Məhkəmə qərarları › İş №2-2(3-6)-118/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-118/2026

24.02.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-118/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: vergi borcu, vergi ödəyicisi barəsində məcburiyyət tədbiri, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X1 sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 9 dekabr 2025-ci il tarixli, e-2-2(113)-9737/2025 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. Fiziki şəxs haqqında məlumata əsasən Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır.

2. xx.xx.2021-ci il tarixli, **********2 nömrəli icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair bildirişə əsasən Maraqlı şəxs ümumilikdə 31,59 manat borcun ödənilməsi tələb edilmişdir.

3. xx.xx.2025-ci il tarixli, **********6 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişə əsasən Maraqlı şəxs ümumilikdə 34 304,67 manat borcun ödənilməsi tələb edilmişdir.

4. 10.10.2025-ci il tarixli xəbərdarlığa əsasən 34304,70 manat vergi borcu və 0,39 manat icbari tibbi sığorta haqqı üzrə borc olmaqla, ümumilikdə 34 305,09 manat borcun 15 gün müddətində ödənilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət ediləcəyi barədə Maraqlı şəxs xəbərdar edilmişdir.

5. 14.11.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2024cü il tarixdə 2023-cü ilin gəlir vergisi üzrə analoji (B) hesablama qaydasında 25 115,20 manat vergi borcu hesablanmış, xx.xx.2024-cü il tarixdə cari bəyannamə təqdim edilərək həmin məbləğ azaldılmışdır. xx.xx.2025-ci il tarixdə dəqiqləşmiş kameral yoxlama bəyannaməsi əsasında 25 105,20 manat vergi borcu hesablanmış, xx.xx.2025-ci il tarixdə bu məbləğ ləğv edilmiş, həmin tarixdə yenidən dəqiqləşmiş kameral yoxlama bəyannaməsi ilə 25 115,20 manat vergi borcu və 9 165,46 manat faiz borcu hesablanmışdır.

6. Maraqlı şəxs ərizəçiyə qarşı “qanunsuz inzibati aktın ləğv edilməsi” barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması” haqqında qərarın ləğvini xahiş etmişdir. Birinci instansiya məhkəməsindəki icraat

7. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə olan 34 264,66 manat, İcbari Tibbi Sığorta Fonduna 0,39 manat borcunun ödənilməsini təmin etmək üçün fərdi sahibkar Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs İcbari Tibbi Sığorta Fonduna 0,39 manat, dövlət büdcəsinə 34 264,66 manat məbləğində (o cümlədən vergilər üzrə 25 099,2 manat, faizlər üzrə 9 165,46 manat) olmaqla ümumilikdə 34 265,05 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********508400, xx.xx.2025-ci il tarixli **********818200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-9737/2025 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maraqlı şəxs Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-295935/2025 nömrəli qərarın (25105,20 manat vergi borcunun hesablanması ilə bağlı) ləğvini tələb etmişdir. Yəni hesablanmış vergi borcu inzibati qaydada mübahisələndirildiyi və xx.xx.2025-ci il tarixdən məhkəmə icraatında olduğu halda, ərizəçi mübahisənin nəticəsini gözləmədən həmin borca görə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. Borcun mövcudluğu barədə hazırda birmənalı nəticəyə gəlmək mümkün deyil. Həmçinin, borcun tutulması üçün vergi orqanı tərəfindən görülmüş digər tədbirlər və onların nəticələri (əmlakın siyahıya alınması, açıq hərrac və ya ticarət şəbəkələri vasitəsilə satışı, yaxud kifayət qədər əmlakın olmaması barədə məlumatlar və s.) barədə sübutlar təqdim edilmədiyindən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti iş materialları ilə təsdiqlənmir.

11. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fiziki şəxs olan fərdi sahibkarın dövlət büdcəsinə və digər fondlara ödənilməmiş borcunun olması ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün kifayət qədər əsasdır və qanunvericiliyə görə bu hal özü-özlüyündə məhdudlaşdırmanı şərtləndirir. Hazırkı işdə isə məhkəmə şəxsi hesab vərəqəsində vergi borcu mövcud olsa da, tərəflər arasında davam edən inzibati mübahisəni əsas gətirərək ərizəni təmin etməmişdir. Halbuki, vergi borcunun inzibati qaydada mübahisələndirilməsi onun mövcudluğunu aradan qaldırmır. Əgər məhkəmə mübahisə yekunlaşmadan məhdudlaşdırmanı mümkün hesab etmirdisə, ərizəni rədd etmək əvəzinə iş üzrə icraatı dayandıra bilərdi. Əks halda, inzibati mübahisə vergi orqanının xeyrinə nəticələnsə, eyni tələb üzrə yenidən müraciət imkanının istisna olunması vergi orqanının hüquqlarının pozulmasına səbəb ola bilər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

17. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

18. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:

Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları borcludur: ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; ... Maddə 77. Vergi öhdəliyi ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ... Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ... Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Ərizəçi apellyasiya şikayətində bildirir ki, fərdi sahibkarın ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün onun dövlət büdcəsinə ödənilməmiş borcunun olması kifayətdir və bu hal qanunvericiliyə görə müstəqil əsasdır. Vergi borcunun inzibati qaydada mübahisələndirilməsi onun mövcudluğunu aradan qaldırmır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin ödənilməsini təmin etmək məqsədilə fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin belə məhdudiyyət şəxsin konstitusion hüququna müdaxilə olmaqla yalnız qanunla nəzərdə tutulmuş hallarda və konkret işin hallarından irəli gələn zərurət mövcud olduqda tətbiq edilə bilər. Buna görə də məhkəmə belə tədbirin tətbiqi üçün hüquqi və faktiki əsasların mövcudluğunu qiymətləndirməlidir.

26. İş materiallarından görünür ki, vergi borcu vergi ödəyicisinin təqdim etdiyi bəyannamə əsasında deyil, vergi orqanı tərəfindən aparılmış yoxlama nəticəsində qəbul edilmiş inzibati akt əsasında hesablanmışdır. Həmin aktın qanunauyğunluğu isə vergi ödəyicisi tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və bu barədə iş Bakı İnzibati Məhkəməsinin icraatındadır.

27. İnzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi həmin aktın qüvvəsini öz-özlüyündə aradan qaldırmasa da, belə halda borcun yaranmasının hüquqi əsasının məhkəmə tərəfindən yoxlanılması prosesi davam edir. Bu səbəbdən şəxsin konstitusion hüquqlarının məhdudlaşdırılması barədə məsələ həll edilərkən məhkəmə mövcud vəziyyətin bütün halları, o cümlədən mübahisənin mahiyyəti və borcun formalaşmasının hüquqi əsasları nəzərə alınmaqla tədbirin zəruriliyini ayrıca qiymətləndirməlidir.

28. Kollegiya qeyd edir ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması borcun ödənilməsini təmin etməyə yönəlmiş xüsusi tədbir olmaqla yalnız həmin tədbirin tətbiqinin zəruri və əsaslı olduğunu göstərən hallar mövcud olduqda tətbiq edilə bilər. Bu baxımdan vergi orqanı tərəfindən borcun tutulması üçün görülmüş digər tədbirlər, vergi ödəyicisinin əmlak vəziyyəti, borcun icrasından yayınma ehtimalını göstərən hallar və ya borcun digər üsullarla tutulmasının mümkün olmaması barədə sübutlar təqdim edilməlidir. Lakin iş materiallarında belə halların mövcudluğunu təsdiq edən sübutlar təqdim edilməmişdir.

29. Apellyasiya şikayətində göstərilən icraatın dayandırılması barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, iş üzrə icraatın dayandırılması yalnız digər iş üzrə qəbul ediləcək qərarın hazırkı işə baxılmasını mümkünsüz etdiyi hallarda tətbiq olunur. Hazırkı işdə isə məhkəmə ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün zəruri əsasların mövcud olub-olmamasını mövcud sübutlar əsasında qiymətləndirir. Birinci instansiya məhkəməsi bu tədbirin tətbiqi üçün yetərli əsasların təqdim edilmədiyi qənaətinə gəlmişdir və məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır.

30. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-9737/2025 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-9737/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar