Məhkəmə qərarları › İş №2-2(3-6)-106/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-106/2026

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-106/2026 06.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4928/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 04/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı istehsal etdiyi və ya satış məqsədi ilə standartlara uyğun satışa çıxardığı balıq və balıq məhsullarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib, malın haqqını müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyi öhdəsinə götürür; 1.3-cü bəndinə əsasən satıcı malı müqaviləyə uyğun olaraq alıcının müəyyən etdiyi yerdə alıcıya təhvil verməyi öhdəsinə götürür, 2.1-ci bəndinə əsasən satıcının müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır; 2.4-cü bəndinə əsasən alıcının malı qəbul edib əvəzində isə müəyyənləşdirilmiş müddət ərzində pul məbləğini ödəmək vəzifəsi vardır; 3.1-ci bəndinə əsasən malın satış qiyməti ümumi razılaşma əsasında müəyyənləşdirilir və qiymətlərin razılaşdırılması protokolunda qeyd olunur. Malın qiymətinə bütün xərclər daxildir; 3.2-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi köçürmə yolu ilə həyata keçirilir və pul vəsaitinin satıcının hesablaşma hesabına köçürüldüyü an ödəniş öhdəliyinin icra edilməsi anı hesab olunur; 3.5-ci bəndinə əsasən müqavilənin şərtləri pozulduğu halda vurulan zərər və ya hesablanmış cərimə bu müqavilənin 2.2.4-ci bəndində göstərilmiş qaydada “Satıcı” tərəfindən ödənilmədikdə həmin məbləğ “Alıcı”ya təhvil verilmiş malın satılan hissəsindən mədaxil olunmuş vəsaitdən tutulacaqdır; 4.4-cü bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müddət bitdiyi zaman tərəflər 30 gün ərzində bir-birini müqavilənin ləğvi haqqında yazılı şəkildə məlumatlandırmadıqda hazırkı müqavilə avtomatik surətdə növbəti bir il müddətinə uzadılır. Bu müqavilənin qüvvədə olma müddəti başa çatanda tərəflərin əlaqədar hesablaşma apardığı mala görə ödənişlərə, o cümlədən müvafiq zərərlərə aid şərtləri öz qüvvəsini itirmir. Tərəflərdən hər biri digər tərəfi 30 gün qabaqcadan yazılı formada xəbərdar etməklə müqaviləyə xitam vermək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. Satıcı İddiaçı MMC ilə satıcı Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, AP-28/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin predmetini satıcının təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr razılaşma protokollar ilə müəyyən olunan malları müqavilə ilə razılaşdırılmış şərtlərlə alıcıya satması, alıcının isə həmin malları qəbul edib qarşılığında müqavilə ilə razılaşdırılmış pul məbləğini satıcıya ödəməsi təşkil edir; 2.3-cü bəndinə əsasən malların dəyərinin ödənilməsi tarixi ödəniş məbləğinin satıcının hesablaşma hesabına köçürülməsi üçün sərəncamın verildiyi an hesab olunur; 2.4-cü bəndinə əsasən satıcı dəyəri ödənilmiş malların elektron qaiməsıni alıcıya təqdim edir, lakin malları alıcıya lazım olan vaxta qədər öz anbarında saxlamağı öhdəsinə götürür; 2.5-ci bəndinə əsasən satıcı malları alıcıya təhvil verdiyi gün təhvil-təslim aktını alıcıya təqdim etməlidir; 2.6-cı bəndinə əsasən malların dəyərinin ödəniş qaydası protokolda göstərilir; 5.2-ci bəndinə əsasən malları təhvil aldığı tarixdə yoxlayıb, təhvıl-təslim aktını iki nüsxədə imzalamaqla və bır nüsxəsini satıcıya təqdim etməklə qəbul etmək və ya malların kəmiyyət və ya keyfiyyətində hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə təhviltəslim aktında müvafiq qeyd apararaq, malları təhvil almaq və yaxud onları təhvil almaqdan imtina etmək (5.2.1); təhvil-təslim anından sonra mallarda hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə, bu barədə satıcıya xəbərdarlıq etmək (5.2.2); təhvil aldığı malların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə odəmək alıcının öhdəliklərinə aid edilmişdir; 6.2-ci bəndinə əsasən tərəflər Azərbaycan Respublikasının mülki qanunvericiliyindən, müqavilədən və alqı-satqının mahiyyətindən irəli gələn hüquqlara sahibdir və vəzifələr daşıyırlar 6.3-cü bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiıliyinə və müqaviləyə əsasən məsuliyyət daşıyırlar. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 820619 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 67613,31 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 04/22 nömrəli müqavilə qeyd edilmişdir.

4. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 272924 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 43654,2 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 04/22 nömrəli müqavilə qeyd edilmişdir.

5. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 462153 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9048,04 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 04/22 nömrəli müqavilə qeyd edilmişdir.

6. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 681937 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 64900 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 04/22 nömrəli müqavilə qeyd edilmişdir.

7. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 088156 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 146000 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 04/22 nömrəli müqavilə qeyd edilmişdir.

8. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 248745 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 29757 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, DQ-0590 nömrəli müqavilə qeyd edilmişdir.

9. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 6299,42 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBCL seriyalı, 820619 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

10. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 40000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDV seriyalı, 681937 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

11. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, 088156 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

12. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 10000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, 088156 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, 088156 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

14. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, 088156 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

15. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, 088156 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

16. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 1592 nömrəli arayış (kredir götürülməsi ilə bağlı) və balıq məhsullarının iddiaçının adına ölkəyə idxalına dair gömrük bəyannamələri əlavə edilmişdir.

17. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 04/22 saylı alqı-satqı müqaviləsinə əsasən aparılmış qarşılıqlı əməliyyatların hesabatı haqqında arayışa əsasən elektron qaimələr üzrə göndərilmiş malların ümumi dəyəri 360972,56 manat, bank hesablarına qaimələr üzrə ödənilən vəsait 124633,55 manat, xx.xx.2025-ci il tarixə Cavabdeh MMC-nin "xxxx" MMC-yə ödənilməmiş borcu 236339,01 manat təşkil edir.

18. 04.09.2025-ci il tarixli arayışda qeyd olunur ki, malların göndərilməsi və ödənilməsi ilə əlaqədar göstərilmiş elektron qaimə fakturalar (EQF) Vergi Məcəlləsinin 16- 1.11-6 maddəsinə əsasən Cavabdeh MMC-yə onlayn elektron sistem ilə göndərilmişdir. EQF-nin əhatə etdiyi dövr 2022-2023-cü illəri əhatə edir. Göndərilmiş EQF-də malların qəbulu haqqında Cavabdeh MMC tərəfindən bu illər ərzində (düzəlişə göndərmək, tam qaytar, ləğvini tələb et və qismən qaytar) kimi qeydlər aparılmamışdır. Bunun da nəticəsində göndərilmiş EQF-lar üzrə bu günkü günə 236339.01 manat debitor borcu yaranmışdır. Yaranmış debitor borclar üzrə məbləğlər aylıq ƏDV və illik mənfəət vergisi bəyannamələrində artan yekunla (2022-ci il üzrə-154682,36 manat, 2023-ci il üzrə- 236339,01 manat) hesablanaraq vergi orqanına təqdim edilmişdir. Hal hazırda yaranmış debitor borcu üzrə vergiyə ƏDV-18%-32792 manat, mənfəət vergisi-20%- 9100 manat, Cəmi-41892 manat vergi borcu yaranmışdır.

19. İddiaçı MMC-nin Cavabdeh MMC-yə elektron qaimələrin göndərilməsi ilə bağlı təqdim etdiyi çıxarışlardan görünür ki, həmin qaimələrdən 4-ü - EBCL820619 saylı, EBDB272924 saylı, EBDB462153 saylı, EBDV681937 saylı elektron qaimələr Cavabdeh MMC-nin özü tərəfindən, 2-si isə - EBDW088156 saylı, EBDW248745 saylı elektron qaimələr isə sistem tərəfindən təsdiqlənmişdir. Sistem tərəfindən təsdiqlənmiş EBDW088156 saylı elektron qaimə (məbləğ 146000 manat) üzrə qismən – 70000 manat ödəniş edilmiş, EBDW248745 saylı elektron qaimə üzrə isə heç bir ödəniş edilməmişdir.

20. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025- ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 251339,01 manat borcun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

21. Cavabdeh MMC tərəfindən mübahisə ilə bağlı olmayan, ödənişi edilən, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş, etirazın əsası kimi istinad etdiyi halların sübutu qismində 3 elektron qaimə - xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 315262 nömrəli (məbləğ 6500,03 manat), xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 545053 nömrəli (məbləğ 61176,5 manat), xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 033905 nömrəli (məbləğ 14469 manat) elektron qaimə təqdim olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat:

22. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas maddi zərər 236339,01 manat, işgüzar nüfuza vurulan zərər 50000 manat, uçot faiz dərəcəsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 820619 saylı qaimə üzrə 60179,77 manata 8.25% bank uçot dərəcəsi hesablanaraq 4964,83 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 820619 saylı qaimə üzrə 60179,77 manata 7.75% bank uçot dərəcəsi hesablanaraq 4663,95 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 272924 saylı qaimə, xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 462153 saylı qaimə, xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 088156 saylı qaimə, xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 681937 saylı qaimə və xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 248745 saylı qaimələr üzrə 18902,7 manat, gecikdirilmiş ödənişlərə dair 0.1% miqdarında cərimə 91738,7 manat, dəbbə pulu (penya) 100000 manat, ödənilmiş dövlət rüsumu 810 manat olmaqla, ümumilikdə 507419,19 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 fevral 2022-ci il tarixində satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********, direktor Qanuni nümayəndə2) ilə alıcı Cavabdeh (VÖEN **********, direktor X5) arasında 04/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti satıcının istehsal etdiyi və ya satış məqsədi ilə standartlara uyğun satışa çıxardığı balıq və balıq məhsullarını alıcının mülkiyyətinə verilməsindən, alıcının isə həmin malı qəbul edib, malın haqqını müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyindən ibarət olmuşdur. Qeyd olunan müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən malın satış qiyməti ümumi razılaşdırma əsasında müəyyənləşdirilir. Malın qiymətinə bütün xərclər (daşıma və s.) daxildir. Alıcı tərəfindən malın dəyərinin ödənilməsi köçürmə yolu ilə həyata keçirilir və pul vəsaitinin satıcının hesablaşma hesabına köçürüldüyü an ödəniş öhdəliyinin icra edilməsi anı hesab olunur. 01 noyabr 2023-cü il tarixində tərəflər arasında eyni predmetə dair AP-28/2022 saylı yeni alqı-satqı müqaviləsi bağlanmışdır. Hər iki müqavilənin müddəti 1 il müəyyən edilmişdir. Satıcı tərəfindən müqavilələrin şərtlərinə uyğun olaraq alıcıya elektron qaimə əsasında bütün tələblərə və standartlara cavab verən mallar göndərilmiş, mallar alıcı tərəfindən qəbul edilmiş və göndərilmiş mallarla bağlı satıcıya heç bir irad bildirilməmişdir. Cavabdeh 20 noyabr 2024-cü il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 266339,01 manat əlavə dəyərlə birlikdə borcu yaranmışdır. Bundan sonra cavabdeh tərəfindən 15000 manat ödənilmişdir. Cavabdeh 01 yanvar 2025-ci il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 251339,01 manat əlavə dəyərlə birlikdə borcu yaranmışdır. Bildirilir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu qaldığından cavabdehə pretenziya göndərilərək, borcun ödənilməsi tələb olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən 15000 manat ödənilmişdir. Bu borcun mövcudluğunu cavabdehin məsul işçiləri də etiraf və təsdiq etmişlər. Dəfələrlə cavabdehə müxtəlif vasitələrlə (şəxsən cavabdehin ofisinə getmək, telefon, elektron daşıyıcı, məktub, pretenziya göndərmək) bildirilmişdir ki, yaranmış borcu qaytarmaq lazımdır. Cavabdeh hər dəfə borcu ödəyəcəyini bildirməsinə baxmayaraq, bu pulu ödəməkdən yayınmışdır. Cavabdehin hərəkətləri nəticəsində Cəmiyyətə xüsusi ilə külli miqdarda maddi və işgüzar nüfuzlarına əhəmiyyətli və təsirli zərər yetirilmiş, eynizamanda da qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh maddi hüquq normalarının (MM-nin 21, 425-ci maddələri) tələblərini kobud surətdə pozaraq vicdanlılığın tələb etdiyi tərzdə yox, bu meyarlara uyğun olmayan tərzdə hərəkət etmiş, müqavilənin yerinə yetirlməsi üçün zəmin yaratmamış, əksinə, ona maneçilik etmiş, müqavilənin icrasını təhlükəyə qoymuşdur. Beləliklə, sübuta yetirilir ki, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər yerinə yetirilmir, qanunsuz olaraq "xxxx" MMC-nin pulu cavabdeh tərəfindən saxlanılır və bununla da, сəmiyyətə külli miqdarda maddi, əhəmiyyətli dərəcədə mənəvi zərər yetirilir, işgüzar nüfuzuna xələl gətirilir. Cavabdehin vaxtında malın dəyərini ödəməməsi onların da digər əlaqəli hüquqi şəxslər qarşısında götürdüyü öhdəliklərin pozulması ilə nəticələnir ki, buna görə uzun müddət böyük çətinliklərlə qurduqları işgüzar əlaqələri pozulur və nəhayətində fəaliyyətlərində çətinliklər yaranır ki, bu da maddi itkilər və etibarın itirilməsi ilə yekunlaşır. Müqavilənin şərtlərinə əsasən malların təhvil verilməsinin və alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.1% miqdarında cərimə ödəməlidir. Bu cür yanaşma alıcının malın dəyərini vaxtında ödənilmədiyi hallara da şamil edilməlidir, yəni belə hallarda alıcı alınmış malların ödənilmədiyi məbləğinin hər gecikdirilən gün üçün satıcıya 0.1% miqdarında cərimə ödəməlidir. Gecikdirilmiş ödənişlərə dair 0.1% miqdarında cərimə 91738,7 manat təşkil edir. (251339,01 x 0.1 = 25133,90 x 2024-cü ilin 365 gününə = 91738,7 manat) 01 noyabr 2023-cü il tarixli, AP- 28/2022 saylı alqı-satqı müqavilənin 9.2-ci bəndinə əsasən müqavilənin icrasından irəli gələn və ya ona aid mübahisələr 30 təqvim günü müddətində danışıqlar yolu ilə həll oluna bilmədiyi təqdirdə, həmin mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilir.

24. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425.1, 425.2, 430.1, 441.1, 441.2, 443.1, 448.1, 448.2, 449.1, 449.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad olunmuşdur.

25. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilənlər əvvəlki pretenziyalarındakı dəlillərlərdən başqa bir şey deyildir. Tərəflər arasında yaranmış anlaşılmazlığı məhkəməyəqədər formatda həll etmək üçün bir neçə dəfə iddiaçı ilə görüşlər təşkil edilmiş, onunla pretenziyada və iddia ərizəsində göstərilən qaimələrdəki malların təhvil verilmədiyi, həmin malları almadıqlarını, əgər doğrudan da həmin malları təqdim etdikləri halda hansı səbəbdən bu 2-3 il ərzində qeyd olunan malların dəyərinin ödənilməməsi ilə bağlı hər hansı bir xatırlatma və ya bildiriş göndərilməməsini, malların müqavilə şərtlərinə uyğun, yəni təhvil-təslim aktları ilə təhvil verilməsini təsdiq edən sənədlərin təqdim edilməsi müzakirə edilsə də, təəssüf ki, iddiaçı tərəf hazıradək belə sübutları təqdim etməmişdir. Bağlanmış müqavilənin 2.4-cü maddəsinə görə satıcı dəyəri ödənilmiş malların elektron qaiməsini təqdim edir, lakin malları alıcıya lazım olan vaxta qədər öz anbarında saxlamağı öhdəsinə götürür. Həmin müqavilənin 2.5-ci maddəsinə görə, satıcı malları alıcıya təhvil verdiyi gün təhvil-təslim aktını alıcıya təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü maddəsinin 1-ci cümləsinə görə, malların alıcıya təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində bir nüsxə saxlanılmaqla satıcı tərəfindən 2 nüsxədə tərtib edilən təhvil-təslim aktı ilə rəsmiləşdirilir. İddiaçı təqdim etdiyi iddia ərizəsində tələb etdiyi məbləğ üzrə malların alıcı olaraq cavabdehə çatdırılmasını və ya təhvil verilməsini yalnız elektron qaimələrlə təsdiq olunduğunu bildirir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi elektron qaimələr sistem üzərindən təsdiq edildiyindən və onların üzərində müqavilədə nəzərdə tutulmuş səlahiyyətli şəxslərin iddia olunan malı qəbul etməsini təsdiq edən imzaları olmadığından və ya malın alıcı olaraq cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən təhvil-təslim aktı olmadığından və ümumiyyətlə iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında bununla bağlı hər hansı sənəd əlavə edilmədiyindən, o cümlədən belə sənədlər nə görüş zamanı, nə də ki, sonradan cavabdehə təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilir. Göndərilmiş elektron qaimələr isə müqavilənin 2.4-cü maddəsinə görə yalnız dəyəri ödənilmiş mallara görə təqdim edilməli olduğundan, vaxtında bu xüsusatlara zəruri diqqət yetirilməmişdir. Lakin istənilən halda bağlanmış müqavilə üzrə elektron qaimələr yalnız dəyəri ödənilmiş mallara görə təqdim edilə, malların alıcıya təhvil verilməsi isə yalnız tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladıqları təhvil-təslim aktı əsasında müəyyən edilə bilərdi. Göründüyü kimi, iddia tələbində göstərilən məbləğdə malların alıcı olaraq cavabdehə təqdim edilməsini təsdiq edən heç bir mötəbər dəlil yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsi xahiş edilir.

26. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4928/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 236339,01 manat pul vəsaiti, 11800 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 390,20 manat olmaqla, ümumilikdə 248529,21 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

27. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4928/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4928/2025 saylı qətnaməsində yanlışlıq düzəldilməsi və qətnamənin “giriş” hissəsində “X2” sözləri “X3” sözləri ilə, eyni zamanda həm “əsaslandırıcı”, həm də “nəticə” hissəsində “11800 manat cərimə” sözləri “11029,15 manat faiz məbləği” sözləri, müvafiq olaraq “248529,21 manat” sözləri “247758,36” sözləri ilə əvəz olunması qərara alınmışdır.

28. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, tərəflər arasında alqı-satqı müqavisindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması, həmin müqavilələr üzrə müəyyən vaxtlarda, hazırkı mübahisə ilə bağlı olmayan malların Cavabdeh MMC-yə təhvil verilməsi və Cavabdeh MMC tərəfindən müəyyən ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarət olub ki, iddiaçı Cavabdeh MMC-nin müqavilə üzrə qalıq borcunun qaldığını bildirmiş, cavabdeh isə iddiaçı tərəfindən tələb edilən məbləğin əvəzi olan malların müqavilə şərtlərinə uyğun olaraq təhvil verilmədiyini və cavabdehə borcunun qalmadığını bildirərək iddiaya etiraz etmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən 236339,01 manat pul vəsaitinin tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam şəkildə ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının qalıq məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edib ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 236339,01 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin hal işdə olan sübutlarla öz təsdiqini tapır. Belə ki, hazırkı mübahisə üzrə cavabdehə göndərilmiş 6 elektron qaimə üzrə göndərilmiş malların ümumi dəyəri 360972,55 manat (67613,32+43654,2+9048,04+64900+146000+29757=360972,55), həmin elektron qaimələr üzrə iddiaçının bank hesabına ödənilən vəsait 116299,42 manat (6299,42+40000+15000+10000+15000+15000+15000=116299,42) təşkil etmişdir. Eyni zamanda iddiaçı xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 681937 nömrəli elektron qaimə üzrə ƏDV məbləğindən 7200 manat, xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 820619 nömrəli elektron qaimə üzrə 1134,13 manat məbləğin də ödənildiyini bildirmiş, beləliklə, ümumilikdə 124633,55 manat məbləğində vəsaitin cavabdeh tərəfindən ödənildiyini etiraf etmişdir. Belə olduğu təqdirdə Cavabdeh MMC-nin "xxxx" MMC-yə ödənilməmiş borcu 236339,01 manat (360972,56-124633,55=236339,01) təşkil edəcək. Məhkəmənin qənaətinə əsasən ödənilməmiş qalan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçının həmin hissəyə münasibətdə etirazı əsassız sayılmalıdır. Belə ki, cavabdeh etirazında qeyd etmişdir ki, tərəflər arasında yaranmış anlaşılmazlığı məhkəməyəqədər formatda həll etmək üçün bir neçə dəfə iddiaçı ilə görüşlər təşkil edilmiş, pretenziyada və iddia ərizəsində göstərilən qaimələrdəki malların təhvil verilmədiyi, həmin malları almadıqlarını, əgər doğrudan da həmin malları təqdim etdikləri halda hansı səbəbdən bu 2-3 il ərzində qeyd olunan malların dəyərinin ödənilməməsi ilə bağlı hər hansı bir xatırlatma və ya bildiriş göndərilməməsi, malların müqavilə şərtlərinə uyğun, yəni təhvil-təslim aktları ilə təhvil verilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi iddiaçıya bildirilmişdir. Cavabdeh müqavilənin 2.5-ci maddəsinə istina etmişdir (satıcı malları alıcıya təhvil verdiyi gün təhvil-təslim aktını alıcıya təqdim etməlidir). Hesab olunur ki, həmin hissədə etiraz əsassızdır. Belə ki, müqavilədə nəzərdə tutulsa da, belə təhvil-təslim aktları ümumiyyətlə tərtib olunmamış, bununla baqlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Ödənişi tam və ya qismən edilmiş qaimələr üzrə də təhvil-təslim aktları tərtib olunmamışdır. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdə bu cür aktlar tərtib olunmamışdırsa, hazırkı mübahisə üzrə də cavabdeh tərəflərin əməl etmədikləri müqavilə şərtinə istinad etməkdə haqlı sayıla bilməz. Bundan əlavə, cavabdeh etirazın əsaslarından biri kimi müqavilənin 2.4-cü bəndinə istinad etmişdir (satıcı dəyəri ödənilmiş malların elektron qaiməsini təqdim edir, lakin malları alıcıya lazım olan vaxta qədər öz anbarında saxlamağı öhdəsinə götürür). Hazırkı mübaisə üzrə həmin şərtə də tərəflər əməl etməmişlər. Belə ki, tədqiq edilən sübutlarla təsdiq olunur ki, elektron qaimə göndərilmiş, sonra ödəniş olunmuşdur. Belə ki, təqdim olunmuş ödəniş sənədlərinin tarixindən görünür ki, həmin ödənişlər qaimələrin göndərilməsindən sonra edilmişdir. Ona görə cavabdehin etirazı həmin hissədə də əsassızdır. Eləcə də, cavabdeh elektron qaimələrin sistem üzərindən təsdiq edildiyini, onların üzərində müqavilədə nəzərdə tutulmuş səlahiyyətli şəxslərin iddia olunan malı qəbul etməsini təsdiq edən imzalarının olmadığını qeyd edərək, iddiaya etiraz etmişdir. Cavabdeh tərəfindən mübahisə ilə bağlı olmayan, ödənişi edilən, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş, etirazın əsası kimi istinad etdiyi halların sübutu qismində 3 elektron qaimə - xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 315262 nömrəli (məbləğ 6500,03 manat), xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 545053 nömrəli (məbləğ 61176,5 manat), xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 033905 nömrəli (məbləğ 14469 manat) elektron qaimə təqdim olunmuşdur. Lakin həmin hal, cavabdeh tərəfindən təqdim olunan həmin sübutlar da iddianın qeyd olunan hissədə rədd olunması üçün əsas ola bilməz və etiraz həmin hissədə əsassız hesab olunmalıdır. Belə ki, 6 elektron qaimənin göndərilməsi ilə bağlı təqdim olunan çıxarışlardan görünür ki, həmin qaimələrdən 4-ü - EBCL820619 saylı, EBDB272924 saylı, EBDB462153 saylı, EBDV681937 saylı elektron qaimələr cavabdehin özü tərəfindən təsdiqlənmiş, yalnız 2-si - EBDW088156 saylı, EBDW248745 saylı elektron qaimələr sistem tərəfindən təsdiq olunmuşdur. Sistem tərəfindən təsdiqlənmiş EBDW088156 saylı elektron qaimə (məbləğ 146000 manat) üzrə qismən – 70000 manat ödəniş edilmişdir. Təqdim olunmuş elektron qaimələrin tərəflərin imzası və möhürü ilə təsdiq edilməməsi iddianın qeyd olunan hissəsinin əsassız sayılması üçün əsas ola bilməz. Əvvəla, ona görə ki, həmin elektron qaimələr qəbul olunaraq, 3-ü üzrə qismən ödənşlər edilmişdir. Göndərilmiş qaimələr düzəlişə göndərilməmiş, qaytarılmamış, ləğvi tələb edilməmişdir. Ən sası isə ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 251339,01 manat borcun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmiş, bununla bağlı iddiaçıya heç bir etiraz bildirilməmiş, xx.xx.2025-ci il tarixdə isə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına EBDW seriyalı, 088156 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən, 15000 manat ödəniş edilmişdir. Buna uyğun da iddiaçı cavabdehə qarşı 236339,01 manat məbləğində pul vəsaitinin tutulmasına dair tələb irəli sürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hazırkı nəticəyə gəlmişdir. İddia tələbinin digər hissəsini işgüzar nüfuza vurulan 50000 manat zərərin cavabdehdən tutulması təşkil edir. Məhkəmə hesab edib ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, alqı-satqı müqavilələri üzrə cavabdehin borcunun yarandığı iş materialları ilə öz təsdiqini tapsa da, cavabdeh tərəfindən həmin borcun ödənilməməsinin iddiaçının işgüzar nüfuzuna təsir etməsinə, bunun nəticəsində ona zərər vurulmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən kreditlərin götürülməsinə dair arayışa gəlincə, əvvəla, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və belə kreditlər götürə bilər, digər tərəfdən həmin kreditlərin götürülməsinin hazırkı mübahisə ilə bağlılığına dair sübutıar təqdim olunmamışdır. Bundan əlavə, iddiaçı uçot faiz dərəcəsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 820619 saylı qaimə üzrə 60179,77 manata 8.25% bank uçot dərəcəsi hesablanaraq 4964,83 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 820619 saylı qaimə üzrə 60179,77 manata 7.75% bank uçot dərəcəsi hesablanaraq 4663,95 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 272924 saylı qaimə, xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 462153 saylı qaimə, xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 088156 saylı qaimə, xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 681937 saylı qaimə və xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 248745 saylı qaimələr üzrə 18902,7 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etmişdir. İddiaçı eyni zamanda cavabdehdən gecikdirilmiş ödənişlərə dair 0.1% miqdarında 91738,7 manat cərimə məbləği, eləcə də, 100000 manat dəbbə pulunun tutulmasını xahiş etmişdir. Əvvəla qeyd olunmalıdır ki, ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə alıcı olan cavabdehin iddiaçıya ödənişin gecikdirməsi hallarına görə dəbbə pulu, cərimə ödəməsi öhdəliyi nəzərdə tutulmamışdır. Ona görə iddia həmin hissələrdə təmin olunmamalıdır. Məhkəmənin qənaətinə əsasən iddia digər hissədə isə qismən təmin olunmalı, MM-nin 449-cu maddəsinə əsasən qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə cavabdehdən iddiaçının xeyrinə 11800 (on bir min səkkiz yüz) manat faiz məbləği tutulmalı, qalan hissə də isə təmin olunmamalıdır. Belə ki, əvvəla, qeyd olunmalıdır ki, yuxarıda da göstərildiyi kimi, tərəflər aralarındakı münasibətlərdə heç də həmişə müqavilə şərtlərinə uyğun hərəkət etməmişlər. 2022-ci ildə bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən satıcının müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır; 2.4-cü bəndinə əsasən alıcının malı qəbul edib əvəzində isə müəyyənləşdirilmiş müddət ərzində pul məbləğini ödəmək vəzifəsi vardır; 3.4-cü bəndinə əsasən təhvil verilmiş malın ödənişi müqaviləyə Əlavədə qeyd edilmiş şərtlərlə həyata keçiriləcəkdir. 2023- cü ildə bağlanan müqavilənin 2.6-cı bəndinə əsasən malların dəyərinin ödəniş qaydası Protokolda göstərilir. Belə bir Protokol isə məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən cavabdehə 2025ci ilin fevral ayında pretenziya göndərilərək, yaranmış borcun ödənilməsi tələb edilmişdir. Həmin hallar nəzərə alınaraq məhkəmə belə nəticəyə gəlib ki, həmin vaxtdan sonra qətnamə çıxarılan günə kimi 8 aylıq müddət üçün faiz məbləği hesablanaraq 11800 manat cərimə (236339,01X7:100:12X8ay=11800) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. Eləcə də, məhkəməyə ödənilmiş 810 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edib ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 390,20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 567, 598.1, 598.2, 442, 448.1, 449.1 (24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiya) 449.1 (24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən sonrakı redaksiya), 449.2, 598.3, 462.1, 463.1, 465.2, 466.2,1097.1-ci maddələrinə istinad etmişdir.

30. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən onlara pretenziya göndərilmiş, o, həmin pretenziya etiraz etməmiş, əksinə həmin pretenziyadan sonra iddiaçıya 15000 manat ödəniş etmişlər. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, tərəflər arasında yaranmış anlaşılmazlığı məhkəməyəqədər formatda həll etmək üçün bir neçə dəfə iddiaçı ilə görüşlər təşkil etmiş, onunla pretenziyada və iddia ərizəsində göstərilən qaimələrdəki malların onlara təhvil verilmədiyini, həmin malları almaqlarını, əgər doğrudan da həmin malları onlara təqdim etdikləri halda hansı səbəbdən bu 2-3 il ərzində qeyd olunan malların dəyərinin ödənilməməsi ilə bağlı hər hansı bir xatırlatma və ya bildiriş göndərilməməsini, malların müqavilə şərtlərinə uyğun, yəni təhvil-təslim aktları ilə onlara təhvil verilməsini təsdiq edən sənədlərin onlara təqdim edilməsini və ya tərəflər arasında hər 2 müqavilə üzrə aparılmış əməliyyatların yoxlanılaraq üzləşdirmə aparılmasını tələb etsələr də, təəssüf ki, iddiaçı tərəf belə sübutları bizə təqdim etməmiş, üzləşdirmə keçirilməsindən də imtina etmişdir. Aralarında bağlanmış müqavilənin 2.4-cü maddəsinə görə Satıcı dəyəri ödənilmiş malların elektron qaiməsini təqdim edir, lakin malları Alıcıya lazım olan vaxta qədər öz anbarında saxlamağı öhdəsinə götürür. Həmin müqavilənin 2.5-ci maddsinə görə, Satıcı malları alıcıya təhvil verdiyi gün təhvil-təslim aktını alıcıya təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü maddəsinin 1-ci cümləsinə görə, malların alıcıya təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində bir nüsxə saxlanılmaqla satıcı tərəfindən 2 nüsxədə tərtib edilən təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Nəzərlərinə çatdırmaq istəyirlər ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində tələb etdiyi məbləğ üzrə malların alıcı olaraq onlara çatdırılmasını və ya təhvil verilməsini yalnız elektron qaimələrlə təsdiq olunduğunu bildirir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi elektron qaimələrin üzərində müqavilədə nəzərdə tutulmuş səlahiyyətli şəxslərin iddia olunan malı qəbul etməsini təsdiq edən imzaları olmadığından və ya malın alıcı olaraq tərəflərindən qəbul edilməsini təsdiq edən təhvil-təslim aktı olmadığından və ümumiyyətlə iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında bununla bağlı hər hansı sənəd əlavə edilmədiyindən, o cümlədən belə sənədlər nə görüşləri zamanı, nə də ki, sonradan məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi təmin edilə bilməzdi. Aralarında bağlanmış müqavilə üzrə elektron qaimələr yalnız dəyəri ödənilmiş mallara görə təqdim edilməli, malların alıcıya təhvil verilməsi isə yalnız tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladıqları təhvil-təslim aktı əsasında müəyyən edilə bilərdi. Göründüyü kimi, iddia tələbində göstərilən məbləğdə malların alıcı olaraq onlara təqdim edilməsini təsdiq edən heç bir mötəbər dəlil yoxdur. İddiaçı iddia tələbində tərəflər arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 04/22 nömrəli və 01 noyabr 2023-cü il tarixli AP-28/2022 nömrəli müqavilələrə istinad edir. İddia ərizəsində sadalanan hər 2 müqavilələri nəzərdən keçirdikdə, şərtlərinin fərqli olduğu müəyyən edildiyindən, onların şərtlərinin hər biri üzrə ayrı-ayrılıqda şərh edilməsini məqbul hesab edirlər. İddiaçı iddia tələbində maraq və mənafelərini təmsil etdiyi Cavabdeh MMC tərəfindən 6 ədəd qaimə üzrə ödəniş edilmədiyini və ya qismən ödəniş edildiyini bildirir. Həmin qaimələrdən 03 ədədi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir. Yuxarıda qeyd olunan qaimələr tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyədək olan dövrü əhatə etdiyindən, iddia tələbinin bu hissəsinə 03 fevral 2022-ci il tarixli 04/22 nömrəli müqavilənin şərtləri baxımından nəzər salmaq düzgün olardı. 03 fevral 2022-ci il tarixli 04/22 nömrəli müqavilənin: 1.3-cü maddəsinənin 1-ci cümləsinə görə, satıcı malı müqaviləyə uyğun olaraq alıcının müəyyən etdiyi alıcıya təhvil verilməsini öhdəsinə götürür. · 2.2.1-ci maddəsinə görə, malı müqaviləilə müəyyən edilmiş müddətdə alıcıya təhvil vermək; · 2.2.2-ci maddəsinin 1-ci cümləsinə görə, malın müqavilə üzrə göstərilən keyfiyyətdə, miqdarda və çeşiddə olmasını təmin etmək satıcının vəzifələri kimi müəyyən edilmişdir. Göründüyü kimi, müqavilənin şərtlərinə görə iddiaçı - satıcı olaraq malların alıcıya təhvil verilməsini öhdəsinə götürür. Hər nə qədər həmin müqavilənin şərtlərində malın hansı formada alıcıya təhvil verilməsi konkret göstərilməsə də, Mülki Məcəllənin alqı-satqıdan bəhs edən 29-cu fəslinin 568.1-ci maddəsinə görə, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin məcəllənin 568.2-ci maddəsinə görə, əgər alğı-satqı müqaviləsindəayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını vəi.a.) verməyə borcludur. Hazırki mübahisə üzrə satıcı iddiaçı olduğundan, müqavilə və qaimələr üzrə nəzərdə tutulmuş malları alıcının sərəncamına, yəni faktiki cəhətdən alıcıya təhvil verilməsinin sübut edilməsi yükü mülki prosessual qanunvericiliyin tələbləri baxımından, iddiaçının üzərinə düşür. İddiaçının iddia tələbində elektron vergi sistemi üzərindən təqdim etdiyi elektron qaimələrə istinad etməsi onun tərəfindən malların alıcıya təhvil verilməsinin dəlili kimi qəbul edilə bilməz. Alıcı olaraq tərəfindən yuxarıda qeyd olunan qaimələr üzrə satıcı tərəfindən cavabdehə malların verilməsini qəbul etmir və bildirir ki, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə əsasında təhvil verilmiş həmin mallara dair təqdim edilmiş elektron qaimələr satıcı və alıcının səlahiyyətli nümayəndələrinin imzaları və tərəflərin möhürü ilə təsdiq edilirdi və yalnız bu hal tərəflər arasında malın alıcı olaraq satıcı tərəfindən onlara təhvil verilməsini təsdiq edən sənəd və ödəniş üçün əsas olan hal kimi qəbul edlirdi. Qeyd etdiklərinin təsdiqi kimi məhkəməyə 03 fevral 2022-ci il tarixli 04/22 nömrəli müqavilə üzrə satıcı tərəfindən həqiqətən də alıcı olaraq cavabdehə təhvil verilmiş mallar üzrə təqdim edilmiş və hət 2 tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli EBCK seriyalı 315262 nömrəli, xx.xx.2022-ci il tarixli EBCK seriyalı 546053 nömrəli və xx.xx.2022-ci il tarixli EBCM seriyalı 033905 nömrəli elektron qaimələrin surətləri hazırkı etirazlarına əlavə olunur. Qeyd olunan qaimələr tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə müddətinə təsadüf etdiyindən, iddia tələbinin bu hissəsinə 01 noyabr 2023-cü il tarixli AP- 28/2022 nömrəli müqavilənin şərtləri baxımından nəzər salmaq düzgün olardı. 01 noyabr 2023-cü il tarixli AP-28/2022 nömrəli müqavilənin: 2.4-cü bəndinə görə Satıcı dəyəri ödənilmiş malların elektron qaiməsini təqdim edir, lakin malları alıcıya lazım olan vaxta qədər öz anbarında saxlamağı öhdəsinə götürür. 2.5-ci 2.4-cü bəndinə görə, satıcı malları alıcıya təhvil verdiyi gün təhvl-təslim aktını alıcıya təqdim etməlidir. 3.3-cü bəndinə 1-ci cümləsinə görə, malların alıcıya təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində bir nüsxə saxlanılmaqla satıcı tərəfindən 2 nüsxədə tərtib edilən təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Göründüyü kimi, müqavilənin şərtlərinə görə, satıcının malları alıcıya təhvil verdiyi gün təhvil-təslim aktını alıcıya təqdim etməli olduğu, malların alıcıya təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində bir nüsxə saxlanılmaqla satıcı tərəfindən 2 nüsxədə tərtib edilən təhvil-təslim aktı ilə rəsmiləşdirildiyi birmənalı şəkildə göstərilmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunan son 3 elektron qaimə üzrə də malların alıcıya təhvil verilməsini təsdiq edən hər hansı bir mötəbər və təkzibedilməz sübut əlavə edilməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, tərəflər arasında yaranmış anlaşılmazlığı məhkəməyəqədər formatda həll etmək üçün bir neçə dəfə iddiaçı ilə görüşlər təşkil etmiş, onunla pretenziyada və iddia ərizəsində göstərilən qaimələrdəki malların cavabdehə təhvil verilmədiyini, həmin malları almadıqlarını, əgər doğrudan da həmin malları cavabdehə təqdim etdikləri halda hansı səbəbdən bu 2-3 il ərzində qeyd olunan malların dəyərinin ödənilməməsi ilə bağlı hər hansı bir xatırlatma və ya bildiriş göndərilməməsini, malların müqavilə şərtlərinə uyğun, yəni təhvil-təslim aktları ilə onlara təhvil verilməsini təsdiq edən sənədlərin cavabdehə təqdim edilməsini müzakirə etsə də, təəssüf ki, iddiaçı tərəf hazıradək belə sübutları cavabdehə təqdim etməmişdir. İddiaçı təqdim etdiyi iddia ərizəsində tələb etdiyi məbləğ üzrə malların alıcı olaraq cavabdehə çatdırılmasını və ya təhvil verilməsini yalnız elektron qaimələrlə təsdiq olunduğunu bildirir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi elektron qaimələr sistem üzərindən təsdiq edildiyindən və onların üzərində müqavilədə nəzərdə tutulmuş səlahiyyətli şəxslərin iddia olunan malı qəbul etməsini təsdiq edən imzaları olmadığından və ya malın alıcı olaraq tərəflərindən qəbul edilməsini təsdiq edən təhvil-təslim aktı olmadığından və ümumiyyətlə iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında bununla bağlı hər hansı sənəd əlavə edilmədiyindən, o cümlədən belə sənədlər nə görüş zamanı, nə də ki, sonradan cavabdehə təqdim edilmədiyindən, iddia tələbini əsassız hesab edirlər. Tərəflərindən göndərilmiş elektron qaimələr isə müqavilənin 2.4-cü maddəsinə görə yalnız dəyəri ödənilmiş mallara görə təqdim edilməli olduğundan, vaxtında bu xüsusatlara zəruri diqqət yetirməmişər. Lakin istənilən halda, aralarında bağlanmış müqavilə üzrə elektron qaimələr yalnız dəyəri ödənilmiş mallara görə təqdim edilməli, malların alıcıya təhvil verilməsi isə yalnız tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladıqları təhvil-təslim aktı əsasında müəyyən edilə bilərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 09 fevral2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasna və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Qətnamədə göstərilən nəticələr – yəni iddiaçının adına balıq məhsullarının idxal edilməsi, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrin 4nün cavabdeh tərəfindən təsdiq edilməsi, həmin qaimələr üzrə qismən ödəniş edilməsi və pretenziyadan sonra 15000 manat ödənilməsi heç bir halda, iddiaçı tərəfindən üzərinə düşən müqavilə öhdəliklərinin icra edilməsi anlamına gəlmir. Birinci instansiya məhkəməsində iddiaçının cavabdehə verilməsini iddia etdiyi balıq məhsullarının və digər məhsulların elektron qaimələrin təqdim edildiyi dövrdə ümumiyyətlə iddiaçının anbarında mövcud olub-olmamasının aydınlaşdırılması ilə bağlı vəsatəti də araşdırılmamışdır. İddiaçının hər hansı bir malı idxal etməsi, onun həmin malı məhz onlara verməsi anlamına gəlmir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

33. Cavabdehin nümayəndəsi və vəkili izahatında apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini xahiş etdi.

34. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

35. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. -404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -449.1-ci maddəsinə görə (xx.xx.2022-ci il tarixli müqavilənin baöğlandığı dövrdə qüvvədə olmuş redaksiya) özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. -449.1-ci maddəsinə görə (hazrkı redaksiya) gəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. -445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

36. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": -1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; -3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. -3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. -3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. -3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamədən verilmiş apellyasiya şikayətində cavabdeh qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faizlərin tutulması hissəsində dəyişdirilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli, AP-28/2022 nömrəli alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilələr üzrə təqdim edilmiş mallara görə iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, EBCL820619 saylı; xx.xx.2023-cü il tarixli, EBDB272924 saylı; xx.xx.2023-cü il tarixli, EBDB462153 saylı; xx.xx.2023-cü il tarixli, EBDV681937 saylı; xx.xx.2023-cü il tarixli, EBDW088156 saylı və xx.xx.2023-cü il tarixli, EBDW248745 saylı, ümumilikdə ƏDV daxil 360.972,56 manat dəyərində elektron qaimələr göndərilmiş, həmin qaimələr üzrə cavabdeh tərəfindən ümumilikdə 124.633,55 manat məbləğində ödənişlər edilmişdir. Hazırda iddiaçı sözügedən elektron qaimələr üzrə təqdim edilmiş mallara görə 236.339,01 manat əsas borcun, eləcə də həmin borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizlərin, dəbbə pulunun, işgüzar nüfuzu dəymiş zərərin (son iki tələb apellyasiya baxışının predmeti deyil) cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli elektron qaimələrdə göstərilən malların onlara təqdim edilməsi faktını inkar edir və iddianın rədd edilməsini tələb edir.

44. Kollegiya qeyd edir ki, hazırkı halda alqı-satqı müqavilələri üzrə borcun tutulması hissəsində iddianın qanuni əsasını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.

45. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi mübahisəli elektron qaimələrdə göstərilən miqdarda, çeşiddə və dəyərdə malların iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi faktı işin mübahisəli halıdır.

46. Kollegiya əvvəla mübahisəli qaimələrin hansı müqavilə əsasında göndərilməsi məsələsinə münasibətdə qeyd edir ki, mübahisəli elektron qaimələrdən üç ədədi (xx.xx.2022-ci il tarixli, EBCL820619 saylı; xx.xx.2023-cü il tarixli, EBDB272924 saylı; xx.xx.2023-cü il tarixli, EBDB462153 saylı) xx.xx.2023-cü il tarixədək olan dövrdə, yəni xx.xx.2022-ci il tarixli, 04/22 saylı müqavilənin qüvvədə olduğu dövrdə, digər üç ədədi isə həmin tarixdən sonra, yəni tərəflər arasında ikinci alqı-satqı müqaviləsi bağlandıqdan sonra (AP-28/2022 nömrəli) cavabdehə göndərilmişdir.

47. Digər tərəfdən o da qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixədək olan dövrə aid EBCL820619 saylı; EBDB272924 saylı; EBDB462153 saylı elektron qaimələrdə elektron qaimələrin göndərilməsi əsası kimi xx.xx.2022-ci il tarixli, 04/22 saylı müqaviləyə istinad edilmişdir. Odur ki, həmin elektron qaimələrin göndərildiyi dövrdə tərəflər arasında başqa alqı-satqı müqaviləsinin mövcud olmadığını da nəzərə alsaq sözügedən qaimələrin xx.xx.2022-ci il tarixli, 04/22 saylı müqavilə üzrə göndərilməsi şübhə doğurmur.

48. Həmin qaimələr üzrə tələbə münasibətdə kollegiya qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 04/22 saylı müqavilədə malların verilməsinin təhvil-təslim aktının imzalanması yolu ilə rəsmiləşdirilməsi barədə şərt yer almamışdır. Digər tərəfdən yuxarıda göstərilən 3 ədəd elektron qaimə sistem tərəfindən deyil, cavabdehin özü tərəfindən təsdiq edilmiş, bundan əlavə vergi öhdəlikləri yaradan həmin qaimələr ilə bağlı iddiaçıya və ya vergi orqanlarına cavabdeh tərəfindən hər hansı bir formada etiraz edilməmiş, əksinə EBCL820619 saylı elektron qaimə üzrə qismən ödəniş edilmişdir.

49. Bununla yanaşı cavabdeh tərəfindən təqdim edilmiş mübahisəyə aidiyyəti olmayan üç ədəd möhürlənmiş və imzalanmış elektron qaiməyə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 20 ədədi mübahisəsiz olmaqla 26 ədəd elektron qaimə göndərilmişdir. Bu baxımından həmin qaimələrdən üç ədədinin möhürlənməsi tərəflər arasında belə bir işgüzar qaydanın formalaşması barədə qənaətə gəlmək üçün yetərli deyildir.

50. Beləliklə, kollegiya hesab edir ki, tədqiq edilmi sübutlar xx.xx.2023-cü il tarixədək olan dövrə aid EBCL820619 saylı; EBDB272924 saylı; EBDB462153 saylı elektron qaimələrdə göstərilmiş malların iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi barədə qənaətə gəlməyə əsas verir.

51. xx.xx.2023-cü il tarixdən sonrakı dövrdə, yəni AP-28/2022 nömrəli alqı-satqı müqaviləsinin qüvvədə olduğu dövrdə tərtib edilmiş 3 ədəd elektron qaiməyə münasibətdə isə kollegiya qeyd edir ki, həmin qaimələrdə də əsas kimi xx.xx.2022-ci il tarixli, 04/22 saylı müqaviləyə istinad edilmişdir. Cavabdeh tərəf bununla bağlı elektron qaimələrə düzəliş etməmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixli AP-28/2022 nömrəli müqavilə bağlandıqdan sonra xx.xx.2022-ci il tarixli, 04/22 saylı müqaviləyə xitam verilməsi də iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, təqdim edilmiş sübutlar xx.xx.2023-cü il tarixli, EBDV681937 saylı; xx.xx.2023-cü il tarixli, EBDW088156 saylı və xx.xx.2023-cü il tarixli, EBDW248745 saylı mübahisəli qaimələrin məhz xx.xx.2023-cü il tarixli AP-28/2022 nömrəli müqavilə üzrə göndərilməsi barədə əsaslı nəticəyə gəlməyə imkan vermir.

52. Bununla belə sözügedən 3 ədəd qaimənin xx.xx.2023-cü il tarixli AP-28/2022 nömrəli müqavilə üzrə göndərilməsi ehtimal edilsə belə, qeyd edilməlidir ki, həmin müqavilənin qüvvədə olduğu dövrdə tərtib edilmiş mübahisəli elektron qaimələrdən xx.xx.2023-cü il tarixli, EBDV681937 saylı elektron qaimə cavabdehin özü tərəfindən təsdiq edilməklə yanaşı həmin elektron qaimə üzrə 47.200 manat məbləğində, sistem tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, EBDW088156 saylı elektron qaimə üzrə isə 55.000 manat məbləğində ödənişlər edilmişdir. Bundan əlavə cavabdeh mübahisəli müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən müəyyən miqdarda və dəyərdə məbləğdə malların təqdim edilməsi faktını inkar etmədiyi halda (ən azı ödənilmiş mallara münasibətdə) təqdim edilməsi mübahisə predmeti olmayan mallarla bağlı tərəflər arasında xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinə uyğun olaraq imzalanmış təhvil-təslim aktlarının mövcudluğunu sübuta yetirə bilməmişdir. Göstərilən hallar ona dəlalət edir ki, xx.xx.2023-cü il tarixli tarixdən sonrakı dövrdə də iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsi xx.xx.2023-cü il tarixli müqavilədə nəzərdə tutulmuş qaydada deyil, tərəflər aralarında yaranmış işgüzar praktikaya uyğun olaraq elektron qaimə göndərilməsi yolu ilə rəsmiləşirdi.

53. Beləliklə, iddiaçı tərəfindən ödənilməsi tələb edilən 236.339,01 manat dəyərində malların cavabdehə təqdim edilməsi faktı iş üzrə sübutların məcmusu ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin mallara görə ödəniş edilməsi isə iş materialları ilə müəyyən edilmir. Odur ki, alqı-satqı müqaviləsi üzrə 236.339,01 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

54. Borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsi ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməsinin gecikdirilməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank uçot dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, əsas borc məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən faiz tutulması üçün əsas yoxdur.

55. Lakin kollegiya onu da xatırladır ki, məhkəmə iddiaçı tərəfindən təklif olunan hüquqi dəyərləndirmə ilə bağlı olmamaqla iddianın faktiki əsasını və predmetini dəyişdirmədən məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan hüquqi normalarını özü müəyyən etməlidir.

56. Hazırkı halda birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almamış, öhdəliyin gecikdirilməsinə görə faizlərin tutulması tələbinə Mülki Məcəllənin 445.7-ci maddəsi tətbiq edilməklə münasibət bildirilməsinin mümkünlüyünü dəyərləndirməmişdir.

57. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin öhdəliyin icrasının gecikdirilməsinə görə faiz tutduğu müddət, yəni pretenziya göndərildiyi tarixdən qətnamə çıxarıldığı tarixədək olan 8 aylıq müddət üçün əsas borc məbləğinə faiz borcu Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%=-ə aşağıdakı qaydada hesablanmalıdır.

58. 236.339,01 manat x 5%/12 ayx 8 ay=7877,96

59. Buna müvafiq olaraq qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməli, iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş cəmi 798 manat dövlət rüsumunun cavabdehdən tutulmalı olan hissəsi 383 manat məbləğində müəyyən edilməlidir.

60. Apellyasiya şikayəti qismən təmin edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş 405 manat dövlət rüsumunun (iddianını qiymətinə uyğun hesablanan dövlət rüsumunun 399 manat olmasını nəzərə alaraq) 5 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə qaytarılmalıdır. Qalan hissədə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

61. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4928/2025 saylı qətnaməsi (xx.xx.2025-ci il tarixli saylı qərardadı ilə edilmiş düzəliş nəzərə alınmaqla) qismən - faiz borcu, dövlət rüsumunun əvəzi, ümumilikdə tutulmalı olan borc hissələrində dəyişdirilsin, Cavabdehndən iddiaçının xeyrinə tutulmalı olan faiz məbləği 7877,96 manat, dövlət rüsumu əvəzi 383 manat, ümumilikdə tutulmalı olan borc 244599,97 manat məbləğində müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 5 manat iddiaçıdan tutularaq cavabdehə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar