Məhkəmə qərarları › İş №2-2(3-6)-121/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-121/2026

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-121/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsi, icraata qəbuldan imtina) X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-9383/2025 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 388895,02 (üç yüz səksən səkkiz min səkkiz yüz doxsan beş manat, iki qəpik) manat, hüquqi xidmətə görə ödənilmiş 526 (beş yüz iyirmi altı) manatın, illik 5% bank uçot dərəcəsi ilə 58335 (əlli səkkiz min üç yüz otuz beş) manat əldən çıxmış fayda olan pul məbləğinin və dövlət rüsumu olaraq ödənilmiş 738 (yeddi yüz otuz səkkiz) manatın, ümumilikdə 448494,02 (dörd yüz qırx səkkiz min dörd yüz doxsan dörd manat, iki qəpik) manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 9383/2025 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

3. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pul tələbinə dair ilk iddia tələbinin rədd edilməsi və İddiaçı MMC ilə Cavabdeh MMC arasında 388.895,02 manat dəyərində 05 yanvar 2023-cü il tarixli, HK/170 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)- 9383/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.

5. Qeyd edilən qərardaddan Cavabdeh MMC tərəfindən şikayət verilmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, nümayəndə (vəkil) icraata xx.xx.2025-ci il tarixdə qoşulmuş və bundan sonra işin materialları ilə tanış olmaq imkanı əldə etmişdir. Məhkəmə xx.xx.2025-ciil tarixdə, saat 10:45-də baş tutmuş audiovizual çəkilişlərə baxsa, görər ki, iclasda da qeyd etmişdir ki, o, məhkəmənin icraatında olan işin halları ilə bağlı məlumatı olmayıb. İşə hakimin mobil nömrə ilə əlaqə saxlaması ilə xəbərdar olmuşlar. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırır ki, noyabr-dekabr ayları ərzində şirkət daxili münasibətlərdə bəzi çətinliklər var idi. Belə ki, şirkətin əvvəlki direktoru Serhat İlhan şirkətdə faktiki idarəcilikdən imtina etmişdir. Müəssisənin idarəçiliyinə yeni direktor Türkiyyə Cumhuriyyətindən gəldiyi üçün ancaq öz qeydiyyat məsələlərini həyata keçirməklə məşğul olmuş və ümumiyyətlə asan imza ondan istifadə ilə bağlı heç bir məlumatı olmamışdır. Hesab edir ki, bütün bunların fonunda şirkətin məhkəmə prosesindən xəbərsizliyi məqbul hesab edilməlidir. Məhkəməyə qarşılıqlı iddia xx.xx.2026cı il tarixdə iş günü başlayan kimi dərhal verilmişdir. Məhkəmə iclası xx.xx.2026-ci il tarixə təyin edilsə də, məhkəmə yuxarıdakı qeyd edilənləri xx.xx.2026-ci il tarixdəki iclasda əsaslandırmağa (direktorun iddia verildiyi vaxt müəsisssədə olmaması, həmin vaxt müəssisənin rəhbərsiz qalması, gələn direktorun xarici olması, belə olan təqdirdə onun bu işlər barədə məlumatsızlığı və.s) imkan vermədən xx.xx.2026-ci iltarixdə qərardad qəbul etmişdir. Məhkəmə qarşılıqlı iddianın verilməsi üçün müddət axımını (20 gün olduğu üçün son gün xx.xx.2025 hesab edilir) xx.xx.2025-ci il tarixdən hesablamalı, onların da qarşı tərəf olaraq öz mövqeyini ifadə etməklərinə şərait yaratmalı idi. Lakin məhkəmə xx.xx.2026-cı il tarixdə baş tutacaq iclasda mövqelərini bildirəcəklərini nəzərə almamış və qarşılıqlı iddianı icraata götürməyərək geri qaytarmışdır. Bütün bu qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152- 155-ci maddələrinə əsasən hesab edirik ki, Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi e-2-2(113)- 9383/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı əsassızdır. Qeyd etdiyi kimi işə sonradan-xx.xx.2025-ci il tarixdə qoşulduğu üçün işdə iştirak edən şəxs kimi iddia ərizəsinin surətini əldə etdikdən sonra kifayət qədər vaxt imkanı olmamışdır ki, iddiaya etirazını, qarşılıqlı iddianı məhkəməyə təqdim edək. Halbuki məhkəmə xx.xx.2025-ci il tarixdə baş tutmuş məhkəmə iclasının audioviziual çəkilişlərinə də nəzər salsa, görər ki, orada qeyd edir ki, işə dərhal qoşulsalar da etibarnaməni əlavə etməyə kifayət edəcək vaxt əldə etməmiş, həmçinin iclasda işin halları ilə bağlı məlumatsız olduqlarını qeyd etmişlər.

7. Bakı Kommersiya Məhkəməsinin 16 yanvar 2026-cı il tarixli, e-2-2(113)- 9383/2025 qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

8. Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

9. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.

10. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.

11. Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir;

12. Maddə 151.3. Məhkəmə iddia ərizəsini daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır;

13. Maddə156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.

14. Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir.

15. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək

Məhkəmənin mövqeyi

16. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

17. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)- 9383/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin hallarından görünür ki, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər barədə cavabdeh elektron məhkəmə informasiya sistemi vasitəsilə məlumatlandırılmış, lakin qarşılıqlı iddia ərizəsi isə xx.xx.2026-cı il (01 ay 23 gün sonra) tarixdə məhkəməyə təqdim etmişdir.

19. Beləliklə, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş 20 gün ərzində verilməmiş, həmin müddətin keçməsindən sonra isə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün əsasların həmin dövrdə əmələ gəldiyi və ya həmin müddətdə təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamışdır.

20. Kollegiya qeyd edir ki, cavabdehin şikayətində istinad etdiyi hallar əsassız olmaqla qarşılıqlı iddia ərizəsinin verilməsi müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.

21. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

23. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-9383/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar