülkiyyətində “KAVZ 3271” avtobus markalı 50AC173 dövlət nömrə nişanlı, “QAZ 3102” minik markalı 50AA114 dövlət nömrə nişanlı, “MMZ 4502” yük markalı 50AC759 dövlət nömrə nişanlı, “MAZ 5334” yük-yanacaq markalı 50AC269 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilərinin müəyyən edildiyi, həmin əmlakların siyahıya alınma üçün təklif edildiyi görünür.

71. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əmlakın siyahıya alınması haqqında qərarlara əsasən “KAVZ 3271” avtobus markalı 50AC173 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dəyəri 10.000 manat, “MAZ 5334” yük-yanacaq markalı, 50AC269 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dəyəri 10.000 manat, “MMZ 4502” yük markalı 50AC759 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dəyəri 10.000 manat, “QAZ 3102” minik markalı 50AA114 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dəyəri isə 3.000 manat müəyyən edilmişdir.

72. Nəqliyyat vasitələrinin texniki vəziyyəti, istehsal ili, istismar müddəti, aşınma səviyyəsi və bazar dövriyyəsində formalaşmış real satış qiymətləri nəzərə alınmaqla kollegiya hesab edir ki, əmlakın qərarla müəyyən edilmiş dəyəri bazar reallıqlarına uyğun, iqtisadi cəhətdən əsaslandırılmış və ağlabatan hesab edilməlidir; maraqlı şəxs tərəflər tərəfindən həmin qiymətləndirmənin qeyri-obyektiv və ya əsassız olması barədə hər hansı sübut təqdim edilməmişdir.

73. Belə olan halda həmin əmlakların satışı ilə vergi borcunun əsas hissəsinin icrası baxımından real və effektiv nəticə əldə edilməsi obyektiv olaraq mümkün deyildir.

74. Kollegiya qeyd edir ki, məhkəmə aktı qəbul edilərkən qiymətləndirmə yalnız formal mövcudluq meyarı ilə deyil, həm də tədbirin faktiki effektivliyi və ağlabatanlığı baxımından aparılmalıdır. Dəyəri vergi borcu məbləği ilə müqayisədə əhəmiyyətli dərəcədə az olan əmlakın mövcudluğu icra imkanının real, adekvat və ağlabatan olması kimi qiymətləndirilə bilməz.

75. Kollegiyanın qənaətinə görə, Vergi Məccəlləsinin yuxarıda qeyd edilən müddəaları, vergi ödəyicisinin konstitusion hüquqlarını müvəqqəti məhdudlaşdırmaq yolu ilə onu dövlət büdcəsinə yaranmış vergi borclarını ödəməyə məcbur etmək məqsədi daşıyır və iş iş materialları ilə maraqlı şəxsin hazırda dövlət büdcəsinə vergi borcunun olduğu müəyyən edildiyindən və mövcud vəziyyətdə borcun məbləği, alternativ tədbirlərin qeyri-effektivliyi və borcun davamlı ödənilməməsi nəzərə alınmaqla, həmin məqsədə nail olunması üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, "xxxx" ASC-nin nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır.

76. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2106/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi təmin olunsun. xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Suraxani rayonu, Zığ qəsəbəsi, Zığ şossesi, ev 2F-də qeydiyyatında olan, AA3025928 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar